Bülbülün nağılı
Page 2 of 2 · 50%
Elə bil ki, saxsı küplərin kölgəsi onun yumulmuş gözlərinin qarşısındakı o meşə yaşıllığını, o sarı bülbülün işığını söndürmək istədi, amma o, bütün gücünü topladı və həmin meşə yaşıllığına kölgə düşməyə qoymadı və yenə də dünyada heç nə və heç kim yox idi, nə o saxsı küplər, nə o hərislik, nə aldadılıb var-dövləti əlindən alınmış və təsbeh daşları sapa düzülən kimi, uzun-uzun illərin sayına düzülmüş saysız-hesabsız adamların ah-fəğanları – heç nə yox idi, təkcə köksü gözəl dağlardakı o meşəyə gün dəymişdi, bir də o bülbül idi, amma bülbül meşədəki nəğməsini yox, əvvəlki nəğməsini ötürdü, yenə də həmin kədərlə, hüznlə ötürdü, bir də ki, o ağsaçlı, ağsaqqallı, üzünə gömgöy bir rəng çəkilmiş qoca idi.
Onda yaz gəlmişdi və o təzə bağça başdan-başa gül açmışdı, çiçəklənmişdi və bağçanın ortasında yeddi yerdə qızıldan tökülmüş balıqların ağzından fəvvarə vuran ağ mərmər çarhovuz dünyanın ən zərif sərinliyini bu bağçaya gətirirdi, müşk-ənbərli çarhovuz suyunun ətri güllərin, çiçəklərin ətrinə qarışırdı, nar ağacları, gilənar ağacları, ərik, şaftalı, gavalı ağacları, hamısı güllüyə dönmüşdü və həmin müşk-ənbər ətirli, güllü-çiçəkli yaz günlərinin birində bağçanın yanından bir dərviş ötdü; bu dərvişin əlində tutduğu təbərzinin dəmir ayparasının üstünə sarı bir bülbül qonmuşdu – dərviş sap kimi nazik dəmir zəncirlə bülbülün ayağını təbərzinin taxtasına bağlamışdı və həmin bülbül o dəm dünyanın ən dərdli-ələmli nəğməsini ötürdü.
O, ayağı narın zəncirli bu sarı bülbülə baxdı və bir kəlmə də söz deməyib dərvişin hind qozu qabığından qayrılmış kəşkülünə bir-birinin dalınca on qızıl atdı və zənciri qırdı, bülbülü bağçaya apardı, qızıldan böyük bir qəfəs düzəltdirdi, qəfəsi çarhovuzun yanında ən səfalı yerdə asdırdı, bülbülü bu böyük qızıl qəfəsin içinə saldı və hər gün bir səhər tezdən, bir də axşamçağı vaxt tapıb bu böyük qızıl qəfəsin içindəki bülbülə tamaşa eləməyə gəldi.
Sarı bülbül o böyük qızıl qəfəsin içində, o güllü-çiçəkli səfalı bağçada, o yeddi fəvvarəli sərinlikdə, o müşk-ənbər ətrində səhər-axşam oxumağa başladı, amma bülbül yenə də həmişə yanıqlı ötdü və onun ötdüyü bu nəğmələr səhər-axşam dünyanın dərdindən, qəmindən xəbər verdi, o kiçik sarı varlıq hər tərəfə o qədər dərd, qəm səpələdi ki, elə bil bu bağçanın gülləri, çiçəkləri yayın istisindən, payızın çiskinindən saralıb-solmadı, bülbülün bu nəğmələrindən saralıb-soldu.
O, başqa bir bülbül tapdırıb qəfəsə saldırdı ki, sarı bülbül tək qalmasın, kar eləmədi, qəfəsi daha da böyütdürdü, genişləndirdi, kar eləmədi, axırda günlərin bir günündə bütün işini-gücünü atıb ilxısının gözü olan göydəmir ürgəni mindi və çapıb bağçaya girdi, qızıl qəfəsin ağzını açdı, sarı bülbülü qəfəsdən buraxdı və göydəmir ürgəni bülbülün ardınca çapmağa başladı; tacirliyə qurşanmış bir yeniyetmə də onu tək buraxmadı, onunla yanaşı çapdı.
Sarı bülbül dağlar aşıb, dərələr keçdi, çaylarda çimib, bulaqlardan su içdi, az getdi, çox getdi, dərə-təpə düz getdi, axırda gəlib köksü gözəl o dağlardakı meşəyə çatdı və meşədəki qoca bir palıd ağacının ovuğunda köhnə yuvaya girdi; sarı bülbül o qədər uçmuşdu ki, tamam taqətsizdi, amma güclə başını qaldırıb meşəyə baxdı və bu dəm meşəyə gün dəydi, meşənin yaşıllığı günün şüaları altında alışıb yandı, göz qamaşdırdı və bülbül bütün gücünü toplayıb oxumağa başladı.
Köksü gözəl o dağlardakı meşədə o dəm sarı bülbül dünyanın ən cəhcəhli nəğməsini oxudu və bu nəğmə dünyanın yaxşı-yaxşı işlərindən xəbər verdi, bu nəğmə güldən, çiçəkdən danışdı, dünyanın gözəl meşələrindən, saf bulaqlarından, təmiz dəryalarından söylədi; sarı bülbülün nəğməsi ürəyə sevinc gətirdi, şadlıq gətirdi, bu nəğməyə köksü gözəl dağlar qulaq asdı, kölgəli qayalar, kəklikli çınqıllar, işıqlı çəmənlər qulaq asdı və bu nəğməyə, bir də ki, yeniyetmə tacirlə o, qulaq asdı.
O, çaphaçapdan başdan-ayağa köpük bağlamış göydəmir ürgənin belində oturub bu qoca palıd ağacına baxırdı, bu ağacın gövdəsindəki kiçik ovuğa baxırdı və bülbülün nəğməsinə qulaq asırdı; o başa düşürdü ki, bu nəğmə sarı bülbülün son nəğməsidi və o burasını da başa düşürdü ki, sarı bülbül özü də bunu hiss edir, oxuyur, bülbül özü də bilir ki, son nəğməsidi, ötür.
Və sarı bülbülün nəfəsi kəsildi, nəğməsi sona yetdi.
Meşəyə sükut çökdü.
Köksü gözəl o dağlardakı meşəyə çökmüş sükutu yeniyetmə tacir pozdu:
– Axmaq bülbül, – dedi. – Qızıl qəfəsdə, gülün, çiçəyin içində bəslənirdin, oranı bəyənmədin, bir ağac ovuğunu ondan üstün tutdun, axırda da ürəyin partladı, öldün.
O, gözlərini palıdın ovuğundakı yuvadan çəkib yeniyetmə tacirə baxdı və heç nə demədi.
Sonra göydəmir ürgəni çapıb meşədən çıxdı.
Köksü gözəl o dağlardakı meşə arxada qaldı.
Sonra o meşə tamam yaddan çıxdı və o sarı bülbül də tamam unuduldu.
Günlər, aylar, illər keçdi və bu uzun-uzun illər boyu o meşə də, o bülbül də heç vaxt yada düşmədi.
İndi birdən-birə o meşənin zümrüd yaşıllığı hər tərəfi bürüdü, amma bu zümrüd yaşıllığın içində sarı bülbül meşə nəğməsini oxumadı, elə hey əvvəlki nəğməsini, dərdli-ələmli nəğməsini oxudu.
O, gözlərini qapayıb hər tərəfi bürümüş bu meşə yaşıllığına baxırdı və çox istəyirdi ki, bülbül bu dəm onun qulaqlarında həmin nəğməsini oxusun, dünyanın gözəl meşələrindən, saf bulaqlarından, təmiz dəryalarından xəbər versin, dünyanın yaxşı-yaxşı işlərindən danışsın, amma sarı bülbül onun gözləri qarşısındakı bu yaşıllıq içində elə hey öz dərdli nəğməsini oxuyurdu və o, başa düşdü ki, bu nəğmə əslində onun özünün köksündən qopub gələn bir nəğmədi, onun özünün son nəğməsidi və bu son nəğmə heç cürə o meşə nəğməsinə çevrilmir.
Sonra hər tərəfi bürümüş meşə yaşıllığı yox oldu, bülbülün nəğməsi də kəsdi və yenə də hər tərəfi bir bozluq bürüdü və bu bozluq içində, o, yenə elə bil ki, yuxarıdan aşağı özünə baxdı, yenə ağ saçları, ağ saqqalı, gömgöy arıq sifəti gördü, amma bu dəfə daha diksinmədi, çünki diksinməyə vaxt qalmamışdı, həmin qaranlıq quyunun dibi onu özünə çəkirdi.
Onun saz dinləməyə, Dədə Qorqud boylarına qulaq asmağa əməlli-başlı vaxtı olmamışdı, işlərindən macal tapmamışdı, amma bu axır məqamda da onu Dədə Qorqudun sözləri ilə səslədilər; onu heç vaxt üzünü görmədiyi atası səslədi: « – Oğul, oğul, ay oğul. Qarşı yatan dağın yüksəyi, oğul. Güclü belim qüvvəti, canım, oğul. Qaranqulu gözlərimin aydını, oğul».
O yuxarıdan aşağı özünə baxdı və təkcə təəccüblənməyə macal tapdı ki, bu cür ağsaçlı, ağsaqqallı da oğul olar? Bir də ona imkan tapdı ki, köksü gözəl o dağlardakı meşədə yeniyetmə taciri xatırlasın və bütün gücünü – son gücünü toplayıb öz-özünə pıçıldasın: « – Axmaq yeniyetmə». Sonra həmin qaranlıq quyunun dibinə uçdu və hər şey bitdi.
May, 1980.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-bulbulun-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə də həmin təkcə lampa işığı idi və həmin təkcə lampa işığının altında, indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu.Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə şüşəsini döyəcləyən yağışın səsi gəlirdi.
İkinci hissə, VIBütün bu Şuşa dağlarının fövqəladə komissarı Nicat Ovçuoğlu bu otaqda həm yaşayırdı, həm də bura onun müvəqqəti iş yeri idi və bu otağın pəncərəsindən Xəznə qayasının sıldırım zirvəsi aydın görünürdü.Bu otağa o qədər girib-çıxan olurdu, hamı o qədər tələsirdi, hamı elə işgüzarlıq göstərirdi ki, bütün bu tələsiklik, vurnuxma müqabilində Xəznə qayasının ağır, təmkinli sükutu, diqqət edəndə, fikir verəndə, qəribə, sirli, bəlkə də sehrli təsir bağışlayırdı.
İkinci hissə, VIIŞahnaz xanımın otağın qaranlığından seçilməyən saçları ağ köynəyinin üstünə tökülmüşdü və bu dəm Nicatın əli onun saçlarında gəzirdi. Şahnaz başını Nicatın geniş sinəsinə qoymuşdu və Nicat çarpayıda uzana-uzana, bir əli öz başının altında, o biri əli Şahnazın saçlarında, gözlərini qaranlıq tavana zilləyib qalmışdı.Şahnaz, elə bil, kimsə onları eşidəcəkmiş kimi, pıçıltıyla:
İkinci hissə, VIIITopxana meşəsini çən-çiskin bürümüşdü və həmin çən-çiskin altında beş-altı atlı çapa-çapa özünü meşəyə verdi.Atlılar Mirzə bəy idi, Yunis bəy idi, başqa bəylər idi, bir də Hümmət idi.
Poems by other poets
Ən çox kim sevgi kimi?!Ən çox kim yalqız bu dünyada?!
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Qəhrəman AzərbaycanımYenə var-dövlətin başından aşır,Şöhrətin dünyanı gəzib dolaşır,