Üçüncü hissə
Page 10 of 13 · 69%
Qarabağ xanlığını ləğv edib və orada Rusiyaya tabe bir erməni əyaləti düzəltmək ehtimalı ona rahatlıq vermirdi. Məsələni yoxlamaq üçün Mirzə Əliməmmədi Şirvana göndərdi Mirzə Əliməmməd Şirvana gəldikdə ora hökmdarı Mustafa xanı təlaş içində gördü. Mustafa xan Qarabağ vəkilinə dedi:
– Məsələ bizim zənn elədiyimiz kimi çıxmadı: burada açıqdanaçığa nəsəra və müsəlmanlıq düşmənçiliyi görünür. Qızılayaq10Dərbənddən çıxandan sonra erməni mahrasası Yusif ora gəlib çıxır.
Bilirsən, bu bütün Rusiya ermənilərinin baş keşişidir. Uruslar bura ermənilərini əldə saxlamaq üçün ona çox hörmət edirlər. Mahrasa Yusif başlayır Dərbənddəki bir ovuc ermənini müsəlmanların üstünə qalxızmağa. Ortaya yenə biabırçılıq düşür. Müsəlmanlar yaranal Savelyevə şikayətə gedir, Dərbənd naibi Xıdır bəy naiblikdən çıxmaq istəyir. Qızılayaq görür ki, müsəlmanlar tüğyan edəcək, urus qoşununun işi xarab olacaq, Yusifi yanına çağırıb, məzəmmət eləyir, Xıdır bəyə də tapşırır ki, naibliyində otursun... Görürsən, hələ məscid tikilmədən kor hasasını dayayıb!
Mirzə Əliməmməd gördü ki, İbrahim xanın şübhəsi yersiz deyilmiş. Dedi:
– İndi fikriniz nədir? Axır vaxtlar bir az aramız soyumuşdu. Bu yaxşı iş deyil! Xanın da fikri budur ki, dost olaq, çünki mənafeyimiz bunu tələb edir. Mən Şəkiyə gedib, Səlim xanla da görüşəcəyəm. Səlim xan İbrahim Xəlil xanın qaynı ola-ola bir az sərkəşlik edir. Bu da yaramaz bir işdir. Ortalıqdan ziddiyyəti qaldırmalıyıq. İbrahim xan dünya görmüş bir adamdır. Özünün də xanlar arasında hörməti çoxdur.
Onun məsləhəti hamımız üçün mənfəətlidir. Mustafa xan hər kəsdən artıq rus ordusuna yaxın və bu ordunun hərəkətindən asılı olduğu üçün Qarabağ nümayəndəsini diqqətlə dinləyib, onun məsləhətlərini təsvib etdi. Mirzə Əliməmməd Şəki xanına da eyni təsiri bağışladı. Yeni bağlanan dostluğun daha da möhkəm olması üçün Səlim xanın bacısını da İbrahim xana istədi. Saziş düzəldiləndən sonra Mirzə Əliməmməd ağa məsələni yazıb, İbrahim xana bildirdi. Iki həftədən sonra Səfər cavab gətirdi. Mirzə Əliməmməd kağızı oxuyub, heyrət etdi. Məzmununu Mustafa xana bildirdi. Səlim xanı da Şamaxıya çağırıb, müşavirə qurdular.
Mirzə Əliməmməd dedi:
– İndi görürsünüz ki, məsələ aydındır. Mahrasa Yusif üç kilsə mahrasası ilə birlikdə ermənilərin arasına bir xitabnamə buraxıb, rusların Azərbaycana gəlməsinin məqsədini bildirirlər. Xanlar taxtdan salınacaq, yerləri ermənilərə veriləcək... – Mirzə Əliməmməd köksünü ötürüb əlavə etdi: – Ölmədik, gordan harayçı gəldi! Din və qeyrət əldən getdikdən sonra ölüm yaxşıdır...
Xanların rəngi üzlərindən götürülmüşdü. Mahrasa Yusifin hərəkəti onları elə həyəcana gətirmişdi ki, cinayətə belə getməyə hazır idilər.
Çox danışıb, məsləhətləşdilər, nəhayət, Mirzə Əliməmmədin təklifini qəbul edərək, Qızılayağı öldürməkdən başqa çarə olmadığına qane oldular.
Mustafa xan dedi:
– Bu işi ancaq Nurəli xan bacara bilər.
Mirzə Əliməmməd soruşdu:
– Nurəli xan kimdir?
– Bu, Kərim xan Zəndin qardaşı oğludur. Axta xandan qaçıb, urusa sığınıb. Urus yanında hörməti var. Dərbənd xanı Şeyxəli qaçdıqdan sonra onun mülkü buna verilmişdir. Xülasə, böyük hörmət sahibidir.
Yanında yüz nökəri var, özü də Qızılayağın düşərgəsində olur. Nurəli xanı tərəfimizə çəkməliyik, başqa adamın düşərgəyə yolu yoxdur.
Bu təklif qəbul olundu, Nurəli xanla görüşməyə vasitələr axtarıldı.
Nəhayət, Şamaxıda şöhrət tapmış bir falçı qarını onun yanına göndərmək qərara alındı.
Nurəli xan at çapmağı və silah oynatmağı çox sevərdi. Bir gün cıdıra çıxıb, düşərgədən uzaqlaşmışdı, bu zaman bir qarı ona yanaşdı:
– Ay cavan, falına baxım... Ah, sənin qismətində bir gözəl var, bilsən...
Nurəli xan atdan düşüb, qarının yanına gəldi:
– Nə var, ay qarı, xeyir ola!
– Xeyirdir, qadan alım, ver əlini!
Qarı Nurəli xanın əlini əlinə alıb, sözlərinə davam etdi:
– Ay cavan xan, sən ölümdən qurtarmısan, can çəkişdirmisən. İndi sənə bir yağı göz dikibdir, sənə zədə vurmaq istəyir. Amma xeyir iş ondan səni qurtaracaq. Qarabağ xanı İbrahim Xəlil padşahın qızı gözəllər gözəli Ağabəyim ağa sənə qismət olacaq, üstündə kisə-kisə əşrəfi alacaqsan, səni xan tikəcəklər... Bütün muradına yetişəcəksən...
Falçı qarının sözləri Nurəli xanı olduqca xoşhal etdi. O, Ağabəyim ağanın gözəlliyini eşitmişdi, lakin ona elçi göndərmək cürətində olmamışdı.
İndi falçı onun niyyətini açıqca olaraq söyləyir və muradına çatacağını bildirirdi.
Nurəli xan qarıya bir əşrəfi bağışlayıb dedi:
– Qarı, de görüm, indi neyləyim?
Qarı onun əlinə baxıb dedi:
– Sabah bu vaxt burada ol, mən səni bir Qarabağ vəziri ilə görüşdürrəm, o sənə yol göstərər.
Nurəli xan razı olub, qarıya bir əşrəfi daha bağışladı.
18
Mahrasa Yusifin xitabnaməsindən asılı olaraq, bütün Qarabağa vəlvələ düşmüşdü. Yalnız saray deyil, əhali də qayğı içində çırpınırdı.
Xanlıq məhv olarsa, iş başına erməni çıxarsa, müsəlmanların halı necə olar, deyə min bir fikir yürüdülürdü. Birinci Pyotrdan bəri körüklənən erməni-türk ziddiyyəti heç bir zaman belə gərginləşməmişdi. Mahrasa Yusifin vədlərindən coşan erməni sərkeşləri orda-burda türkə hücum belə etməyə başlamışdılar. İbrahim xan qaynı Cəmşidi yanına çağırıb, ermənilər tüğyan fikrini yerə qoymasalar, onun başının cəllad əlinə veriləcəyini söyləyib, erməniləri sakit etdi.
Bu əsnada Mirzə Əliməmməd Şirvandan döndü. İbrahim xan Vaqifi də çağırıb, Mirzə Əliməmməd gətirən xəbəri dinlədilər.
Mirzə Əliməmməd ağa:
– Xan sağ olsun, – dedi: – hər şey hazırlanmışdı, Nurəli xana üç min əşrəfi verilmiş və Ağabəyim ağa ilə də evlənməyi vəd olunmuşdu.
Nurəli xanın nökərlərinə də yaraq – əsbab verilmişdi. Ərz etdiyim kimi hər şey hazırlanmışdı. Ancaq qəza işə pəl vurdu: Nurəli xan çadırdan çıxarkən sərpuşu başından düşür, içində Mustafa xanın kağızı varmış, sərpuşu götürür, kağızı görməyir. Kağız urus soldatının əlinə keçir. Nə baş ağrısı, sirr açılır. Nurəli xanı adamları ilə bərabər Hacıtərxana sürdülər. Biz də urus yanında rüsvay olduq.
Vaqifin gözləri yerindən oynadı, xanın üzünə baxdı, xanın da rəngi qaçmışdı.
– Xan, – dedi, – indi mahrasa Yusifin dili üstümüzdə uzun olacaq, çarə lazımdır!..
Xan qəzəbli bir halda:
– Nə çarə?
Vaqif eyni əndişə ilə:
– Əbülfət ağanın rəisliyi ilə Qızılayağın yanına bir heyət göndərilməlidir.
Bir dəstə namdar bəy getsin, yaxşı peşkeşlər aparsınlar, sədaqət və dostluğumuzu bəyan etsinlər. Sonra bir vəkil də Fitilbörkə, düz Yekaterinanın hüzuruna göndərmək lazımdır. Çoxlu peşkəş yollamalıyıq.
Bilirsən ki, ağlamayan uşağa süd verməzlər. Qoy qüvvət və qüdrətimizi bilsinlər.
Məsələ aydın idi, rus komandanlığının rəğbətini qazanmaq, mahrasa Yusifin xətasını yerinə bildirib, təminat istəmək lazım idi.
Vaqifin təklifi üzrə Əbülfət ağa bir dəstə bəy ilə bərabər Zubovun yanına, Saatlı Mirzə Məmmədqulu da hədiyyələr və xanın məktubu ilə bərabər Peterburq sarayına göndərildi.
Bu əsnada yenə Ağaməmməd şahın səsi eşidilməyə başladı, İranda baş vermiş yeni tüğyanı yatırdıqdan sonra Astrabada gəlib, oraları rusa qarşı bərkidirmiş. Zubovun gəlməsindən son dərəcə qəzəblənib, Qafqaz xalqlarına bir çağırış göndərdi və bu çağırışda rusun Qafqaza gəlməsindən məqsəd sırf xristianları himayə etmək olduğu üçün, müsəlmanlar da birləşib, rusa qarşı çıxmalıdır, – deyirdi. Lakin Iran siyasəti nəticəsi olaraq, ölkə dağılmışdı. Xalq ac və səfil olduğundan çağırışlara əhəmiyyət verən yox idi. Xalq asayiş tələb edir və bu asayişi kim verə bilsə idi, onun tərəfinə keçməyə hazır idi.
19
Kazım kişi qapıya çıxıb, yavaş səslə:
– Allahqulu! Allahqulu! – deyə dostunu çağırdı.
Bir az sonra Allahqulu donquldana-donquldana qapıdan çıxdı.
Çiynində bir boş torba vardı.
– Bu da mən! – dedi. – Tanrı bir ölüm qismət eləmir, ölək qurtaraq.
Uşaqlar çörək üçün dünəndən ağlaşırlar... Aclıq bu iki dostun ikisini də sifətdən çıxarmışdı. Gözləri batıb, səsləri güc ilə çıxırdı. Bir söz daha söyləmədən bir-birinə qoşulub, taqətsiz addımlarla getdilər. Küçələrdə gözə az adam dəyirdi. Hərə başını götürüb, aclıqdan bir tərəfə qaçmışdı. Şəhərdə qalanların çoxu əlsiz-ayaqsızlar idi. Orda-burda dilənçilər durub, əl açmışdı, acından taqətdən düşüb yerə sərilmişlərə tez-tez rast gəlinirdi...
Kazım ilə Allahqulu meşəyə palıd qozası və pencər yığmağa gedirdilər. Camaat səhər tezdən meşələrə daraşıb, ot-ələflə qarınlarını doyurmağa çalışırdı. Şəhərdə it və pişik belə kəsilib yeyilmişdi.
İranlılar iki ildən bəri Aranı tutmuşdular. Kəndlilər tarlalarına yaxınlaşa bilməyirdilər, başqa yerlərdən də taxıl gəlmədiyi üzündən aclıq ölkəni ağzına almışdı.
Bir-iki məhəllə keçdikdən sonra Kazım dayandı.
– Allahqulu, bir dayan görüm, ürəyim pis olur!
Allahqulu ayaq saxladı, diqqətlə dostuna baxdı: Kazımı tər basmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.