Page 4 of 20 · 15%

Vaqif mülayim səslə:

– İltifatına müntəzirdir, – dedi.

Xan çox düşünməyərək:

– Qala darğasına köməkçi versək, karı aşarmı? – dedi.

– Ömrünüzə duagü olar... Əhli-əyalı çox, özü də, bizim tərəkəmə demişkən, bir az soysuzdur.

– Bivecdir, əlindən zəvzəklikdən başqa bir iş gəlməz... Elə burden ora, ordan bura xəbər daşıyır.

Vaqif heyfsiləndi:

– Bilsəniz, Mirzə Əliməmməd onun ucundan nə qədər xəcalət çəkib, pəjmürdədil olur.

Mirzə Əliməmmədin adı gəldikdə xan hörmətlə başını tərpətdi:

– Bir atanın böylə də zürriyyəti olur, elə də – dedi və neypuşu dodaqlarına aldı.

– Sürü axsaqsız olmaz, – atalar doğru buyurmuş.

Xan Vaqifin sözlərini təsdiq edərək yenə başını tərpətdi, görünür bir söz demək istəyirdi. Lakin qazının saata baxdığını görüb susdu.

Qazı il təhvinlə beş dəqiqə qaldığını elan etdi. Hər kəs şən bir çöhrə taqınmağa çalışdı. Xalq adətincə, yeni il hansı bir əhvali-ruhiyyə ilə qarşılansa idi, eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam edərdi.

Odur ki, üzlər gülümsəyir, qəmi-dərdi unutmağa çalışırdılar, gözlər süfrəyə, bolluğa və gül-çiçəyə dikilirdi. Xan üçün incə oymalı səndəl üstündə ceyran dərisində yazılmış qədim bir quran qoyulmuşdu; xan və ətrafındakılar yeni ili ayəyə baxaraq qarşılamaq istəyirdilər. Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri pozdu: il dəyişilirdi. Hamı yerindən qalxdı, sıra ilə xana və əyanlara yaxınlaşıb təbrik etdi.

4

Günortadan sonra şəhərin bütün əhalisi Cıdır düzünə tərəf axışmağa başladı. Rəngbərəng geyinmiş qadınlar, çocuqlar; barmaqları xınalı, saqqalları səliqə ilə vurulmuş kişilər, birçəkləri və kəkilləri daranıb, düzənmiş gənclər bir-birinə qarışmışdı. Ağaların zoğalı, tacirlərin və əsnafın abı, yaşıl və qara çuxaları qəribə bir mənzərə təşkil edirdi. Bu bayram qiyafələrinə bir də cahılların xaşmaş şalvarlarının xışıltısı, sazların dınqıltısı əlavə edilərsə, mənzərə daha aydın olar. Hələ atlıların sayı-hesabı yox idi. Şöhrəti aləmə yayılmış Qarabağ atları, bayram gününün sınaq günü olduğunu bilirmiş kimi, başlarını yan tutaraq səyirdir, xınalı yallarını günəşdə cilalayırdılar. Qalanın bütün dilavərləri: türk el və uluslarının igid oğulları, qumuq və Avarıstan qoçaqları Cıdır düzünə qoşurdu. Şəhərə hakim bu geniş döş qarışqa yuvası kimi qaynaşırdı.

Sazlar, söhbətlər, nəşəli gülüşlər, – həzin bayatılar, yanıqlı şikəstələr bir-birinə qarışaraq, xoş bir təranə vücuda gətirir; atların kişnəməsi isə bu təranəyə mətin bir mərdlik qılığı verirdi.

Birdən geniş düzün üzərindən dalğalanaraq bir şaşıltı keçdi – minlərcə adam gözlərini təpədə qurulmuş çadırlara tikərək sükuta daldı.

Dəbdəbəli bir qafilə çadırlara doğru yürüyürdü. Sıra ilə gedən atlıların önlərində və yan tərəflərində piyadə pişxidmətlər və nökərlər yürüyürdü.

Ön atdakı İbrahim xan idi. Solunda Vaqif, sağında Məmmədhəsən ağa gedirdi. Arxadan isə Kələntər Ağası bəy, ağalar, bəylər, bəzi erməni məlikləri. Mirzələr atlarını yavaş-yavaş sürürdülər. Qafilənin arxa cihətini zınqırovlu qatırlar tutmuşdu. Bunlara su tuluqları, qılaflı səfər qəlyanları, asma manqal, cürbəcür sursat yüklənmişdi. Qafilə çadırdan bir az kənarda dayandı; hamı atlardan düşüb çadırlara yerləşdi.

Saray xanımları əvvəldən gəlib yan çadırlarda oturmuşdular. Xalq meydanı çevrələyib gözləyirdi. Şeypur çalındı, cıdır başlandı.

Kiçikbəyim ağa anasının yanında oturub, böyük bir həyəcanla cıdıra tamaşa edirdi. Qoşa gələn atların biri irəli keçdimi, Kiçikbəyimin rəngi qaçır, yerində rahatlıq tapa bilmirdi. Bəzən arxada qalan atlıya acıqlanaraq, qeyri-şüuri bir halda əlini qaldırıb çadırın yaldızlı sütununa çırpırdı. Budur, incə belli bir qumuq yalın xəncərini ağzında tutaraq gəlir, çapa-çapa tüfəngi başından aşırır, atır və yenidən çiynindən asıb, xəncəri qınına qoyur. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur... Otuz iki ulusundan bir gənc altındakı kəhəri yel kimi uçurur, sanki çadırlardan ilham alaraq, havaya bir pənəvat19atıb onu güllə ilə vurur...

Kiçikbəyim qanadları bağlanmış quş kimi çırpınır, dərin bir həsrətlə anasının üzünə baxıb:

– Anacan, – deyir: – mən də cıdıra çıxmaq istəyirəm...

– Aman, qızım! Adama nə deyərlər!

Kiçikbəyim yalvarıcı gözlərlə anasının üzünə baxmaqda davam edərək:

– Nə deyəcəklər, at üstə böyüməmişikmi?.. Alnımın çapığı hələ də durur... – deyə şux bir əda ilə sol gözünün üstündəki incə çapığı anasına göstərdi və dəlilin qəribəliyi özünə də xoş gəlib, gülməyə başladı.

Şahnisə xanım qızının üzünə qüsurdan çox yaraşıq verən bu çapığı bir ana fərəhi ilə süzdü, bir söz demədi, yalnız qaşları yuxarı qalxdı – bu narazılıq əlaməti idi, Kiçikbəyim bilirdi.

Bu əsnada çadırın arxasından bir at kişnəməsi eşidildi. Kiçikbəyim ağlamsınaraq:

– Görürsən, atım darıxıb, kişnəyir... Yazıq deyilmi? – deyib başı ilə anasının köksünə sığındı.

Şahnisə xanım gülümsündü və qızının başını oxşayaraq sordu:

– Ay qız, bir bax gör o gələn bizim Məmməd deyilmi?

Kiçikbəyim həmən çevrilib dikəldi.

Doğrudan da Məmməd bəy səmənd bir at belində toz qopararaq çapırdı; çuxasının arxada yellənən qolları cırcırama qanadlarını andırırdı.

Cibindən pul çıxarıb, atın qulaqlarının üstündən irəli atdı, çapaçapa atdan enib pulu yerdən qaldırdı və təkrar atı minib yoluna davam etdi.

Kiçikbəyimin əvvəl rəngi üzündən götürüldü, sonra qıpqırmızı oldu.

Məmməd bəyin düzü başa çatdığını gördükdə dərindən bir nəfəs aldı. Özünü bir az toxdadıb:

– Lələ! Lələ! – deyə çağırdı.

Çadırın yanında durmuş qədimi Baba o saat hazır oldu:

– Bəyim, mənə görə nə qulluğun var, başına dönüm?

Bəyim cəsur bir səslə:

– Lələ, nə durmusan, atım orda kişnəyir? Bu saat min çıx cıdıra! – dedi.

Baba Şahnisə xanımın üzünə baxaraq gülümsədi. Şahnisə xanım gülərək:

– Çıx deyir, çıx! Yenə bu qızın dəliliyi tutub, – dedi.

Baba baş əyib getdi.

Bir az keçməmiş Baba at üstə gəlib çaparaq keçdi və keçərkən çaxmaq daşı ilə qovu odlayıb çubuğunu alışdırdı.

Çadırlardan gülüşlər qopdu. Kiçikbəyim nəşə ilə anasının qolundan yapışıb dedi:

– Görürsən, qoçaq lələ arzumu gözümdə qoymadı.

5

Vaqif Qazağın Saatlı elindən idi. On səkkizinci əsrin əvvəllərində Qıraq Salahlı kəndində anadan olmuşdu. Atası qazaxlılar kimi əkin və heyvandarlıqla məşğul idi, lakin uzun illərdən bəri davam edən Osmanlı-İran müharibələri bu elin asayişini pozur, bütün əli silah tutanları sürükləyib götürürdü. Əvvəl Qazax Şəmsəddinlə bərabər Gəncə xanlığına daxil idi, sonra Gəncədə hökmdarlıq edən Ziyad uşaqları Nadirin iş başına gəlməsinə meyl göstərmədikləri üçün, Nadir Qazağı Gəncədən ayırıb Gürcüstan valiliyinə ilhaq etdi. Nadir şahın bütün səfərlərində Gürcüstan valisi Iraklı ilə bərabər qazaxlılar da iştirak etmiş və böyük igidlik göstərmişdilər. Lakin bu igidlik ağır qiymətə başa gəlirdi; xalq qırılır, ana yurdu viran qalırdı. Gürcüstana və Azərbaycana axın edən osmanlılar da bu torpaqları dəfələrlə tapdayıb keçmişdilər.

Təbiidir ki, xalq bu həyatdan təngə gəlmiş, çıxacaq yolu arayırdı. Qarabağ xanlığının təşkili və Şişənin 1754-də təsisi qazaxlılara bir ümid verdi. Böyük yollardan kənar dağ başında salınmış bir qala sayəsində sülhlə keçinmək istəyirdilər. Qazaxlıların Qarabağa köçməsi bu səbəblərdən irəli gəlirdi. Vaqif də Saatlı elinə mənsub olan on yeddi ailə ilə bərabər Şişəyə köçüb şəhərin Saatlı məhəlləsində yerləşmişdi.

Vaqif Şişəyə gələndə 29-30 yaşlarında idi. Təhsilini öz kəndində bitirmiş, türk və farscanı mükəmməl bilir və zamanının elmlərinə vaqif idi. Gələr-gəlməz, Saatlı məhəlləsində bir məktəb açıb dərs verməklə həyatını keçirməyə başlamışdı. Dərs mənən Vaqifi təmin etmirdi; bu sənət ona azlıq edirdi. Onda qüvvətli bir inam vardı, həm də inad idi; onun iti gözləri mühitinin hər üzünü görür, əyər-əksiklərini seçirdi. O bu mühitə nüfuz etmək, onu öz rəyinə tabe etmək istəyirdi. Lakin o zaman hələ Vaqif yalnız bir molla olaraq tanınır, bu tanınmaq da öz məhəlləsi dairəsindən kənara çıxmayırdı. Yalnız arabir gözəlləri oxşayan şeirləri şəhəri dolaşır, maraqlılar bu sözləri öz bəyazlarına yazırdılar.

Buna baxmayaraq o, heç kəsi tanımayır nə tanımaq belə istəməyirdi.

Öz yoxsul daxmasında oturub, mətin bir iradə ilə irəliyə baxır, heç bir ənənə ilə hesablaşmaq istəmirdi. O, doğuluş etibarilə sünni idi, lakin etiqad etibarilə qəttal sünnilərdən deyildi. O, şiə mühitində yaşayırdı.

Lakin şiəliyin ikiüzlülüyü onun riyasız təbiətinə uymazdı. O, yalnız vəhdətə inanır, vəhdətin belə məntiqsizliyini sezirdi.

Bir gün bir hadisə baş verdi. Bu hadisə Vaqifin gözə çarpmasına səbəb oldu. Bir çobanın istəkli bir köpəyi var imiş. Çoban itinə göz dəyməsin deyə, bir dua yazdırmaq fikrinə düşür. O, avam tərəkəmə olduğu üçün bu hərəkətin caiz olmadığından xəbərsiz idi. Çoban özü ilə bir-iki qoyun götürüb şəhərə gəlir. Dərdini rast gələn bir şəhərliyə anladır; şəhərli bu adamın xam olduğunu duyub, onu ələ salmağa başlayır. Şəhərdə avam çöllünü ələ salmaq qayda olduğu üçün bu şəhərli çobanı meydandakı qəssabın yanına göndərir. Qəssab məsələni anlayır, çobanı Şeytanbazara, bir qənnadının yanına yollayır. Yazıq çoban bazarı dörd dolandıqdan sonra lotunun birisi ona Vaqifi nişan verir. Vaqif istehzanı anlayırsa da, özünü sındırmır; o saat götürüb bu misraları yazır:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets