İkinci fəsil. Yəmən
Page 5 of 5 · 80%
Ancaq, bu hələ harasıydı ki... Səfalı müəllimin görəcək günləri hələ, sən demə, qabaqdaymış... O, hələ Yəməndə ikən Nuhbala Nuhiyeviçin kəşfiyyatı Bakıda öz işini görmüşdü. Səfalı müəllim Bakıya qayıdanda isə onun Amerika Birləşmiş Ştatlarından siyasi sığınacaq qopartmaq barədəki uğursuz “təşəbbüsü” nəinki institutda hamıya məlum idi, hətta şəhərin bir sıra yasxana və çayxanalarında da bu mövzuda şıdırğı söhbət gedirdi. On ildən çox rektoru olduğu institutun qapıçısı, süpürgəçisi, müəllimi, tələbəsi elə bil Səfalı müəllimi indi-indi tanımağa başlayırdı: ona – marıt-marıt elə marıdıb baxırdılar ki, sanki bu adda, bu “vid-fason”da adamı ömürlərində birinci dəfə görürdülər. Səfalı müəllimin yanından yekəxana-yekəxana ötüb keçənlər də olurdu. Salam-kəlam günbəgün azalırdı. Özü də qəribə şey idi: daha Səfalı müəllimi aktivə, tədbirə-zada da çağırmırdılar.
Axırda Səfalı müəllim bu qərara gəldi ki, ərizəsini yazıb, üsulluca rektorluqdan çıxsın. Elə yuxarıdakılar da, sən demə, bunu gözləyirmiş. Vur-tut üçcə ay əvvəl Mərkəzi Komitənin instruktorluğundan instituta prorektor göndərdikləri Nuhbala Nuhiyeviçi ikicə günün içində Səfalı müəllimin yerinə təyin elədilər. Beləliklə, Əli Ziyanın o Minaşa qızının instituta girmək məsələsində də daha Səfalı müəllimə heç bir ehtiyac qalmadı.
Amma onda Səfalı müəllimin pensiyaya çıxmağına hələ düz beş il qalırdı. Bu beş ili birtəhər yola vermək üçün, heç olmasa həftədə bir dəfə, Səfalı müəllim o institutun qapısından içəri girməliydi. Və o qapıdan bir də içəri girməmək üçün, o vaxt Səfalı müəllimə hətta Mozambikdə də siyasi sığınacaq verəydilər, bəlkə razı olardı, çünki on il əzab-əziyyətini çəkib, bir alababat təhsil ocağına oxşatdığı o institut, o Nuhbalanın vaxtında, Səfalı müəllimin gözünün qabağındaca dağılıb gedirdi. Nə dərs deyən, nə dərs oxuyan vardı. Dəhlizlərdə tələbələr siqaret çəkirdi, tum çırtdayırdı. İnstitutun binasında qızlar oğlanların boynuna sarılırdı – daha böyük-kicikdən utanan, çəkinən yox idi... Rektor da – öz işində: gəzməyində, kefində-dəsgahında. Nuhbalanın Pirşağıdakı bağının söhbəti institutda da dildə-ağızda gəzirdi. Deyilənə görə, hər il qəbul imtahanları başlananda Nuhbalanın dəllalları ora yığışırdı, o bağda əməlli-başlı bazar açılırdı, alver gedirdi. Bu barədə institut tələbələri hətta şeirvari bir şey də qoşmuşdular:
Yuxarıda gör Nuhbalanı,
Aşağıda gör Nuhbalanı.
İmtahan başlayanda
Pirşağıda gör Nuhbalanı.
...İndiyəcən yadında qalmış o “şeiri” yorğun yaddaşının içindən misra-misra keçirə-keçirə, nədənsə, eyni vaxtda Səfalı müəllim Əli Ziyanın – Qırmızı dənizdə – Polina Viktorovna ilə mazaqlaşdığı o əttökən səsini də gözünün qabağına gətirdi. Ağzının acısını tüpürmək üçün qalxıb balkona çıxdı. Və balkondan qayıdıb, içəridə pıqqapıq qaynayan çaydanı elə təzəcə tokdan çıxartmaq istəyirdi ki, birdən qapı döyüldü və o qapının dalından Əli Ziyanın səsi eşidildi:
– Səfalı, yatmamısan ki? Mənəm, Əlidi – köhnə dostun...
Bu səsi eşidən kimi Səfalı müəllimin ovqatı birdən-birə tamam dəyişdi. Və madam ki, ovqat dəyişdi, yəqin fəsil də dəyişsə yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-ikinci-fesil-yemen
Use ← → keys to move, R for a random poem
More by this author
I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
آنچه جان یابد از انفاس خوشت هر نفسیچونکه کس محرم آن نیست نگویم به کسی
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,