İkinci fəsil. Yəmən
Page 4 of 5 · 60%
Səfirlə görüşəndən sonra Əli Ziyanın əhvalı xeyli düzəlmişdi. Ürəyi nisbətən sakitləşmişdi, rəngi-ruhu az-çox yerinə gəlmişdi. Bununla belə, Səfalının mehmanxanadan qaçmağı və ayrı heç yerdə yox, məhz Amerika səfirliyində özünə siyasi sığınacaq istəməyi barədə Əli Ziyanın qəti qənaəti yenə yüz faiz öz yerində qalırdı. Və səfirlikdən qayıdanbaş, hələ heç maşından da düşməmiş, Səfalının mehmanxananın qapısı qabağında məzlum-məzlum gəzişdiyini görəndə bunu Əli Ziya qüdrətli sovet kəşfiyyatının növbəti parlaq qələbəsi hesab elədi: yəni guya Səfalı o mehmanxanadan doğrudan qaçmışdı və indi onun o mehmanxananın qabağında məzlum-məzlum gəzinməyi, məhz həmin kəşfiyyat orqanları tərəfindən böyük məharətlə həyata keçirilən operativ əməliyyatın əyani nəticəsiydi.
– Səfalı?! Ay tifağı dağılmış, bə mən axı bayaqdan səni axtarıram!
– Bu sözləri Əli Ziya beş yaşda tərk eləyib, sonra heç vaxt ayaq basmadığı Sabirabad ləhcəsində səsi titrəyə-titrəyə dedi. Bu da dünyanın belə bir möcüzəsiydi: işi çətinə düşəndə Əli Ziya həmişə öz kəndinin ləhcəsində danışırdı.
– Niyə axtarırsan ki, məni? – Buzbulağın, Buxaranın hesabına az vaxtda xeyli uşaqlaşmış Səfalı müəllim uşaq təbəssümü ilə gülümsəyərək, məzlum-məzlum dilləndi.
– Bə mən sənə deməmişdim ki, düşüb aşağıda görüşəcəyik?
– Xeyr, sən demişdin ki, iki saat yatacayıx. – Səfalı müəllim saatına baxdı. – Hələ heç bir saat da keçməyib, – dedi.
Əli Ziya dili-dodağı əsə-əsə:
– Bə sən... – demək istəyirdi ki, bəs sən Amerika səfirliyinə qaçmamışdın? – Bə sən bayaqdan hardaydın? – dedi.
– Odu e, orda. – Səfalı müəllim divarın o tərəfini göstərdi. – O bağda gəzişirdim özüm üçün.
– Bəs o arvad hanı – Polina Viktorovna? – Bunu Səfalıdan soruşmaqda, əlbəttə, Əli Ziya söz tapıb mövzunu dəyişmək üçün bir vaxt qazanmaq istəyirdi.
– Nə bilim hardadı?.. Yəqin nömrəsində oturub, bığına sığal çəkir.
– Səfalı müəllim bərkdən gülə-gülə dedi. Ancaq o “bığ” söhbətini Səfalı müəllim Əli Ziyanı cinnəndirmək üçün elə orda birdən-birə özündən uydurmamışdı. O, hələ dünən – Moskvada təyyarəyə minəndə – fikir verib görmüşdü ki, Polina Viktorovnanın bığı var. “Bığ” deyəndə beş-on təkəm-seyrək tük idi. Özü də məzə burasındaydı ki, o tüklərin rəngi nə ağıydı, nə qaraydı – bir növ, bənövşəyi rəngə çalırdı. Hətta səhər, təyyarədən düşənə yaxın Səfalı müəllim Polina Viktorovnanın öz bənövşəyi bığlarını çeçələ barmağının ucuyla nəvazişlə sığalladığını da görmüşdü.
– Ələ salırsan məni?! – Səfalının arsız-arsız gülməyinin hesabına bir az da hövsələdən çıxmış Əli Ziya mır-mır mırıldandı. – Tez ol, cum çağır onu, deynən tez aşağı düşsün.
Səfalı müəllimin sir-sifətində o Buzbulaqdan, Buxaradan nə qalmışdı, bu yerdə hamısı çəkilib getdi. Düzdür, Əli Ziyadan nə desən gözləmək olardı, ancaq day bu yekəlikdə yox: Əli Ziya ona açıq-aşkar uşaq kimi iş buyururdu.
Yaxşı oldu ki, bu vaxt Polina Viktorovnanın özü tapılıb çıxdı. Sən demə, aşağıdaymış, foyedə kresloda əyləşib gözləyirmiş. Adını eşidib, ağ donda, çiynində də yekə bir ağ sumka, on beş yaşlı qız kimi nazlana-nazlana qapının ağzında qeybdən zühur elədi. Əldəqayırma zərif qız səsilə (əlbəttə, rus dilində):
– Mən buradayam! – dedi.
Mehmanxananın birinci mərtəbəsindəki böyük, kimsəsiz restoranda o gün Əli Ziya heçdən çıxartdığı o oyunu Polina Viktorovnaya elə bir şəkildə, elə bir sir-sifətdə danışdı ki, durduğu yerdə nəsə xoşagəlməz və xatalı bir işə düşdüyünü Səfalı müəllim elə o söhbətin əsnasındaca açıq-aydın hiss eləyə bildi. Çörək Səfalı müəllimin boğazından keçmədi, çünki zahirən zarafata oxşayan o əhvalatın məğzində, mayasında – elə ilk baxışdan da – zarafat naminə heç nə yox idi. Burada bir qəribə (Şekspiranə!) murdarlıq, məkrlilik vardı.
Belə şeyi insan olsa-olsa yuxuda görə bilərdi, özü də adamı qara basanda... Axı hansı əsasla Əli Ziya Səfalı müəllimi siyasi cəhətdən bu dərəcədə şübhəli bir adam hesab etməliydi; o ki Əli Ziyanın yanında nə bir dəfə Sovet hökumətini pisləmişdi, nə də bir dəfə Amerikanı tərifləmişdi. Əksinə, hökumətin bədinə danışmaqda Əli Ziya Səfalı müəllimi həmişə üstələmişdi. Məsələn, elə dünən – onlar “Pekin” mehmanxanasından aeroporta gedəndə – taksi sürücüsü ilə ağız-ağıza verib, yol uzunu Leonid İliçin haqqında cürbəcür əttökən anektodlar danışan Əli Ziya deyildimi?.. Bəlkə Səfalı müəllimə nəsə bir pislik eləmək Əli Ziyanın çoxdan planındaymış, yoxsa o əhvalatı danışanda niyə onun ağız-burnu o cür əyilməliydi, gözləri niyə o cür pis-pis işıldamalıydı... O göz-qaşı, sir-sifəti indi də yadına salanda, nədənsə, Səfalı müəllimin, hər şeydən çox, bu dünyanın üzünə tüpürməyi gəlirdi, çünki o çağacan Səfalı müəllim bu dünyada heç vaxt o sir-sifətdə insan görməmişdi və o gün o restoranda ilk dəfə Əli Ziyada gördüyü o sifət sonralar Səfalı müəllimin nəzərində, görünür, həm də bu dünyanın öz sifətinə çevrilmişdi.
Əli Ziyanın gözlərinin içində gözgörə dumbul çalıb oynayan o qıllı, quyruqlu şeytana hədsiz təəccüblə baxa-baxa, elə o restorandaca o gün Səfalı müəllimin başında qəribə, qara-qura fikirlər dolandı və o vaxtacan heç vaxt ağlına gətirmədiyi o qara-qura fikirlərin bir qisminə Səfalı müəllim hətta az qala inandı da. Məsələn, Səfalı müəllim az qala inandı ki, Əli Ziyanın kollektivləşmədən bəhs eləyən “Şanlı Zəfər” və sənayeləşmə dövrünü əks etdirən “Sintetik kauçuk” romanlarına bir vaxt yazdığı məqalələrdə yəqin ki, tərif dozasını lazımi qədər nəzərə almayıb, ya da Əli Ziya özünün – kollektivləşmə dövrünün ifşasına və sənayeləşmə dövründə buraxılan ciddi nöqsanlara həsr etdiyi – “Sən hardasan, ana?” romanı barədə Səfalı müəllimin söz verib, yazmadığı məqaləyə görə bir vaxt ondan bərk inciyib və gözünün içindəki o şeytanı da elə o vaxtdan böyüdüb bəsləyə-bəsləyə, axırda gətirib Yəmənə çıxardıb... Əlbəttə, belə şeyləri yadda saxlayıb, sonra buna görə adamdan qisas almaq üçün gərək insanda dəvə kini olaydı, çünki Səfalı müəllimin o məqalələri yazmağı çoxdanın – hələ 40-cı, 50-ci illərin əhvalatıydı və Əli Ziyanın “Sən hardasan, ana?” romanı çapdan çıxanda, azı yeddi-səkkiz il idi ki, Səfalı müəllim yalnız ədəbiyyatşünaslığın fundamental məsələləri ilə məşğul olurdu, cari ədəbi prosesdə heç vaxt iştirak eləmirdi. “Qisas” məsələsi, hər halda, çox da ağlabatan məsələ deyildi, amma Əli Ziyanın o əməlinə ayrı bir ad tapıb qoymaq da, söz yox, hər adamın işi deyildi; belə yerdə Şekspirin özü də bəlkə ilişərdi, müşkülə-çətinə düşərdi.
Bir sözlə: faciəli komediya – özünün klassik formasında... Əli Ziyanın xalis iblisanə görkəmi hələ bir yana dursun, o pıspısaya oxşayan Polina Viktorovnanın özü də elə bil Səfalı müəllimi durduğu yerdə dəli eləmək niyyətindəydi. Özünü qız yerinə qoymuş qoca qəhbə!
Əli Ziyanın qabağında “şittənirdi”, nazlanırdı, amma di gəl ki, Səfalı müəllimin üzünə baxanda it qızı o saat sir-sifətini turşudub, Şümürə, Yezidə dönürdü: elə bil bir saat o bağda gəzməyinən Səfalı müəllim sovet şərqşünaslığının beynəlxalq nailiyyətlərini azı bir əsr geri salmışdı. Hələ – səfirin o arsız-yersiz sualı: “A qde vaş stariçok... alkaqolik?” Səfir bu sualı verəndə Əli Ziya başının hərəkəti ilə Səfalı müəllimi göstərib, üstəlik göz-qaşını da oynada-oynada, içindəki şeytanı bir daha nümayiş elətdirmişdi. Halbuki “alkaqol” deyilən şey bəlkə beş il idi ki, Səfalı müəllimin dilinə dəyməmişdi – Buxarada içdiyi o bir-iki badə “Moskovski”dən sonra, gərək ki, bir də Leninqradda, Renanın uşağının ad günündə əlli qram “Göygöl” konyakı içmişdi.
Əsəbilikdən, dilxorçuluqdan o mehmanxanada gecəni də yata bilməyən Səfalı müəllim, yerinin içində xeyli eşələnəndən sonra, nəhayət, birdəfəlik ürəyini boşaltmaq qərarına gəldi. Yataqdan dik qalxıb, Əli Ziyanın qaldığı nömrəyə qətiyyətlə hücum çəkdi. Ancaq o nömrənin qapısını bir balaca aralayan kimi, içəridə nə görsə yaxşıdır: yarısı içilmiş “GÖYGÖL” konyakı!.. Ortalıqda, üstündə konyak şüşəsi olan dairəvi stolun yanında Polina Viktorovna ikiəlli Əli Ziyanın boynuna sarılmışdı və Əli Ziya Polina Viktorovnanın dodaqlarını (bığqarışıq) ağzına salıb, ləzzətlə əmirdi. Bu mənzərəni görəndən sonra Səfalı müəllimin Polina Viktorovnanın bənövsəvi bığına münasibəti (müsbət mənada) xeyli dəyişdi. Ancaq gec idi, görünür, iş işdən keçmişdi. Bütün səfər boyu o qoca qəhbə – nümayişkaranə bir şəkildə – Səfalı müəllimi saymadı, adam yerinə qoymadı. Bunun səbəbini isə Səfalı müəllim yalnız o bənövşəyi bığda gördü. Səfalı müəllimin o bığdan xoşu gəlmədiyini elə bil zalım oğlunun qızı hələ lap əvvəldən – Moskvada təyyarəyə minəndə hiss eləmişdi və bunun qisasını Səfalı müəllimdən axıracan, yüz faiz aldı. Axı ayrı cür necə ola bilərdi – özgə nəyə görə o arvad Səfalı müəllimlə o cür qeyri-mədəni rəftar eləməliydi... Bəlkə Səfalı müəllimin Yəmən səfərinin o cür beməsrəf keçməyində o arvadın da rolu az olmamışdı. Əgər belə olmasaydı, Qırmızı dənizi xatırlayanda və Əli Ziyanın o dənizdə Polina Viktorovna ilə mazaqlaşmağını yadına salanda Səfalı müəllimin indi də ürəyi bu təhər bulanmazdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-ikinci-fesil-yemen
Use ← → keys to move, R for a random poem
More by this author
I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
آنچه جان یابد از انفاس خوشت هر نفسیچونکه کس محرم آن نیست نگویم به کسی
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,