Page 4 of 4 · 75%

Fatma bu sözləri dedi və birdən-birə yenə nə isə xatırlayıb nigarançılıqla Səmayəyə tərəf döndü:

– Qəzetdə şəkil verəcəklər, mama?

Səmayə gülümsədi:

– Nə bilim?

Fatma deyindi:

– Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında. Elə bu cür şəklini versinlər də...

– Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da.

– Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. – Özü də özünə cavab verdi: – Heç kimin!

Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi.

Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən elə qaçdı ki, tamaşaçılar – uşaqlar və uşaqlarla gələn əmilər, xalalar – əl çalmağa başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab oldu.

Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa da səhnənin qarşısına çıxdı.

Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi.

Səmayə bilirdi ki, bu saat bayırda yenə də quşbaşı qar yağır, bu qarın iyini duydu, rəngini gördü və birdən-birə ona elə gəldi ki, Fatma da Gülüşlə birlikdə, Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı oynayıb.

Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi.

Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı.

Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə Tülkünü yox, Hacıleyləyi oynamışdı.


Səmayənin ürəyinə bir Tülkü ağrısı qonmuşdu, amma nahaq, lap nahaq, çünki səfalı meşə yenə həmin səfalı meşə idi – dağın döşündə və yenə də Hacıleyləklər burada yuva salırdı, bala çıxarırdı.

Hacıleyləklər içərisində yenə bir Hacıleylək var idi və bu dəfə Tülkü mişarı çiyninə alıb onun yuva qurduğu, bala çıxardığı ağacın dibini kəsdirmişdi – ürəyinə bala əti düşmüşdü.

Ay yedin ha, Tülkü lələ!..

Hacıleylək qoca Qarğa ilə az qaldılar Tülkünün gözün çıxarsınlar.

Qorxaq Tülkü elə qaçıb meşədən itdi ki, bir də heç vaxt kələk gələ bilməyəcəkdi Hacıleyləklərə.

Hacıleyləklər daha tanımışdı Tülkünü – həm kələkbazlığını, həm də qorxaqlığını, tülkülüyünü.

Yenə həmin səfalı meşə idi və Hacıleylək balaları böyüyürdü, qanad çalırdı, uçurdu, dənizlər keçirdi, ölkələr gəzirdi, meşələr görürdü, yuva qururdu, özləri bala çıxarırdı, bala böyüdürdü...

Aprel, 1973.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

12. Görüş

Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...

198424 min
13. Quzu budu

Gecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi.Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.

198415 min
14. Əbdül Qafarzadə

Əbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.

19841 h 5 min
15. Hər şey keçib gedir...

Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.

19841 h 10 min

Poems by other poets