Bir qaçqının dəftərindən
Page 2 of 2 · 50%
– Sən də mi işsizsən? – deyə heyrətlə soruşdum.
–Təbii... yoxsa zahirim səni aldatdı?
Xristoforu bir də təpədən dırnağa nəzərdən keçirib, şübhə ilə:
– Elə! – dedim.
– Bu şıq zahirin də faciəli bir tarixi var. Bax, nə qəribə iş oldu.
Müharibədən əvvəl xalam qızı Rusiyada bir belçikalıya ərə getmişdi.
İnqilab zamanı bunlar Rusiyanı tərk etdilər. Bu günlər xalaqızının Brüsseldən əri ilə Parisə gəldiyini öyrəndim. Yanına getdim... Gözəl bir oteldə görüşdük. Halımı, təbiidir ki, onlara bildirmədim. Zabitlik şərəfini hələ mühafizə edirdim. Əynimdəki paltarlar xalaqızının nəzərini cəlb etdi, məni Paris mağazalarının birinə götürdü, başdan ayağa qədər bəzədi. Bu qədər. Onlar nə qədər burada idi, bərabər gəzib, bərabər yeyirdim. Parisi tərk etdikləri günün sabahından etibarən aclığa davam etmədəyəm. Son frankları bu şərabçıya verəcəyik.
Xristoforla yavaş-yavaş Klişi darvazasına tərəf gedirdik. Saat on ikiyə az qalırdı. Nə o, nə də mən danışmırdıq. Birdən sükutu pozdum...
– Xristofor, – dedim, – heç olmazsa, həftədə bir dəfə mükəmməl yeməliyik.
– Bir yerə ümidinmi var? – deyə yoldaşım cəld soruşdu:
– Deyəsən var. Burada bir rus mühərriri var, qaçqınlardandır. Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alır.
Əvəzində qazandığının 25 faizini mənə verir. O günü bir Bombey məktubu yazdı, əgər qəzet qəbul etdisə, bu gün idarədən pul alacaq, gedək görək alıbmı.
Xristoforun gözlərinə işıq gəldi. Klişi darvazasını keçərkən birdən gülə-gülə soruşdu:
– Deməli, mühərrir Bombeyə “getmişdi”.
– Təbii, dünən Bombeydə idi, bu gün də yəqin Tehrandadır.
İkimiz də qəhqəhə ilə güldük.
Klişi meydanına gəldik, sağ tərəfdə Bua küçəsinə döndük və kiçik bir otelə girdik. İlk pillələri çıxmadan divardakı sadə qapını açdıq, qaranlıq, fəna qoxulu bir otağa daxil olduq. Mühərririn mənzili o qədər balaca idi ki, bir çarpayı və kiçik masa zorla buraya sığışmışdı. Kirli yataqdan arıq, pırtdaşıq tüklü bir adam qalxdı. Üzr istədi və üzərindəki qəzetləri döşəməyə töküb dedi:
– Xoş gəldiniz, yoldaşlar! Amandır, bir papiros verin!
İkimiz də çiyinlərimizi atdıq. Mühərrir bundan məyus olaraq yatağından dik qalxıb, ayaqyalın döşəmənin üzərinə endi və tiryəki kimi masanın və çarpayının altına diqqətlə baxmağa başladı. Sonra hövlnak yürüyüb, boş papiros qutusunu əlinə götürdü, baxdı, hövkələyib atdı.
Bir də cəld əyilib, yerdən çəkilmiş bir papiros qırığı tapıb, müştüyünə qoydu, yandırdı. İki nəşəli qullabdan sonra papiros əriyib getdi.
Tiryəki mühərririn nəşəsi elə bil bir az yatdı. Ağlı başına gələn kimi oldu; bizə çarpayının üstə yer göstərdi. Oturduq. O da kirli və yırtıq-sökük paltarlarını geyməyə başladı:
– Qəribədir, ha çalışırsan qarnını belə doyura bilmirsən, – dedi.
– Təzə paltar isə mənim üçün bir məfkurə təşkil edir. Kim bilir, ömrümdə
bir də təzə geyim mənə qismət olacaqmı?
Hamımız güldük. Sonra mən soruşdum:
– Bombey nə oldu?
– Yaxşıdır. Bu gün hind millətçilərinin şərəfinə içərik. Müdir çox bəyənmiş. İndi növbət Tehrana gəlir. Rza şahın qürənalarından biri ilə mülaqat yapmalıdır.
– Yaparıq, o asandır!
– deyə Xristofor mühərririn sözünü kəsdi;
– mən Tehranda çox olmuşam. Hər küçəsinə bələdəm.
– O!! Bu çox gözəl oldu! Deməli, yaşayırıq!
– Yaşayırıq!
– Ancaq bir iş var: mənim bu çəkməmi görürsünüzmü? Allahdan can diləyir. Görürsünüz ağzını necə açıb, bunu bir təhər geyib, çəkməçiyə gedərik, sonra da idarəyə.
Mühərrir dabanını yerə ehmal qoya-qoya yola düşdü. Mən də bunun bir qoluna girdim ki, çəkməyə güc düşüb, daha da cırılmasın. Bu surətlə çəkməçi dükanına gəldik. Bir qədər də orada gözləyib, idarəyə getdik.
Mühərrir idarədən çıxana qədər biz küçədə durduq. Yan tərəfimizdə bir qəssab dükanı var idi. Ətlər səliqə ilə kəsilib, sümükdən aralanıb, mərmər masalar üzərində boşqablara düzülmüşdü. Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Bu cazibəli mənzərəni görərkən xəyalən bu ətləri ləzzətlə qovurdum... yığın-yığın tüpürcək ağzını doldurdu. Qarşımda meyvə dükanlarında alma, armud, muz və portağallar işvəkar bir vəziyyət almışdı. Dilfirib rəngləri ilə adamı cinayətə sövq edirdi... Birdən nəzərim bunlardan aralandı: göylərə çəkilmiş kaşanələr gördüm, küçədən sel kimi axıb gedən avtomobillər gözümə çarpdı... Başıma xudkam fikirlər gəldi, öz-özümə dedim: “Madam ki, mən bu bolluq və zənginlik içində acından ölürəm, yıxılsın bu kaşanələr, məhv olsun bu zəngin həyat!”
Qanım coşdu, inqilab hissi bütün vücuduma yayıldı...
Bir də mühərririn səsi məni ayıltdı.
– Yoldaşlar, – dedi, – bu gün yemək qismət olmayacaq, kassir yoxdur.
Pulu, ehtimal, sabah alacağıq.
1927
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bir-qacqinin-defterinden
Use ← → keys to move, R for a random poem
More by this author
Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.
YüksəlişSəndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı...Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...
İstirahət günüXırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayətlənir:– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri
VasvasıO, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu.Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri onu oturdub