Xıx fəsil
Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün düşmüşdülər. Bu ölkənin əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu olmayan bir hadisə idi.
İzabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox görüşsə də, növbəti hər görüşün ağır təəssüratı qətiyyən azalmırdı. Azərbaycanda ezamiyyətdə olduğu bu üç gündə də İzabel ölkənin bir neçə bölgəsində qaçqınların çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış məntəqələrində oldu və hər dəfə qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün sahilindəki o sakit, arxayın yaşayış İzabel üçün Corc Lukasın filmləri kimi bir şey idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi.
Həmin sentyabr günü bazar günü olsa da, İzabel əvvəldən planlaşdırdığı kimi, Bakının 35 kilometrliyindəki Buzovna kəndində qaçqınlarla bu səfərinin son görüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu:
– Bu gün bazardı... Onları narahat etməyəcəyik?
Məmur İzabelə baxdı və heç nə demədi, daha doğrusu, İzabel hiss etdi ki, məmur – gödəkboylu, arıq və yəqin ki, qaçqınlarla belə görüşləri çox keçirdiyinə görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünün də yanaqlarını qızardır...
İzabel ertəsi gün səhər tezdən Cenevrəyə qayıdacaqdı, ona görə də bu son görüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı Qəsəbəyə getmək istəyirdi, çünki İzabel, az qala, cismani surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan inciyəcək, hətta, küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındakı görüş çox çəkmədi.
Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü qalmamışdı, çünki nə qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər, amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər, başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, blaknotlarında nəsə yazırdılar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi?
Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun, kürən qızın – İzabel Xanukoffun qabağını kəsib və qaçqınların işləri ilə məşğul olan bəzi məmurların: «– Xaricdən gələnlərlə nəzakətli olun»– xahişini də bir tərəfə tullayıb:
– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! – Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli çəkdi. – Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar?– Sonra da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! – Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!..
Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu:
– Nolub Şuşaya?
Sürəyya xala:
– Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə qonaqlardan ayrılıb yaşadıqları otağa girdi.
İzabel Cenevrədə aldığı şəxsi hədiyyəsini – fransız ətrini – son görüşə saxlamışdı və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və onlar beşinci mərtəbəyə gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir hadisə yox, ani bir hissiyyat idi, bəlkə də haqq dünyasındakı Ziba ilə İzabel Xanukoff arasındakı hansısa bir biobağda, bioteldə yaranan informasiya kimi bir şey idi – İzabel, bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap dərinlərinəcən kədər içində olan cavan bir qadını görəndə, elə həmin an qıza elə gəldi ki, Ziba bu qadını tanıyır, daha doğrusu, tanıyıb-tanımamağından asılı olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sifətinin gözəlliyi, elə bil, iri və ala gözlərindəki o kədərlə heç cürə barışa bilmirdi, o kədəri heç cürə qəbul etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da görümlü edirdi.
İzabel Xanukoff Cenevrədən alıb gətirdiyi hədiyyəni Sonaya – həmin cavan qadına bağışladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qarabag-sikestesi-xix-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
8 fevral 1806-cı il. Bakının ətrafı.Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı gedirdi.
İkinci hissə, 31Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…Bakıya axşam düşmüşdü.
İkinci hissə, 32Nöyüt lampası yanan yarıqaranlıq otaqda qollarını çırmalamış iki nəfər knyaz Sisianovun mundirinin paqonlarından yapışıb, onun, yoğun və uzun taxta parçalarından düzəldilmiş taxtın üstündə uzadılmış meyitini irəli çəkdi, çənəsini yuxarı qaldırdı, mundirinin yaxasını aşağı dartdı.Knyaz Sisianovun boynu tamam açıq idi.
İkinci hissə, 33Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,