Ömrün son səhəri
Page 4 of 5 · 60%
Abdulla, nəhayət ki, qıfılların hamısını açıb qurtardı və içəri keçməzdən qabaq yenə də ona tərəf ötəri bir nəzər saldı, əvvəlcə elə bildi ki, o yatıb, hətta ani olaraq fikirləşdi ki, bəlkə ölüb, amma sonra hiss etdi ki, nə yatıb, nə də ölüb. Abdulla iyirmi ilin bufetçisi idi, belələrini çox görmüşdü, adlarını bilmirdi, amma sifətdən onları tanıyırdı. Bu iyirmi ildə onların çoxu itib-batmışdı, əvəzinə yeniləri gəlmişdi
– bunlar, elə bil ki, bir-iki illik ömrü olan bir məxluqat idi, gedirdi, əvəzində həmin məxluqatın müxtəlif yaşda yeni nəsli gəlirdi. İndi sübh tezdən gəlib «Qırmızı qərənfil»in qabağını kəsdirmiş bu alkoqolik iki-üç il idi peyda olmuşdu, əvvəllər hərdənbir itirdi, amma axır vaxtlar səhərdan-axşamacan bu aralarda sülənirdi; deyirdilər ki, guya, əvvəllər yaxşı cərrah imiş; amma bufetçi Abdulla əvvəllər yaxşı cərrah, əvvəllər yaxşı müəllim, əvvəllər yaxşı pəhləvan, əvvəllər, mən nə bilim, yaxşı nə olanları az görməmişdi, amma indi onlar hamısı nə cərrah, nə müəllim, nə artist, nə pəhləvan, nə də müstəntiq idi, hamısı eyni məxluqat idi. Bufetçi Abdulla bəzən bekar vaxtlarında təəccüblə və bir az da daxili bir fərəhlə fikirləşirdi ki, bunların arasında keçmişdə kim desən olanı var, amma keçmişdə bufetçi olanı yoxdu; bufetçi yazıq səhərdən-axşamacan stəkanlara araq süzür, bəs, niyə özü alkoqolik olmur? Bu da bir sirri-xuda idi... Və ümumiyyətlə, bufetçilərə qarşı ki, camaat arasında bu qədər kin-küdurət var idi, bufetçilərə ki, bu qədər yuxarıdan aşağı baxırdılar, bunu Abdulla dunyanın ən insafsız işlərindən biri hesab edirdi...
... Bədən isə yanırdı, yanırdı... O, bu yanğı içində, başını çatladan uğultu içində, eyni zamanda, həmin qoxunu da hiss edirdi və o qoxunun doğmalığı, məhrəmliyi də, elə bil, bu dəm Gülzarın körpə çağlarındakı kimi, bir körpə təbəssümü ilə gülümsəyirdi...
İndi Gülzarın neçə yaşı var? On dörd... yox, on beş... yaxşı yadına gətirə bilmirdi, amma bu barədə, yəni Gülzarın yaşı barədə fikirləşəndə o doğma, o məhrəm, körpə kimi gülümsəyən o qoxu birdən-birə itdi, əvəzində çoxdan bəri yadırğadığı xəcalət hissi ürəyini sıxdı, hətta, həmin xəcalət hissi qısa bir müddət ərzində bədəninin o yanğısını da, başının o uğultusunu da, qulağının ağrısını, ayaq barmağının o sızıltısını da üstələdi: Gülzarı axırıncı dəfə görməyi yadına düşdü.
Dəstə-dəstə sərçələr hamısı bir yerdə pırıltı ilə ağacların üstündən qalxıb uçdu və o uçuşun qəfilliyi də bükülüb-bürmələnib atılmış qəzetin bayaq süpürgənin ağzından diyirlənib gəlib onu tapmasındakı qəfilliyə bənzəyirdi.
O, gözlərini qaldırıb sərçə dəstələrinin ardınca baxdı, sərçələr binaların damları arasında yox oldu və o birdən-birə yenə də qorxdu, sövq-təbii əlini kirli pencəyinin cırılmış cibinə tərəf apardı, amma o dəqiqə də başa düşdü ki, yox, bu, altmış qəpiyi itirmək qorxusu deyil; bu o qorxudu ki, birdən Gülzar gəlib beləcə onun qabağına çıxar, onu beləcə səki üstündə oturmuş, beləcə «Qırmızı qərənfil»lə üzbəüz görər.
Neçə müddətdən bəri birinci dəfə idi ki, o, belə bir qorxu hissi keçirirdi.
Axırıncı dəfə Gülzarı bir həftə bundan əvvəl gördü. Ya bir ay bundan əvvəl? Bəlkə iki ay bundan əvvəl – dəqiq yadına gətirə bilmirdi, çünki bədəninin o yanğısı daha tamam dözülməz idi, başının uğultusu tərpənmək, dirçəlmək istəyən bütün xatirələri boz bir dumana bürümüşdü. Hər halda, axırıncı dəfə Gülzarı görəndə yaz girmişdi, ağaclar yaşıl idi, bəlkə də yox, heç yaz girməmişdi? Hə, hə, deyəsən, qış idi, Gülzar əyninə palto geymişdi, qırmızı palto və həmin paltonun qırmızısı bu dəm elə bil birdən-birə qərənfil qırmızısına çevrildi, «Qırmızı qərənfil» oldu, sonra elə bil o qırmızının üstünə pivə töküldü, qırmızı əridi, basma kağızda qırmızı mürəkkəb ləkəsi kimi yayıldı və yenə pivənin iyi aləmi başına götürdü, sonra o pivə iyinə araq iyi qarışdı, şirin çaxır iyi qarışdı və onun bütün bədəni daha artıq bir hərisliklə alışıb yanmağa başladı, amma o yenə də tərpənmədi, həmin dəm bəlkə özünün də anlamadığı daxili, gizli bir həvəslə özündən intiqam aldı.
Yox, palto deyildi Gülzarın əynindəki, deyəsən, kofta idi, qırmızı kofta... Heç nəyi dəqiq yadına gətirə bilmirdi, amma Gülzarın sifəti indi bütün cizgiləri, xətləri ilə tam dəqiq gözlərinin qabağında idi və beynindəki o boz dumana baxmayaraq, Gülzarın gözlərindəki dəhşəti tamam aydın gördü.
Gülzarı gördüyü gün gönorta gedib «Mebel» dükanının qabağında mebel daşıyan maşının sürücüsü Ağacəfəri gözləmişdi, sonra özü kimi iki nəfərlə birlikdə dörd piano daşımışdı – birini haradasa altıncı mərtəbəyə qaldırmışdılar, birini haradasa dördüncü mərtəbəyə, o birilərini də şəhərin hansı tərəfindəsə neçənci mərtəbələrəsə qaldırmışdılar, sonra da Ağacəfər onların üçünə bir yerdə zəhmət haqqı kimi on manat pul vermişdi, özü isə, təzə piano sahiblərindən neçə almışdı, Allah bilirdi, hər halda, hərəsindən yüz əlli, iki yüz manatdan əskik almamışdı. Hələ indi yaxşı idi, bəzən Ağacəfər hiss edirdi ki, gəlib «Mebel»in qabağında onu gözləyən alkoqoliklərin halı lap pisdi, bu zaman onlara adambaşına əlli qəpikdən artıq vermirdi, pianonu onuncu mərtəbəyə daşıtdırırdı, müştəridən də zəhmət haqqı kimi, iki yüz-iç yüz manat alırdı. Bir sözlə, Ağacəfər alkoqoliklərin hesabına əməlli-başlı pullu adam olmuşdu, yayda ailəsini istirahət eləməkdən ötrü Kislovodska göndərirdi, qışda özü məzuniyyətə çıxıb Odessadakı aşnasının yanına gedirdi və bir ay Odessanın gözəl restoranlarında kefə baxırdılar. «Mebel» dükanında kassir işləyən Əbülfət başını aşağı əyib çeşməyinin yuxarısından bir-bir bu alkoqoliklərə baxırdı, Ağacəfərin bunlarla danışığına qulaq asırdı və deyirdi:
– Sən lap quldursan e, Ağacəfər!
Ağacəfər:
– Nə? – deyirdi və əlini uzadıb onun əmrinə müntəzir dayanmış alkoqolikləri göstərirdi. – Alə, bunlardan qul olar? Alkaşdı e, bunlar, alkaş!..
Həmin gün Ağacəfərin verdiyi on manata üç dənə araq alıb içmişdilər, pul qurtarmışdı, bədən isə yanırdı, bədən araq, şirin çaxır, pivə istəyirdi, bir-birilərindən ayrıldılar və o hara getdiyinin fərqinə varmayaraq addımlayırdı – onun ayaqları vəfalı it kimi bir şey idi, aparıb hansı bir pivə barınasa, hansı bir qəlyanaltıxanayasa çıxaracaqdı və bu vaxt o birdən-birə Gülzarla rastlaşdı, hansı küçəninsə tinini burulanda Gülzarla üz-üzə gəldi.
Gülzarın yanında bir nəfər rəfiqəsi də var idi. Gülzar onu görəndə donub yerində qaldı. Rəfiqəsi də dayanıb gizlədə bilmədiyi bir maraqla gah ona, gah da Gülzara baxdı.
O, əvvəlcə ağlamaq istədi, uda bilmədiyi bir qəhər pərçim olub boğazında dayandı, Gülzarı qucaqlayıb öpmək istədi, təxminən bir il görmədiyi qızına əməlli-başlı baxmaq istədi, amma Gülzarın gözlərindəki o qorxunu görəndə, rəfiqəsinin baxışlarındakı o marağı görəndə boğazına pərçim olub qalmış o qəhər əriyib yox oldu, bədənindəki içki yanğısına dəli bir kin-küdurət qatışdı, həmin yanğıdan və hirsdən titrəyən xırıltılı səsi ilə başqa bir söz tapa bilməyib:
– Hara gedirsən? – soruşdu.
Gülzar cavab vermədi.
– Hara gedirsən?
Gülzar:
– Çəkil, – dedi.
– Yox, çəkilməyəcəyəm!
– Çəkil.
Onun bütün bədəni araq, şirin çaxır, pivə istəyi ilə alışıb yanırdı və birdən o:
– Pul ver, çəkilim, – dedi.
Gülzarın gözlərindəki dəhşət o zaman yarandı və rəfiqəsinin də sifətindəki maraq dondu.
– Bir manat ver, çəkilim... Əlli qəpik ver!..
Gülzar bərkdən hönkürə-hönkürə onu itələyib qaçdı, rəfiqəsi də Gülzarın ardınca qaçdı.
O, əlini atıb arxadan Gülzarın paltarından tutmaq istədi, amma tuta bilmədi və müvazinətini itirib səkinin üstünə yıxıldı, alnı asfalta dəyib partladı və o, alnından axıb gələn isti qanı burnunda, dodaqlarında hiss etdi və sövq-təbii təəccüb etdi ki, bədənində ki, bu qədər yanğı var, bütün bədəni ki, dözülməz bir içki istəyi ilə üşüm-üşüm üşüyür, necə olur ki, qanı beləcə istidi? Bir müddət eləcə üzüüstə səkidə sərilib qaldı, alnından axan qan laxtalandı, kimsə əlindən tutub qaldırmaq istədi, kimsə onu ayaq altından kənara çəkmək istədi, amma o bütün bunların fərqinə varmırdı və heç nə barədə fikirləşmirdi, Gülzarı da yadından çıxartmışdı, hətta, elə bil ki, arağı, çaxırı, pivəni də yadından çıxartmışdı, amma yoldan ötənlərdən kimsə dedi ki, təcili yardıma zəng eləmək lazımdı və o, beynini bürümüş duman içində bu sözləri eşitdi, tərpəndi, qalxdı və ayaqları dolaşa-dolaşa getdi...
Bufetçi Abdulla özünü saxlaya bilməyib hərdənbir «Qırmızı qərənfil»in içindən təəccüblə ona tərəf boylanırdı, zəndlə baxırdı və yenə də öz işi ilə məşğul olurdu: pivə parçlarını yuyub səliqə ilə qabağına düzürdü, divar boyu iri soyuducudan pamidor, xiyar çıxarırdı, uzun və iti bıçağı ilə doğrayıb boşqablara yığırdı, dünəndən qalmış soyutma toyuğu, yumurtanı, kolbasanı piştaxtaya qoyurdu və yenə də, istər-istəməz, qarşıdakı səki tərəfə baxırdı. Bufetçi Abdulla təəccüb edirdi ki, sübh tezdən «Qırmızı qərənfil»in qabağını kəsdirmiş bu içki düşkünü niyə durub gəlib pivə istəmir? Bufetçi Abdulla təcrübəli adam idi və bilirdi ki, məsələ pulda deyil – bunların, onsuz da, çox zaman pulları olmur, dilənçi kimi gəlib pivə dilənirlər, səbəb nə isə başqa bir şey idi və bufetçi Abdulla axırda bu qərara gəldi ki, yəqin bu bədbəxt sancılanıb-eləyib, yerindən tərpənə bilmir; bunların arasında beləcə qəflətən sancılanıb ölənləri Abdulla üç-dörd dəfə görmüşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-omrun-son-seheri
Use ← → keys to move, R for a random poem
More by this author
Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat
I fəsil(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.
II fəsilAbşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
III fəsilHəmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Məscid büsatıYetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Khosrow and Shirin, chapter 77اجازت داد شیرین باز لب راکه در گفت آوَرَد شیرین رطب را
Car müqəddiməsiBababəy Şakirə*Ey Bababəy, bu humayun əskərin