Page 6 of 8 · 63%

Alov get-gedə qızışdıqca birdən həkim Xudyakovun əli yavaş-yavaş qalxmağa başladı; əlbəttə, tonqala baxan o adamlar başa düşürdülər ki, isti şiddətləndikcə əzələlər yığışır və həkim Xudyakovun qolu da buna görə yavaş-yavaş qalxır, amma o dəm o əlin eləcə yavaş-yavaş qalxmasında, elə bil ki, bir hədə var idi, elə bil ki, taun bütün dünyanı hədələyirdi. Eyni zamanda, o əlin o cürə qalxmasında, ümumiyyətlə, dünyanın günah işlərinə bir xəbərdarlıq da var idi və uzaqdan o tonqala baxan yerli partiya və komsomol fəalları arasında bir sıra vəzifəli adamların (bir-birlərindən xəbərsiz!) bütün içini qəribə bir hiss bürümüşdü; qorxu ilə mütəəssirliyin, peşmançılığın qarışığı.

Bu adamlar birdən-birə haçansa gördükləri (və heç vaxt fərqinə varmadıqları!) haqsız işlərini, nə zamansa nahaq incitdikləri (və elə bil ki, tamam unutduqları!) adamları xatırlamağa başladılar və onlar indi bir peşmançılıq hissi keçirirdi, daha doğrusu, peşmançılıq hissi keçirmək istəyirdilər, nəyisə etiraf etməyə, nəyisə boyunlarına almağa, hətta ağlamağa, aman istəməyə daxili bir ehtiyac duyurdular; bəlkə də bu – əslində – qorxu hissi idi, beləcə bir qara gündə beləcə bir tonqalda yanmaq qorxusu...

Sonra həkim Xudyakovun qolu, elə bil ki, birdən-birə qırıldı, tonqala düşdü.

Silahlı qızıl əsgərlərin keşiyi altında o ocaqda həyatla beləcə vidalaşan yalnız cansız cəsədlər deyildi, o cəsəd sahiblərinin – dünənəcən, hətta bu günəcən nəfəs alan, yaşayan insanların bir də bu yer üzündə heç zaman təkrar olunmayacaq, yalnız onlara məxsus hiss-həyəcanları idi, sevinc və kədəri idi, qayğısı, məhəbbəti, hörməti və nifrəti idi və cəmi otuz beş yaşına baxmayaraq, artıq təcrübəli immunoloq, virusoloq, mikrobioloq sayılan, həyatın bəd üzü ilə tez-tez rastlaşan (və gələcəkdə də tez-tez rastlaşacaq) professor Lev Aleksandroviç Zilber gecəni qara şam kimi əridən o tonqalın qarşısında, o tonqala baxa-baxa bir insan kimi iztirab çəkirdi.

O tonqalı qalamaq üçün Hadrutun təxminən altı kilometrliyində elə bir çüxur yer seçmişdilər ki, bu tonqalın şöləsi Hadrutda və ətraf kəndlərdə görünməsin, camaatın bu tonqaldan xəbəri olmasın, çünki taun amansızlığından dəli olmaq dərəcəsinə çatmış Hadrut camaatı bir tərəfdən də yaxınlarının, əzizlərinin beləcə yandırılmasına dözə bilməzdi, amma professor Zilberin fikrincə Hadrut camaatının qalanını xilas etmək üçün, taunun Hadrut ərazisindən kənara yayılmaması üçün belə bir tonqal – taunun özü kimi amansız bir tonqal vacib idi...

O tonqaldan təxminən altmış-yetmiş metr aralıda dayanmış əlli nəfər əli tüfəngli qızıl əsgər, sanitarlar, bakterioloji dəstənin üzvləri bir-birlərindən iki addım, üç addım aralı durub tonqalın başına dövrə vurmuşdular. O əlli nəfər qızıl əsgər sözü bir yerə qoymadan, sövq-təbii arxalarını tonqala tərəf çevirmişdi; ona görə yox ki, tonqalı mühafizə edirdilər və qaranlığa baxırdılar ki, bu tərəflərə yaxınlaşan başqa adam olmasın; ona görə ki, tonqala baxa bilmirdilər, tonqaldan gələn yanıq ət və sümük qoxusu onların ürəyini bulandırırdı, hətta odunlar da yanıb çırtıltı saldıqca o cavan qızıl əsgərlərə elə gəlirdi ki, çırtıldayan, səs salan insan sümükləridir.

Murad İldırımlı da sanitarlar, həkimlər, bakterioloqlar kimi, o tonqala baxmırdı, amma bərkdə-boşda bərkimiş, çox ölümlər görmüş, iztirabların şahidi olmuş, atışıb-vuruşmuş bu adam həmin anlarda daxilən nə qədər çalışdısa da, özü özü ilə nə qədər mübarizə apardısa da, qeyri-təbii işıldayan xəstə gözlərini axıra qədər o tonqala baxmağa məcbur edə bilmədi və o cavan qızıl əsgərlər kimi, arxasını tonqala çevirdi. Azərbaycan SSR Baş Siyasi İdarəsinin səlahiyyətli müvəkkili bütün şüuru ilə başa düşürdü, dərk edirdi ki, qorxaqlıq edir, ağciyərlik edir, düşmənin gözünün içinə axıra qədər dik baxmaq lazımdır və taun da düşmən idi, o tonqal, taunun nəticəsi idi və o tonqalın şölələrinə baxmağı bacarmaq lazımdır; bunu başa düşürdü, dərk edirdi, amma o tonqala baxa bilmirdi və buna görə də özü özünü bağışlaya bilmirdi: indi heç şübhəsiz ki, casuslar, kulaklar, fəhlə və kəndli sinfinin quduz düşmənləri haradasa öz qara əməllərinin – Sovet hökuməti ilə mübarizələrini davam etdirməkdən ötrü gətirib Hadruta saldıqları taun epidemiyasının bəhrəsindən, bax, çırtaçırtla arxada yanan o tonqaldan ləzzət alırlar, elə bilirlər ki, məqsədlərinə nail olublar, amma çekist Murad İldırımlı həmin tonqala baxa bilmir...

Səlahiyyətli müvəkkil cod dərili əli ilə üz-gözünü ovuşdurdu; səhərdən axşama kimi boz ürgənin belində olduğu üçün, bu adamın əlindən yüyən iyi gəlirdi və indi yalnız bu yüyən iyi ətrafı bürümüş o tonqal qoxusu içində həyatın davam etdiyindən, günəşin çıxacağından, səhərin açılacağından, sinfi mübarizənin davam etdiyindən, Kremlin qülləsindəki qırmızı bayrağın dalğalanmağından və həmişə də dalğalanacağından xəbər verirdi və bu zaman əlindən gələn o yüyən iyi birdən-birə Baş Siyasi İdarənin səlahiyyətli müvəkkilini əlçatmaz, ünyetməz bir keçmişə apardı, o vaxtlara ki, yeniyetmə bir oğlan idi və indi Hadrutdan çox-çox uzaqlarda – Babadağın ətəklərində qalmış bir kənddə səhərin gözü açılmamış atları kəndin aşağı başındakı buz kimi soyuq Nurlu bulağa suvarmağa aparırdı... Qəribə idi, o nə üçün bunu xatırladı? Əlindən gələn yüyən iyinə görə? Axı, atları bulağa yəhərsiz-yüyənsiz, çılpaq aparırdı və özü də sıçrayıb o çılpaq atlardan birinin belinə minirdi...

Müvəkkilin ürəyində yenə də birdən-birə qəribə – doğma, yaxın, eyni zamanda, uzaq və ümidsiz bir istək baş qaldırdı: neçə illərdən bəri yadına salmadığı (yadına salmağa vaxtı olmadığı), elə bil ki, tamam unutduğu o Nurlu bulağın buz kimi suyundan bir ovuc götürüb üzünə vurmaq istədi, hətta sövq-təbii cod dərili əlini üzündən çəkdi ki, bir ovuc su götürsün, amma yenə də o tonqalın qoxusunu hiss etdi, tez əli ilə burnunu qapadı ki, yüyənin iyi gəlsin. Həmin anlarda Murad İldırımlı əlindən gələn o yüyən iyində o uzaq Babadağın ətəklərində qalmış o kənddəki evlərinin doğmalığı var idi və bu adam yenə də uşaqlıq çağlarında – həyət-bacada tumançaq atılıb-düşdüyü vaxtlarda olduğu kimi, anasını qucaqlamaq istədi, atasının haçansa ömründə bir dəfə şəhərə gedib qayıdanda gətirdiyi rəngbərəng saçaqlı kağızlara bükülmüş uzun konfetləri sevinə-sevinə və acgözlüklə cibinə yığmaq istədi, amma keçmiş heç zaman geri qayıtmır və o günlər də əbədi bir keçmişdə qalmışdı. Murad İldırımlı bir də heç zaman o uzaq Babadağın ətəklərində qalmış o kəndi görməyəcəkdi... Bir də heç zaman o kənddə qocalıb əldən düşmüş anası ilə qabaq-qənşər oturmayacaqdı... Bir də heç zaman həmişəki kasıbçılığı içində o kənddə güzəran keçirən atasının sonu görünməyən qayğılarla dolu gözlərinə baxa bilməyəcəkdi...

Murad İldırımlıdan bu dünyada heç kim qalmayacaqdı, çünki bu ağır mübarizə illərində ailə qurmağa vaxt qalmadı və əslində, buna təəssüf etmək də düzgün deyildi: gələcəyin bütün azad və xoşbəxt uşaqları onun övladları olacaqdı. Əlbəttə, gələcəyin o azad və xoşbəxt uşaqları onun adının Murad, familiyasının isə İldırımlı olduğunu bilməyəcəkdilər, amma bunun nə mənası var idi? Gələcəyin o azad və xoşbəxt uşaqları inqilabın övladları olacaqdılar, bu isə elə Murad İldırımlının övladları olmaq demək idi, çünki Murad İldırımlının özü elə İnqilab demək idi; İnqilab yüzlərlə, minlərlə murad ildırımlıların əməli idi, yəni onların həyatı, onların özü idi; o minlərlə murad ildırımlılar rus idi, azərbaycanlı idi, ukraynalı, tatar, gürcü, özbək, belorus idi və onların hamısı yeni bir cəmiyyət qururdu, gələcəkdə artıq qurulub başa çatmış o yeni cəmiyyətin bütün üzvləri onların – o minlərlə murad ildırımlıların övladı olacaqdı...

Murad İldırımlının qardaşları da o uzaq Babadağın ətəyindəki kənddən çıxıb hərə bir tərəfə dağılmışdı və o kənddə o qarı ilə, o qoca və qayğılı kişi ilə birlikdə, bir də Murad İldırımlının on dörd-on beş yaşlarında bir bacısı qalmışdı, o cavan qızın adı Züleyxa idi.

İllər keçəcəkdi, indi eləcə utancaq, eləcə dilsiz-ağızsız o kənd qızının – Züleyxanın uşaqları, nəvə-nəticələri də həmin yeni cəmiyyətin üzvləri olacaqdı və o zaman onların o xoşbəxtliyində, onların o qayğısız, azad həyatında Murad İldırmlının da, qoy lap kiçicik olsun, lap zərrə qədər olsun, amma, hər halda, nəsə bir payı olacaqdı...

Azərbaycan SSR Baş Siyasi İdarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı iki gün idi ki, xəstələnmiş, tauna tutulmuşdu və bunu özündən başqa heç kim bilmirdi, hətta professor Zilberin də bundan xəbəri yox idi. Müvəkkil xəstəliyini o saat başa düşmüşdü, buna inanmaq istəmirdi, belə çətin və məsuliyyətli bir zamanda taunun onu üstələdiyi ilə heç cürə barışmaq istəmirdi, amma inansa da, inanmasa da, barışsa da, barışmasa da, xəstələnmişdi və bu xəstəliyin nə ilə qurtaracağını gözəl bilirdi. İki gün idi ki, müvəkkil heç kimə yaxın durmurdu, heç kimlə bilavasitə əlaqə saxlamırdı, hamı ilə uzaqdan-uzağa, boz ürgənin belindən danışırdı, özünü də, boz ürgəni də (Hadrutda mal-qara da, qoyunlar da, atlar, eşşəklər də adam kimi qırılırdı) təcrid etmişdi. Hələ neçə gün belə davam edəcəkdi? İki gün? Üç gün? Sonra? Sonrası, əlbəttə, xəstəxanada qurtaracaqdı... Yox, müvəkkil hər şeyi qət etmişdi və hər şey bu gün qurtaracaqdı! Müvəkkil yataqda uzanıb can verməyəcəkdi, taundan aman istəməyəcəkdi, çünki taundan aman istəmək, əslində, düşməndən aman istəmək demək idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, IV

Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

5 min
Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 min
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 min
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

1 min

Poems by other poets