I hissə
Page 2 of 16 · 6%
Məmmədağa bayaq ağlına gələn fikirlərin gözlənilməzliyindən başını qaşıya-qaşıya:
– Axşamın xeyir, Səfər! – dedi və yenə də məhəccəri aşıb üstünə balaca döşəkcə qoyduğu taxta kətildə oturdu. Üzü quramalı bu döşəkcəni Səkinə xala düzəltmişdi və bu döşəkcə furqonda Məmmədağa üçün doğma şeylərin doğması idi.
– Hə Səfər e, qağa? Adım Səfərdi, amma ömrümdə bircə dəfə səfərim olub, ode, o dağlardan, – milisioner Səfər əlini başının üstünə qaldırıb elə bil ki, o dağları göstərdi, – buraya, vəssalam!
Milisioner Səfər otuz il idi Laçının dağlarından ayrılmışdı və həmişə o
yerlərdən ötrü burnunun ucu göynəyirdi, yatanda da, duranda da o yerləri yadına
salırdı, hər il hazırlaşırdı ki, oralara getsin, amma hər il də bir iş çıxırdı ortaya.
Əlbəttə, əgər arvadı Zübeydənin ürəyindən olsaydı, indi çoxdan gedib gəzmişdi o yerləri.
Məmmədağagilin məhəlləsində də gəlmələr vardı. Bunlar o adamlar idi ki, rayonlardan köçüb Bakıya gəlmişdilər, kimisinə hökumət məhəllədə boşalan evlərdən vermişdi, kimisi də pulla xüsusi mülk almışdı. Gəlmələr, adətən, məhəllədə özünü qərib hiss edirdi, heç kimlə qaynayıb-qarışmırdı. Məhəllə gəlmələrdən əvvəl bu evlərdə yaşayanları yaddan çıxarmırdı; onların çoxu təzə tikilmiş binalarda mənzil alırdı, bir müddət məhəllə ilə əlaqə saxlayırdı, sonra yavaş-yavaş bu əlaqə kəsilirdi, amma məhəllə onları uzun müddət yaddan çıxarmırdı.
Ata-babadan bu məhəllədə yaşayan və əri Əbdül onu da, uşaqlarını da atıb qaçandan sonra Sarı hamamda kassir işləyən Ağabacı deyirdi:
– Bu qarabağlıları görürsüz, ağəz, vəzəri yemirlər, deyirlər ki, adam belə göyərti yeməz...
Zərgər Ələşrəfin arvadı Ziba deyirdi:
– Ağəz, sən də söz danışdun də, zər qədrini zərgər bilər!
Bərdədə ev-eşiyini satıb ailəsi ilə Bakıya köçmüş və indi tramvay sürücüləri kursunda oxuyan Allahverdi deyirdi:
– Ə, sən ölməyəsən, məhəttələm bu bakılıların işinə!.. Səhərdən axşama kimi hər gün küftə-bozbaş bişirirlər. Səhər ayılıb eşidirsən ki, ət taxtasında ət döyürlər tıqqatıq, gecə yerinə girirsən, yenə də görürsən ki, ət taxtasında ət döyürlər tıqqatıq...
İnqilabdan əvvəl Xarkovda universitet qurtarmış rus dili müəllimi Alxas bəy isə müsbət səkkiz şüşəli eynəyinin üstündən adama baxa-baxa deyirdi:
– Oğul, bu nə qarabağlı söhbətidi, bu nə bakılı söhbətidi, nə çuşkabazlıqdı, nə həmşəribazlıqdı, ayıb deyil? Niyə özünüz özünüzə bir ad qoyub bihörmət edirsiniz?..
... Əlbəttə, milisioner Səfərin bütün bunlardan xəbəri yox idi və o, üz-gözünün tərini silib yaş dəsmalını yelləyə-yelləyə:
– Qağa, – dedi, – birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm. Bu, düzdü, amma o yerlərin dağları yaddan çıxmır də!.. Yaddan çıxmır ki, çıxmır... Bu saat oralarda olasan, qağa, başın haqqı, gərək yun cempir geyəsən, üstündən də pencək düymələyəsən. Yoxsa ayazdan dişin dəyəcək dişinə. Gərək pürrəng, xoruzpipiyi bir çay da içəsən ki, canın qızışsın, özün də ləzzət aparasan. – Söhbət çayın üstünə gəlib çıxanda milisioner Səfər lap bikeflədi. – Buranın çayı çay deyil ha!.. Nə qədər rəng tökürsən tök, nə cürə deyirsən dəmlə, amma o yerlərin çayının ləzzətini vermir... – Bilirsən nədəndi, qağa! Suyundan! O buz kimi dağ suyu ki, daşın dibindən pıqqıldayıb çıxır, başqa şeydi, qağa!..
Milisioner Səfər papağını çıxarıb çoxdan tükü tökülmüş daz başının tərini sildi. Gün onun üz-gözünü qapqara qaraltmışdı, başının papaq altında qalan hissəsi isə ağappaq idi, elə bil, ağ kasanı çevirib qoymuşdular başına.
– Başın haqqı, qağa, bu saat o çaydan iyirmi stəkan içərəm, doydum demərəm. Samovar da ki, başında çaynik, dızıldaya bir tərəfdə...
Milisioner Səfər lap yanıb-yaxılırdı ki, indi dağ suyundan xoruzpipiyi çay içə bilmir, Məmmədağanı isə bu saat dünyada ən az maraqlandıran şey çay idi; o hələ də bayaqkı fikirlərinə mat-məəttəl qalmışdı və başa düşə bilmirdi ki, nədən idi bu fikirlər, nə olmuşdu ona; get-gedə yaşa dolur, bundandı bəlkə? Yəni doğrudan
yaşdandı? O, gözlərini milisioner Səfərin ağappaq başından çəkib taxta dovşana, tülküyə, ayıya, şirə və naməlum heyvana baxdı və iki ildən bəri Abşeron yollarında ürəyində gəzdirdiyi bir istək, arzu yenə baş qaldırdı.
İki il bundan əvvəl Bakıdakı bulvarda böyük attraksion sərgisi açılmışdı və həmin sərgiyə baxan gündən bəri Məmmədağanın belə bir arzusu var idi ki, Abşeronun kəndlərini təkcə öz alüminium örtüklü furqonu ilə yox, bu cür bir attraksionla gəzib dolaşsın, bu səyyar attraksion sirk kimi bir şey olsun; Məmmədağa belə fikirləşirdi və indi də ona elə gəldi ki, belə bir attraksionu olsa, darıxmaq nədi, adamın heç başını da qaşımağa vaxtı olmaz.
Milisioner Səfər papağı başına qoyub:
– Belədir işlər, qağa, – dedi. Adım Səfərdi, amma həyatımda cəmi bircə səfərim olub...
Sonra milisioner Səfərin yadına düşdü ki, bu gün səhər həyətdə dayanıb diş tozu ilə formasının dəmir düymələrini sürtüb parıldadanda, nə oldusa, arvadı Zübeydə yenə hirsləndi və üzünü ona tutub dedi ki, sən Səfər yox, Səfehsən... Nə üstündə hirsləndi Zübeydə? Milisioner Səfər bunu yadına sala bilmədi və gülümsədi. O, Zübeydənin hirslənmələrinə öyrənmişdi və daha acığı tutmurdu buna. Sonra birdən-birə yadına düşdü ki, deyəsən, yenə Naçalnikin üstündə hirsi tutdu Zübeydənin...
Naçalnik yadına düşəndə yenə milisioner Səfərin qanı qaraldı, çiyninə qonmuş ağcaqanadı şappıltı ilə vurub öldürdü, sonra köynəyini təmizləyib dedi:
– Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. – Sonra da Məmmədağaya baxıb gülümsədi. – Sən cavan oğlansan, belə şeyləri bilməzsən...
Əlbəttə, Məmmədağa milisioner Səfərin nə fikirləşdiyini bilmirdi, amma burasını çox yaxşı bilirdi ki, bu arıq, uzun kişi bir də heç vaxt dağ suyundan xoruzpipiyi çay içməyəcək. Məmmədağa niyə belə fikirləşirdi, səbəbi məlum deyildi; bir də ki, milisioner Səfərin elə görkəmi belə deyirdi.
Məmmədağa bunu da bilmirdi ki, milisioner Səfərin iki naçalniki var idi, biri təbii ki, idarədə, o biri də evdə. Məsələ burasında idi ki, milisioner Səfərin altı qızı, bir oğlu var idi, oğlu sonbeşik idi və o, anadan olanda həyatlarında birinci dəfə milisioner Səfərlə Zübeydənin sözü bir oldu: uşağın adını Naçalnik qoydular.
Düzdür, indi uşaqlar Naçalnikin adını lağa qoyanda və o gəlib evdə ağlayanda ki, niyə mənə belə ad qoymusunuz, Zübeydə günahı yıxırdı milisioner Səfərin boynuna, amma o vaxt özü razılıq vermişdi və o vaxt milisioner Səfərin ürəyi lap dərində bir qubar bağlamışdı: o başa düşmüşdü ki, Zübeydə ona görə uşağa bu adı qoymağa razılıq verdi ki, bilirdi əri heç vaxt naçalnik olmayacaq.
Milisioner Səfər indi də uşağa belə ad qoymaqlarına peşman deyildi. Əvvəla, ona görə ki, ad adamı bəzəmirdi, adam adı bəzəyirdi. İkincisi, pis bir söz deyildi bu, Naçalnik gərək yaxşı oxuyaydı, yaxşı çalışaydı, adını doğruldaydı. Onun qanını qaraldan və axşam vaxtı bu furqona gətirən də elə burası idi.
Milisioner Səfər yenə papağını qaldırıb yaş dəsmalla ağappaq başını sildi, bundan sonra uzün qara barmaqları ilə köhnə portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi:
– İşığa gəlir e, qağa, bu köpək uşağı ağcaqanadlar, işığa gəlir. Bu saat mən gedirəm, sən də işığı söndür.
Məmmədağa furqonun ortasından sallanmış elektrik lampasına baxdı. Günaşırı şüşəsini silib təmizlədiyi bu iki yüz voltluq lampa furqonun içini elə gur işıqlandırırdı, elə bil, işıq bu darısqallığa sığışmırdı. Məmmədağa bu darısqallığı yenə hiss etdi, ürəyi qısıldı və lap qəti qərara gəldi ki, günü sabahdan attraksion məsələsini danışacaq idarədə, lazım olsa, gedəcək Nəcəfin yanına, axırı ki, bir iş edəcək.
Nəcəf qabaqlar Məmmədağagilin məhəlləsində yaşayırdı və ondan cəmi dörd yaş böyük idi, amma indi nazir müavini işləyirdi. Məhəllədən kim onun yanına xahişə getmişdisə, Nəcəf əlindən gələni əsirgəməmişdi.
Məmmədağa Nəcəfi yadına salıb bir balaca yüngülləşdi və milisioner Səfərin həmişə parıldayan qoburuna baxdı. Milisioner Səfər hər gün evdən çıxıb işə gedəndə qoburunu səliqə-sahmana salar, yaxşı-yaxşı silərdi. Məmmədağa tüfənglərdən birini məhəccərin üstü ilə ona tərəf sürüşdürüb:
– Atmaq istəyirsən, götür at! - dedi.
Milisioner Səfər bu dəfə boynuna qonmuş ağcaqanadı şappıltı ilə vurub öldürdü və yaş dəsmalı ilə boynunu silə-silə:
– Yox, qağa, çox sağ ol, – dedi. – Atmaqla, vurmaqla aram yoxdu. Mənimki odu ki, əmin-amanlıq ola, sakitlik ola... Bilirsən, qağa, sənin yanına niyə gəlmişəm?
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Poems by other poets
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.