Page 6 of 16 · 31%

Dudunun atası Mirzoppanın əmisi idi, müharibədə ölmüşdü, anası da pis işlər elədiyinə görə (deyirdilər ki, gecənin yarısı başqa məhəllələrdən bura kişilər gəlib tut ağacının altında onunla öpüşürmüş) Mirzoppanın atası Əliabbas kişi onu evdən qovmuşdu və Dudu təkcə qalmışdı Mirzoppagildə.

Mirzoppa şəkərburanı Dudunun ağzına uzada-uzada deyirdi:

– Hə, yeginən. Sabah yenə gətirəcəyəm sənə. Üstündə badam da olacaq sabah. Sabah sənə konfet də alacam. Sabah kino var əntiqə, uşaqlar gəlib damdan baxacaq, mən də pul yığıb səninçün konfet alacam əntiqə.

Dudu heç nə ifadə eləməyən gözlərini naməlum nöqtəyə zilləyib ağzındakı şəkərbura tikəsini yavaş-yavaş çeynəyirdi. Və birdən necə oldusa, Dudu gözlərini qaldırıb dama baxdı, bacanın dalında gizlənməyə çalışan Məmmədağanı gördü. Dudu cürbəcür səslər çıxardı, şəkərbura tikəsinin qırıqları ağzından Mirzoppanın üz-gözünə sıçradı.

Məmmədağa əvvəlcə qaçmaq istədi – ona görə yox ki, Mirzoppadan qorxurdu, ona görə ki, başa düşmüşdü: bu gördüklərini gərək görməyəydi; başa düşdü ki, Mirzoppanın ürəyinin gizli sirri açılıb və bu sirri belə xəlvətcə gəlib açmaq yaxşı iş deyil.

– Alə, əclaf oğlu əclaf, damımıza nöş çıxmısan? – Mirzoppa az qalırdı hirsindən partlasın, amma onun bu söyüşü Məmmədağanı özünə gətirdi, çünki Məmmədağa üçün dünyanın ən vicdansız işi ata söyüşüydü; çünki Məmmədağanın atası da müharibədən qayıtmamışdı və Məmmədağa onun heç sifətini xatırlamırdı; Məmmədağının atası Əli müharibənin birinci ili cəbhəyə getmişdi, elə birinci ili də Moskva yaxınlığında bir faşist gülləsinin qurbanı olmuşdu.

Mirzoppa divarın qabağına cumdu, elə bil, bu saat atılıb dama çıxacaqdı:

– Düş aşağı, əclaf oğlu, əclaf!

– Əclaf oğlu özünsən! - Məmmədağa Mirzoppanın cavabını qaytardı, amma onun bütün üz-gözü alışıb-yanırdı, elə bil ki, indi həyətdə cürbəcür səslər çıxaran Dudunun Mirzoppanın əlinə dikilmiş gözləri şəkərburanın qalanına yox, ona baxırdı və elə bil ki, Dudunun ağzından sıçrayan şəkərbura qırıqları Mirzoppanın yox, onun üz-gözünə düşmüşdü.

Sonra Məmmədağa şalbanla sürüşüb aşağı düşdü və Mirzoppa həyətdən küçəyə çıxanacan Dar dalana çatıb gözdən itdi; Məmmədağa Mirzoppa ilə dalaşmaqdan qorxmurdu, elə bil ki, utanırdı Mirzoppadan.

Məmmədağa bütün günü evdən çıxmadı, axşam isə, Dar dalandan Mirzoppanın kişi səsi kimi yoğun səsi gəldi.

– Məmmədağa!

(Çox vaxt anaları, böyük bacıları Mirzoppanın baxışlarını oxuyub uşaqları onunla oynamağa qoymurdular; deyirdilər: «–Yekə kişidi o, boyu çıxmır. Üz-gözündən həyasızlıq tökülür. Sizin tayınız deyil. Öz tay-tuşunuzla oynayın!».)

Məmmədağa həyət qapısından başını çıxarıb:

– Nə var? – dedi.

– Bir dəqiqəyə gəl bura, işim var sənnən.

Əlbəttə, Məmmədağa məlum səbəbə görə Mirzoppa ilə danışmaq istəmirdi, amma əvvəl-axır, onsuz da, üzbəüz gəlməliydilər; o, dalana çıxdı, Mirzoppa yenə də onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə çəkib domba gözlərini elektrik məftillərinə dikdi, sonra köynəyinin yaxasından qoynuna qoyduğu «Belomorkanal»ı çıxarıb dərdli adamlar kimi bir papiros yandırdı:

– Mənə bax, – dedi, – Məmmədağa, öz canımçün, olur də, qərdeşnən qərdeşin arasında yüz cür şey olur. Nolar? Sənnən day heç işim-zadım yoxdu, qərdeş canı. Sən də day uşaqlara deməginən ki, Mirzoppa şəkərburaları Duduya yedirdirdi, hə?

Məmmədağa bu barədə heç fikirləşməmişdi də, yəni günorta damın üstünə çıxıb gördükləri və eşitdikləri ona elə təsir eləmişdi ki, Məmmədağanın acığı özünə tutmuşdu, həm də yaman acığı tutmuşdu; burası da Məmmədağaya məlum olmuşdu ki, Mirzoppanın da ürəyi var və bu ürək də hərdən kövrəlir, hərdən lap açılır, lap təmiz olur, lap geniş olur, amma indi Mirzoppanı qorxu götürmüşdü ki, birdən ürəyinin bu təmizliyini, bu açıqlığını məhəllənin başqa uşaqları da bilər – Mirzoppa yenə həmişəki Mirzoppa olmuşdu və bu yerdə Məmmədağanın ona bərk acığı tutdu, birdən-birə ürəyində elə bir intiqam hissi baş qaldırdı ki, heç olmasa, yarım saat müddətinə Mirzoppanın əskik əməllərinin hayıfını almaq istədi. Mirzoppa bir də soruşdu:

– Hə?

– Deyəcəyəm.

Mirzoppa bir az çəpəki-çəpəki ona baxdı, sonra damağındakı papirosu dibinəcən sümürüb zibil yeşiyinə tulladı, ömründə yumadığı çirkli dişlərini qıcıyıb:

– Mənə bax, – dedi, – sənə ağız açıram, öz canımçun, heç kimə ağız açmamışam ömrümdə! Yaxşı döyül, hərənin öz hörməti var, hərə özüyçün bir cayıldı...

Məmmədağa bilirdi ki, Mirzoppa gözünün içinə kimi yalan deyir, indiyəcən çox adama ağız açıb, işi bərkə düşəndə özündən böyüklərə yalvarıb-yaxarıb, min dəfə «qələt eləmişəm» də deyib və bu dəfə onun yaralı yerini lap közərtdi:

– Bizdən yığdığın pullara da Duduyçun konfet alırsan?

Mirzoppa əlini Məmmədağanın gözlərinin qabağında oynatdı:

– Alə, adam kişi olar! Səni adam bilmişik, qapuva gəlmişik!.. Necə adamsan, alə, sən?

Mirzoppanın ən böyük pisliyi ondaydı ki, qorxurdu başqaları onun yaxşı

cəhətlərini bilsin; yalan, adama sataşmaq onun üçün elə mötəbər idi ki, qorxurdu

məhəllə uşaqları onun yaxşı bir işini eşidib üz döndərsinlər, bütün hörmətini itirsin; o, bir müddət çəpəki-çəpəki Məmmədağaya baxdı, elə bil fikirləşirdi ki, nə eləsin, bu işə ki, düşüb, necə çıxsın, bu saat bir-iki dənə ilişdirsin Məmmədağaya və cavabını da alsın, yoxsa dil töksün yenə? Axır qərara gəlib üz-gözünü qırışdırdı, bir az boynunun ardını qaşıyıb dedi:

– Heç kimə deməsən, sənə bir hörmət eləyərəm, öz canımçun!

– Nə?

– Hörmət eliyərəm sənə. Əntiqə yerə apararam səni...

Təbii ki, Mirzoppanın heç bir sözünün Məmmədağanın yanında etibarı yox idi və Mirzoppa özü də bunu bildiyinə görə məsələni çox uzatmadı, ağzını onun qulağına dirəyib pıçıldadı:

– Əntiqə arvadlara baxmağa!..

Məmmədağa bilirdi ki, Mirzoppadan nə desən çıxar və o, dünyanın ən əbləh işlərini görər ki, başqasının heç ağlına gəlməz, amma bu dəfə də onun sözlərinə inanmadı. Mirzoppanın ətli-yağlı dodaqlarının qulağına yaxınlaşmasından əti ürpəşdi. Mirzoppa isə o tərəf-bu tərəfə baxıb yenə də ağzını onun qulağına dirədi:

– Hamamda çimən arvadlara. Lap lüt, öz canımçun!

Elə bil, Məmmədağanın ürəyi qırılıb ayaqlarının altına düşdü və o heç özü də bilmədi ki, necə soruşdu:

– Yalançının?

– Eh, malades sənə, zarafatım-zadım var bəyəm sənnən? Gəl dalımca.

Məmmədağagilin məhəlləsinin yuxarı başında Sarı hamam deyilən köhnə bir hamam vardı; ona görə belə deyirdilər ki, bu hamamın divarları lap əvvəldən, nədənsə, həmişə sarı rənglə əhənglənərdi. Hamamın üzü küçəyə baxırdı, arxası isə başqa ikimərtəbəli binanın arxasına söykənmişdi, amma arada bir az boş yer vardı və bu bir az yerdə quşbaz Ağamehdi özünə quşxana düzəltmişdi, göyərçinlərini bu quşxanada saxlayırdı və gecələr bura zülmət qaranlıq olurdu.

Mirzoppa onu quşxananın yanına gətirdi, əli ilə quşxananın üstünü göstərib:

– Ode, oradan baxanda hamısı görünür əntiqə, – dedi. – İndi qalxarıq, baxarsan.

Sarı hamamın arxa tərəfində, yuxarıda balaca bir pəncərə vardı və bu işıq gələn pəncərə Ağamehdinin quşxanasının üstündən bir adam boyu hündürdə idi; Mirzoppa iz axtaran it kimi gəlib bu balaca pəncərəni tapmışdı.

Məmmədağa, elə bil, yuxudaydı və bura necə gəldiyini heç özü də bilmirdi; o, başa düşürdü ki, Mirzoppaya qoşulub bura gəlməyi çox pis işdi və burasını da başa düşürdü ki, bir halda ki, Mirzoppa it kimi iyləyə-iyləyə gəlib bu balaca pəncərəni tapıb, deməli, dünyanın ən alçaq adamıdı və alçağa qoşulmaq da alçaqlıqdı; o qaçıb buradan getmək istədi; buranın nəm havası az qalırdı onun ürəyini bulandırsın, amma elə bil ki, nəsə maqnit kimi onu özünə çəkib burada saxlayırdı, həm də, daha gec idi, indi buradan qaçıb getsəydi, Mirzoppanın yanında, doğrudan da, maymaq olacaqdı, onun ürəyindən bir inilti keçdi ki, tezcə qurtaraydı bütün bu əhvalat.

– Hələ kişilər çimir.... - Mirzoppa qulaqlarını şəkləyib həmin balaca pəncərədən gələn tas-ləyən səsinə, su şappıltısına qulaq asırdı, çimənlərin kişi, ya arvad olduğunu bu səbəbdən bilirdi və Məmmədağaya məlum oldu ki, Mirzoppa bu quşxananın yanında az geçələr keçirməyib.

Göyərçinlər adam hiss eləyib quruldamağa başladı və bu qurultu Məmmədağanın ürəyini daha da artıq döyündürdü. Mirzoppa tərləmiş əli ilə Məmmədağanın biləyindən tutub:

– Qorxma, – dedi.

Məmmədağa biləyini Mirzoppanın əlindən çəkdi, ona elə gəldi ki, Mirzoppanın əli Dudunun ağzından axan suda islanıb; cınqırığını çəkmədən qulaqlarını şəkləmiş Mirzoppanın qaranlıqda güclə görünən ətli sifətinə baxdı – bu, əsl Mirzoppa idi, daha gizlincə Duduya şəkərbura yedizdirən, Duduya konfet alan Mirzoppa deyildi. Məmmədağa bütün şüuru ilə, ağlı ilə başa düşürdü ki, bu rüsvayçılıqdan qurtarmaq üçün buradan qaçıb getmək lazımdı və üstəlik Mirzoppanı da yaxşıca əzişdirmək lazımdı, amma ayaqları sözünə baxmırdı və ürəyi də elə hey səksəkə içində çırpınırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets