Yaxşı ki, yırtıldı bütün pərdələr,Yaxşı ki, çoxunun içini gördüm…Bilindi büsbütün namərdlər, mərdlər,Dostların düzünü, bicini gördüm…

Zəmanə sınağa çəkdi adamı,Pulla dəyərləri oğul atanı.Dollar hüzurunda diz çökdü hamı,Mən o əjdahanın gücünü gördüm…

Tamam əqidədən, inamdan dönən,Amaldan, məsləkdən, məramdan dönən.Bir gündə çoxillik imandan dönən,Yüz cür tülkisifət hacını gördüm…

Aldı üstümüzü qəfildən yağı,Yandı, külə döndü vətən torpağı,Qadınlar başında kişi papağı,Kişilər başında ləçəyi gördüm.

Əyrinin də «düzü» var imiş, demə,Bir üzün min üzü var imiş, demə,Pisin də ən pisi var imiş demə,Hətta ən puçun da puçunu gördüm…

Necə ucuzlaşdı sevgi, məhəbbət,Düşdü ayaqlara o boyda sərvət,Aradım cavanlar içində heyhat,Nə Leyli, nə də ki, Məcnunu gördüm…

Əsl vuruş gedir yaşamaq üçün,Ölüyə ağlama, ağla sağ üçün,Həyata gəlirik yox olmaq üçün,Nə qədər ömürün köçünü gördüm…

Sanki yuxudaydım, birdən ayıldım,Yaxşını yamandan seçdim, ayırdım.İnsanı hamıdan uca sayırdım,İnsanmış hamıdan kiçiyi gördüm…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets