Page 6 of 20 · 25%

Bayramın ikinci günü adət üzrə vəliəhdi ziyarət edərdilər. Vaqif yenə mirzə Əliməmmədlə atlanıb yola düşdü. Dar bir küçə ilə meydana endilər, bazar bağlı idi, lakin rəngbərəng geyinmiş xalq qaynaşırdı.

Orda-burda Şirniçilər şirni satır, səlləbiçilər yenicə qalaylanmış iri çaydanlarını sallayaraq: “Səlləbi – sinə məlhəmi!” – deyə bağırır, qırmızı fitənin üstündən bellərinə bağlanmış yarı dairəvi qutudakı fincanları cınqıldadırdılar. Bir tərəfdə dərvişlər mərəkə qurub, qəsidə oxuyur, bir az o yanda ovsunçu torbadan cürbəcür ilanlar çıxarıb boynuna, biləklərinə, belinə dolayırdı; yaşıl qədəkdən uzun arxalıq geymiş, başına on iki imam eşqinə on iki qırmızı sarıqlı sərpuş qoymuş bir sehrkar ocaqda qızmış ərsini dilinin üstünə basırdı.

Vaqif gülümsünərək izdihamı yarıb, yavaş-yavaş atı sürürdü. Hamı ona salam verir, bayramını təbrik edirdi. Vaqif də xınalı barmaqlarını dodağına, sonra alnına apararaq, salamlara cavab verirdi.

Meydandan çıxıb rastabazar aşağı enməyə başladılar. Çuxur məhəllənin girəcəyində erməni kilsəsinin qarşısında Ohan keşişə rast gəldilər. Vaqif və mirzə Əliməmməd atlarını saxlayıb Ohan ilə görüşdülər.

Vaqif zarafatyana yumşaq və dadlı bir səslə:

– Mirzə Ohan, qocalmısan deyə, yenə İsanın ətəyindən əl çəkmirsən, – dedi.

Ohan çal saqqalını tərpədərək:

– İsanın ətəyində kəramət olsaydı, əvvəl özünü dardan qurtarardı, – dedi.

Gülüşdülər. Vaqifin gözləri daşdan tikilmiş xırda kilsəyə sataşdı: qiyafə etibarilə türklərdən heç də seçilməyən ermənilər başmaqlarını qapının ağzında çıxarıb, kilsəyə girirdilər. Kilsə damının sağ tərəfində durmuş uzun ləbbədali jamhar24öz dilində oxuyub, erməni xalqını ibadətə çağırırdı. Ağ çadralı, qırmızı şalvarlı erməni arvadları ayrı bir qapıdan kilsənin qadınlara məxsus eyvanına girirdilər. Qapıya gedən yolun o tayı, bu tayı dilənçilər və kor-şil ilə dolu idi.

Vaqif:

– Yəqin Məmmədhəsən ağanın qulluğuna təşrif gətirəcəksən?!-deyə atı tərpətdi.

– İnşallah! İnşallah! – deyə Ohan itaətkar bir gülümsəmə ilə atlıları yola saldı.

Məmmədhəsən ağanın imarəti qaya başında, Topxana və Bağrıqana baxan gözəl bir yerdə idi. Qala barısı və bürclər buradan keçib qibləyə doğru – Şahnişinə və Xəznə qayasına tərəf uzanırdı. Çoxotaqlı, geniş artırmalı, rəngin pəncərəli, ikimərtəbə imarət daşdan tikilmişdi.

Darvazanın tağında bişmiş, iri kərpiclərdən naxışlar qayrılmışdı. İmarətin sol tərəfində tövlələr, anbarlar, mərəklər tikilmişdi. Darvazadan artırma pilləkəninə gedən daş döşəməli yolun üstü tənək çardağı ilə örtülmüşdü. Qonaqları nökərlər qarşılayıb içəri dəvət etdilər. Musiqi səsi eşidilirdi. Kallayıda Məmmədhəsən ağadan, bir dəstə də musiqiçidən və xanəndədən başqa kimsə yox idi. Məmmədhəsən ağa qonaqlarla görüşüb, Vaqifə sol tərəfində, Mirzə Əliməmməd ağaya da sağ tərəfində yer göstərdi, oturdular. Məmmədhəsən ağanın solğun çöhrəsində bir süstlük vardı, gözlərinin üstü də bir az şişkin idi. Sill21xəstəliyi olduğu üçün saray həkimi ona çubi-çini22verir və bu davanı içəcəyi qırx günün müddətində ruhunu yüksəltmək üçün yanında musiqi çaldırırdı.

Qonaqlar içəri girəndə Məmmədhəsən ağa işarə ilə musiqini dayandırdı. Vaqif məsələni anlayıb dedi:

– Ağa, süfrəniz açıq, iltifat və səxavətiniz aləmə bəllidir, dostdan heç bir şey əsirgəməzsiniz, amma zövqü... görünür, tək almaq istəyirsiniz...

Məmmədhəsən ağa gülümsədi:

– Dedim, baş ağrısı olmasın.

Vaqif:

– Əflatun musiqini ruha qida demişdir25...

Musiqi dəstəsi çalğıya başladı. Vaqifin duyğuları dalğalanıb, məhzun və eyni zamanda nəşədən aşıb-daşan çöhrəsində ifadə olunmağa başladı. İncə qaşları qalxır. Gözləri süzülərək doyulmaz həyat həsrətləri saçırdı. Bu dəqiqələr o, nədənsə, şərq nağıllarındakı füsunkar şamı xatırladı. Könüldə dolaşan arzuları əmələ gətirmək üçün şamı yandırırsan, istədiyin o saat hasil olur. Indi o şam burada olaydı, sönük işığında cilvələnən sonaları, dadlı-ədalı dilbərləri seyr edəydi... Bakir xəndələr simlərin nalələrinə qarışaraq, yaralı qəlbdə əks-sədalar doğurur, ağ gərdənlərə sancılmış bənövşələr rayihəsilə damağı oxşayırdı.

Musiqi və qadın meysiz, badəsiz də İnsan məst edir...

Qonaqlar gəlməyə başlamışdı. Ağalar və bəylərdən başqa Şahməmməd və Xanməmməd də burada idi. Əliməmməd, Şahməmməd və Xanməmmədin doğma qardaşlar olmasına baxmayaraq, aralarında gərginlik vardı. Xanməmmədin sevilməməsi aydın idi – bu adam dəfələrlə Əliməmmədin vasitəsilə işə qoyulmuş, bacarmamışdı. Qorxaqlığı və səhlənkarlığı ilə xanın qəzəbini qazanmışdı. Şahməmməd isə, biləks, cəsur, əmrə tabe, xanın bütün qəzəblərini söndürəcək hərəkətlərə hazır olan bir adam idi. Lakin onda ifadəsi qəbul olmayan bir şey var idi ki, bu da onu sevdirmirdi: zahiri çox çirkin idi, iri çopur burnu, yoluq qaşları, xırda, sönük gözləri vardı. Səsində bir bayquş vaqqıltısı duyulurdu: danışdımı, adamı qorxu hissi qaplayırdı. Bu qorxu hər kəsə aid idi. Ölkənin aşağıdan yuxarıya heç bir təbəqə və sinfi xanınqəzəbindən yaxa qurtara bilməzdi. Bu qəzəb də Şahməmmədin vasitəsilə icra olunardı.

Bir az sonra Ohan keşiş də gəlib çıxdı. Əvvəl yuxarı başla salamlaşıb, sonra üzünü məclisə çevirdi; aşağıdan hamı ilə bir-bir salamlaşarkən gözləri Şahməmmədə rast gəldi, rəngi qaçdı. Onunla üç dəfə salamlaşıb, yerində tikan üstə oturan kimi oturdu.

7

Günorta azanında qonaqlar dağıldı. Məmmədhəsən ağa Vaqifi, Mirzə Əliməmmədi və Ohan keşişi nahara saxladı. Yemək otağına keçdilər.

Otağın ortasında xalının üstünə qələmkar süfrə və ətrafına ipək döşəkçələr salınmışdı. Qonaqlar oturar-oturmaz, pişxidmət aftafa-ləyən ilə hazır oldu. Əllər yuyuldu və pişxidmətin qolunun üstündəki dəsmalla silindi. O biri pişxidmətlər məcməyiləri gətirib, süfrəyə düzdülər. Hər adama bir məcməyi verildi və hər məcməyidə də bir boşqab boyanalı plov, üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağır-beyin vardı. Şirli, tünd göy rəngli bardaqlarda içinə reyhan toxumu salınmış şərbətlər qoyuldu. Başda oturan Məmmədhəsən ağa məcməyinin kənarına sərilmiş ağ, incə lavaşdan bir az kəsib qonaqlara baxdı və:

“Bismillah!” – deyib yeməyə başladılar. Bir müddət sükut keçdi. Görünür, qonaqlar yeməkdən çox məmnun qalmışdılar, yalnız boşqablar yarıya yetdikdə Vaqif barmaqlarındakı düyüləri bir yerə toplayaraq:

– Doğrudan da, – dedi, – hər fəslin öz yeməyi; ilin bu vaxtında boyanalı plov çox turfəndə və ləziz bir təamdır. Bizlərdə boyana hələ indi dit verir.

Məmmədhəsən ağa:

– Boyananı Ağdamdan göndərmişlərdi, amma heyf ki, yarısı yanmışdı, – dedi.

Ohan keşiş:

– Hələ körpədir, onun üçün yanmışdır, – deyə əlavə etdi.

Yenə yeməyə girişdilər, arabir başlanıb kəsilən qırıq danışıqlar istisna edilirsə, nahar axıra qədər sükutla keçdi. Nəhayət, qapının ağzında əllərini döşlərinə qoyub, intizarda duran nökərlərə işarə olundu.

Süfrə yığışdırıldı. Yenə aftafa-ləyən gəldi, isti su və sabunla əllər, ağızlar yuyulub silindi.

Qəlyan gətirdilər. Hamıya qəhvə, yalnız Məmmədhəsən ağaya darçın çayı gəldi: soyuqluq verən düyünün vücuda gətirdiyi nəfqi darçın yox edirdi.

Qəlyan çəkmə uzun sürdü və söhbət get-gedə qızışdı. Haradansa bir neçə il əvvəl Londondan gəlib Qarabağa çıxmış Yusif Əmin adlı bir erməni yada düşdü.

Vaqif təəssüflə:

– Heyf ki, onu görə bilmədim, deyirlər dilavər adam imiş, – dedi.

Mirzə Əliməmməd mütəvaze bir ifadə ilə sözə qarışdı:

– Dilavər idi, ancaq bəndənizin fikrincə bir illəti vardı. Hər sözü tüğyan idi. Xan onun barəsində çox mərdlik göstərdi. Günahlarını cahıllığına bağışladı.

Ohan keşiş Mirzə Əliməmmədin sözlərini təsvib edərək:

– Xan çox böyük bir nəcabət göstərdi, – dedi. – Yusif Əmin, bilirsiniz, həmədanlı idi, gedib Londonda oxumuşdu, sonra Fitilburgə26gəlir, mərdimazar əlinə keçir, öyrədib, yolundan edirlər. Deyirlər: get, erməniləri yığ, danış, de ki, müsəlmanları qırsınlar, qorxmasınlar. Biz köməyə gələcəyik. O da gəldi. Dağıstanda, Tiflisdə və buralarda bir az dolandı, erməni tacirlərindən pul yığmaq istədi. Üç kilsəyə getdi, bizim başsız patriarxdan xeyir-dua aldı... axırda gördü bir şey çıxmayacaq, itilib getdi Hindistana...

Mirzə Əliməmməd yenə mülayim səslə başladı:

– Yusif Əminin buraya şeytanət toxumu salmağa gəldiyini bilirdik. İrakli xanın da yanına getmişdi, üz göstərməmişdi. Xan bu məsələni mənə həvalə etmişdi. Özü ilə görüşdüm. Dedim, cəmi Azərbaycan xanlıqlarında ermənilərin sayı on min ev ola-olmaya. Bu bir ovuc xalqdan padşahlıq çıxmaz. Özləri də alverçi və əkinçi tayfadır. Tərəkəmə kimi at belində qılınc oynada bilməz... Yenə öz dediyini dedi.

Deyirdi, mənim dalımda ingilis padşahı durub, toplarının zərbindən yer zəlzələ edir... Xülasə, yerindən oynatmışdılar...

Ohan əsəbi bir halda:

– Bu başsızlar bunu başa düşmürlər ki, ingilis və ya rus padşahının xətrinə Nuh zamanından bir yerdə yaşadığımız gor qonşumuzla pislik edə bilmərik. O padşahların kefinə yetişib, bura gəlincə bizi burda qırıblar: qurunun oduna yaş da yanır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets