Contents
  1. I
  2. II
  3. III
  4. IV
  5. V
  6. VI
  7. VII
  8. VIII
  9. IX
  10. X
  11. XI

Page 2 of 3 · 33%

V

Həmişəki kimi məktəbin həyətinə girdikdə uşaqlar Mirzə Mahmudun yanına yüyürüşdülər. Kimi çiçək dəstəsi gətirmişdi. Mirzə Mahmud qəmli bir sima ilə çiçəkləri aldı və cəhd elədi ki, əli uşaqlara toxunmasın. Balalar müəllimdə zühur edən təğyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Həmişə Mirzə uşaqların başını sığallardı, balaca əllərini əlinə alıb xoş sözlərlə onları dindirərdi. Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər.

Mirzə Mahmud qorxurdu ki, azar özgələrə də sirayət edər. Və bu dərddən qabaqkı rəftar və qaydalarını bilmərrə tərk edib, insanlarla qəti-əlaqə elədi. Həmişə gözlərinə cənnət guşəsi kimi görünən məktəb indi cəhənnəm olub, onu yaqıb yandırırdı.

Mirzə Mahmud balaları artıqlıqca sevərdi və özünə söz vermişdi ki, cəmi ömrünü balaların tərbiyə və təliminə sərf eləsin. Bunun üçün də qət eləmişdi ki, şəxsi həyatından əl çəkib, pak əxlaq, xoş rəftar və ədəbli hərəkəti ilə balalara örnək olsun...

Sözündə sabit qala bildimi? – Əlbəttə yox. Beş dəqiqəlik bir tufan pakı napak elədi. Mirzə Mahmudu da qəmləndirən bu paklıq idi: balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı.

VI

Mirzə Mahmud gündəlik dəftərini götürüb yazdı: “Müalicə qaydası ilə gedir. Hər sabah həkim bədənimi iynələyir. Azarım əlacpəzir deyil. Amma yenə üç il müalicə etdirməlidir. Hədsiz pul, vaxt və zəhmət istəyir ki, müalicəni başa çıxardasan. Bunlar dursun kənarda. Ruhən və əxlaqən əziyyət çəkirəm. Murdaram, düşmə azarlıyam. Yemək qablarını ayrı tutmalıdır, ağzım dəyən yerlər azarlı olur. Yoldaş və dostlardan əlaqəni kəsmişəm, qorxuram yavuqluğumdan bədbəxtlik
üz verə. Bəlaya düşüb, yandığım halda özgələrin bəlasına da zamin deyiləm. Qurd kimi xəlvətxanalara çəkilirəm. Xəstə olduğumu heç kəsə bildirmək istəmirəm. Çünki bildirsəm xalq qudurmuş itdən qaçan kimi məndən qaçacaq... Eyibli dərdə düşdüm. Səbəb nə idi? Özüm də bilmirəm... Çirkli, üfunətli, çirkin və əxlaqı pozğun bir qıza alçaq nəfsim yetdi. İndi alçaqlıq əcridir çəkirəm...

İnana bilmirəm. İnana bilmirəm ki, həmişə ehtiyatlı Mahmud beş dəqiqənin qurbanı ola... Yanıram, tövbə və istiğfar eləyirəm, keçmişki paklığımı geri qaytara bilmirəm...”.

VII

Azarlılar növbə gözləyirdilər. Hərə şəxsi dərdinə çalışmada idi. Bət-bənizi qaçmış bir cavan əzabçəkici bir nəzərlə xəstələrə tamaşa edirdi. Ondan o yana bir tələbə oturmuşdu, qəzet oxuyurdu. Hərdən qiraətdən əl götürüb, gözlərini divarın bir nöqtəsinə dikib qalırdı. O yanda bir müsəlman papağını dizinin üstünə qoyub tez-tez saata baxıb əsnəyirdi. Ləzgi papaqlı bir ayrı müsəlman otaqda gəzinirdi. Bəzi arvad və uşaqlar var idi. Küncdə bir erməni bir ayrı erməniyə və müsəlmana dərdini söyləyirdi. Qılçasını göstərib, yeltutmadan və gecələr ağrısından gözlərini yummağa belə aman tapmadığını yanıqlı bir dillə nağıl eləyirdi.

Mirzə Mahmud bir məmurla yan-yana oturub, fikir içində idi. Bu azarlıları başdan-başa nəzərdən keçirib qəmlənirdi, sıxılırdı. Gah vaxt onda yeni fikirlər zühur edirdi və bu fikirlərə meydan verə-verə gəlib təskinlik aləminə çıxırdı, müvəqqəti olsa da sakit olurdu. Dirilik Mirzə Mahmudun nəzərincə dörd pillədən ibarət idi. Əvvəlinci pillənin adı həvəs, ikincisinin – meyl, üçüncü – çatış, dördüncü – əzab. Həvəs, onun təsəvvürüncə, ləzzətli və ümidedici olur, meyl gözləri bağlayır və ağlı kəsərdən salır, çatış aldadır... sonra əzab başlanır. Həvəs, meyl və çatış belə fövri olur ki, insana yuxu kimi gəlir. Əzab isə baqi və sabitdir.

Bu dörd pillə ilə insanı mərbut edən qəzadır. Odur ki, Mirzə Mahmudun rəyincə, heç kəs özünü qəza tələsindən təmin olunmuş sana bilməz.
Çünki qəza quyudur.

VIII

Həkim qapını açıb, xəstələrdən birini içəri çağırdı. Hamı bir dəqiqəliyə tərpənişib, yenidən fikrə daldı. Zala on beş və ya on altı yaşında qırmızıyanaq bir cavan daxil oldu. Azarlılara baxıb bir az utandı, qızardı və kürsünü götürüb bir guşədə əyləşdi. Mirzə Mahmud bu cavana diqqətlə baxıb yeni fikirlərə meydan verməyə başladı: “Həyat ədalətli bir qanuna tabe deyil, – dedi, – hər şey qəzanın dərəbəyliyinə tapşırılıb. Biri min pis əməllər törədir, azara düçar olmur. O biri ilk qədəmində alova rast gəlmiş pərvanə kimi, qanadını yandırıb məyus bir halda yerə düşür. Bəli, biz bu otaqda əyləşənlər qanadı yanmışlarıq. Biz çatışdan sonra əzab çəkənlərik. Niyə qəzanın oxuna biz gəldik. Niyə küçələrdə, bağlarda hədsiz-hesabsız adamlar eyş-işrətə məşğul, deyib-gülürlər, gəzirlər, dirilikdən ləzzət aparırlar; biz isə bu napak havalı otaqda oturub, əzabımız üçün dərman gözləyirik?..”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets