Mən həmin o kəndli balasıyam ki,Havadan duyaram ilin fəslini,Ölüncə bu sayaq qalasıyam ki,Mənə deməsinlər danıb əslini.

Südü badyasında tanıyıram mən –Ala inəyindir, qızıl inəyin,Sözü mənasından tanıyıram mən –Saxta ürəyindir, təmiz ürəyin.

Mən həmin o kəndli balasıyam ki,Əlimdən getməyib buğdanın ətri.Ömrümdə bir hava çalasıyam ki,Hər səmtə əsməyim nəfsimdən ötrü.

Götürüb başımdan şlyapamı mən,Əlvan qalstuku açıb boynumdan,Torpağı bellərəm özüm yenidən,Bir xalvar götürəm bir qarış şumdan.

Naxırı, sürünü özüm otarram,Hansı iş mənimçün mümkün olmayıb?!Çörəksiz qalaram, susuz oturram,Zəhmətsiz qaldığım bir gün olmayıb.

Durur o çəkdiyim arxlar hələ də,Şagird dəftərində xətlərə bənzər.Mən suya, torpağa yaxşı bələdəm,Bir damcı tər töksən bir dünya verər.

Mən həmin o kəndli balasıyam ki,Zəhmət böyüdübdür neçə nəslini.Ölüncə bu sayaq qalasıyam ki,Mənə deməsinlər danıb əslini...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets