Dördüncü pərdə
Page 2 of 2 · 50%
(Sinirli adımlarla çıqar)
A f ə t (gəlir). Getdimi?
A l a g ö z. Əvət, getdi.
A f ə t. Nə söylüyordu?
A l a g ö z. Hiç...
A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor. Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar; şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə səbəb yalnız şu qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər).
A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir). Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol qapıyı qapayıb çıqar).
A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar, dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün ruhilə sevən və həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya Rəbbi!..
Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə?
A f ə t. Nə var, nə olmuş?
Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər.
A f ə t. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab yoq...
Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar).
A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə qorqunc fəlakət!..
Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar, pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən daha çabuq davranmış oldum.
A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın. Ərtoğrulun təlaşı (əlindəki məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim.
A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir?
Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır.
A f ə t (Alagözə). Yavrum, əminim ki, sən Ərtoğrulu seviyorsun, fəqət onun tərəfindən seviləcəyinə şübhə ediyorsun.
Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər.
A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim.
A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin.
A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk...
A f ə t. Niçin, ah niçin?..
A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin qolları arasına sıqılır).
A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş.
A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum.
A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah, bən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi... Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim.
A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!..
A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... Ərtoğrulu göstərir) ısmarladım.
(Doktorun girdiyi odaya keçər).
Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu. A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli deyilmiş...
Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz (Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get, yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica edərim, get!
A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar).
D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda Alagözün önündə düşüverir).
A l a g ö z. Aman, ya Rəbbi!..
Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın?
A f ə t (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi almadım, əfv et!.. (müstəhzi qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər, fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana gəliyor.
Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi deyilmi?
A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya Rəbbi! Ah, çıldırıyorum.
A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər).
A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ tərəfdəki odaya keçər).
A l a g ö z. Az, zavallı qadın!..
Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o kəndini həlak edəcək... (Dərhal içəri girmək istər).
A f ə t. Ax!.. (Deyə əlində tutduğu şişədəki zəhərin son damlasını içdiyi halda qarşısına çıqar və şişəyi yerə atar).
A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar).
A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir).
A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar).
A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər).
Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!..
Pərdə
SON
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-afet-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Ormanda bir cığır... Ətrafda iki-üç kötük, qüruba yarım saət var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində iki haydut çıqar.B i r i n c i h a y d u t
KnyazƏ Ş X A SK n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.
Birinci pərdəTiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.*K n y a z
İkinci pərdəTiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…*L e n a
Poems by other poets
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Gönlümi aldun iy begüm bilimedüm ki kandadurGönlümi aldun iy begüm bilimedüm ki kandadurİllâ bilürem anı ki gönül alalı kandadur