Page 8 of 11 · 64%

Tatyana sözlərini xülyapərvər bir hüznlə bitirib, Rüstəmbəyin üzünə tamaşa etdi. Doğrudan da, gözləri həsrət, eşq həsrəti sezirdi.

İki-üç pilləkən çıxıb, geniş terrasdan koridora girdilər. Koridorları dolaşıb, həkimin kabinetini buldular. İçəri girər-girməz Rüstəmbəy içini çəkdi – köhnə dostuna rast gəlmişdi:

– O, Bolislav Vasilyeviç! – deyə əlini uzatdı. – Nə gözəl təsadüf!

Son dəfə görüşdüyümüz beş il əvvəldi.

– Elə, elə, dostum! Burada görüşəcəyimizi heç də kəsdirməzdim, – deyə doktor onun əlini sıxdı.

Rüstəmbəy Tatyananı təqdim etdi, həkimin masasının önündə oturdular. Uzun söhbətə vaxt yoxdu. Həkim Rüstəmbəyin gəlməsinin səbəbini sordu, o da Tatyananın əllərini göstərərək məsələni anlatdı. Həkim baxıb gülümsədi:

– Əriniz nərədədir? – deyə sordu və iri bığının bir ucu yuxarı qalxdı.

Tatyana qızararaq:

– Cəbhədə, – dedi.

– Yanınızda olmalıdır... İsteri xəstəliyiniz var.

Tatyana pərt bir halda ayağa qalxdı; çıxdılar. Bütün yolu xanım Rüstəmbəyi sərzənişli sözlərlə yaralamağa çalışdı.

28

Səhər ertə Rüstəmbəy pəncərənin önündə durub neçə gündən bəri küçələrdə davam edən soldat nümayişlərinə tamaşa edirdi. Şəhərin bircə küçəsi vardı, bu da çox uzun deyildi. Ona görə əsgərlərin nümayişi bu küçəni gündə neçə dəfə aşağı enib yuxarı qalxmaqdan ibarətdi.

Bu əsnada nümayişçilər bir dəfn mərasiminə rast gəldilər; sadə bir tabutun arxasınca bir uniat keşişi, bir neçə də kəndli gedirdi. Soldatlara bu bir vasitə oldu. Dönüb bu tanımadıqları ölünü qəbiristanlığa təşyi etdilər.

Soldatların intizamı pozaraq bütün günü küçələri dolaşmaları Rüstəmbəyə qeyri-təbii göründü. O, məyus kimi pəncərədən geri çəkildi.

Xalqa qarşı bəslədiyi iman sarsılmağa başladı, “bəlkə də Tatyana haqlıdır!” – deyə düşündü, uzun-uzadı mülahizələr yürütdü. Xalqın yetişmədiyini etiraf ilə bərabər, çar idarəsini də təsvib edə bilmədi.

Bu əsnada qapı tıqqıldadı. “Gəl!” deyər-deməz qapı açıldı, Zaqorin içəri girdi. Görüşdülər. Rüstəmbəy yer göstərdi, qarşı-qarşıya oturdular. Zaqorin dilgir kimi görünürdü. Danışmağa belə meyli yoxdu. Bunlar bir-birinə o qədər yabançı görünürdü ki; başqa-başqa siyasi məsləkə mənsub olmaları aydın surətdə gözə çarpırdı. Əvvəldə ordu rəhbərləri ilə zemstvo əməkdaşları arasında böyük bir uçurum vardı. İnqilab bu uçurumu bir qat daha dərinləşdirmişdi. Zemstvoçular liberal fikirlər daşıdıqları halda, zabitlər irticapərəst idilər.

Bir neçə dəqiqə davam edən sükutu Rüstəmbəy pozdu:

– Hürriyyət transporta da əks etdimi? – deyə sordu.

Zaqorin istehza ilə:

– Əks etdi də, meyvə də verdi. Təşəkkürlər edirəm!

– Nə olmuş ki?..

– Nə olacaq – bir nömrəli əmri buraxdılar, ordunun bütün intizamını pozdu. İndi hücuma qabilmiyik?

– Nə üçün qabil deyilik?

– Qabil olub-olmadığımızı yalnız əsgər olan bilər. Siz sivil adamlarsınız, siz bunu bilməzsiniz. İtaət olmayan bir orduda hərb qabiliyyəti ola bilərmi? – Təbii, ola bilməz! Bir nömrəli əmr zabitlərlə soldatlar arasında böyük bir ziddiyyət törətdi. Artıq intizam qaydalarını tənqidə qalxışmışlar. Qışlada nəfərlər tapılmaz oldu; hər kəs küçələrdə, nümayiş yapmada... Hürriyyəti anlayıram, ancaq hürriyyət onumu tələb edir?..

Zaqorin gümüş papiros qutusunu çıxarıb bir papiros yandırdı və yanıqla çəkib tüstüsünü burnunun dəliklərindən buraxdı. Hirsindən rəngi qaçmışdı, dişlərini bir-birinə sürtərək, yanaqlarının əzələlərini titrədirdi.

Bir neçə dəqiqə bu vəziyyətdə qalıb, sükutu yenə özü pozdu:

– Sonra, – dedi, – Ingiltərədə hürriyyət yoxmu? – Orada hürriyyətlə bərabər bir kral da var. Bizdə hürriyyəti çarlığın ləğvində görürlər.

Halbuki bizim ölkə çarsız yaşaya bilməz! Mujikə bir qorxu lazımdır; onsuz o, ölkəni xaraba qoyar...

Rüstəmbəy onun sözlərini kəsərək, etiraza qalxışmaq istədi, lakin müvəffəq olmadı. Zaqorin:

– Məni qane edəməzsiniz! – deyə ona danışmaq imkanı vermədi, – biz müharibəni qaib edən kimi, bədbəxt Rusiyanın gələcəyini də təhlükəyə sövq edirik! – deyə qeyzlə ayağa qalxdı.

Rüstəmbəy onu nahara saxlamaq istədi. Zaqorin rədd etdi və gəlməsinin səbəbini belə söyləmədi.

29

Zemstvo baş idarəsində iclas çağırılmışdı. İşçilərdən tutmuş yüksək əməkdaşlara qədər hamı buraya toplanmışdı. Çar zamanı yığıncaqlar yasaqdı. Bunun üçün bu axşamı hürriyyətin feyzlərindən ədd edərək, buradakılar ayrıca bir həzz duyurdu. Hürriyyətin mahiyyətini dərk etməyənləri də oraya maraq cəlb etmişdi. Tatyana da burada idi. Onun gəlməsinin səbəbi sırf əyləncə meylindən irəli gəlirdi. Daima böyük şəhər həyatına alışmış; axşamlarını teatrlarda, ballarda, təntənəli salonlarda keçirən gənc bir xanım üçün cansıxan cəbhədə nüdrətən baş verən bu axşam böyük bir əyləncə təşkil edirdi. Məclisin bir tərəfində oturub, ətrafındakılarla şirin söhbətə məşğuldu. Hər kəs deyib-gülüşür, yalnız bir neçə sıra təşkil edən işçilər sükut içindəydi.

Yuxarı başdan bir gənc qalxıb iclasın məqsədini anlatdı və sədr seçilməsini təklif etdi.

Rüstəmbəy əlavə olaraq dedi:

– Bizim üç adamdan ibarət bir mütəşəbbüs heyətimiz var. Heyətin məqsədi Qızıl xaç, şəhərlər ittifaqı və zemstvo ittifaqı kimi ictimai təşkilatları birləşdirməkdir. Səlahiyyətdar bir komitə seçildikdən sonra bizim heyətin vəzifəsi bitmiş olur. Bu gün mərkəzi zemstvo komitəsi seçməlisiniz. Başqa ictimai təşkilatlar da komitə seçəcək, sonra bu komitələrin də mərkəzi bir komitəsi olacaq.

Rüstəmbəy sözlərini qurtarar-qurtarmaz yenə əvvəlki gənc yerindən qalxdı:

– Yoldaşlar, – dedi, – sədrliyə namizədlər göstərin. Məclis bir səslə Rüstəmbəyi göstərdi.

Rüstəmbəy gurultulu alqışlar arasında sədarət kürsüsünə çıxdı.

Həyəcanlı olduğu simasından bəlli idi; sanki məclis də bunu duydu – sükuta daldı.

Rüstəmbəy məclisi açıb, böyük bir siyasi nitq söylədi. Çar idarəsinin bütün zülmlərindən, zorbazlıqlarından bəhs edib, istibdadın canlı bir lövhəsini cızaraq məclisdəkilərə təqdim etdi. Milli məsələ sahəsində yürüdülən xətti-hərəkəti göstərib yəhudi, Ukrayna, türk-tatar və başqa xalqların vəziyyətlərini təsvir edərək, dəfələrlə alqışlandı. Nəhayət, qüvvətli bir düşmən qarşısında bulunulduğunu xatırladaraq, nizam və intizama riayət olunmasını tövsiyə etdi.

Çıxışlar başlandı. Çar üsuli-idarəsini zəmmedici nitqlər söyləndi. Danışmaq həvəsinin hər kəsi qapladığı meydana çıxdı. Komitə seçkisi ancaq gecə saat ikidə bitə bildi.

30

Vanya başını bulayaraq, təliqəni Rüstəmbəyə uzatdı:

– Bu qərarı biz özümüz çıxarmalı idik, – dedi.

Rüstəmbəy bir şey anlamayaraq:

– Nə olmuş ki?

– Soldat vəkilləri şurası üçüncü bölük müdirinin iyirmi dörd saat ərzində qovulmasını tələb edir.

Rüstəmbəy hövləki:

– Melkovodovunmu? – deyə sordu.

– Bəli!

Rüstəmbəyin rəngi üzündən götürüldü, təliqəni alıb maraqla oxudu, sonra əlində fırlayaraq:

– İşçilərlə qaba rəftar edirmiş – təbii deyilmi? Melkovodov feldfebel olmuş, bunun üçün işçi ya soldat adam sayılmır. Dikər tərəfdən, işçi ilə xoş rəftar edən kimdir ki? Zemstvoda Sibirdən dönmüş siyasilər var. Bunların da rəftarı feldfebellərinkindən yaxşı deyildir. Bunda da heyrət yeri yoxdur – sosialistlər demişkən “Şüuru varlıq müəyyən edər” – hərb əsnasında İnsani rəftar yada düşməz; bizdən iş tələb edirlər; işin nə vasitə ilə görülməsi aranılmır...

Rüstəmbəy hirsindən təliqəni kənara atıb düşüncəyə daldı. Masanın önündə ayaq üstdə qalan Vanya:

– Şuranın tələbini yerinə yetirmək icab edəcək.

– Nə etməli! Ancaq yerinə qoymağa adam yoxdur. Kimi qoymalı? Bölüyün malı tələf olsa bizi məsul tutacaqlar.

Rüstəmbəy müavini ilə bərabər məsələni ətraflı müzakirə edib, bölük köməkçilərindən birinin göndərilməsini qərara aldılar.

– Vanya, mən də getməli olacağam. Voronova bir at verdir, birinci bölükdən köməkçi Kasparyanı çağırsın. Əmr yaz, aparsın: səhər saat 7-də burada olmalıdır... Bir yerdə gedək, bölüyü təhvil alsın.

Vanya təsvibedici bir halla dönüb qələm otağına getdikdə qapının arasında dördüncü bölük müdiri Aslanbəyə rast gəldi. Görüşdülər.

Vanya bir az içəriyə çəkilərək bölüyü xəbər aldı.

Aslanbəy bığlarının uclarını şişləyərək:

– İşlər xarabdır; işçilər qələyan içindədir. Işə çıxan yoxdur. Sabahdan-axşama qədər mitinqdədirlər.

Vanya qəhqəhə çəkərək içindən güldü:

– Deməli, sənin də işin yaşdır! – deyib otağı tərk etdi.

Aslanbəy maraqlı şeylər anlatdı. Cürbəcür “şübhəli” adamlar cəbhə boyunu dolaşıb, əsgəri və ictimai təşkilatları dağıtmada imiş.

İşçi işə getmir; əsgər zabitləri saymır; “müharibə yetər!” – deyə qərarlar çıxarılır, min bir tələblər verilir...

Aslanbəy uzun-uzadı anladıb:

– Bu işlərin sonu fəna görünür, – dedi və, – məni xilas edin, vətənim Dağıstana getmək istəyirəm, – deyə əlavə etdi.

Rüstəmbəy daha da dilgir oldu. Cavab verməyə söz belə bulamadı.

31

Melkovodov bölüklər arasında “Rasputin” ləqəbi ilə məşhur olmuşdu. Zatən qiyafə etibarilə də “staretsi” andırırdı: dağınıq saqqal, ehtiraskar təbəssümlü, qılıqlı, dilli bir adamdı; hiylələrinin hüdudu görünmürdü.

Yanına köməkçi qəbul etməz, göndərilənləri də intriqalarla qaçırdardı. Yalnız başına yaşayaraq, sirlərinə kimsəni vaqif etməzdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 min
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 min
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 min
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 min

Poems by other poets