İkinci fəsil. Yəmən
Page 3 of 5 · 40%
O gün o eşşəyin belində vağzaldan kəndə qayıtmağı Səfalı müəllimin bir dünya uşaqlıq xatirələrinin, hətta – bəlkə də bütün həyatının ən qəribə möcüzəsiydi. Səfalı müəllim ondan sonra bu dünyanı heç vaxt elə gözəl, elə geniş, elə diri görməmişdi və bu dünyanın heç bir maşını, təyyarəsi indiyəcən Səfalı müəllimə – o eşşəyin belində – o vağzaldan Buzbulağa yol getməyin ləzzətini verməmişdi. Xızır kişinin gücdə, yaraşıqda, qıvraqlıqda atdan, qatırdan geri qalmayan – bütün kənddə məşhur – qara eşşəyinin yumşaq palanı üstdə, o eşşəyin ağası, yiyəsi kimi əyləşib, o boyda yolu getmək Buzbulaqda hər bir uşağı, söz yox, sevincdən-fərəhdən göyün yeddinci qatına qaldıra bilərdi.
Bununla belə, o günü, o yolu, o eşşəyi yada salanda həmişə Səfalı müəllimə elə gəlirdi ki, o əhvalat bu dünyada yox, haradasa bir ayrı dünyada baş vermişdi, çünki insan bu dünyada ola-ola bu dünyaya o boyda ucalıqdan baxa bilməzdi. Çünki o gün, ömründə ilk dəfə (və axırıncı dəfə!) Səfalı bu dünyanın daşına-torpağına, otuna, yarpızına doğrudan da bir qəribə ucalıqdan tamaşa eləmişdi. O eşşəyin palanının üstü, əlbəttə, o ucalıqda deyildi. O palanın üstü ola bilər ki, çox yumşaq idi, rahat idi, amma bunun dağa-daşa, çölə-çəmənə nə dəxli vardı... O dağlar, qayalar niyə o gün elə yumşaq idi, o çölün-çəmənin yovşanı, otu, yoncası niyə o qədər yaşıl idi, o qədər mehriban idi...
İndi o Yəmən bağında Səfalı müəllim yoncanın, yarpızın, otun dilini elə bil təzədən tapmışdı. Cəvizin yarpağıyla, heyvanın çiçəyi ilə, arxın suyu ilə danışmaq Səfalı müəllimə ləzzət verirdi. Hissi coşanda, xüsusən dünya vətəndaşı olmağın ləzzəti ürəyində bərk tüğyan eləyəndə Səfalı müəllimin bəzi-para adamlara da hərdən söz deməyi gəlirdi. Və o sözləri Səfalı müəllim, əsasən, özünün on il rektor işlədiyi instituta Mərkəzi Komitədən lap təzəlikcə prorektor vəzifəsinə göndərilmiş Nuhbala Nuhiyeviçin cəmdəyinə döşəsə də, bunun ümumən respublika intelligensiyasına da (mən bilən!) azdan-çoxdan aidiyyəti vardı: “Lotular, cibkəsənlər, heyvan köpəkuşağı. Nəyini bölürsüz bu balaca dünyanın... Hərfləri tanıyıb, beş-üç kitab oxuyan kimi, o saat başlayırsız dünyanı pay-puş eləməyə: bu – mənim payım, bu – sənin payın, bu xalq belə gəldi, o xalq elə getdi. Üç cüt, bir tək əhalisi olan bədbəxt bir milləti də bakılıya, qarabağlıya, naxçıvanlıya ayırmaqdan utanmırsız... Nə var, nə var şöhrət istəyirsiz, ad istəyirsiz. İstəyirsiz ki, adam olmamış, sizi də adam yerinə qoysunlar, başınıza and içsinlər, ətəyinizdə namaz qılsınlar. Çarığı ayağınızdan çıxaran kimi millət qəhrəmanı olmaq eşqinə düşürsüz... Paho atonnan, guya çox böyük imiş bu dünya. Bunun nəyi böyükdü ki, axşam o başından çıxırsan, səhər gəlib çatırsan bu başına. Bir dünyanın ki, Yəmənində də, Buzbulağındakı kimi, lobyanın dibinə söyüd çubuğu taxılır, day o dünyanın nəyi böyük oldu... Yox, böyük deyil bu dünya – damarında insan qanı axanlar üçün. Heyvan isə gərək göstərsin heyvanlığın: vursun, yıxsın, dağıtsın, parçalasın... Heyvan üçün nə fərqi var ki, dünya böyükdü, ya kiçikdi, təki onun qarnı tox olsun. Altında maşını olsun, döşündə nişanı olsun...”
O gün, o Yəmən bağında Səfalı müəllim dünya vətəndaşı olmağın külli imtiyaz və ixtiyarından istifadə eləyib, hətta Buxaraya da ötəri baş çəkməyə vaxt tapdı. Ora da – hansısa mədəni tədbirdə iştirak eləmək üçün – bir vaxt onlar Əli Ziya ilə birlikdə getmişdilər. Hələ iyun lap təzəcə girmişdi, ancaq o Buxara viranxanada istidən yer-göy alışıb-yanırdı. İclas zalında camaat bütün günü elə bil fin hamamında oturmuşdu. Amma axşamı çox yaxşı oldu: camaatı maşınlara mindirib, şəhərin kənarına apardılar. Tədbirdə iştirak eləyənlərə orada – təbiətin qoynunda əla qonaqlıq verdilər. Əslinə qalsa, bu dünyanı (Məğribdən-Məşriqəcən) ağzına götürmüş Buzbulaq mənzərələrinin birinci ən təsirli kopiyasını Səfalı müəllim elə o vaxt orda görmüşdü: çay qırağı, meyvə bağı, yaşıl yoncalıq. Özü də çay çaya, bağ bağa, yonca yoncaya nə qədər oxşayarmış!.. İş o yerə gəlib çıxmışdı ki, ləzzətli özbək plovunun altından və üstündən bir-iki badə “Moskovski” içəri ötürmüş Səfalı müəllim o çayın qırağındakı hansı kolusa oturub namaz qılan Xızır kişiyə oxşatmışdı. Təsəvvür eləyin: ay işığı, çay qırağı və o çayın qırağında oturub namaz qılan Xızır kişi! Ancaq o Xızır kişi həmin o Uilyam Folknerə oxşayan qırx beş-əlli yaşlı Xızır kişi deyildi. O Xızır kişi qocaydı, çox qocaydı – oradakı Xızır kişinin – ölüsü – üç yüz otuz bir-üç yüz otuz iki yaşı olardı. Elə Xızır kişinin o qədər qoca, o qədər ahıl olmağı da, görünür, Səfalı müəllimi yaman kövrəltmişdi, həyəcanlandırmışdı. Səfalı müəllim o çayın qırağında oturub, hönkür-hönkür ağlamışdı və indi bu Səna şəhərinin mehmanxanasında, üçüncü mərtəbədə öz nömrəsində uzanıb şirin-şirin yatan Əli Ziya o vaxt orada – Səfalı müəllimi kiritmək üçün – xeyli məhsuldar əmək və qiymətli vaxt sərf etməli olmuşdu.
AMMA, EY DADİ-BİDAD, O GÜN O MEHMANXANADA, SƏN DEMƏ, ƏLİ ZİYA DA YATMAYIBMIŞ!..
Yuxusuna açı bibər qarışmış Əli Ziya yerinin içində bir xeyli eşələnəndən sonra, öz sadə məntiqi ilə, nəhayət, belə bir qərara gəldi ki, mehmanxanada taxtabiti var. Durub, yorğan-döşəyi çox çək-çevir elədi, bir dənə də taxtabiti görmədi.. Ancaq o yorğan-döşəyin içində bir də uzanmağa, nədənsə, özündə zərrə qədər də istək-filan hiss eləmədi. Bir müddət otaqda fırfıra kimi fırlanandan sonra, pijamadaca, dəhlizə çıxdı və baxıb gördü ki, Səfalı müəllimin qaldığı nömrənin qapısı örtülü deyil, aralıdır.
Əli Ziya o aralıqdan başını ehmalca içəri soxdu və Səfalı müəllimi çarpayıda uzanan görmədi. İçəri girib, qapısı açıq vanna-tualet otağına da baxandan sonra əvvəl Əli Ziyanın beyninə belə bir sarsaq fikir yerləşdi ki, Səfalı ayrı heç yerdə deyil, o biri – qapısı örtülü nömrədədir və orada Səfalı Polina Viktorovna ilə keyf çəkir, eyş-işrət məsələlərinə baxır. Bu haqq-hesab, nümayəndə heyətinin başçısı kimi, Əli Ziyanın bir qədər “çestinə” toxunsa da, o özünü imkan daxilində tox tutmağı lazım bildi və bu məqsədlə Əli Ziya təcili surətdə öz nömrəsinə çəkilmək qərarına gəldi. Ancaq öz nömrəsinin hələ heç qapısına da çatmamış beyninə yerləşən başqa bir fikir Əli Ziyanın o alicənab niyyətini bircə saniyənin içində büsbütün alt-üst elədi. Əli Ziya qətiyyətlə Polina Viktorovnanın qapısına tərəf yeridi və o qapını, olduqca mədəni bir şəkildə, yavaşca taqqıldatdı. Qapı o saatca açıldı. Çimib qəşəngləşmiş Polina Viktorovna, boz xalatda, qapının ağzında göründü. Əli Ziya tam arxayın oldu ki, Səfalı Polina Viktorovnanın nömrəsində deyil və bayaq ağlına gələn o fikir indi güclü tok kimi beyninə vurub, Əli Ziyanın hətta sümüklərini də gizim-gizim gizildətdi.
– On sbejal! – Rəngi-ruhu tamam çəkilmiş Əli Ziya bu sözləri dili-dodağı əsə-əsə dedi və “Kto sbejal? Kuda sbejal? – deyə-deyə ortalıqda çaşıb qalmış Polina Viktorovnanı elə o vəziyyətdəcə qoyub, paltarını dəyişmək üçün, başıhavalı, öz nömrəsinə cumdu.
Paltarını dəyişib pilləkənləri az qala üç-üç tullana-tullana üçüncü mərtəbədən aşağı düşəndə, Səfalının qaçıb Amerikanın səfirliyinə dürtülməyinə Əli Ziyanın zərrə qədər də şübhəsi yox idi və aşağıya o cür sürətlə hücum çəkməkdə onun bütün niyyəti özünü bacardıqca tez sovet səfirliyinə yetirib, bu barədə səfirliyi vaxtında xəbərdar eləmək və nümayəndə heyətinin başçısı kimi, bu işin məsuliyyətinin heç olmasa müəyyən faizini öz üzərindən götürmək idi. Aşağıda soruşub biləndə ki, Səfalının mehmanxanadan çıxmağından heç şoferin də xəbəri olmayıb, Əli Ziya öz vəziyyətinin doğruluğuna bir az da möhkəm inandı. “Qaçıb əclaf. Xəlvətcə sürüşüb çıxıb aradan...” – Əli Ziya ürəyində dedi və şoferdən icazə almamış, özünü maşının içinə dürtdü.
– Davay... Payexali... Tuda... V posolstvo... – Əli Ziya əməlli-başlı sayıqlayırdı.
Və bir azdan Yəməndəki sovet səfirliyində – səfirin bircə öz telefonundan savayı – bütün telefonlar işə düşdü. Dedikləri də, hər yerdə, eyni söz idi: “U nix kto-to propal... U nix kto-to propal...” Kimisi ciddi deyirdi, kimisi irişə-irişə, gülə-gülə deyirdi – elə bil Əli Ziya ilə məzələnirdi. Elə səfirin özü də bir az keçəndən sonra) öz otağında Əli Ziyanı çox asudə qarşıladı.
– Kuda on sbejit, nikuda on ne sbejit. (Yəni hara qaçacaq, heç yana qaça bilməz.) – Səfir gülə-gülə və çox arxayıncasınaa dedi. – İdite, otdıxayte. Syuda privezut vas posle obeda. Vaş plan mı uje sostavili. Zavtra otpravlyayetesya v Xodeydu. Tam u nas sovmestnoye predpriyatie imeyetsya. S naşimi lyudmi povidayetesya, zaodno i v Krasnom more iskupayetes...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-ikinci-fesil-yemen
Use ← → keys to move, R for a random poem
More by this author
I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
آنچه جان یابد از انفاس خوشت هر نفسیچونکه کس محرم آن نیست نگویم به کسی
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,