Page 5 of 5 · 80%

O yenə də qorxdu ki, birdən Gülzar təsadüfən gəlib bura çıxar, ya Səfurə gəlib bura çıxar və yerindən tərpənib qalxmaq istədi, amma bədənində heç bir taqət qalmamışdı, qalxa bilmədi; başındakı uğultu içində başa düşdü ki, bir azdan hər şey yenə də yaddan çıxacaq, yenə də gedib «Qırmızı qərənfil»ə girəcək, altmış qəpiyi verib pivə içəcək, sonra hər şey öz həmişəki qaydasına düşəcək – bunu fikirləşdi və Gülzarın gözlərindəki dəhşəti yenə də bütün aydınlığı ilə gördü.

Bufetçi Abdulla «Qırmızı qərənfil»in qapısı ağzına çıxıb onu çağırdı:

– Ey! Ey!

Bufetçi Abdulla bunlardan heç birinin adını bilmirdi, çağıranda da «ey» deyirdi.

– Ey, səninnəyəm, bura gəl!..

O, güclə başını çevirib «Qırmızı qərənfil»ə baxdı və həmin yay səhəri bufetçi Abdulla onun gözlərində qəribə bir ifadə gördü; bu ifadənin qəribəliyi nədə idi? – bufetçi Abdullanın şüuru bunu dərk edə bilmək səviyyəsində inkişaf etməmişdi, amma, hər halda, bu elə bir ifadə idi ki, bufetçi Abdulla daha onu səsləmədi və təzədən içəri girdi.

O, bir müddət «Qırmızı qərənfil»in açıq qapısına baxdı: yəqin zirzəmidən nəsə daşımaq lazım idi, yaxud «Qırmızı qərənfil»i silib-süpürmək lazım idi, amma yerindən tərpənmədi və hətta, əlini cibinə salıb altmış qəpiyi götürmək və it payı kimi «Qırmızı qərənfil»in qapısına tərəf tullamaq istədi və bədəninin yanğısı, başının uğultusu, qulağının, ayaq barmağının sızıltısı içində, beynini bürümüş o boz duman içində öz-özünün bu istəyinə təəccüb etdi, sonra başını yuxarı qaldırıb günəşə baxdı; onun bədən üzvlərinin hissləri tamam korlanmışdı və bu dəfə də günəşə baxanda gözlərini qıymadı, açıq gözlə baxdı, sonra gözlərini günəşdən çəkəndə bir müddət heç nə görmədi, hər tərəfi basmış qaranlıq içində iri və girdə günəş gözlərinin qabağında kölgəli bir ağartı-sarıltı ilə ağarıb-saraldı.

Həmin yay səhəri onun şüurundan keçən xatirələr adda-budda idi, müəyyən bir fikirdən, hadisədən, görümdən doğmurdu, öz-özünə gəlirdi – o, bu xatirələrin qəfilliyinə görə korşalmış bir heyrət hissi keçirirdi və bu dəfə də uşaq vaxtı gördüyü İlan dağı birdən-birə yaddaşında canlandı: gözlərini yumdu və sıldırım qayalardan ibarət hündür, çılpaq İlan dağı gəlib gözlərinin qabağında dayandı. Ona elə gəldi ki, İlan dağının lap zirvəsinə qalxıb və oradan – göz qaraldan bir hündürlükdən aşağı baxır, aşağıda dayanmış atası ilə bərabər, özünü də görür və gözlərinin qabağındakı bu görüm onun bütün içini qüssəli, ümidsiz bir həsrətlə doldurdu, ona elə gəldi ki, bu həsrət bu dəqiqə onu həmin göz qaraldan hündürlükdən götürüb aşağı çırpacaq, bədəni İlan dağının sıldırım qayalarına dəyib tikə-tikə olacaq, amma qəribədi, belə bir qarabasmadan qorxmadı, əksinə, yüngül bir rahatlıq hiss etdi.

Bədən isə yanırdı və o, İlan dağını güclə gözlərinin qabağında saxlamağa, bədənindəki yanğını üstələməyə çalışdı və hiss etdi ki, bu daxili gərginlik onun bütün olub-qalan taqətini əlindən alır, hiss etdi ki, indicə ağlayacaq və bu dəfə də tamamilə birdən-birə təxminən bir il bundan əvvəl günün günoprtaçağı kitab pasajında ağlamağını xatırladı. Düzdü, çoxdan idi xəcalət hissi keçirmirdi, bu hiss tamamilə korşalıb təsirsiz olmuşdu, unudulmuşdu, amma həmin yay səhəri «Qırmızı qərənfil»in qabağındakı səkidə oturub təxminən bir il bundan əvvəl kitab pasajında ağlamağını yadına salanda nəsə çox narahat bir hiss keçirdi və bəlkə heç özü də başa düşmədi ki, bu xəcalət hissidi.

Onda da hələ kiçik qarovulçu köşkündə yaşayırdı, amma sir-sifəti şişib, qızarıb dəyişmişdi və bir çox tanışlar onu görəndə tanımırdı, amma o, ayıq olanda tanışları görüb tanıyırdı, çox ayıq olanda gizlənirdi ki, tanışlar onu görməsinlər, bir az içmiş olanda isə, özü tanış-bilişə yaxınlaşıb pul istəyirdi. Yenə içmişdi, yenə içmək istəyirdi, gözü küçələrdə tanış adam axtarırdı ki, pul tapsın və beləcə addımlaya-addımlaya kitab pasajına girdi, pasaj boyu düzülmüş kitab köşklərindən birində birdən-birə öz kitabını gördü. Cərrahiyyəyə aid bu kitab onun yazdığı birinci və sonuncu kitab idi və o gəlib bu kitabı əlinə götürdü, kitab almaq istəyən adamlara, pasajdan keçib gedənlərə göstərib ağlamağa başladı: «–Bu mənim kitabımdı!.. Bu kitabı mən yazmışam!..». Adamlar gah ona, gah da əlində tutduğu kitaba baxırdı və əlbəttə, heç kim bu kitabı, həqiqətən, onun yazdığına inanmadı, camaatın belə bir inamsızlığına görə o daha artıq hönkürə-hönkürə ağlamağa başladı və bu zaman kimsə ona iyirmi qəpik uzatdı, o da həmin iyirmi qəpiyi aldı, sonra kitabı eləcə ağlaya-ağlaya başqalarına da göstərib iyirmi qəpik, otuz qəpik pul istədi, yavaş-yavaş, bayaqkı kimi ürəkdən yox, pul yığmaq üçün yalandan ağlamağa başladı, bir pencək cibi xırda pul yığdı və gedib hamısını içdi.

O, «Qırmızı qərənfil»in açıq qapısına baxdı, sonra əlini kirli pencəyinin cırıq cibinə saldı və altmış qəpiyi çıxarıb ovcuna yığdı. Dəmir pullar günün şüaları altında parıldadı və uzaq İlan dağının da çınqılları, daşları, qayaları günün altında beləcə parıldayırdı. İlan dağı haçansa püskürmüş vulkan dağı idi, bir dənə də olsun bitkisi yox idi, sıldırım qayaları, iri daşları, saysız çınqılları hərəsi bir rəngdə idi: qırmızı, bənövşəyi, qəhvəyi, sarı, məxməri... və bütün bu rənglər qızmar günəşin altında sayrışanda adama elə gəlirdi ki, bu bitkisiz, bu çılpaq dağın özü tarixə qədərki nəhəng bir canlı varlıqdır, özü də ilan kimi soyuq, sürüşkən, qorxuludur. O yenə də özünü İlan dağının zirvəsində gördü; ömründə bir dəfə – uşaq vaxtı atası ilə birlikdə gördüyü İlan dağına yalnız kənardan tamaşa etmişdi, amma indi qapanmış gözlərinin qabağında İlan dağının zirvəsində – aşağı baxdıqca gözqaraldan bir hündürlükdə idi.

«Qırmızı qərənfil»ə tək-tək müştərilər girib-çıxmağa başladı və bufetçi Abdulla da xoş üzlə müştərilərə qulluq edə-edə hərdənbir qarşı səkiyə tərəf baxırdı; bufetçi Abdulla qəti qərara gəlmişdi ki, qarşı səkidə oturmuş bu alkoqolik özünü bu cür etinasız aparır, gəlib pivə istəyəndə (əvvəl-axır gələcəkdi!) verməsin və onu burdan qovsun.

...O, xırda pulları yenə də cibinə tökdü və bütün gücünü toplayıb ayağa qalxdı.

Onun bütün bədəni «Qırmızı qərənfil»ə can atırdı, ayaqları da onu «Qırmızı qərənfil»ə aparırdı, amma o özünü məcbur etdi, ayaqları dolaşa-dolaşa «Qırmızı qərənfil»in qabağından keçdi, içəri girmədi və küçə yuxarı addımlamağa başladı.

Onun bütün bədəni alışıb yanırdı, içki istəyirdi, onu geriyə – «Qırmızı qərənfil»ə tərəf çəkirdi, amma o geri dönmürdü və öz-özünə belə bir əzab verdiyinə görə, elə bil ki, qüvvəsi daha da artırdı.

Onun bədəni yanırdı, içki istəyirdi, amma başındakı uğultu kəsmişdi, qulağındakı, ayaq barmağındakı ağrını da hiss etmirdi və beynində qəribə bir aydınlıq, daha doğrusu, bir yüngüllük əmələ gəlmişdi, küçə boyu addımlaya-addımlaya, əlini tərpədə-tərpədə öz-özünə danışırdı. Nə dediyini özü də bir o qədər aydın başa düşmürdü, amma kiminlə beləcə ciddi danışdığını dəqiq bilirdi – Səfurə ilə danışırdı, Gülzarla danışırdı, nəsə ciddi sözlər deyirdi, nəsihət vermirdi, amma ciddi tərbiyəvi fikirlər söyləyirdi, keçmiş cərrah həmkarları ilə danışırdı, sonra on il bundan əvvəl vəfat etmiş atası ilə danışmağa başladı...

Onun ayaqları vəfalı it kimi bir şey idi və o heç özü də bilmədi ki, bu doqquzmərtəbəli mehmanxananın qabağına necə gəlib çıxdı. Bu mehmanxananın sonuncu mərtəbəsində bar var idi, amma həmin bar onun kimi alkoqoliklərin yeri deyildi və bu tərəflərə gələndə də onları mehmanxanaya buraxmırdılar, amma bu dəfə onu görən olmadı, mehmanxananın qapısından rahat keçdi, kondisionerlərin gözəl bir sərinlik gətirdiyi vestibüldən adlayıb sərnişin gözləyən açıq liftə mindi və birbaşa doqquzuncu mərtəbəyə qalxdı.

O, bara girəndə barmen Abdulla (bu adamın da adı «Qırmızı qərənfil»in bufetçisi kimi Abdulla idi) təəccüblə ona baxdı; barmen Abdulla adamın sifətinə baxan kimi bilirdi ki, içəndi, yoxsa yox və ələlxüsus da alkoqolikləri yüz metrlikdən tanıyırdı və indi də təəccüb etdi ki, bu alkoqoliki səhər-səhər bura kim buraxıb?

Barda cürbəcür içkilər düzülmüşdü: araq, konyak, viski, cinn, çaxır, pivə və onun bütün bədəni bu içkilərə can atırdı və hətta o özü də bir an tərəddüd etdi, sonuncu dəfə bir şüşə pivə, yaxud əlli qram araq içmək istədi, amma onun bu son dəqiqələrdə tamam aydınlaşmış beyni bir elektron maşın dəqiqliyi ilə qeyd etdi ki, hərgah indicə gedib bir şüşə pivə, yaxud əlli qram araq içsə, yenə də hər şey təzədən başlayacaq.

O heç vəchlə istəmirdi ki, hər şey təzədən başlasın. Hətta hər şeyin təzədən başlaya biləcəyi ehtimalı həmin an bədəninə soyuq bir tər gətirdi, o qəti və dəqiq addımlarla barın küçə pəncərəsinə yaxınlaşdı.

Barmen Abdulla hələ kondisioneri işə salmamışdı və müştərilər gəlib yığışanadək iri pəncərələri taybatay açmışdı ki, içərinin havası dəyişsin.

O gəlib taybatay açılmış pəncərənin qabağında dayandı və aşağı baxdı – küçədən avtobus, trolleybus, avtomobillər gedib-gəlirdi, səkiyə enən mərmər pillələr və səki isə bomboş idi.

Bir an, yalnız bircə an ona elə gəldi ki, doqquzmərtəbəli mehmanxananın doqquzuncu mərtəbəsində yox, İlan dağının zirvəsində dayanıb.

Sonra özünü pəncərədən atdı.

O, doqquzuncu mərtəbədən yerə düşənəcən özündə idi və yerə düşənəcən ağzını açıb qışqırmadı.

... Yenə səhər tezdən idi və süpürgəçi qadın qurumuş böyürtkən koluna oxşayan qalın süpürgəsi ilə yenə də küçəni süpürə-süpürə «Qırmızı qərənfil»in qabağına gəldi, dünən beləcə sübh tezdən səkidə oturub bufetçi Abdullanı gözləyən o bədbəxt içki düşkününü yadına saldı və fikirləşdi ki, həmin adam indi də yəqin gedib başqa bir qəlyanaltıxananın qabağını kəsdirib...

İyul, 1985.

Şüvəlan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 min
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 min
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 min
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 min

Poems by other poets