Bir cavanın dəftəri
Page 2 of 9 · 11%
Mədəni səviyyəmizi ölçmək üçün bunu bilməlidir: realni məktəbdə oxuyan 300-400 tələbədən yalnız on beşi müsəlmandır, bunlar da bəy balalarıdır ki, dördüncü sinifdən yuxarı getmirlər; qızların da oxumaları şərən günah sayılır...
Şəhərdə, Peterburqda təhsil görmüş bir doktordan, dəftərxanalarda bir neçə mirzədən başqa ziyalıya müsəlmanlar malik deyillər. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir... Yerdə qalanı zırı-zırrama, ağzı dualı qulyabanilər...
Bu gün çamadan alıb hamballa erməni məhəlləsindən enirdim, bir də küçədəki baqqalın biri üzünü mənə çevirib:
– Şəhərimizdə bir maral var idi, o da gedib, bizi yetim qoyur, – dedi və köksünü çəkdi. Baqqalın komplimenti mənə güllə kimi əsər elədi, qan beynimə vurdu. Dükana tərəf sıçradım, baqqal qaçdı. Əlimə tərəzi keçdi, götürüb tabaqların üstünə qolazladım, qatıq qablarını bir-birinə qatıb sındırdım... Bir qoca kişi gəlib məni sakit elədi:
– Qadan alım, sən nəcibsən, ona qoşulma. Allah onun bəlasını versin, dilinin yiyəsi deyil.
28 mayis. Dünən axşam yoldaşlarım Həsən, Mürsəl və Rəcəblə bulvarda idik. Bulvar erməni hissəsinin cənub-qərb tərəfində yeni salınmışdır, dağa doğru dolama xiyabanları, gözəl yay klubu, qəhvəsi var, yanında realni məktəb üçün möhtəşəm bir bina yapılır. Aşağıda, yaşıl ağaclar arasında gizlənən rəngarəng taxtapuşlu, məğrur kilsəli şəhər, dağlarla əhatə olunmuş; buludlara dalmış Murovla çılpaq Bağrıqan arasındakı açıqlıq minbir rəng çalır... Bu mənzərəyə tamaşa etdikdə, sanki ruh böyüyür, qanadlanıb göylərə doğru uçmaq istəyir...
Yoldaşlarıma dedim:
– Uşaqlar, bilirsiniz, şənbə nə təhər olsa, gedirəm.
Hamı mənə qibtə edər kimi üzümə dik baxdı. Mürsəl gülə-gülə:
– Bu xarabanın üzündən qurtarırsan. Görək biz başıdaşlı bu üç ay yayı necə küllənəcəyik.
Doğrudan da qışda başımız dərsə qarışır, yayda isə insan darıxır.
Həyatımız bir həyat olsa, insan səfalı bir yerdə darıxarmı? Həyat bir həyat deyil. Müsəlmanistanın dedi-qodusundan baş götürüb bulvara qaçırıq, burada da mənəvi rahatlıq yoxdur. Hansı tanış erməni qızına yanaşırsan, ətrafdan sənə min daşnaq gözü ağardılır. Müsəlmana erməni qızı ilə gəzmək yasaqdır.
Canım, bu milli ədavət nəyə lazımdır? Əsrlərdən bəri bir yerdə yaşaya-yaşaya gəldik, dost və qardaş yaşayışına nə üçün davam etməyək?..
Xülasə...
Həsən dedi:
– Burada könülaçan bir şey yoxdur, gəlin dağın başına çıxaq.
Razı olduq. Rəcəb getmədi. Dağa dikləndik. Bulvarın hasarını aşıb yuxarı çıxdıq. Sıldırım bir qayada oturub ayaqlarımızı aşağı salladıq.
Qarşımızda dərin və qorxunc bir uçurum var idi. Dibində, iki dağın arasındakı çay ayın şüasında sınıq güzgü parçasını andırırdı. O tayda ətrafı meşə ilə bürünmüş Topxana sükut içində idi... Sağ tərəfdəki Kirs qarlı başını göylərə yüksəldib sanki ulduzlarla dərdləşirdi. Bu əzəmətli mənzərə qarşısında üçümüz də susub qalmışdıq. Bu halda çayın qaranlıq dərədən yüksələn əsrarəngiz şırıltısı: “Dünyada yalnız bircə dəfə yaşanılır” – deyə, mənə anlaşılmaz kədərlər təlqin etdi.
Bir də kim isə aşağıda yanıqlı səslə oxudu:
“Qırıldı bülbüllər, boş qaldı bağlar”.
Xəstə ürəklərimizə atəş səpildi – için-için yandıq. Nədənsə səs qırılıb yarımçıq kəsildi.
– Amandı, Həsən, yandıq – deyə, Həsənə yalvardıq. Onun gözəl səsi var idi. Başladı:
“Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır.
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badisəbadan, nə şanədəndir”.
Bu halda Rəcəb böyürdən çıxdı. Qəmli bir halda oturub başını aşağı saldı. Məsələni duyduq. Həsən gülə-gülə:
– Dostum, – dedi, – deyəsən qızla gəzməyə yenə razı olmayıblar?
Rəcəb dinmədi. Mən Həsənə göz vurub başladım:
– Canım, qız bunu istəyir, bu da qızı. Bilmirəm bu ortaya girənlər nə deyir?
Rəcəbin yarası qanayan kimi oldu, başını dik qaldırıb söyə-söyə:
– Vallah, bilmirəm bu köpək uşaqları bizdən nə istəyirlər?
Rəcəb sözlərini elə məzəli qeyzlə bitirdi ki, gülməkdən az qaldı qəşş edək. Həsən sual verməyə başladı:
– Axı bu gün görüşəcəkdiniz, bəs necə oldu?
–?!
– Mən ölüm, necə oldu? Rəcəb bir az gülümsünərək:
– Əşi, görüşəcəkdik; demişdi, aşağıda, ağacın altında gözlə gələcəyəm.
Məktub verəcəkdi... Bir köpəkoğlu dəllək şagirdi bizə göz verdi, işıq vermədi.
Rəcəb sözünü bitirib yenə qəmlənərək başını aşağı saldı.
– Deməli, məktubu ala bilmədin? Rəcəb yavaş səslə:
– Aldım.
– Bəs niyə gəzmədin? Rəcəb yenə qeyzlə:
– Əşi, deyirəm dəllək göz verdi, işıq vermədi.
– Deməli, dəlləkdən qorxdun, hə?
İndiyə qədər cürətsiz görünən Rəcəb Mürsəlin sözündən alovlandı:
– Yox bir, öldüm. Vallah beşi yığılsa, arxa yerə vermərəm. Qızın xatirəsi üçün dinmirəm: qorxur atasına xəbər versinlər ki, qızın müsəlmanla gəzir.
Rəcəb bir az susdu. Sonra birdən əlini çiynimə vurub dedi:
– Murad, sən öl, bilirsən Hayqanuş necə qızdır? Deyir:
– Rəcəb, bizi təqib edənlərdən zəhləm elə gedir ki, görməyə gözüm yoxdur.
Bunu erməni qızı söyləyir... Qəribə işdir. Deyirlər qızla gəzən kim olur-olsun, istər sərsəri olsun, amma erməni olsun. Mən məktəb şagirdi, eyibliyəm, çünki müsəlmanam. Məntiq varmı? Nə vaxta qədər din fəsad toxumu əkməkdə davam edəcək?
Dağdan aşağı enirdik. Saat on idi. Rəcəb hələ də Kərəm dədə kimi yanırdı. Onu danışdıran eşq havası idi. 29 mayis. Darvaza döyüldü. Gedib açdım. Xudu idi. Xudunu tanıyırsınız
– qəssab Kərbəlayı Vəlinin oğludur. Sənəti sərsərilikdir. Ən böyük məharəti: məhəllədəki baqqal dükanının qabağında mərcə gedər.
– On xiyar yeyim, pulunu ver.
– Yeyə bilməzsən.
– Yeyərəm.
Doğrudan da yeyər, zorla da olsa yeyər. Şəhadət barmağını tərpədərək beş girvənkə tut yeyər, üstündən də bir neçə girvənkə qıcqırmış qatıq içər. Bu böyük bir məharət deyilmi?
Xudu məni görcək boynunu çiyninə qoydu:
– Ay bəy, – dedi, – başına dönüm, toyuğum qaçıb buraya girib, qoy gəlim tutum.
Mən heyrətlə:
– Toyuq buraya haradan gələ bilər – dörd tərəf uca barıdır?
Xudu yalvarar bir sifətlə:
– Ay bəy, vallah əlimdən uçdu.
Acığım tutdu, həm də gizlincə güldüm. Biçarə Xuduya yazığım gəldi. Xudu öz aləmində məni sevmiş. Mən bunun məhbubu olmuşam.
Ha-ha-ha. Məni görmək istəyəndə gələr toyuğu divardan içəri atar, sonra da ağlamsına-ağlamsına qapını döyər. Toyuğu tutmaq bəhanəsi ilə məni ziyarət edər. Doğrusu bu sətirləri yazmağa utanıram. Qorxuram dəftərim ələ düşə, rüsvay olam. Amma bu sirlərdən kimsə xəbərdar olmaz, zənnindəyəm, çünki dəftəri həmişə çamadanda saxlayıram, açar da özümdə olur.
Əvvəl Xuduya acığım tutdu, onu döymək istədim. Sonra vaz keçdim. Acığım soyudu, bir az da ona yazığım gəldi. Xudu kimdir?
Xudu müzür bir mühitin meyvəsi. Qadınları çarşabda olan bir cəmiyyətin üzvü Xududan artıq olmaz ki...
Toyuğu tutub Xuduya verdim və sərt bir sima ilə:
– Xudu, – dedim, – bir də toyuğun uçub bizim həyətə düşsə, səni buradan sağ buraxmayacağam. Bunu dürüst bil.
Xudu bərk qorxdu. Üzümə baxmağa belə cəsarət etmədi. Çıxdı.
Arxasından darvazanı bərk çırpdım... Nədənsə sonradan əsəbiləşdim.
Bədənim əsməyə başladı.
Camaşırım hazırdır. Şənbə günü gedirəm. Anam yol üçün suxarı və fətir də bişirəcək. Zarafat deyil, mən anamın ən böyük oğluyam.
Çocuqluğumda məni atıb – tutub dey
ərmiş:
“Mən anamın ilkiyəm
Ağzı qara tülküyəm...”
İndi belə bəzən başımı dizinin üstünə qoyaram, eyni sözləri təkrar edər. Mənə bəslədiyi eşqini anam yalnız bu sözlərlə ifadə edər. Bizim analarımız səs-küy və şöhrət bilməzlər. Məhəbbətlərinin zahiri əlamətləri belə yox kimidir. Bir dəfə də olsun anamın məni öpməsini xatırlamıram.
Amma xəstə oluramsa... yatağımın ətrafında pərvanə kimi dolanar, gecə yuxu, gündüz rahatlıq bilməz. Belə analar sevilməzmi?
30 mayis. Gecə saat iki. Yenicə yatağımdan qalxıb, çırağı yandırmışam.
Gözlərimə yuxu gəlmir...
31 mayis. Kefim yoxdur. Yuxusuzluqdan rəngim qaçmış, hava da könlüm kimi pərişandır, göyün qara buludları qəlbimin qüssədən qaralmış qanına bənzəyir...
Bu qədər mənəvi əzabın səbəbi nədir?.. Oğru, əyri, yolkəsən, avara, uşaqlara sataşan həp bizdən.
Mənim şəxsi tərbiyəm, qanacağım, ləyaqətimlə uğraşan varmı?
– Kimdir, müsəlman?
– Kafi.
Başqa bir şey arayan yoxdur. Əminəm ki, bir İvanın və ya Henrixin oğlu olsaydım, ən böyük hörmətə nail olardım. Nə edim ki, atam Məşədi Əbdül, özüm də Muradam...
1 həziran. Gedib saçlarımı dibindən vurdurdum: indi ki, qızların məndən zəhləsi gedir, qoy büsbütün getsin. Mən ki, xoş rəftarımla onların rəğbətini qazana bilmədim, qara telimləmi qazanacağam? Sabah səfərdir, dərdlərim unudular zənnindəyəm... Öz evimizdə belə yad olmuşam.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bir-cavanin-defteri
More by this author
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Poems by other poets
He saw where a hunter had set his snareTo ensnare the gazelles at unaware.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
چون کار من از شهاب بر چرخ رسیدوز دست غمم به لطف خود باز خرید