14. Əbdül Qafarzadə
Page 10 of 10 · 90%
– Belə olmaz, ay qardaş, özünü ələ al... – dedi.
Əbdül Qafarzadə sərt hərəkətlə üzünü arxaya çöndərdi, qıpqırmızı qızarmış və qapaqları da qızarıb şişmiş gözlərindən nifrət və qəzəb yağa-yağa Mürşüd Gülcahaniyə baxdı, boğuq bir səslə bağırdı:
– İtil burdan! İtil! İtil, dedim sənə! – Sonra yaş pencəyiylə, palçıqlı ayaqqabılarıyla, yaş balaqları tamam palçığa batmış şalvarıyla birlikdə özünü üzüqoylu çarpayının üstünə atdı.
Mürşüd Gülcahani ürəyi uçuna-uçuna, dizləri əsə-əsə, yataq otağından çıxdı...
...İndi o qara gecədən altı il keçmişdi, amma həmin yağışın səsi indiyəcən Əbdül Qafarzadənin yadından çıxmamışdı, o yağışın kişinin ürəyində hopub qalmış xüsusi ahəngi də, iniltisi də bütün bu altı il ərzində onunla birgə olmuşdu – bəzən açıq-aşkar, bəzən də dibdə qalmış çöküntü kimi; o yaş kostyumun, o yaş alt paltarının soyuğu da hərdən yada düşəndə, Əbdül Qafarzadənin bədəninə bir üşütmə gətirirdi.
Həmin aprel günü o ağ mərmərlə, o çəhrayı qranitlə üzbəüz dayanmış, əllərini arxasında birləşdirib çeşməyinin ardından baxan boz gözlərini
QAFARZADƏ ORDUXAN ƏBDÜLƏLI OĞLU
(1951 – 1976)
sözlərinə dikmiş Əbdül Qafarzadənin ürəyində həyəcanla və bütün varlığını yandırıb-yaxan inamsızlıq hissi ilə dolu bir istək var idi: heç olmasa, özü özünü əmin etsin ki, hər dəfə yalnız (yalnız və yalnız!) oğluna görə bu qəbri ziyarət edir; amma belə məqamlarda, elə bil ki, bu adamın içinə bir şeytan girirdi və təngnəfəs ola-ola nəbz kimi elə hey vururdu.
Yox, təkcə oğluna görə gəlmirsən bura!..
təkcə oğluna görə gəlmirsən bura!..
təkcə oğluna görə gəlmirsən bura!..
təkcə oğluna görə gəlmirsən bura!..
təkcə oğluna görə gəlmirsən bura!..
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
və II Nikolayın da sapsarı donmuş sifəti təzədən o çəhrayı qranitin üzərinə həkk olunurdu və II Nikolayın o sapsarı donmuş sifəti birdən-birə adamın tükünü ürpərdən bir ifadə ilə gülümsəyirdi – elə bil ki, meyit üzünü, dodaqlarını tərpədibgülümsəyir...
Əbdül Qafarzadə geri çöndü və yenə də əlləri eləcə arxasında asta addımlarla o təpəcikdən aşağı endi, Tülkü Gəldi Qəbiristanlığının ensiz torpaq cığırları ilə Qəbiristanlıq İdarəsinə tərəf yollandı. Kişi özü də hiss edirdi ki, hər dəfə oğlunun qəbrinə gəlib-gedəndə yüz il qocalır; düzdü, bir müddət keçir və hər şey yenə də öz qaydasına düşürdü, amma, hər halda, ürək də dəmirdən deyildi və bütün bu iztirabları beləcə ürəyinin içinə salanda dözmürdü... dözməzdi...
Əbdül Qafarzadə üzüaşağı gələ-gələ o çəhrayı qranitin üzərindəki
ƏBDÜLƏLI sözlərini xatırladı və bu dəfə kişinin daxilini bəlkə də həmin dəqiqəyəcən heç vaxt duymadığı bir vahimə bürüdü, hətta gözlərinin qabağına haçansa hansı bir qəbir daşınınsa üzərində yazılacaq
QAFARZADƏ ƏBDULƏLI ORDUXAN OĞLU
(1929 – ?)
sözləri gəldi, istər-istəməz, bir an ayaq saxladı, onu soyuq tər basdı, ona elə gəldi ki, ürəyi bulanır, başı gicəllənir.
Yox, belə olmazdı, yaşdan idi, nə idi? Öz tarixinin hansı bir məqamında isə insan çox sadə və eyni zamanda, dünyanın ən müdrik bir həqiqətini dərk edib: adam bir dəfə yaşayır və bir dəfə, cəmi bircə dəfə verilmiş bu ömrü beləcə iztirablarla, beləcə içini yeyə-yeyə, özünə işgəncə verə-verə yaşamaq düzgün deyildi; bircə dəfə verilmiş o ömrün, düzdü, əvvəli və sonu var idi, amma, əslində, o ömür özü-özlüyündə bir əbədiyyət idi və həmin əbədiyyəti yaşamağı bacarmaq lazımdır.
O hisslər, həyəcanlar yavaş-yavaş sakitləşməyə başladı, Əbdül Qafarzadənin beyni yenə də, elə bil ki, dumanın, çənin içindən çıxıb aydınlaşdı, dəqiq işləməyə başladı, baş qaldırmış o vahimənin üstünə közmüş kimi, su səpib söndürdü və nəhayət ki, kişinin içində bir sakitlik yaranmağa başladı.
Əbdül Qafarzadə Qəbiristanlıq İdarəsinin həyətinə girib öz kabinetinə tərəf getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-14-ebdul-qafarzade
Use ← → keys to move, R for a random poem
More by this author
Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Poems by other poets
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Gözəl insanBir gözəl qız yaramaz bir dəli ceyran kimidir,Çırpınan odlu könüllər ona heyran kimidir.
MaralSəhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,