Günlərin bir günündə
Page 2 of 4 · 25%
– Mama, atam doğrudan injinerdi?
«Amma yaman da injinerdi! Avaranın biridir ki, gündüz çıraqla da axtarsan beləsini tapmazsan!» – bunu Səmayə ürəyində dedi, dilinə isə, aydın məsələdir ki, başqa söz gətirdi:
– Əlbəttə. Nədir ki?
Fatma çox ciddi surətdə dedi:
– Dedilər durakdır.
Səmayənin gözləri kəlləsinə çıxdı:
– Nə?!
Fatma cidd-cəhdlə anasını başa saldı:
– Durakdır dedilər... Mənimlə söhbət edirdi, amma başqa xalaya baxırdı. Sonra guya ki, başını qaşıdı, amma xalanın dalınca baxdı, sonra bilmirəm nə oldu, sonra da xala geri dönüb dedi ki, durak!
«Kül olsun belə kişinin başına! Uşağın yanında da özünü saxlaya bilməyib. Biabır elədi bizi, köpəkoğlu!» – bunu da, təbii ki, Səmayə ürəyində dedi, amma lap əməlli-başlı utandı Fatmadan və elə buna görə də qızına bozardı:
– Bir də belə şeylər danışma! Adam atasına elə söz deməz!
O vaxtdan xeyli keçmişdi, çox qar yağmışdı, çox gün çıxmışdı. Fatma indi atası ilə ildə-ayda bir dəfə görüşürdü, özü də həvəssiz. Bu bir tərəfdən yaxşı idi, bir tərəfdən də, məlum məsələdir ki, pis. Yaxşı idi ona görə ki, o cür ipi çürük adamla nə qədər az görüşsən bir elə çox qazanarsan. Pis idi ona görə ki, niyə axı, belə olmalı idi, niyə bu cür gözəl-göyçək Fatmanın atası çaqqal olmalı idi? Niyə qarlı gəzinti həsrəti bax, beləcə, bu qış gecəsi Səmayənin ürəyini gizildətməli idi? Niyə?
Əşşi, iş ki, düşdü «niyə?»lərə, onda heç nə. Onda gərək Ofeliyanın mahnısının da oxunmadığını fikirləşəsən. Onda gərək yenə də ürəyini verəsən Gültəkinin iztirablarına. Onda gərək Dezdemonanın taleyi ilə bərabər öz taleyini də düşünəsən. Və onda gərək yenə də səhərə kimi yatmayasan, elə fikirləşəsən, fikirləşəsən, fikirləşəsən. Səhərə kimi fikirləşəsən.
Səhər isə teatrda məşq var, «Tülkü və Hacıleylək balaları»nın məşqi.
Səmayə otağın qaranlığında yanındaca mışıl-mışıl yatan Fatmaya baxdı, sonra, elə bil, bayırdakı qarın soyuqluğunu yatağında hiss elədi və yerində büzüşüb bərk-bərk yorğana büründü, lap sidq-ürəkdən əsnəyib fikirləşdi ki, amma Fatma da yaman bicəngənədir, elə birinci gün hiss eləmişdi çaqqalın çaqqallığını. Bunu fikirləşdi və gülümsədi.
Özü öz dərdinə gülümsəməyi öyrənmişdi Səmayə.
- Gümüşü gün sevinci
Qardan sonra Səmayənin gümüşü günləri olardı və həmin gün də Səmayənin gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə gəlirdi və ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü.
Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular, hər gün bir yerdəydilər.
Keçən yay Səmayəyə təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin səkkizinci sinfində oxuyurdu. Gülüş də həmin sinifdə oxuyurdu və Gülüşlə Fatmanın beləcə cici-bacı olmaları Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. İkincisi, ona görə ki, Gülüşün anası elmlər doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. İş elə gətirib ki, Fatmanın atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur. Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur.
Səmayə əlindən gələni əsirgəmirdi – bayramlarda zəng çalıb Gülüşün anasını təbrik edirdi, hər dəfə Gülüşlə evlərinə salam göndərirdi, Gülüş onlara gələndə Fatmaya da, ona da eyni gözlə baxırdı. Əlbəttə, Gülüşün anası ilə daha artıq yaxınlıq eləmək olardı, amma bunun üçün nə vaxt var idi, nə də şərait imkan verirdi.
Səmayə «Tülkü və Hacıleylək balaları»nın məşqindən çıxıb evə gəlirdi və bütün bunlar barədə fikirləşirdi; ayağının altındakı qarı xırçıldada-xırçıldada addımladıqca ona elə gəlirdi ki, Fatma kimi on beş yaşlı gözəl-göyçək bir qız da onunla yanaşı addımlayır və bu qız elə onun özüdür, on beş yaşlı Səmayədir.
Bir vaxt olacaqdı Fatmanın da yanında beləcə on beş yaşlı Fatma addımlayacaqdı və o zaman Fatma heç bilməyəcəkdi ki, hələ çox-çox əvvəllər anası onu beləcə görüb; qarlı qış günündə on beş yaşı ilə birlikdə addımlaya-addımlaya.
Bir gümüşü gün idi həmin gün.
Təzəcə qar kəsmişdi, gün çıxmışdı və günün şüaları küçələrdəki, damlardakı, eyvanlardakı, ağaclardakı qarı elə parıldadırdı ki, elə bil Bakıya qarın üstündən gümüş yağmışdı. Bakının belə gümüşü günləri heç vaxt Səmayənin yadından çıxmazdı, o, bütün ömrü boyu gördüyü belə gümüşü günləri bircə-bircə xatırlayırdı və həmin günlərin hərəsinin öz ətri, öz ovqatı, öz təkcəliyi var idi.
Nə qədər küləkli-yağışlı günlər olmuşdu, nə qədər adamın nəfəsini kəsən isti günlər, nə qədər adi günlər olmuşdu, amma onların heç biri Səmayənin yadında qalmamışdı; pis hadisələr, pis əhvalatlar, yaxud da ki, yaxşı hadisələr, yaxşı əhvalatlar yadda qalmışdı, günlər isə yadda qalmamışdı. Bax, bu cür gümüşü günləri isə bir-bir sayardı Səmayə və bu gün də heç vaxt onun yadından çıxmayacaqdı. Yadından çıxmayacaqdı ki, bir vaxt – bax, bu gümüşü gün, məşqdən çıxıb evə gələ-gələ fikirləşirdi: düzdür, Dezdemona daha əlçatmaz oldu, vaxtı keçər oldu, amma Hertruda hələ irəlidədir, ledi Maqbet hələ irəlilədir, Kuraj ana hələ irəlidədir.
Səmayə qarı ayaqlarının altında xırçıldada-xırçıldada bir də onu fikirləşdi ki, axı, necə olur, təbiətin bu cür gümüşü günləri olur, bir tərəfdən də dünyada ledi maqbetlər olur?
Sonra birdən-birə Səmayə çox istədi ki, Fatma da bu gümüşü günləri beləcə yadında saxlasın və heç vaxt unutmasın bu günləri, bu günlərin ətrini, rəngini, təkcəliyini. Fatma da beləcə hiss eləsin bu gümüşü günləri. Həm də Fatmanın gümüşü günləri lap bol olsun və Fatmanın gümüşü günlərinin nə həsrət çaları olsun, nə də həzinliyi, təkcə elə sevinci olsun, lap zırpı bir sevinci.
Əlbəttə, Fatma anasının bu fikirlərindən xəbərsiz idi və Səmayə evə girəndə gördü ki, Fatma dayanıb bədənnüma güzgünün qabağında və pəncərədən o tərəfdəki gümüşü gün heç vecinə də deyil, çünki üz-gözünü basmış sızanaqların hayındadı; sızanaqları dırnaqlarının arasına alıb sıxır, sifətini qanadır.
Fatma ağlamsına-ağlamsına, həm də hirsli-hirsli dedi:
– Bu nədir e, ay mama, görürsən bu prişikləri!.. Utandığımdan camaatın içinə çıxa bilmirəm...
Səmayə bayırın gümüşü havasından sonra Fatmanın sızanaq dərdini birdən-birə ürəyinə sala bilmədi və gülümsəyə-gülümsəyə:
– Heç nə olmaz, keçib gedəcək, – dedi. – Əlini vurma.
– Yaman da keçib gedir. Day da artır günü-gündən.
– Bəs, mənə niyə hirsin tutur, mən eləməmişəm ki... – Səmayə yenə də ürəyindəki gümüşü gün sevinci ilə gülümsə-gülümsəyə Fatmaya yaxınlaşdı və qızını qucaqlayıb hələ qızınmamış şaxtalı üzünü onun üzünə sürtdü.
– Adımı ki, sən qoymusan: Fatma. Hamı mənə Fatma nənə deyir! Bir yaxşı ad qoya bilmirdin mənə?
Səmayə lap sidq-ürəkdən təəssüf elədi ki, Fatma pəncərənin o tayındakı gümüşü günün fərqinə varmır.
– Kimin nə haqqı var sənə elə desin! – Sonra zarafat eləmək istədi. – Amma Fatma nənə olmağına Fatma nənəsən də. Anamın adını qoymuşam da, sənə, nənənin adını.
– Çox elə mənim lazımım idi. – Fatma adından çox, sifətindəki sızanaqların əlindən acıqlı-acıqlı yataq otağına keçdi.
Yaxşı ki, Səmayənin adı bir o qədər qocafəndi deyildi və hərgah işdi-şayət, Fatma öz qızına Səmayə adı qoysa, bir o qədər də xəcil olmaz. Səmayə gülümsədi və paltosunu çıxarıb arakəsmədəki asılqandan asa-asa dedi:
– Tamaşanın premyerası dekabrın doqquzundadır.
Fatma yataq otağından soruşdu:
– Hansı tamaşanın?
– «Tülkü və Hacıleylək balaları»nın. Dekabrın doqquzu da şənbə günüdür. Bilet göndərəcəyəm Gülüşün papası ilə maması da gəlsin. Çox təsirli əsərdir.
Fatma elə bil nədənsə hürküb tələm-tələsik arakəsməyə gəldi:
– «Tülkü və Hacıleylək balaları»nın?
– Hə, yaxşı ki, şənbəyə düşdü. Gülüşün mamasıgil də boş olacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-gunlerin-bir-gununde
Use ← → keys to move, R for a random poem
More by this author
Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
13. Quzu buduGecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.
14. Əbdül QafarzadəƏbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
15. Hər şey keçib gedir...Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.
Poems by other poets
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabınGöstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
O bir gün...İki ömür yolu...Bir dəmir yolu...