Page 2 of 2 · 50%

Bu zəki və məhzun çocuqdan sonra gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövrlə yazmış olduğu gözəl və yanıqlı əş’arı söyləməyə başladı:

Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı,

Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı.

O zəhərli havalardan gül yanaqlar solmuşdu,

O gün xain, pis əllərdən vətən xərab olmuşdu.

Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,

Günəş, yağmur, sular, sellər bizdən dönüb qaçırdı.

Allah belə qəbul etməz oldu bizim qurbanı,

Bizi o gün boğuyordu azğınlığın tufanı.

Qur’an nədir, anlamazdıq, vətən nədir, bilməzdik,

Qarşımızda yetimlərin göz yaşını silməzdik.

Ağlanacaq bir hal idi kəndimizdə görürdük,

Dilimizin, dinimizin getməsinə gülürdük.

Bu vətənin bunu görən südü təmiz evladı,

Bir qaç kişi o gün bizim qara günü anladı,

Ağladılar, sızladılar, yalvardılar Allaha,

Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara,

O gün bizim dağlarımız bir az güldü, şənləşdi,

Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi.

Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,

Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.

Ancaq dünən başımıza kölgə salan bir bulut,

Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!..

Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin,

Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.

Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam,

Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin.

Cavad əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi Əli bəy əfəndi oldu. Miri-mumileyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib keçmək istiyorum. Çünki kəndisi müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını bana söylədi.

Əli bəy:

Külli nəfsin zaiqət əl-məvt

(Əlbəttə, gedər gələn cihanə).

– sözlərilə başlayaraq A.Sur mərhumu bir çırağa, işıqlı bir elm çırağına bənzətdi. Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və cavan ədib və müəllimimizin ruhunu şad və qədrini ə’la etmək yalnız tələbə əfəndilərin himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə qiymətli bir cavanın cənazəsinə etmiş olduqları e’tinasızlığı ima ilə anladıb təəssüflər etdi.

Cənazəyi Tiflisdən Gəncəyə gətirmək için gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arqadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatının ixtiyar, gənc, mühafizəkar təcəddüdpərəst (intelligent) həpsinin mərhum Mirzə Abdulla haqqında olan e’tina və ihtimamatına bin dəfə faiqdir.

Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə cənabları dua və fatihə oquduqdan sonra, hazırun həmdü surə oquyaraq yavaşyavaş məzarıstanı, o baharıstanicavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar.

Bu sırada adam dağıldıqda nasıl olmuşsa Sisyanov məktəbinin balaca şagirdlərindən, yedi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oquyacağı mə’sumanə nitqini oquyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya dərc ediyorum.

Atalarım! Qardaşlarım! Qabağımızda yüzü qibləyə həmişəlik rahət uyuyub ilələbəddə uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mə’rifət atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu halda bu hadisəyi-müəllimənin yüz verməsi biz çocuqlara nə qadar tə’sir etdiyini dil ilə söyləməyə hiç iqtidarım yoq. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə istədikləri müəllimlərinin əldən çıqması için olan qəmi-qüssələrinə nasıl şərik olmayalım ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət ediyorlar. Ancaq əlimizdən gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə Allah-təaladan səbr və təsəlli tələb etməkdir.

Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük Allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin!


Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kibi, küçük şagirdlər müstəsna, mərhumun evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. Və meyli olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan və mərhumun ruhuna fatihələr oqundu.

“İqbal” 17 may, 1912.


Möhtərəm qarelərin əfvini istirham edərək bir-iki sətir, səddin xaricinə çıxmaq istiyorum.

Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri bir yə’s, bir fütur əhatə etmişdi. Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oqunuyordu.

Mühitimizin müəllimlər haqqında, bilxassə böylə gənc, nakam, qəyur və həmiyyətli bir müəllim haqqında göstərdiyi himmət və nəzakət (!) həp gönülləri müğbər etmişdi.

Həqiqətən bir kərə düşünəlim:

Müəllim nədir?!

Japoniyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Japoniya müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu məhv edən şərab, rakı (vodka) içməyib, cənabi-Həqqin mən’ etmədiyi ən təmiz, saf və gözəl su içdilər.

Onlarca Japoniyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi həp, həp müəllimlər sayəsində olmuşdur.

Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini müəllimlərdə görüyor və onlardan bəkliyor.

Xüləfayi-Abbasiyədən Harun ər-Rəşid bir müəllim için, əvət yalnız bir hikmət və riyaziyyat müəllimi əldə etmək için Bizans (əski İstanbul) hökumətilə boğaz-boğaza gəlmiş, böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə məzkur müəllimi əldə etmişdir.

Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəridiqqətə alınırsa insan ağlamaqdan kəndisini alamaz. Biçarə müəllim nə yapsın? Beş-on manat maaşla nə yapa bilir! Ucuz olsun deyə hifzüssihhəyə muğayir rütubətli odalarda yaşar. Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti artaraq vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını çəkə bilmədiyi halda – zavallı müəllim yüzlərcə millət balasının – müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını çəkib, zırıltı-gurultusuna təhəmmül ediyor. Bununla bərabər aldıqları mükafat nə? Bir çoq pis, mühlik xəstəliklər, cangüdaz vərəmlər (çaxotkalar) yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa gərək...

Şimdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr kəndi millətindən bu fədakarlıqlarına görə bir də haqnaşünaslıq, heysiyyətsizlik görürsə daha hanki cəsarətlərlə, kimə güvənərək işə girişə bilir?

Əfəndilər! Möhtərəm qarelər!

Müəllimlərə hörmət ediniz, onları seviniz, onları pək böyük görünüz, əvət, onlara pərəstiş ediniz, onları kəndinizə əfəndi biliniz!

Mövlayi-müttəqiyan həzrəti-Əli (Kərəmullahu vəchuhu) müəllimlər haqqında nə tövsiyə buyursa ona əməl ediniz! (Mən əlləmni hərfən qəd səyyərni əbdən) kəlamihəkimanəsini unutmayınız!

Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin, mühitimizin bu e’tinasızlığına e’tina etməyiniz. Daima çalışın, çabalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etmiyor, edəmiyor. Zərəri yoq. Lakin əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də binlərcə təşəkkür etməliyiz. Bir dəfə tarixi göz önünə gətirin, o zaman baqınız və qərib işlər görürsünüz.

Şimdiki qəhrəman (!) və nəcib (?) italyanların əski babaları, yə’ni romalılar məmləkətlərinin ətrafına, qomşu hökumətlərə təcavüz və hücum edərək aldıqları əsirlər içindən ən alim və zəki zatı kəndi çocuqları için müəllim tə’yin edərlərmiş. Çocuq azacıq dərsdən sıqılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına, babasına söylər-söyləməz, dərhal biçarənin, yə’ni zavallı müəllimin, qol-qabırğası, köksü, qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş.

Şükür Allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf etmədik. Bu gün təqdir etmiyorlarsa da, əmin olunuz ki, yarın mütləqa, mütləqa edəcəklər. Cənabi-Haqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla mə’yus olmamalı...


Yenə sözümüzə gələlim:

Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. Həm də pək durbin, pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə həzrətləri, doktor Həsən bəy, Yusifbəyov Nəsib bəy və sair arqadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı nəzəri-diqqətə alınmalı və təb’ edilməlidir.


Bu gün sübhdən aqşama qadar mərhumun cənazə mərasimində bulunaraq, bir para ötə-bəri ilə iştiğal edərək, günəşin qızğın zərbələri altında əzilib yorulduğumdan, möhtərəm qareləri yormayıb qısa kəsmək istiyorum.

Qafam öylə fəna bir halda dönüyor ki, nə yazdığımı və nə yazacağımı kəndim də bilmiyorum. Ehtimal ki, yazılarımın içində artıqəskik, nəzəri-diqqətə çarpacaq pək çoq qüsurlar bulunur. Möhtərəm qarelərdən əfvi-rica etməyi kəndim için bir vəzifə ədd edərim.

Cənabi-Haqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan yürəklərə mərhəmət buyurub da onu, o namurad bəndəsini dəryayi-ehsan və kərəminə qərq eyləsin.

Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyilə bağışlasın. (Ami n...)

11 mayıs 1912 sənə
Hüseyn Cavid
“Iqbal”, 18 may 1912

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets