Dördüncü hissə, səkkizinci fəsil
Page 1 of 2
Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.
Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Belə günlərin birində — Elməddin bağçada gəzərkən həyət darvazası döyüldü. Elməddin əlindəki gül qıçasını burnuna yaxınlaşdırıb iyləyə-iyləyə:
– Kimdir? — dedikdə:
– Ağayi Elməddin, mənəm! — deyən səsi eşitdi və o dəqiqə
– cəmi bircə dəfə söhbət etdiklərinə baxmayaraq — tanıdı. Bu, Şahin idi. Elməddin darvaza qənşərinə gəldi, qapını açdı və onlar köhnə tanışlar kimi çox səmimi görüşdülər. Elməddin ona «xoş gəldin!» elədi. Qolundan tutub həyətə — tut ağacının altındakı stolun yanına gətirdi. Oturdular. Şahin bir az kökəlmişdi, ətə-qana dolmuşdu. Əyninə təzə, mil-mil parçadan tikilmiş kostyum geymişdi. Papaqsız idi, uzun, qara saçlarını arxaya daramışdı. Üzü tər-təmiz qırxılmışdı. Deyəsən, elə dəlləkdən çıxıb birbaş bura gəlmişdi. Üstündən-başından ətir iyi gəlirdi. Şahin həyətə girəndə dayanıb pərişan-pərişan əlində gül tutan Elməddinə tamaşa eləyirdi. Əfsanə öz otağında idi, pəncərənin qabağında ürək çırpıntısı ilə gözləyirdi ki, heç olmasa uzaqdan, gül kollarının arasından qanrılıb ona baxdığını görsün, sadəcə gülümsünsün, heç nə istəmir, gülümsünsün içəri keçəndə əlindəki o tək qızılgülü ona versin. Heç nə deməsin, eləcə verib getsin öz sevimli arvadının yanına. O, bu təmənnada ikən, dünyanın işinə bax ki, Şahin gəlmişdi. Onu Elməddinlə mehriban görüşən görərək Əfsanənin ürəyi əsmişdi. Şahindi? Hə, hə, odur, özüdür. Ay aman, necə böyüyüb necə yaxşılaşıb, kişiləşib! Əvvəlcə qeyri-iradi olaraq, otaqdan çıxıb onun qabağına qaçmaq, əl verib «xoş gəldin!» demək, hal-əhval tutmaq, Reyhan ananın kefini soruşmaq istədi, yerindən qopdu da. Ancaq iki addım atmamış dayandı. «Yox, hara gedirəm, buna Elməddin necə baxar?» — deyə düşünərək fikrini dəyişdi, təzədən pəncərə önünə gəlib azca aralıda dayanaraq baxmağa başladı. Maraqlı bir şeyin şahidi oldu beş-altı dəqiqənin içində Əfsanə: Şahinin bir gözü elə qapıda-pəncərədə idi. Şübhə yox idi ki, Əfsanəni görmək istəyirdi. Yazıq gör neçə il idi ki, onu görmürdü! — Əfsanə belə düşünürdü. Elməddin də gözlərini tez-tez qapı-pəncərəyə tərəf dolandırdı. Şübhəsiz, bilmək istəyirdi ki, Əfsanə Şahinin gəldiyindən xəbərdardımı, ona baxırmı, necə baxır? Məhəbbətləmi, maraqlamı, yaxud sadəcə hörmətlə? Axı Elməddin Şahinin Əfsanəyə vurulduğunu bilirdi və indi, Elməddinin evində Əfsanənin bu cavan oğlana bəslədiyi münasibəti bilmək, yəqin ki, Elməddin üçün çox maraqlı idi.
Əfsanəni xəyal öz zərif qanadlarına alıb Qarabağ qəryəsinə, ömrünün orda düşüb qalan günlərinə aparmışdı... Bax, indi, həyətdə Elməddinlə oturub söhbət eləyən, arada oğrun-oğrun bu tərəfə göz yetirən Şahin onda, Əfsanəyə necə vurulmuşdu, ilahi? Gəlib. Görəsən niyə gəlib —bir işi var, ya Əfsanəni görmək üçün gəlib? Əfsanəni görmək istəyən oğlan çoxdan gələrdi. Gör Elməddinlə görüşdüyü vaxtdan nə qədər keçib? Amma demişdi: «Səni harda olsan, axtarıb tapacağam, Əfsanə!» Bəli, demişdi. Nə olsun ki, adamlar çox söz deyirlər, and da içirlər, ancaq... hamı sözünün üstündə dururmu?..
Şahinlə Elməddin nə danışdılarsa — yəqin ki, hələ əhvalpürsanlıq olardı — Elməddin üzünü evə tərəf tutub çağırdı:
– Əfsanə, Əfsanə!..
Əfsanə xəyal aləmindən ayıldı, tərpənti elədi ancaq yuxudan oyanmış balaca Əfsanə ondan qabağa düşdü, atasının yanına qaçdı, orda tanımadığı yad adamı görüb bir anlığına duruxdu, sonra Elməddinin qıçlarına sığınıb:
– Nədi, qibləgahım? — dedi.
– Qızınızdı, ağayi Elməddin? — deyə Şahin qəşəng geyinmnş, totuq, qırmızıyanaqlı, gözəl, xurmayı saçları arxada hörülmüş qıza baxa-baxa soruşdu.
– Hə, əmisi, qızımdı.
– Adı Əfsanədi? — Hə. Əfsanə qoymuşam adını. Şahin susdu. Elməddin qızına müraciətlə: — Get, Əfsanə xalana de, Şahin əmi gəlib! Gəlsin, görüşsün, həm də bir çay hazırlasın.
– Yaxşı — deyərək Əfsanə içəri cumdu...
İki kişi arasına sükut çökdü. Şahin münasib fürsət axtarırdı, ancaq hələ ki, o fürsət ələ düşməmişdi. Ürəyi dolu idi. Daha dözə bilməyib gəlmişdi. Gəlmişdi ki, Elməddinlə açıq danışsın, başa salsın, əgər gec deyilsə... O bu gün evdən çıxarkən müti olmayacağına, heç nədən, heç kəsdən utanmayacağına and içmişdi, çünki onun taleyi həll olunurdu — ya hə, ya yox! O, bu gün bilməliydi hər şeyi, bilməliydi. Sözə başlamaq istəyirdi ki, Elməddin qəfildən Əfsanəni hayladı. Demək, indi o, onun əzizi, həsrətindən dəli-divanə olduğu, gecələrinin şirin yuxusunu ərşə çəkən Əfsanə gələcək... Gələcək, aman allah! Və o, Əfsanənin gözlərini görəcək, səsini eşidəcək — nə böyük səadətdi bu, ay allah! Şahinin ürəyi içəridə külək döyəcləyən tək yarpaq kimi əsirdi. Bacardıqca həyəcanını gizləməyə, ört-basdır eləməyə çalışırdı. Nə dərəcədə müvəffəq olurdu — deyə bilməzdi. Qarşısında oturan adi adam deyildi, şair idi
– şairlər, söz ustaları isə, deyilənə görə, çox həssas və arif olurlar. Onlar üçün bir baxışı tutmaq, bir sözü eşitmək kifayətdi ki, insanın qəlbindəki ən gizli, ən məhrəm sirrləri belə anlasınlar, mənalandırsınlar, kəşf eləsinlər! Elməddinin indi onun baxışını tutması, sözünü yozması maraqlandırmırdı, onsuz da o, hər şeyi deyəcəkdi, çəkinmədən, utanmadan deyəcəkdi. Budur, Əfsanə gəlir... Yermi titrəyir, ilahi? Ya üstündə oturduğu stulumu laxlayır? O niyə belə uçunur — sanki kəpənəkdi, yüngül, qov kimi... Əfsanə xırda, tələsik, eyni zamanda tərəddüdlü addımlara yaxınlaşdıqca Şahin həqiqətən kəpənəyə dönürdü sanki, uçub ona sarı gedirdi, güclü günəş işığı altındakı qar kimi əriyib suya dönərək ona doğru axırdı... Arada dörd-beş addımlıq məsafə vardı, ancaq... Anlar keçirdi, o dörd-beş addım yol qurtarmaq bilmirdi, uzandıqca uzanırdı.
Necə qəribə, sehrli, şirin və əzablı anlar idi bu anlar, ay aman! Şahinin gözləri Əfsanəyə zillənmişdi. Amma onun gözlərini, qaşlarını, burnunu, dodaqlarını görə bilmirdi Şahin. Əfsanə yuxu aləmindəki kimi gəlirdi — bütöv gəlirdi. Əfsanə idi, lakin bu dönüb xəyal da ola bilərdi birdən-birə! Şahin sanki bax elə bundan qorxurdu. Və qız özünü elə unutmuşdu ki, Elməddinin ondan göz çəkmədiyini də görmürdü. Elməddin də anlaşılmaz halətdə idi. Bayaqdan, bu çağrılmamış qonaq gələndən bəri, sanki içini alt-üst çevirmişdilər. Danışırdı, gülürdü, Şahinə mehriban olduğunu göstərmək istəyirdi, zahirən şad idi. Ancaq hiss edirdi ki, içərisində ikinci bir Elməddin də var və o, çox pərtdi, qanı qaradı, bax bu qarşısında oturan oğlanı görməyə belə gözü yoxdu. Bəli, indi burada, Şahinin qənşərində iki Elməddin oturmuşdu; görünən, deyən, danışan, bir də görünməz, susan, gizlənən, Şahinin gəlişinə əsla sevinməyən! «Ona bax, gör necə həsrətlə baxır qıza?.. Gör, gör! Hə, elə Əfsanə də uça-uça gəlir. Gülümsünür...» Nəhayət, Əfsanə mizə çatdı. Şahin, müqəddəs bir varlığa təzim edirmiş kimi, ayağa qalxıb Əfsanəyə baş endirdi. Əfsanənin həyəcanlı olduğu, uçunduğu rənginin ağarmağından, dodaqlarının qurumağından bilinirdi. O quru dodaqların arasından sakit, təmkinlə deyilmiş:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan
II fəsilBirdən Bəhruzun bütün bədəni gizildədi, tükləri ürpəşdi. Çaşmış halda sükanı gah sağa, gah sola burdu. Gözlərini geniş açaraq irəli boylandı. Yeddi-səkkiz addım qabaqda daş dirəyin yanında bir adam çırpınırdı.– Qulam, Qulam, – deyə o, azca bundan qabaq onu ötüb keçən maşının ardınca qışqırdı, öz sürücü yoldaşını köməyə çağırdı. Ancaq Bəhruzun səsi eşidilə bilməzdi, maşın xeyli aralanmışdı. Bəhruz maşını nə vaxt yolun qırağına verdi, nə vaxt əyləyib yerə atıldı – özü də bilmədi. Bircə dəqiqə keçməmiş artıq o, yerdə çırpınan adamın başının üstündə idi.
III fəsilKişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.
IV fəsilBəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:
Poems by other poets
Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Güldür bu? deyil, gül belə xəndan olmazGüldür bu? deyil, gül belə xəndan olmaz,Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"