Page 2 of 3 · 33%

– Qar yağır! — dedi və evdən çıxdı... Cabbar eşitdimi, eşitmədimi — bilmədi.


Əbdül Heyranın bu qarlı havada, ümidini tamam kəsdiyi, gözlərini yoldan yığdığı gündə gəlişindən özünü itirmişdi. Heyran darvazadan içəri girəndə ağappaq idi — elə bil, ağ xələt geymişdi. Eyvanda rezin çəkmələrini yerə döyəclədi, üst-başını çırpdısa da, qarın hamısı tökülmədi. Qaşına, kirpiklərinə qonmuş qar, soyuqdan avazımış sifətinə qəribə bir bəyazlıq verir, onu yaşından çox qoca göstərirdi. Gözləri qızarıb sulanmışdı. Bilmək olmurdu ki, bu soyuqdandımı, ya ağlayıb. Əbdül Heyranın yuxa paltarına baxıb üşüyə-üşüyə onu tez içəri apardı. Mətbəxə. Otaq isti idi. Daş kömür buxarısı gurhagur yanırdı, pəncərələrin şüşələri tərləmişdi. Əbdül heç özü də fərqinə varmadan — elə bil, Heyran ona məhrəm adam idi, — əlini uzadıb qadının çarqatını çiynindən götürüb qapının ağzındaca qarını çırpdı, gətirib stulun başına atdı, Heyrana yaxınlaşıb:

– İrəli gəl, buxarının qırağına gəl, qızın, — dedi. — Lap donmusan ki? — Belə deyib onun qızarmış əllərinə, otağın hərarətindən əriyib damcıya çevrilən və sifətini ağ mirvari dənələri kimi bəzəyən qar suyuna baxdı, ürəyinə axıb dolan sevinci nə üçünsə gizləməyə çalışdı və qayğılı bir görkəm alıb susdu. Sanki deməyə söz tapmırdı. Heyran bir qadın həssaslığı ilə gəlişindən Əbdülün çox şad olduğunu duysa da, buna heç bir pis məna verməməyə çalışaraq buxarıya yaxınlaşmış, əllərini oda tutmuşdu. Dırnaqlarından, barmaqlarından, ovcunun içindən keçən isti onun bütün bədəninə xoş bir gizilti yayırdı. Heyran yaxşı bilirdi ki, hava elə də soyuq deyil, qar da belə üşütməzdi, qadın sadəcə olaraq ac idi, dünən günorta yediyinin üstündə idi. Ona görə belə üşüyürdü Heyran. Əbdül isə onun bu cür əsməyini-üşüməyini əyninin yuxa olmağında görürdü. Beynində o dəqiqə dolandırdı ki, bacısının—Dünya xanımın ağzı bağlı sandıqlarda qalan isti paltarlarından birini ona vermək lazımdı, yoxsa o, belə qışdan çıxmaz, soyuqlayar, xəstələnər, onsuz da o paltarlar göz dağıdı, qalıb orda, çürüyür!! Və bu fikrin ağlına gəlməsindən bir az da artıq sevindi Əbdül. İşgüzar ev yiyəsi kimi boş kətillərdən birini Heyranın altına qoydu, oturmağını xahiş elədi; sonra çay dəmləməyə başladı.

Heyran gözaltı Əbdülün hərəkətlərinə fikir verə-verə düşünürdü ki, Dünyanın-səsi-səmiri yoxdu—gəlməyib. Bəs uşaq hanı görəsən? Gəlişindən bəri ötən bir neçə dəqiqənin ərzində o, səksəkə ilə ya Dünyanın, ya da balaca Nəcməddinin qapını açıb içəri girəcəyini gözləmişdi — ancaq bu ümidi boşa çıxmışdı. Aclıq bir yandan, nigarançılıq da bir yandan Heyranın qəlbini üzüntülü-sıxıntılı bir hisslə doldururdu. Buxarının qızarmış dəmirinə baxa-baxa ürəyindən keçirtdi ki, bu buxarıdan biri də bizim evdə olsaydı, Cabbarın canı qızardı. Görəsən Cabbar kaçaluları yedi?.

Bu vaxt Əbdül piyaləyə buğlanan çay süzüb Heyranın böyründəki mizin qırağına qoydu, özü də qənşərindəki kətildə əyləşdikdən sonra:

– Necəsiz, Heyran xanım? — deyə soruşdu. Bu sualı gec verdiyini özü də bilirdi, ancaq neyləmək olardı — o, çaşqınlığını, Heyranın bu gəlişindən çox xoşhal olduğunu indi ona izah eləyə bilməzdi. — Yoldaşınız necədi?!

Heyran bayaqdan bəri yalnız indi yaş kirpiklərini qaldırıb Əbdülün sifətinə ötəri baxdı:

– Babat. Yoldaşımın halı o qədər də yaxşı deyil, ağa.

Əbdül bəlkə də ayrı vaxt olsaydı, bəlkə də ayrı adamdan bu sözləri eşitsəydi, özünəməxsus həssaslıqla, qayğı və canıyananlıqla, şirin, təsəlliverici bir söz söylərdi. Heyranı sakitləşdirərdi; ancaq indi bu, onun özünə də çox təəccüblü göründü o, küt baxışlarla qadını süzdü, daha nə deyəcəyini gözlədi. Qəribə bir hissiyyatla asta-asta tərpənən dodaqlarına, sifətinə nəzər saldı və yenə qarşısında eynən Dünyanı görüb mat-məbhut taqətsiz halda qımıldanmadan susdu, o, nə isə deyirdi, ancaq Əbdül fikrən, xəyalən Dünya ilə idi deyə heç nə eşitmirdi, heç nə başa düşmürdü. Əbdülün ayrı aləmə daldığını, dediklərini dinləmədiyini Heyran o dəqiqə duydu və əri haqqında danışığına ara verib, təzədən, bu dəfə nisbətən davamlı, bir az da təəccüb ifadə eləyən nəzərlə qarşısında oturan, gah yaxın xeyirxah, gah da nə isə müəmmalı adam təsiri bağışlayan kişiyə baxıb:

– Siz, deyəsən... kefsizsiniz, ağa? — deyə uca səslə müraciət etdikdə Əbdül günahkar adamsayağı başını buladı, beynini çulğalayan xəyalları özündən kənar etmək üçün:

– Yox, yox, — dedi,— kefsiz deyiləm, xanım. Sadəcə, sizi görəndə çox sevindim, elə bildim Dünya qayıdıb. İndi, bax, indicə siz danışanda mənə elə gəldi ki, Dünyasız, oturubsuz qabağımda. Siz ona elə oxşayırsız, elə oxşayırsız, xanım. Bilmirəm necə deyim? — Bu sözləri deyəndə Əbdülün qonur gözləri dolmuşdu. Həyəcanından əllərini gah buxarıya sarı uzadır, gah sifətində gəzdirirdi:

– Hə, — dedi Heyran və kədərli-kədərli yenə qapıya sarı boylandı. Sonra uşağın da səs-səmirinin çıxmadığını xatırlayıb: — Bəs Nəcməddin hanı, ağa? Heç gözümə dəymir uşaq? — deyə soruşdu. Əbdül qalxıb Heyranın boşalmış piyaləsini doldurmaq istəyəndə o, əlini piyalənin üstünə tutdu:

– Bəsdi, ağa, sağ olun.

– Soyuqdu, için, xanım.

Heyran ac olduğu üçün udqundu və başını bulamaqla kifayətləndi. Əbdül çaydanı yerinə qoyub cavab verdi:

– Nəcmi yatıb. Elə sizin qabağınızca yedizdirib-yatırtmışdım. Gecə qulağı ağrıdığına görə çox pis yatmışdı. Səhərəcən qışqırıb ağlayıb yazıq. Bir az gənəgərçək yağı tökdüm — sakitləşdi. İndi xurd düşüb...

– Yəqin soyuğa vermisiz!..

– Nə bilim... Çətin imiş uşaq saxlamaq, çox çətin imiş. Xüsusilə anasız uşağı saxlamaq lap müsibət imiş. Mən şikayət eləmirəm, ha. Onun qulluğunda durmaq mənim borcumdu, Elə-belə, sözgəlişi deyirəm, — deyə sözlərinin giley-güzar kimi anlaşılacağını duyan Əbdül tez dediklərinə düzəliş verməyi lazım bildi. Əslində belə deməkdə məqsədi vardı. Məqamının çatdığını anlayıb ikibaşlı bir söz işlətdi: — hərdən istəyirəm bir dayə tutam. Gəlib baxsın. Yeməyini, geyməyini verərəm. Təki baxsın uşağa... Sonra da fikirləşirəm ki, yad adam nə baxacaq? Qıymıram düzü onu başqa adama uspurd olam. Gül kimi uşaqdı...

Heyran doğrudan da balaca Nəcməddinin taleyindən nigaran idi. Keçən dəfə gəlib bacısının bu dağılmış tifaqını, atasız, anasız qalmış körpəsini görəndən sonra öz dərdi yaddan çıxmasa da, üstünə bir dərd də gəlmişdi. Və bu, onun rahatlığını əlindən lap almışdı. Hətta fikirləşmişdi ki, imkanı, şəraiti olsaydı, Cabbar sağlam olsaydı, bacısının yetimini aparıb saxlar, böyüdərdi. Dörd divar arasında oturmaqdan, oturub dizini, durub özlərini görməkdən canları qurtarardı. Cabbar elə insan idi ki, bu işə qətiyyən etiraz eləməzdi. Hayıf, bu onların imkanından uzaq idi, çox uzaq idi. Həm də Əbdül— körpəyə can-dildən bağlanan, onu öz ciyərparası kimi sevibəzizləyən, qulluğunda dayanan bu qəribə kişi onu yəqin ki, gözündən uzağa qoymazdı, heç kəsə etibar eləməzdi. Buna baxmayaraq, Heyran Əbdülün ağzını aramaq məqsədilə soruşdu:

– Mənim imkanım olsaydı, aparıb saxlardım. Özgə adam deyil ki, bacımın balasıdı.

– Yox, nə danışırsız, xanım. Mən onu bu qapıdan qırağa çıxarılmağa qoymarm... Bir addım da qoymaram. Ancaq, xanım, mən istəyirdim ki, sizə deyəm, əgər razı olsaz, siz gəlib burda baxardız uşağa. Hayana dönsə, siz doğmasız, siz xalasısız, xanım. Başqasını yaxın qoymaram uşağa, ancaq sizi..

Heyran Əbdülün bu sözləri çox ürəklə, səmimiyyətlə söylədiyini duyub sevindi. Ona görə sevindi ki, bu, heç onun ağlına da gəlməmişdi. Səbəbini isə elə indicə anladı; — bu ev, həyət-baca, xanıman elə cah-calallı idi ki, Heyran özünün, xəstə ərinin burada yaşaya biləcəyini ağlına belə gətirə bilməzdi. Bu səadət ömrünün ən yaxşı çağlarının — gənclik illərinin alçaq soyuq, nəm və alaqaranlıq daxmada ehtiyac məngənəsində sıxıla-sıxıla yaşamış Heyran xanımın fikrinə haradan gələ bilərdi?! İndi budur, Əbdül onu bu süslü imarətə

– öz bacısının evinə dəvət edir! Ancaq axı o tək deyil. Onun Cabbar kimi müsibəti var—xəstə əri var! Onu tək qoyub gündə bura gəlmək, xəstəni baxımsız qoymaq olarmı? Yox. Bunu Heyran qətiyyən eləyə bilməz. Beləcə də dedi:

– Mən, əlbəttə, gəlib baxardım, ağa. Çox böyük məmnuniyyətlə baxardım. Ancaq siz yaxşı bilirsiz ki, mən tək deyiləm, xəstə ərim var və o, uşaqdan da çox qayğı istəyir məndən. Mən onu heç cürə qoyub gələ bilmərəm, ağa.

Əbdül gümrahlandı:

– Mən demirəm ki, xanım, siz onu qoyub gəlin. Nə olar, elə onu da gətirərsiz. Bax, aşağıda, həyətdə ayrıca isti bir otaq var — yaşarsız orda. Çox yaxşı otaqdı.—Az qalmışdı çaşıb desin mənim öz otağımdı, — özünü saxladı. Daha danışmayıb sözlərinin Heyrana necə təsir elədiyini yoxlamaq üçün sual dolu nəzərlərini ona dikdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on səkkizinci fəsil

Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!

9 min
Birinci hissə, on doqquzuncu fəsil

Qapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!

6 min
İkinci hissə, birinci fəsil

Topu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.

10 min
İkinci hissə, ikinci fəsil

General Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.

15 min

Poems by other poets