Güzgü qabağında
Güzgü qabağında dayanmısan sən,Öz ay camalınla bəhsin gözəldir.Özün “mən” deyirsən, əksin “mən” deyir,Söylə, sən gözəlsən, əksin gözəldir?
Güzgü qabağında çox dayanırsan,Süzüb ay çöhrəni, xumarlanırsan,Nəğmə deyə-deyə tumarlanırsan,Hüsnünü vəsf edən səsin gözəldir.
Yel vurdu tellərin dağıldı birdən,Saçın rübənd oldu, gizləndi çöhrən.Uzaqdan seyr edib bu lövhəni mənDedim: qara tellər, əsin, gözəldir!
Bir günəş cilvəsi çəkdin güzgüdə,Bir həyat nəşəsi çəkdin güzgüdə.Rafael lövhəsi çəkdin güzgüdə,Baxanlar heyrətlə desin, gözəldir!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-guzgu-qabaginda
Use ← → keys to move, R for a random poem