Ölür ürəyimdə yaxşı adamlar,Bulanıb zamanın çirkablarına…Sanki qeyb olurlar, itib-batırlar,Düşürlər xatirə girdablarına…

Gördüyüm xəyalmı, yoxsa yuxumu,Dönür sifətləri, dönür üzləri…Yamanlıq azarı tutub çoxunu,Allah bu azardan sizi gözləsin…

Necə əyilirlər, necə sınırlar,Necə qocalırlar, yaşlılaşırlar…Necə qürub edib, necə sönürlər,Necə yadlaşırlar, başqalaşırlar…

Ha diqqət verirəm tanımaq olmur,İnana bilmirəm bu kəs, o kəsdi…Cəllad zəmanədir qınamaq olmur,Allah zəmanənin əhdini kəssin…

Ölür ürəyimdə yaxşı adamlar,Ayrı rəng alırlar, görkəm alırlar…Tamam ayrı cürə addım atırlar,Tamam ayrı cürə hava çalırlar…

Matəm saxlayıram, qara geyirəm,Dost-tanış itirmək necə çətindir.Mən öz əllərimlə dəfn eyləyirəm,Onların kinimdə, məhəbbətimdə…

Nə beyinə yerləşir, nə də ağıla,Onlar yoxluğunu bilmir görəsən?Belə də, ikili yaşamaq olar,

Üzdən sağ qalasan, içdən öləsən…

Hər kiçik təpəyə baxır dağ, demə,Yaşamaq özü də bir heyrət imiş…Həyata insan tək göz yummaq, demə,Əsl hünər imiş, ləyaqət imiş…

Ölür ürəyimdə yaxşı adamlar,Daha qapımı aç xeyirə Allah.Daha axır hədd gəlib çatıblar,Mənə rəhmin gəlsin deyirəm, Allah…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets