Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.

Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.

Çöldə bir yağış yağırdı ki, tut ucundan qalx göyə.

Gülgəz:

– Vallah, ay xanım, – dedi. – Heç gözüm alışmır e sənin bu görkəminə...

Şahnaz xanım da, Gülgəz kimi, əyninə qulluqçu paltarı geymişdi.

Şahnaz xanım bu sözlərdən, elə bil, pərt oldu və elə bil, bu sözlər Şahnaz xanımı daha da sıxdı:

– Sənin işlərindi də... – dedi.

– Yox, ay xanım, nənəmin canıyçün, Şuşadakı bütün xanımlar bu saat qulluqçu paltarı geyib... Ay xanım, vallah, lətifəsi sənə gəlməsin, böyük şeymiş geyim-kecim. Bayaq Şahbaz bəyin arvadı Pəri xanımı gördüm, Allah haqqı, nənəmin canıyçün, elə bil, ömür-billah qulluqçu-qaravaş olub! Pəri xanım e!..

Şahnaz xanım əynindəki nimdaş paltarlara baxdı:

– Vaxtında Yunis bəyə getsəydim, indi bu günə qalmazdım... İndi Parisdəydim, Brüsseldəydim, Allah bilir ki, haralardaydım...

Gülgəz, elə bil, qulaqlarına inanmadı:

– Hayıfsılanırsan, xanım?

Şahnaz xanım öz-özüylə danışırmış kimi:

– Bəzən hayıfsılanıram, – dedi. – Amma çifayda ki, ağıl deyirdi get Yunis bəyə, amma ürək qoymurdu. Ürək ovçu oğlandan ayrı dura bilmirdi...

Gülgəz gizli bir sirr açırmış kimi:

– Ay xanım, – dedi. – Bilirsən nədi? Bolşeviklərin böyüyünün adı Ovçuoğludu, özü də deyirlər buralıdı...

Şahnaz xanım ayağa qalxdı:

– Görmüsən onu?

– Yox, ay xanım, böyüklərini görməmişəm... Bilirsən, ay xanım, deyirlər ki, bunnan sonra biz nə dedik, odu. Bunnan sonra bəy, xan, xanım olmayacaq. Bulaqdakı qulluqçular danışırdı ki, çoxu ağası Böyük bəylə bir yerdə Turşsu meşəsinə çəkilib. Xanımlar da qulluqçu paltarı geyib, kimi cəhrə əyirir, kimi corab toxuyur, deyəcəklər bolşeviklərə ki, ağamız xanımla qaçıb, biz də oturub sizin yolunuzu gözləyirik... Deyirlər ki, bu gün-sabah meşədən gəlib bolşevikləri qovacaqlar. Eh, Allah vurmuşdu onları, nə hünərin yiyəsidirlər ki, gəlib bu qədər qoşunu qırsınlar burda!

Şahnaz xanım qulluqçu qıza çıxmırdı:

– Kiri, ay qız!

Gülgəz isə tələsik qulaqlarını şəkləyib:

– Bu nə səsdi, ay xanım? – soruşdu.

Və bu dəfə yağış şırıltısı arasından darvazanın döyəclənməyi lap aydın eşidildi.

– Qapını döyürlər, ay xanım, gəlirlər deyəsən... Bəlkə açmayım?

– Açmazsan, sındırarlar. Yeri get aç.

Gülgəz ayağa qalxdı...

...Və başına şal tutub yağışın altında qaça-qaça Böyük bəyin həyət darvazasıia tərəf gəldi:

– Kimdi? – soruşdu.

– Açın! Hökumət adamlarıdı...

...İki cavan oğlan və onların yanında bir arvad içəri girdi. Gülgəz arvada məhəl qoymadı, qaranlıqda onu tanımadı, başlarına «Budyonnı papağı» qoymuş uzun şinelli əsgərlərə:

– Gəlin, – dedi. – Heç kim yoxdu evdə, ağayla xanım qaçıb, iki qulluqçu qalmışıq...

...Bu gecə qonaqları Şahnaz xanım oturan otağa girəndə, Gülgəz onluq lampanın işığında qonaqlarla gələn arvadı – çörəkçi Gözəli tanıdı:

– Boy... başıma xeyir... Ay arvad, sən indi də bolşevik olmusan?

Gözəl arvad özünü darta-darta:

– Mən arvadlarla iş aparanam, – dedi. – Yalançının biri yalançı! Bolşevik hökumətini aldatmaq olmaz! – Sonra üzünü əsgərlərə tutub: – Bu birisi qulluqçu-zad deyil, – dedi. – Böyük bəyin bacısıdı.

Oğlanlardan biri güldü:

– Onsuz da, xanım paltarını dəyişəndə brilyant bilərziyi yadından çıxıb qolunda qalıb...

Gülgəz nəsə demək istədi, bir söz tapmağa çalışdı, amma Şahnaz xanım qoymadı:

– Düzdü, – dedi. – Bu arvad düz deyir. Mən Böyük bəyin bacısıyam.

İkinci oğlan soruşdu:

– Bəy hardadı?

– Bilmirəm.

Gözəl arvad:

– Yalan deyir, – dedi. – Bilməmiş olmaz...

Gülgəz yanıb-yaxıldı:

– Bay səni! Nə imansız arvadsanmış az sən!..

Gözəl arvad qaşını çatdı, hirsli-hirsli:

– Kəs səsini! – dedi. – Hökumətə sataşmaq olmaz!

Əsgərlərdən birincisi yenə güldü və Gözəl arvada dedi:

– Sən nə tez hökumət oldun, ay bacı?..

Və bu vaxt Böyük bəyin imarətində addım səsləri eşidildi və bu səs get-gedə yaxınlaşmağa başladı.

Əsgər oğlanlar qulaq asdı, ikincisi:

– Kimsə gəlir, – dedi.

Hər ikisi tapançanı çıxartdı. Gözəl arvad gizlənmək üçün ora-bura baxdı:

– Allah, sən saxla! – dedi.

Ayaq səsləri daha da yaxınlaşdı. Əsgərlər pusquda dayandı. Şahnaz xanım ayaq üstə quruyub qalmışdı. Gülgəz qorxudan tir-tir əsirdi. Gözəl arvad özünə yer tapa bilmirdi.

Qapı döyüldü. Qapı bir də döyüldü. Sonra qapı açıldı.

Şahnaz xanım heç cınqırığını da çıxarmadı. Əsgərlər təəccüblə komandirə baxdı. Gözəl arvadın matı-qutu qurudu. Gülgəz özünü saxlaya bilmədi:

– Bıy, qağa, başına dönüm, sən göydən düşdün, nədi?

Nicat Şahnaz xanıma baxdı:

– Xoş gördük, – dedi.

Şahnaz xanım heyrət, maraq və kədərlə, elə bil ki, birdən-birə başqa bir dünyadan peyda olmuş bu adama baxdı, onun uzun şinelini, belindəki tapançanı, başındakı ortası qırmızı ulduzlu kepkasını gözdən keçirtdi:

– O ayaq səslərini eşidən kimi, ürəyimə damdı, ürəyimə damdı ki, sənsən.

Gülgəz:

– Ay qağa, – dedi. – Yoxsa o Ovçuoğlu dedikləri sənsən?!

Nicat gözlərini Şahnaz xanımdan çəkmədi, necə baxırdısa, elə-eləcə də baxa-baxa:

– Hə, mənəm, – dedi:

Gülgəz özünü saxlaya bilməyib, əlini şappıltıyla baldırına çırpdı:

– Oy, qurban olum qağama! Gör necə böyük adam olub?

Əsgərlər bir-birinə baxdı, sonra ikisi də otaqdan çıxdı. Gözəl arvad da onların ardınca sivişib çıxdı.

Nicat dedi:

– Maşallah, heç dəyişməmisən...

Şahnaz xanım diqqətlə, bir görməmişliklə Nicata baxa-baxa qeyri-şüuri soruşdu:

– Doğrudan?

Gülgəz Şahnaz xanıma baxdı, Nicata baxdı, sonra bərkdən gülə-gülə:

– Mən getdim kəklikotu yığmağa! – deyib gülə-gülə də otaqdan çıxdı.

Şahnaz xanım:

– Sən çox dəyişmisən... – pıçıldadı.

– Qocalmışam?

– Yox, qocalmamısan... Yox. Qorxuram mən səndən...

Nicat bir söz demədi və bu zaman Şahnaz xanım birdən-birə özünü onun üstünə atdı:

– Əzizim!.. – dedi. – İki gözüm!.. – dedi. – Həyatım mənim!.. Sənsiz bir günüm, bir gecəm olmayıb bu illər ərzində!... – dedi. Nicatın üz-gözünü öpdü, oğlanın qüvvətli qolları arasında dünyada hər şeyi yadından çıxardı, dünyanın ən bəxtəvər adamı oldu və bu bəxtəvər pıçıltıyla da: – Nicat, – dedi, – tapançanı çıxart, məni vur, – dedi.

Nicat dodaqlarını qızın saçlarında gəzdirə-gəzdirə:

– Nə üçün? – soruşdu.

Şahnaz xanım eyni bəxtəvərliklə:

– Ölmək istəyirəm... – dedi. – Bax, bu saat, bu dəqiqə ölmək istəyirəm. Bu dəqiqəni özümlə həmişəlik aparmaq istəyirəm...

Nicat yenə eyni zarafatla soruşdu:

– Səni vurdum, bəs özüm?

– Özün yaşa... – Şahnaz xanım Nicatın üz-gözünü öpə-öpə, nəfəsi tıncıxa-tıncıxa: – Hə, özün yaşa, – dedi. – Çox yaşa sən. İşin çoxdu sənin. Qocalıb belin büküləndə gələrsən.

– Hara?

– O biri dünyaya... Mənim yanıma...

– Yox, mən o vaxta qədər sənsiz qala bilmərəm!

Birdən Şahnaz xanım başını Nicatın sinəsindən qaldırıb düz gözlərinin içinə baxdı:

– Zarafatdı, hə?

– Yox! – dedi Nicat və bu bir kəlmə sözün qətiyyəti araya çökmüş səssizliyin hakimi oldu.

– Bax, inanaram ha...

– İnan, Şahnaz!

Şahnaz xanım:

– Sən mənim... sən mənim adımı necə mehriban pıçıldadın... – dedi və dəli bir ehtirasla oğlanı öpməyə başladı. – Mənim əzizim, mənim ovçum... Nə eləyirsən,

elə!.. Kim olursan, ol!.. Qardaşımın qatili ol!.. Gözümün düşməni ol!.. Səninəm mən!.. Ölsəm də, qalsam da səninəm... Sənin! Yox, yox, ölmək istəmirəm daha... Xoşbəxtəm, bəxtəvərəm mən! Bu gecədən sən ərimsən mənim! – Sonra bərkdən

qışqırdı: – Gülgəz! Gülgəz!

Gülgəz yüyürə-yüyürə içəri girdi.

Şahnaz xanım eyni qızdırmalı həyəcanla:

– Tez samovarı eyvana çıxart! Yandır bütün şamları! Qorxma yağışdan! Plov qazanını as! Qonşudan çağır Axund ağanı. Nicata ərə gedirəm mən!

Gülgəz sevinə-sevinə:

– Allah xeyir versin, xanım! – dedi, sonra əlavə elədi. – Amma Axund ağa qaçıb axı...

Şahnaz xanım qəribə bir təəccüblə Nicata baxdı:

– Bəs Axundsuz necə olacaq?

Nicat gülümsədi:

– Eybi yoxdu. Bizim polkda qırmızı molla var.

Şahnaz xanım:

– Qırmızı molla? – soruşdu, sonra birdən-birə bərkdən gülə-gülə: – Hə! – qışqırdı. – Qoy Şahnaz xanımın kəbinini qırmızı molla kəssin! Qoy Böyük bəyin bacısına, Mehmandar ağanın qızına qırmızı molla xeyir-dua versin!..

Nicat:

– Sakit ol, – dedi. – Sakit ol.

Gülgəz də bilmirdi ki, sevinsin, ya da qorxsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XII fəsil

Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular.Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar İttifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.

3 min
XIII fəsil

Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, İngiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi İbadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.

2 min
XIV fəsil

Şuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş– çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da indi onun özünə qəribə görünürdü.

1 min
XV fəsil

Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..

10 min

Poems by other poets