Beş qəpiklik motosikl
Page 2 of 4 · 25%
Tolik dedi ki, qoy indi də o biri tərəfinə keçim, o biri avardan yapışım. Onu sağ tərəfimə keçirtdim – sərçə ağırlığındadır, bir qaşıq süd içsin deyə, yüz cür pəstahadan çıxıram: banlayıram, donbalaq aşıram, gözlərimi çəpləşdirirəm və s. Sürəyya da özünü saxlaya bilməyib gülür ki, sən gərək teatrdan yazmaqla məşğul olmayaydın, teatrda oynayaydın. Bu zaman, yəni Toliki yedizdirdiyimiz vaxtlar Firəngiz də bizdə olanda, o da, gülürdü, deyirdi ki, hamı elə bilir Sabir duzsuz adamdır, quru adamdır, day bilmirlər ki, təkcə elə Sabirin Toliki yedizdirməyinə tamaşa etsən, kifayətdir, gedib sirkdə Oleq Popova baxmasan da olar.
İndi Firəngiz daha heç vaxt gülməyəcək, heç vaxt mənim Toliki yedizdirməyimə baxmayacaq, heç vaxt Oleq Popovu misal gətirməyəcək. Niyə? Sadəcə olaraq ona görə ki, o ölüb.
Bir vaxt mən də heç zaman avar çəkməyəcəyəm, bu süni göl ilə Qafqaz dağlarının təzadını əlində portfel nəşriyyata gedən Qaçaq Kərəmə oxşatmayacağam; bir vaxt Tolik də heç zaman avar çəkməyəcək; bir vaxt Tolikin oğlu da heç zaman avar çəkməyəcək; bir zaman Tolikin oğlunun oğlu da heç zaman avar çəkməyəcək və bəlkə o, heç mənim adımı da bilməyəcək.
Tolik dedi ki, fit çalırsan? Mən də dedim ki, gəl o körpünün altından keçək. Tolik yenə Müşgünaz xanım kimi gülümsəyib dedi ki, keçək.
Tolik mənim oğlumdur, amma Müşgünaz xanım kimi gülümsəyir, Tolikin nəvəsində də məndən nə isə olacaq, amma bunun mənası yoxdur.
Dünən səhər Müşgünaz xanım Sürəyyaya teleqram vurmuşdu ki, Firəngiz ölüb. Sonra Sürəyya telefonla sifariş eləyib anası ilə danışdı. Müşgünaz xanım dedi ki, Firanı avtobus basıb, elə o dəqiqə ölüb, avtobus alma kimi əzib yazıq Firanı, sonra da dedi ki, Bakıda cəhənnəm istisi var, sabah da Dəmirin birinci imtahanıdır.
Sürəyyanın az qalırdı ürəyi getsin, güc-bəla ilə sakitləşdirdim, həm də özü sakitləşdi ki, Tolik qorxar. Sonra Sürəyya üçün təyyarəyə bilet aldım və dünən gecə Sürəyya Bakıya uçdu.
Fira birinci sinifdən axırıncı sinifə kimi Sürəyya ilə bir yerdə oxumuşdu, Tibb İnstitutunda da birinci kursdan axırıncı kursa kimi bir qrupda oxumuşdular, bir yerdə də işləyirdilər: Onkologiya, Rentgenologiya və Radiologiya İnstitutunda; Tolik bu institutun adını daha dəqiq bilir.
Fira Sürəyya ilə yaşıd idi: ikisinin də iyirmi doqquz yaşı var idi. Fira ilə aramız açıq idi: o məni Oleq Popovdan üstün tutduğu kimi, mən də ona söz vermişdim ki, ürəyini sıxmasın, Tolik böyüyəndə onu alacağam Tolikə, daha qoca qız olub qalmayacaq ömrünün axırına qədər. Sürəyya həmişə ikilikdə mənə deyirdi ki, kobud zarafat edirsən Firayla, mən də deyirdim ki, zarafat etmirəm, doğru deyirəm, həqiqətən, onu alacağam Tolikə. Fira özü inciməzdi, incisəydi, hiss edərdim.
Fira ərə getməmişdi; ona görə yox ki, istəyən olmamışdı, ona görə ki, istədiyi olmamışdı – özü belə deyirdi, ona inanmaq da olardı, çünki çox yaraşıqlı idi, amma, həmişə mənə elə gəlirdi ki, indi də mənə elə gəlir ki, o kimi isə istəyir, gizli-gizli istəyir, xısın-xısın. Bir dəfə özünə də demişdim və o qızarmışdı, hərçənd zarafata salıb güldü ki, düz tapmısan, amma nahaq indidən qısqanırsan, Tolik böyüyənə kimi unudacağam o pünhan sevgilimi, çıxıb gedəcək işinin dalınca.
Bəlkə məni sevirdi Fira?
Tolik dedi ki, yenə başladın fit çalmağa? Mən də dedim ki, üzr istəyirəm, sonra saata baxmaq istədim ki, qayığın prokat vaxtına nə qədər qalıb; saatın yeri ağappaq ağarırdı; indi gedib saatı alacaqdım və hər şey öz qaydasına düşəcəkdi.
Firəngizin yeri isə həmişə boş qalacaqdı. Həmişə yox, gün qaraldanacan.
Bir qadın yavaş-yavaş avar çəkərək sol tərəfimdən ötdü; soyunmuşdu, yaxşı çimərlik kostyumu var idi, özü də yaxşı idi: burnunun üstünə bir yarpaq yapışdırmışdı ki, gün yandırmasın. Bu yarpaq Leoxarın Belvederli Apollonundakı yarpaq kimi idi, amma o yarpaq Apollonun ayıbını örtürdü, bu yarpaq bu qadının burnunu, gülmək məni tutdu. Qadın da mənim gülməyimi yəqin öz bildiyi kimi yozdu və yaşıl gözləri gülümsədi, amma bir az irəliləyib sağ böyrümdəki Toliki görən kimi gülüşü də silindi, elə bil bir az hirsləndi də, guya ki, təhqir olunmuşdu; becid-becid avar çəkib aralandı.
Tolik dedi ki, mamama deyəcəyəm başqa arvada baxıb gülürdün. Mən də dedim ki, onda maman da bilər sən göldə üzmüsən. Tolik dedi ki, mən heç nədən qorxmuram. Mən də dedim ki, mən də heç nədən qorxmuram. Tolik dedi ki, sən qorxursan. Mən təəccüb etdim ki, görəsən, nədən qorxuram? Tolik dedi ki, bude, gör məni necə özünə sıxmısan, qorxursan ki, mən suya düşərəm, boğularam.
Əvvəllər – hələ dil açmamış – mən elə bilirdim ki, Tolik bəstəkar olacaq, dil açandan sonra dedim yəqin yazıçı olacaq, amma deyəsən, nə bəstəkar olacaq, nə də yazıçı, məntiq müəllimi olacaq.
Doğrudan da, əgər Tolik sürüşüb suya düşsə, boğulsa, mən də yaşaya bilmərəm, mən də ölərəm. İndi mən nədən qorxuram: Tolikin boğulacağından, ya özümün ölməyimdən?
Fakt budur ki, qorxuram, düz deyir.
Yox, Fira heç zaman məni sevə bilməzdi. Fira cəsur idi. Firanın idealı da cəsur idi, cəsur ideal. Mən cəsur deyiləm.
Cəsur olmamağımı nədən bilirəm? Bəyəm elə bir təsadüf olubmu ki, mənim də cəsurluğuma ehtiyac olsun? Yox, olmayıb belə bir təsadüf. Bəlkə mən də cəsuram? Bəlkə, doğrudan, məni sevirdi Fira? Əgər bilsəydim ki, Fira məni sevirdi, indi onun ölümünə daha artıq yanardımmı? Ümumiyyətlə, yanırammı onun ölümünə?
Yanmaqla heyfsilənmək eyni şey deyil.
Fira cəsur qız idi.
Mən haradan bilirəm ki, Fira cəsur qız idi? Elə bir təsadüf düşmüşdü ki, Fira mənim yanımda öz cəsurluğunu göstərsin? Yox, amma Fira cəsur qız idi.
Bir dəfə Sürəyya mənim yanımda məndən Firaya gileylənəndə Fira çox ciddi surətdə demişdi ki, Sabir göründüyü adam kimi deyil, onda tamam başqa cür adamın potensial aləmi var. Fira səhv etmişdi, amma özü bu cür idi; bu iki Firəngizin ikisi də gözəl idi, ancaq ikinci Firəngiz daha mürəkkəb idi, o cəsurluğu da ikinci Firəngizdə görürdüm, hiss edirdim və ikinci Firəngiz birinci Firəngizdən daha artıq yaxın idi mənə. Mən isə bir nüsxəli Sabirəm.
Tolik dedi ki, bayaqkı motosikldən bizdə də olsaydı, əntiqə olardı. Bayaq nahar üçün şəhərə gedəndə univermağın yanından keçirdik, vitrində qıpqırmızı, nikelli bir motosikl qoymuşdular, Tolik yarım saat dayanıb baxdı, həmin motosikli deyirdi.
Mən ömrümdə motosikl sürməmişəm – sürməmişəm dedim, – ömrümdə heç yerli-dibli motosikldə gəzməmişəm. Uşaqlıqda bir üççarxlı velosipedim var idi, beşinci sinifdə oxuyana qədər eyvanda sürürdüm onu.
Sürəyyanın atasının «Moskviç»i var idi, bura da, yəni İosif Samoyloviç Bassın hüzuruna da həmişə həmin «Moskviç»lə gələrdik – özü sürürdü; bu il «Moskviç» öz sahibi ilə birlikdə Bakıda qalıb, amma biz yenə bura, yəni «Avtopansionat»a gəlmişik, İosif Samoyloviç Bassın sayəsində, daha doğrusu, İosif Samoyloviç Bassa bağışladığımız iki şüşə «Göygöl» konyakının və bir kilo qara kürünün sayəsində kef eləyirik: kenpinqdə ikiyerli xudmani bir evciyimiz var; bu evcik də müvəqqətidir – biz buradan gedənəcən.
Niyə müvəqqəti, bəyəm gələn il gəlməyəcəyik bura? Ömrümüzün axırına kimi gəlməyəcəyik bura?
Köhnə hamam, köhnə tas,
Köhnə pansion, köhnə Bass.
Ömrümüzün axırına qədər gəlsək də bura, yenə bu evcik müvəqqətidir.
Nə üçün mən həmişə məhz buraya gəlməliyəm? Nə üçün hər yay eyni evləri, eyni sifətləri: süpürgəçi Lyonya, inzibatçı Jenya, bufetçi Sergey, gözətçi Foma Gerasimoviç, day nə bilim kim... görməliyəm, eyni mənzərəyə tamaşa etməliyəm, hər addımına bələd olduğum yerləri bir də təzədən gəzməliyəm? Bu cür, ya qeyri-bu cür – bunların mənim üçün əhəmiyyətli bir fərqi varmı? Yox... Bəs, niyə indi bu barədə fikirləşirəm?
Hələ institutda oxuyanda Fira ilə Sürəyya səhər-səhər bir-biri ilə dalaşırdılar. Firagil bizdən – bizdən deyəndə ki, Sürəyyagildən; evlənəndən sonra onlarda qalıram – bir az aralı yaşayırdılar, o, səhər instituta gedəndə bizə gəlib Sürəyyanı da götürürdü, birlikdə gedirdilər. Fira hər dəfə yolunu başqa-başqa küçələrdən salırdı, deyirdi ki, hər gün səhər-səhər eyni küçələrlə gedə bilmirəm, zəhləm belə eynilikdən gedir. Yaxın yolu qoyub, az qala, bütün şəhəri fırlanırdı, Sürəyyanı da salırdı dalına. Sürəyya da hər səhər dalaşırdı ki, öz yolumuzla gedək.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bes-qepiklik-motosikl
Use ← → keys to move, R for a random poem
More by this author
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
Poems by other poets
Məni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,