Page 8 of 8 · 88%

Elə bil ki, həmin gecə adama daha heç nə təsir edə bilməzdi, amma birdən-birə professor Zilberin gözləri qızıl əsgərlərdən bir az aralıda dayanmış bir nəfərə sataşdı; dayanmışdı? – yox, o adam it kimi dörd ayaq – dizlərinin və əllərinin üstündə durmuşdu və alışıb yanan gözlərilə tonqala baxırdı və içindən elə it zingiltisinə də bənzər bir səs çıxırdı...

Professor Zilber dizlərinin və əllərinin üstündə durmuş adamın tonqalın işığında görünən görkəmini, sifətini heç vaxt yadından çıxarmayacaqdı, hətta sonralar – bir neçə ildən sonra xalq düşməni kimi həbs edildiyi və işgəncələrə məruz qaldığı vaxtlarda da Hadrutun altı kilometrliyindəki o tonqalın kənarında dizlərinin və əllərinin üstündə durmuş bu adamı yadına salacaqdı və dünyada daha böyük dərdlərin mövcud olması professora o inkivizisiya işgəncələrinə dözməyə, elə bil ki, qüvvə verəcəkdi (elə dərdlər var ki, inkivizisiya işgəncələri onun yanında bir heçdir və bu işgəncələrə dözmək lazımdır). Dərd dizləri və əlləri üzərində dayanmış o adamın simasında insanı lap əvvələ, lap bünövrəyə çəkib aparmışdı, o zamana ki, insan hələ iki ayağı üstə gəzən bir varlıq deyildi, insan hələ heyvandan seçilmirdi, hələ «homo sapiyens»dən əvvəlki dövrlər idi...

Professor Zilber sarsıntı içində:

– Kto tot nesçastnıy?.. – pıçıldadı.

Bayaqdan bəri qızıl əsgərlərlə birlikdə Hadrut camaatının qabağını kəsməyə, onları tonqala tərəf buraxmamağa çalışan Qırmızı Yaqub indi professor Zilberin yanında dayanmışdı və hələ də tövşüyə-tövşüyə dəsmalla üz-gözünün tərini silirdi; professor Zilberin boğuq və həyəcandan titrəyən pıçıltısını eşitdi, professor Zilberin baxdığı səmtə baxdı, dizləri və ayaqları üstə dayanıb işıldayan gözlərini tonqala zilləyib, xırıltılı bir səslə, qırıq-qırıq it kimi zingildəyən o adamı gördü və tanıdı.

– Tot çelovek... – Qırmızı Yaqub həm rus dilini pis bildiyi üçün, həm də o adamın yamandan da yaman halına yandığı üçün, sözləri tapmaqda çətinlik çəkirdi. – Uçitel... Russkiy yazık dayot v şkole... Tri malenkix sına paqibli!.. Tri sına... malenkix-malenkix... Jena toje poqib... Sam zdes ne bıl...

– A kak oçutilsya zdes? Kak prorvalsya v Qadrut?

– Ne znayu... – Kak ptitsa... – Və Qırmızı Yaqubun gözləri doldu; Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra doqquz il ərzində başqalarını ağladan bu adam indi özü uşaq kimi içini çəkə-çəkə ağlamağa başladı.

Qırmızı Yaqub doğrudan da başa düşə bilmirdi ki, Xosrov müəllim bura necə gəlib çıxıb? Qızıl əsgərlər təkcə yolların qabağını kəsməmişdi, bütün Hadrut ərazisini – dağı, dərəni, meşəni – hər yeri dövrəyə almışdı və belə bir mühasirədən keçib gəlmək mümkün deyildi. Xosrov müəllim – bu bədbəxt oğlu bədbəxt uçitel – necə gəlib buralara çıxmışdı? Buralara gələndə niyə başına bir daş düşüb o bədbəxti öldürməmişdi?

Neçə-neçə illərdən sonra da Xosrov müəllimin özü də yadına sala bilmirdi ki, Hadruta necə girmişdi, o bomboş həyətlərinə necə gedib çıxmışdı, evlərinin dərmanlanmış bağlı qapılarını, armud ağacının dibində ölüb qalmış o xoruzu (görünür, bu həyətdə ən axırıncı o xoruz ölmüşdü) necə görmüşdü, adamlara qoşulub o tonqalın üstünə necə getmişdi? O boş həyət də, o dərmanlanmış və qapı-pəncərəsi bağlanmış ev də, ay işığında rəngbərəng lələkləri hələ də şövqünü itirməmiş o ölü xoruz da, o yanan tonqal da, bir nəfərin iki əlilə başının üstündə fırlatdığı o məşəl də Xosrov müəllimin yadında idi və uzun ömrü boyu da heç vaxt yadından çıxmırdı, amma qızıl əsgərlərin o mühasirəsini necə keçməyi yadında deyildi. Bircə o yadında idi ki, axşamüstü yolbəndin yanında Qırmızı Yaqubla söhbətdən sonra, özünü o dərədən bu dərəyə vururdu, o daşdan bu daşın üstünə atılırdı, onu qovurdular, buraxmırdılar, tüfəngin qundağı ilə vururdular, tutub saxlamaq istəyirdilər, amma yenə də qaçırdı, dırnaqları ilə daşdan, torpaqdan yapışa-yapışa təpəyə, dağa qalxırdı, kolların içinə girirdi, ağacların arasında dolanırdı...

o gecəyarısı o tonqal eləcə yandı...

sonra o alov zəiflədi, zəiflədi, söndü...

o yerləri yenə də gecənin qaranlığı aldı və o qaranlıq içində yalnız tonqalın zəif közü qızarırdı...

buralara tamam bir sakitlik çökmüşdü, dalğa-dalğa bu ətrafa yayılan o həyəcan da dağılmışdı...

və elə bil ki, o dağılan həyəcan o tonqal qoxusunu da yavaş-yavaş buralardan çəkib aparırdı.

Hadrut camaatı da, qızıl əsgərlər də, bakterioloji dəstə də – hamı bu yerdən çıxıb getmişdi...

İndi bu yerlər tamam bomboş idi...

təkcə o kiçik dağ çayı axan tərəfdən qurbağaların qurultusu eşidilirdi və indi o qurbağa qurultusunda qeyri-təbii bir şey yox idi, əksinə, elə bil ki, ay işığında başının qarı güclə sezilən o uzaq dağların, görünməyən meşələrin, elə o kiçik dağ çayının özünün səsi idi...

təbiətin səsi idi....

Babadağın ətəyindəki o uzaq kənddə də gecələr qurbağalar belə quruldayardı...

o kənddə bir qarı qaldı, qayğıların yorub əldən saldığı qoca bir kişi qaldı, bir də Züleyxa adında cavan bir qız qaldı...

gələcək o cavan qızın idi...

gələcək o cavan qızın uşaqlarının, nəvələrinin idi...

bir azdan səhər aşılacaqdı...

sonra günlər ötəcəkdi, yağış yağacaqdı, qar yağacaqdı...

illər bir-birini əvəz edəcəkdi...

və o zaman o tonqal yerinin izi-sorağı da qalmayacaqdı, o tonqal yerində güllər, çiçəklər açacaqdı, azad zəhmətkeş balaları, o yerlərdə, o güllərin, çiçəklərin arasında oynayacaqdı...

və o zaman Murad İldırımlı həyatda olmayacaqdı...

amma Hadrutun özü də, kəndləri də başdan-başa elektrikləşdiriləcəkdi...

bu kəndlər traktorlarla və başqa kənd təsərrüfatı texnikası ilə təchiz ediləcəkdi...

sosializm qələbə çalacaqdı, kommunizm qurulacaqdı...

kapital dünyası məhv ediləcəkdi, bütün dünya proletariatı azad olacaqdı...

və o zaman bütün bu iztirabların hamısı həmişəlik bir keçmişdə qalacaqdı...

Azərbaycan SSR Baş Siyasi İdarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı boz ürgəni ardınca çəkə-çəkə, ayağı ayağına dolaşa-dolaşa adda-budda közü qızaran o tonqala tərəf gedirdi və bu adam həmin Gələcəyin sevincini, fərəhini, həmin Keçmişin ağrısını, acısını da eyni vaxtda ürəyində hiss edirdi.

Boz ürgə də xəstələnmişdi, Murad İldırımlı bunu bilirdi və boz ürgə də, elə bil ki, tonqala tərəf bu taqətsiz yerişin son yeriş olduğunu, sahibinin onu son mənzilə çəkdiyini hiss edirdi, irəliləmək istəmirdi, amma Murad İldırımlı yüyəni darta-darta boz ürgəni ardınca aparırdı.

Get-gedə o tonqal yerindən gələn isti artırdı, o qoxu çoxalırdı və boz ürgə fınxırıb başını geri dartırdı, amma qızdırmanın içində yanan səlahiyyətli müvəkkil yüyəni əlindən buraxmırdı.

Gəlib lap közün kənarında dayandılar və boz ürgə istidən boynunu kənara çəkirdi, taqətsiz halda yerində oynayırdı, sahibinin əlindən buraxılmaq istəyirdi, amma buraxıla bilmirdi.

Səlahiyyətli müvəkkil yüyəni sol əlinin biləyinə dolaya-dolaya boz ürgəni özünə lap yaxınlaşdırdı və atın o iri və narahat, nigaran gözlərinə baxdı, sonra sağ əlində tutduğu tapançanı qaldırdı və atəş açıb boz ürgənin gicgahından vurdu.

Əvvəlcə atın qabaq ayaqları büküldü, iri gözləri uzaq bir nöqtəyə zillənib dondu, sonra böyrü üstə yerə sərildi, başını uzatdı, sifətinin bir tərəfi qıpqırmızı qızaran közlərin üstünə düşdü, amma boz ürgə daha başını çəkə bilmədi.

Bütün ətrafa təzə ütülən tük, təzə yanan ət iyi yayıldı.

O güllə səsindən sonra bir anlıq susmuş qurbağalar yenə də quruldamağa başladı.

Səlahiyyətli müvəkkil tapançanı qoburuna basdı, hələ yanıb qurtarmamış, közərən odun parçalarını dartıb tonqaldan çıxartdı, boz ürgənin üstünə yığmağa başladı və Hadrutun altı kilometrliyindəki həmin yerdə səhərə yaxın təzədən kiçik bir tonqal alovlandı.

Səlahiyyətli müvəkkilin əlləri də, sifəti də indi hərarətdən yox, o tonqalın istisindən yanırdı və daha buna dözmək mümkün deyildi; əlindəki axırıncı közərən odunu o təzə tonqala tulladı (daha kifayət idi), dərindən bir nəfəs aldı, tapançanı qoburundan çıxarıb öz gicgahına dirədi, qəti bir sıçrayışla özünü tonqala atdı və elə o anda da tapançanın tətiyini çəkdi.

Səlahiyyətli müvəkkil bircə an, cəmi bircə an o dəhşətli isti içində tapança lüləsinin gicgahındakı sərinini hiss etdi, sonra hər şey bitdi.

O ikinci güllə səsindən sonra da susmuş qurbağalar təzədən quruldadı...

Üç gündən sonra, Hadrut xəstəxanasının profilaktika hissəsində yatan adamları müayinə edən professor Lev Aleksandroviç Zilber Xosrov müəllimin çarpayısının yanında oturanda bu adamı dərhal tanıdı. Qəribə idi, Lev Aleksandroviç Zilber bu adama baxırdı və elə bil ki, özünü günahkar hesab edirdi; ümumiyyətlə, Hadruta gəldiyi gündən etibarən, bu hiss onu tərk etmirdi, ona elə gəlirdi ki, taun adamları bu cür aparırsa, adamları bu cür amansızcasına bədbəxt edirsə, adamlara heç vaxt sağalmayacaq beləcə yaralar vurursa, təqsirkar odur– professor Zilberdir.

Çarpayıda uzanmış bu uzun, arıq, gözlərindən əzab-əziyyət tökülən adamda taun tapılmamışdı, o sağlam idi, amma professor Zilber üç gün bundan əvvəl o tonqalın işığında dizlərinin və əllərinin üstündə durub xırıltılı səsi ilə qırıq-qırıq, it kimi zingildəyən bu adama nə isə eləmək, nə isə bağışlamaq, yadigar vermək istəyirdi. Qalxıb xəstəxanadakı iş otağına gəldi. Professor Zilberin kiçik qardaşı Veniamin Kaverin gənc yazıçı idi, Moskvada yeni kitabı çıxmışdı: «Konets Xazı» («Xazanın sonu»). Və professor Zilber o kitabı özü ilə Hadruta gətirmişdi. Mizin arxasına keçib əyləşdi, həmin kitabı açıb ağ üz səhifəsinə bircə an da fikirləşmədən avtoqraf yazdı:

«Çeloveku, uvidevşeqo i perejivşeqo ad. Lev Zilber».

Professor Zilber gətirib o kitabı Xosrov müəllimə bağışladı.

Taun epidemiyası yox ediləndən sonra, professor Zilber Hadrutdan getdi və bir müddətdən sonra Xosrov müəllim də Hadrutda qalmadı (qala bilmədi! Hadrutda hər şey altı yaşlı Cəfərdən, dörd yaşlı Aslandan, iki yaşlı Azərdən xəbər verirdi, Şirindən xəbər verirdi, o tonqaldan deyirdi...), Bakıya köçdü, Bakı məktəblərindən birində işə düzəldi və bütün ömrü boyu daha heç vaxt professor Zilberi görmədi. Bəzən yuxuda görürdü, Hadrut xəstəxanasında olduğu kimi, eləcə dinməz-söyləməz bir-birlərinə baxırdılar; bir də ki, düz otuz yeddi ildən sonra – 1966-cı ilin noyabr günlərindən birində qəzetlərdə çap olunmuş nekroloqlarda akademik Lev Aleksandroviç Zilberin şəklini gördü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, IV

Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

5 min
Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 min
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 min
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

1 min

Poems by other poets