I
Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim mö’min allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi; qara atlas parçası kibi, üzünün iki tərəfini dutub və gicgahlarına getdikcə ucları naziklənib gözəl bir surətlə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala kibi saqqal saxlaya bilməz idi: xalq həftədə bir dəfə xına qoysa idi, Usta iki-üç dəfə qoyardı. Və nə hikmət var idisə həmişə xınanın üstündən üzünə qoz yaprağı döşəyib birdən neçə saat yerindən tərpənməzdi.
Bikar olan vaxtı, görərdin Usta özünə bir neçə də yoldaş tapıb şəhərdən çölə «başmaq» seyrinə gedir. Burada çubuqlar çəkilib keçmişlər yada gətirilirdi, və birdən biri deyirdi: «yadındadırmı, usta Ağabala; bir dəfə bildirçin götürüb getdik xanın yanına döyüşdürməyə? Mənim bildirçinim buraxılan kibi xanınkını qovdu. Rəhmətlik xanın ğəzəbi, dutub mənim bildirçinimin boğazını üzdü və dedi: «dur buradan get, bir də buralara bildirçin zad gətirsən saqqalının tüklərini bir bir yolduraram».
– Xa-xa-xa! usta Ağabala ondan sonra məndən bir qaçaraq çıxdı ki, dahı bir də xanın üzünü görmədim».
Usta Ağabala bir az gülüb deyirdi: «hey elə xeyir bərəkət də o vaxtlarda idi»!
Bundan sonra bir ayrısı başlayırdı:
– Rəhmətlik xanın mənnən arası çox kök idi, (indi kök olmasın!), zorxanada işləyəndə xan da biz ilə işlərdi. Paltarlarımızı təmam çıxardıb, adama bir fitə dutardıq və sonra on-on beş girvənkə gələn acağ milləri atıb dutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi. A kişi onda ucuzluq vaxtlar idi; bir «Panabad» ilə iki gün güzəran eləmək olurdu!… Bir gün, xan mənə baxıb, dedi: «vallah, kərbəlayı, sənnən güləşəcəyəm»! Dedim: «xan başına dönüm, mən nə karəyəm ki, sənnən güləşəm; dedi: olmaz ki, olmaz.
Xülasə əlacım kəsildi, elə zorxanada dutuşduq. Bir az çarpışa-çarpışa fırlanmışdıq, vallah, xan geri çəkilib, mənə bir elə yumruq ilişdirdi ki, yapışdım divara, dahı bir saat özümə gəlmədim».
Belə-belə «başmaq seyirləri» az olmazdı. Birdən ittifaq düşürdü ki, usta Ağabala öz şeyxi mollaları, «Ağa-Əli-Əsgər-ağa» ilə gəzməyə çıxardı. Və həmişə də «başa qovurma» oyunu oynardılar; Usta oturardı və mollalardan birisi, qurşağını açıb, bir ucunu verirdi ona və bir ucundan özü dutub, Ustanı hücum edən mollalardan təpik ilə mühafərə edərdi.
Heç usta Ağabalanın yadından bir hadisə çıxmazdı, bir dəfə yenə «başa qovurma» oynayanda axund Əli-Əsgər ağa görür, Qazı qısıla-qısıla istəyir ustanın yanına girsin (Əli-Əsgər ağa oyunda çox mahirdir, Qazı min il «başa qovurma» oynaya, ağaya çatdırmaz). Xülasə Qazının qısıla-qısıla gəlməsinə Ağa artıq e’tina etmiyib, bir az da iləri gəlməyə aman verir və sonra dönüb bir təpik vurur, Qazı diyirlənib düşür çuxura. Bunu fürsət görüb, bir ayrı molla hücum etdikdə qoçaq Əli-Əsgər-ağa bunun da hücumunu dəf edib, cavab verdikdə, ayağı keçir mollanın yaxasına və biçarənin ləbbadəsi də iki parça olub, yerə düşür. Əli-Əsgər-ağanın bu rəşadəti usta Ağabalanın heç yadından çıxmazdı; bunu Usta nağıl edəndən sonra şadlıq təbəssümü ilə deyirdi: «maşallah Əli-Əsgər ağa kibi, molla ola bilməz, onun vəqarı, şəcaəti, gücü vergi kibi, bir şeydir»!…
Deyə bilərəm, usta Ağabala axund Əli-Əsgər ağanı dünyada hamıdan çox istəyirdi; bir gün olmazdı, onu görüb əlindən öpməsin, özünü də görməsəydi Axundun evini gərək ziyarət edə idi, hər gah Axund Ustanın və uşaqlarının qətlinə əmr etsə idi, usta Ağabala Axundun yolunda uşaqlarının və özünün qanını çox xoşhallıq ilə axıdardı.
Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, güya üsulilər ilə şeyxilərin davası olacaq, bu əhvalatı Usta eşitdikdə taxtapuzdan, babadan qalma köhnə qılıncını endirib, quyruq ilə pasını təmizləyib qoydu günəşə. Usta and içirdi ki, «bir iş üz verən kibi», o paslı qılınc ilə yüz üsuli başı çapıb, yaralayacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cennetin-qebzi-i
Use ← → keys to move, R for a random poem
More by this author
Muxtar cəbhədən yeni qayıtmışdı. Bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Cəbhənin yekrəng həyatı onu istər cismən, istərsə də ruhən yormuşdu. Kitabsızlıq dərdi iki ildən bəri mənəviyyatında bir aclıq əmələ gətirmişdi. Birinci məqsədi bu bir aydan istifadə edib oxumaq, oxumaq və yenə oxumaq idi.Axşam çağı əlində böyük bir cild olduğu halda qəhvəxanaların birinə getdi. İçəri girər-girməz oradakı qız və xanımların nəzərini özünə cəlb etdi. Qara, iri və həmişə kədərli gözləri buğdayı üzünə çox yaraşırdı, şapkasının altından görünən qıvrım tükləri simasına şairanə bir süs bəxş edirdi. Zemstvo əməkdaşlarına məxsus əsgəri libası və sağ köksündəki darülfünun nişanı təbii gözəlliyinə xoş bir görkəm əlavə edirdi.
“Namussuz”Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damlaları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı.– Ağlama! – dedilər, – göz yaşından bir şey çıxmaz...
Ruhnəvaz xanımDar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.
Zeybək qızıMidhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...
Poems by other poets
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
فلک باز از نهان خارم نهادستکه پیری پای بر کارم نهادست
Şayistədir, ey murşidi-kamilimŞayistədir, ey murşidi-kamilim,Dostlar arasında etibar ola.