Ürək yaman şeydir...
Page 4 of 4 · 75%
Sərvər dedi:
– Dur gedək, restoranı bağlayırlar.
Və restoranın işıqları sönəndən sonra onlar ayağa durdular. Əjdər stolun üstünə üç dənə onluq qoyub, ofisianta heç nə demədən bayıra çıxdı. Bayır soyuq idi: yer donmuşdu, küçə ay işığında bomboş işarırdı.
– Saat neçədir?
– On ikiyə qalır.
– Bu gün sən gedəcəksən.
– Niyə axı?
Əjdər bulvar tərəfə döndü və üzünü dənizə sarı tutub xeyli vaxt təngiyə-təngiyə getdi və nəhayət:
– Səndən alverçi çıxmaz, – dedi.
– Mən alverçi olmağa gəlməmişəm.
– Bə niyə gəlmisən?
– Demədim? Gəzməyə gəlmişəm, istəyirəm Leninqrada gedim.
Əjdər dedi:
– Mən də gəzməyə gəlmişdim, görürsən də – hələ də gəzirəm.
– Axı səndən mənə nə?.. Mən ki hökumətin pulunu qaçırtmamışam.
Və məhz bu yerdə Əjdərin sinəsindən qopan dəhşət o sözləri deməyinə Sərvəri peşman qoydu. Əjdər döşünü tutub əyilə-əyilə özünü dənizin lap qırağındakı dəmir məhəccərin üstünə saldı. O öskürdü, Sərvər dediyi sözlərin peşmançılığını çəkdi; aradan xeyli vaxt keçdi və bir xeyli keçəndən sonra Əjdər bir az dikələ bildi. Dikəldi, ancaq dinib danışmadı. Onlar gözlərini dənizə zilləyib durdular... Ay işığı idi, ay göyün tən ortasında dayanmışdı və onun gur işığında dəniz soyuq-soyuq alışıb-yanırdı...
– Deyən, sözüm bərk dəydi sənə... Bağışla, mən elə demək istəmirdim.
– Yox, əşi, o nə sözdü ki, mən ayrı şey fikirləşirəm.
– Nə fikirləşirsən?
– Bu gün bazarda bir qəribə şey görmüşəm. Səhərdən beynimdən çıxmır. Bir xırdaca ev köpəyi bir yekə küçə itini qabağına qatıb qovurdu... Ağappaq, əl boyda bir şey. Heç tüllab, itə də oxşamırdı...
– Nə olsun ki?
– Necə nə olsun? Top boyda bir şey, o boyda iti!.. Özü də görəydin necə qovurdu. Camaat da baxıb hırıldaşırdı.
Sərvər:
– Sən piyansan, – dedi, – sayıqlayırsan.
Əjdər dedi:
– Bilirsən, o it niyə qaçırdı?
Sərvər dedi:
– Bilmirəm, gəl çıxaq gedək.
– Hara gedək?
– Hara deyirsən.
Əjdər dedi:
– Onda vağzala tərəf gedəcəyik.
Onlar baş alıb, vağzal səmtə yollandılar və bir az gedəndən sonra yenə Əjdər it barədəki o söhbətin üstünə qayıtdı.
– Mən o itin qaçmağına təəccüb eləmirəm. – dedi – Başqa şeyə təəccüb eləyirəm: o qədər adamın içində heç kəs bilmirdi ki, o yekəlikdə it o siçovula oxşayan tüllabın qabağından niyə qaçır...
– Sən bilirdin?
– Bilirdim, həlbəttə bilirdim! O it gözəl başa düşürdü ki, camahatın hamısı o siçovul tüllabınan əlbirdir... Ona görə də qaçırdı.
– Bundan, yəni nə məna çıxır ki!
– Heç bir məna-zad çıxmır! – Əjdər hirsli-hirsli dilləndi. – Onu demək istəyirəm ki, mənim o itə yazığım gəldi.
Donmuş sahil yolunu xırçıldada-xırçıldada onlar bir müddət də səssiz-səmirsiz yeridilər. Sonra Əjdər özünü bir skamyanın üstünə saldı:
– Saat neçədir?
– Birin yarısıdır.
– Az qalıb ki!
– Nəyə az qalıb?
– Poyezdin getməyinə.
– Axı sən məni niyə qovursan burdan?.. Pullarımı xərclədiyin üçün?
– Xeyr, bilirəm ki, sən burda ilişərsən, özü də tez ilişərsən.
– Bəs Teymur niyə ilişmir?
– Teymur heç vaxt ilişməyəcək.
– Bəs mən niyə ilişirəm ki?
– Çünki sən satqın deyilsən!
Yenə həmin xırıltılı nəfəs, yenə həmin fısıltı, həmin dilxorçuluq. Üstəlik, Əjdərin gözləri də qızarıb, get-gedə qan çanağına dönürdü. Və Sərvərin Əjdərə bərk yazığı gəlirdi. Sərvər çaşıb qalmışdı: çıxıb getsinmi, necə getsin? Qalsın, nədən ötrü qalsın? Əjdərdən ala biləcəyi puldan o, hələ restoranda ümidini üzmüşdü.
Sərvər birdən-birə saatına baxıb:
– Gedirəm, – dedi.
– Düz deyirsən?
– Mən səni birdən-ikiyə aldatmışam?
Əjdər ayağa durdu:
– Pulların pravadnikdədir, – dedi. – Yeddinci vaqon – Teymur deyib sənə. Beş yüz manatdır, rayona çatanda alacaqsan. Bu küçə ilə düz gedib, vağzalın qabağına çıxacaqsan. Di, yeri get. Mən xarabam, çox xarabam, mən sənnən vağzala gedə bilməyəcəyəm...
III
Bir dəstə onluq idi. Bir qoşa dəftər varağının arasına qoyulmuşdu və varağın ortasında xırda, solğun karandaş yazısı vardı:
– “İstəmədim bu şəhərdə qalasan,
Qalıb burda mənim kimi olasan.
Vaxt gələr ki, bu sözümü bilərsən,
Gəlib qəbrim üstdə rəhmət deyərsən”.
Sərvər pulları pravadnikdən alıb, cibinə qoydu, o yazını pravadnikin yanındaca oxudu, sonra kağızı da səliqə ilə büküb, cibinə qoydu.
...Və o sözləri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təəccüblənmədi, çünki haçansa, məktəbdə oxuyanda, o özü də bir qıza şeirlə məktub yazmışdı və o vaxtdan bilirdi ki, dünyada elə şeylər var ki, onları yalnız şeirlə demək olur...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-urek-yaman-seydir
Use ← → keys to move, R for a random poem
More by this author
I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Büllur külqabının nağılıI**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Poems by other poets
Qonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
DilənçiSərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
YeBiz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,