IV
Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.
Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…
Belə-belə suallara cavab axtararkən birdə baxdı ki, döşünə bir cüt eşşək qulağı dəydi. Dik gözünü açdıqda odun yüklü bir eşşəyə rast gəldiyini duydu. Küçə dar olmağa görə ulaq güc ilə keçirdi. Usta Ağabala qaldı, mə’təl: ya gərək geri qayıda idi ya ulağın üstündən və ya altından keçib gedə idi. Geri qayıtmağa tənbəllənib Usta bir təhər eşşəyin altından keçib getdi.
Küçə bazara çıxırdı. Burada qaranlıq və hisli-paslı dükanlar da güc ilə görünürdülər; kimi hesab dəftərlərini yığırdı, evə getməyə, kimi dükanı bağlayırdı. Bircə baqqal, çəmçə ilə qazandan qatığı qovzayıb qobud səsi ilə deyirdi: «qatığa gəl qadanalım, qatığa gəl» və ya bir ayrısı çığırırdı: «qarpız qurtardı. Qalmadı!» Daha ayrı səs gəlmirdi. Usta bazarda dayanmadı; gün batırdı. Cəld orada duran hambalların ortasından keçib, sol tərəfdən görünən məscidə tərəf getdi, qoca müəzzin əlində bir arşın muştuq məscidin qabağında durmuşdu. Məscidin alçaq qapısından, hamballar dalında motal və geyri baqqal şeyləri çıxardırdılar. Məscid, sərin olmağa görə baqqallar oranı icarəyə götürüb içinə şey yığardılar, usta Ağabala məsciddən bir neçə qədəm o tərəfə qoyub, hamama rast gəldi. Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənib, neçə yüz illər idi bu minval ilə qalırdı. Bu hamama çox xanlar gəlib, getmişdir, çox mollalar sübh vaxtı burada istirahətdə olmuşdular, minlərcə kişilər saqqallarına xına bağlayıb, ömürlərinin çox vaxtını burada yatmaqda keçirmişdilər; hamı da fövt olub getmişdi, amma hamamı əvvəlki hallında yaşamaqda idi və minlərcə kişiləri də fəna dünyadan haq yollamağa hazır idi. Hamamın qapısının üstəki yazılar təmamən tərk olub, getmişdi, bircə iri xətt ilə yazılmış «hamam xeyli xubəst» sözləri görünürdü. Bunlardan aşağı bir pəhlivan çəkilib, boğuşan şirlərə tamaşa edirdi. Yağmırdan şirlərin birinin quyruğu silinib yox olmuşdu.
Usta quyruqsuz şirin də bir neçə dəqiqə qeydinə qaldı; «görəsən bu şirin quyruğu elə belə yaranıb, yoxsa onu pəhlivan kəsib? Qiyamət olanda bəs pəhlivan onun quyruğunu haradan alıb verəcək? diyib pillələr ilə aşağı endi və alçaq qapını taqqıltı ilə açıb gəlirdi hamama.
Burada əvvəl gözə görünən divardakı su küpü idi. Ondan oyana palçıqdan tikilmiş səkidə ocağın qırağında qırmızı saqqal bir kişi oturub mürgü döyürdü.
– Salam-əleyküm!
Usta Ağabalanın səsinə hamamçı dik atılıb az qaldı ocağın üstə qaynayan pitini töksün, sonra salama cavab verib Ustanın halını xəbər aldı. Usta ortada olan soyuq su hovuzunun yanından keçib, səkinin birində keçələrin üstə oturdu və hamamçıdan dəllək xəbər aldı. Bir həftə idi ki, usta Ağabala dəllək yanına getməmişdi, başını tük lap deşirdi. Elə saqqalı da pərişan halda görünürdü, lazım idi ki, artıq-əskiyini düzəltdirsin.
Hamamçı qapıdan bir neçə dəfə kərbəlayı Qulu çağırıb, gəlib oturdu bir azdan sonra dəllək hazır oldu və yetirən kibi balaca güzgünü ətəyi ilə təmizləyib Ustaya təqdim etdi. Kərbəlayı Qulu alçaq boylu bir kişi idi. Onun qızarmış burnu, nazik bığlarının ortasına dək uzanmışdı, hər gah ustanın burnundan bir naehmal damcı düşə idi düz kişinin alt dodağında bənd alardı, və qışda da həmişə buz bağlardı. Onun üçün kərbəlayı Qulu tez-tez başını ördək başı kibi qabağa uzadıb silkələrdi. Onda naehmal damcılar yerə tökülüb, rədd olardılar. Kərbəlayı Qulu çox şeydə ictihad yetirmişdi; təbabətdə də mahir olmağı şübhəsiz idi. Bilirdi ki, qarın ağrısı qanın artıqlığındandır. O saat azarlının arxasını çərtərdi! Boğaz ağrıyanda peysər həcəməti yapdırardı; yaz vaxtı ildə bir dəfə adamlardan qan alardı: «yazda bəlğəmiyyat bədəndə qaynar, rütubət tərpəzər, lazımdır qan ayılıb cuşə gələn vaxtı bunları təmizləmək». Kərbəlayı Qulu məhərrəmlikdə altı aylıq uşaqların başını çərtərdi, qan çıxmayanda uşağın peysərinə bir-iki şapalaq çırpan kibi qan görükərdi. Qan da olmasa idi uşağın başından yəqin sarı bulanıq su çıxardı. Onda uşaq sahibinin nəzri də qəbula keçərdi. Amma ayrı dəlləklər bunu bacarmırlar: uşağın başını qarpız kibi paralayırlar, qan çıxmır, nəzir də qəbula keçmir. Xülasə Kərbəlayının heç eybi yox idi: mahir, qabil, kamil, aqil, məsələsində alim bir şəxs idi.
Usta Ağabala güzgüyə zənn edəndən sonra saqqalının xınaya da ehtiyacı olmağını düşünüb, hamamçıya xına almağı da tapşırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cennetin-qebzi-iv
Use ← → keys to move, R for a random poem
More by this author
XALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR*Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir.
Xalq ədəbiyyatının təhliliXALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.
Vəsfi-halVƏSFİ-HAL*Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.
AğıAĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Poems by other poets
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəmVarımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.