İkinci hissə, beşinci fəsil
Page 3 of 3 · 67%
Heyranın aclığı keçdi, daha ürəyi qazınmırdı acından. Bədəni də isinmişdi. Yanaqları qızarmışdı. Bütün vücuduna qəribə, anlaşılmaz bir rahatlıq axıb süzüldü haradansa. Əbdülün təklifi onu hədsiz dərəcədə sevindirsə də, özünü tox tutmağa çalışdı. Nəhayət, gözlənilmədən, lap axırda, necə deyərlər, bıçaq sümüyə dayanan vaxt onların da həyatına günəş doğduğunu, soyuğun, ehtiyacın, təkliyin əlindən xilas olmaq məqamının gəlib çatdığını dumanlı şəkildə olsa da dərk eləyib ağrısını-acısını unudan kimi oldu. Ancaq ha əlləşdisə özünü saxlaya bilməyib Əbdülü minnətdarlıq ifadə edən bir baxışla süzdü və qəribə, ilıq, məhrəm bir təbəssümlə gözlərindən güldü. Əbdül o an hiss elədi ki, bu təklif Heyranın ürəyincədi, lakin nə isə qətiyyəti çatmır fikrini bəyan eləsin. Ona görə o fırlanıb qadının qənşərində dayanaraq:
– Hə, nə deyirsiz, Heyran xanım?— deyə soruşdu. Onun səsində həlim bir xahiş tonu vardı və anlamaq çətin deyildi ki, bu, nə üçünsə Əbdülün özünə daha çox lazımdı — uşaqdan da, Heyranın özündən də çox lazımdı. Əbdülün sifətində vardı, müqtədir bir adamın üzündə ola biləcək amiranəlik, hökm və tələbkarlıq yox idi, hərçənd o, ürəyində özünü məhz belə hiss eləyirdi indi.
– Mən razıyam, ağa. Ancaq…
– Ancaq, nə, xanım? Sizin üçün hər cür şərait yaradacağam, yaxşı yaşayacaqsız. Heç nəyin dərdini çəkməyəcəksiniz, xanım. Bu işin ən yaxşı cəhəti olacaq ki, siz də rahat olacaqsız, o körpə də, mən də... Bir ailə kimi əl-ələ verib yaşayacağıq. Deyirsiz «ancaq», nə ancaq, xanım?
– Deyirəm yəni bu işə Cabbar necə baxacaq, ağa.
– Cabbar nə deyəcək? Siz yaxşı-yaxşı başa salın onu. Deyin ki, bacımgilə köçürük. Yeyər-içər, bəlkə əmələ gəldi, sağaldı. Məncə, razı olar, xanım.
Heyran köksünü ötürdü:
– Allah ağzınızdan eşitsin. Ancaq razı olmasa, baş tutmayacaq, ağa. Mən onun iradəsi xilafına bu on beş ildə bircə addım da atmamışam. İndi isə — o, xəstə ikən heç eləyə bilmərəm, heç!! Siz onu tanımırsız, ağa. Kasıb olsa da, çox məğrurdu, heç kəsdən minnət götürməyi xoşlayan deyil. Beş ildən çoxdu, yorğan-döşək bimarıdı, biçarə, onu mən — öz arvadı qazandığım qəpik-quruşla saxlayıram, o, bunu da özünə bir dərd eləyib, inan, ağa. Bu mənada ki, o, Cabbar, arvad çörəyi yeyir, arvad ümidinə yaşayır. Belə kişidi mənim kişim ağa!
Heyran danışdıqca Əbdül sakitcə dayanıb qulaq asır, istər-istəməz onu bacısı ilə müqayisə edirdi. Heyranı iki dəfə görmüşdü, az tanıyırdı. Amma buna baxmayaraq ehtiyacın sıxıb əzdiyi bu qadının illər boyu bimar yatan əri haqında belə ağızdolusu danışması Əbdülün çox xoşuna gəlmişdi. Ərinə—evin kişisinə hörmət, hətta o, ölümə məhkum olsa belə, uca tutmaq, nazı ilə oynamaq, bir sözünü iki eləməmək xasiyyəti Heyranı Əbdülün gözündə ucaldırdı. Sir-sifətindən, sözündən onun yalan danışmadığı dərhal bilinirdi. Məkrdən, hiylədən uzaq olar belə qadın. Heyran ayağa qalxdı, getmək istədiyini bildirmək üçün stulun başındakı çarqatını götürdü.
– Gedirsiz? — deyə Əbdül soruşdu.
– Hə, gedim.. — o, pulsuz idi, yol pulu belə yox idi. Ancaq deməyə də utanırdı. Evdə isə yeməyə heç nə yox idi. Həyası ehtiyacdan güclü çıxdı Heyranın. Pul istəməməyi qərara alıb çarqatı çiyninə salanda birdən Əbdül nə isə xatırladı və tələsik:
– Dayanın! — dedi, əl atıb çarqatını çiynindən götürdü: — Sizə belə soyuq olar, xanım. Donarsız. Gəlin bura. — O, belə deyib uşaq kimi Heyranın əlindən yapışdı, arxasınca çəkib iri otağa gətirdi. Heyran çaşıb qalmışdı. Əbdülün nə eləmək fikrində olduğunu anlaya bilmirdi. O, əlini Əbdülün əlindən çəkib çıxartmışdı. Lakin elə bil, əli daha onun deyildi, murdarlanmışdı elə bil, paltarına toxundurmağa belə cəsarət eləmirdi. Cinayət işləmiş adam kimi çaşqın halda əlmaridə nə isə axtaran Əbdülə baxırdı. O, göz qamaşdıran, bir-birindən qəşəng paltarların içindən—Heyran o saat başa düşdü ki, bunlar Dünyanın libaslarıdır və Əbdül ona bacısının paltarlarından vermək, geyindirmək istəyir — boynu xınayı rəng dəridən olan palto, yun jaket çıxartdı və Heyrana sarı döndü:
– Bunları geyin, Dünya xanımındı — bacınızındı, xanım. Onsuz da qalıb... çür...
– Yox, yox, lazım deyil, ağa...
– Necə lazım deyil? Geyəcəksiz. — O, jaketin qatını açdı, əlində tutdu. — Geyin! Qolunuzu bəri eləyin, hə, bax, belə... Lap əyninizədi elə bil. İndi bu balapuşu geyin, xanım. E, bu olmadı ki, siz özgə yerdə deyilsiz ki, öz bacınızın evindəsiz də. Burda niyə utanırsız, mən başa düşmürəm. Əla!
Əbdül paltonu da demək olar ki, Heyrana zorla geyindirdi. Onun görkəmi dərhal dəyişdi.
– Bir bu yana çevrilin. Sağa, sağa. Hə, indi güzgüdə özünüzə baxın!
Heyran iri bədənnüma güzgüyə sarı çevriləndə özünü tanıya bilmədi. O, ömründə belə qəşəng və isti palto geyinməmişdi. Bədəni od tutub yanırdı elə bil. Yəqin ki, bu təkcə paltonun istisi deyildi. Heyran güzgüdə özünə baxmaqdan utanıb yana çevrildi.
Əbdül dedi:
– Əgər bildiz nəyiniz çatmır?
– Heç nə. Daha heç nə lazım deyil, Sağ olun.
– Yox, dayanın. Sizə baş şalı, bir də ayaqqabı verəcəyəm.
– Ağa, vallah, lazım deyil
Əbdül onun etirazına baxmadı. Əlmaridən ağ yundan toxunmuş bir isti şal gətirdi, onu öz əlilə Heyranın üstünə atdı. Heyran şalı havada tutub başına bağladı. Sonra hardansa bir cüt uzunboğaz ayaqqabı tapdı, onun qabağında cütlədi.
– Siz ayaqqabıları geyinin, mən bu saat gəlirəm —deyib o biri otağa keçdi. Heyran tərəddüdlə də olsa ayaqqabıları da geyindi. Xəlvətə salıb güzgünün qabağında özünə əməlli-başlı diqqət yetirdi və heyrətdən donub qaldı. İlahi, o necə də dəyişmişdi, necə qəşəngləşmişdi. Paltar adamı necə də dəyişərmiş, aman allah. Yaxşı geyinən, daş-qaş taxan qadınları az görməmişdi və az həsəd hissi keçirməmişdi ömründə Heyran xanım. Belə şeylər ona əlçatmaz bir səadət kimi görünmüşdü həmişə. Və ona görə də — məhz əlçatmaz səadət kimi göründüyünə görə də o, bu hissi qəlbinin dərinliyində çoxdan, lap-çoxdan — on-on iki il bundan qabaq birdəfəlik boğub unutmuşdu. Ancaq indi... o hiss təzədən doğuldu, təzədən dünyaya gəldi, Heyranın sifətini də, gözlərinin baxışını da, işığını da dəyişdi. Heyran bu ani tamaşadan doymurdu. Əgər Əbdülün qayıtmaq qorxusu olmasaydı, Heyran beləcə, saatlarla güzgü qabağından çəkilməz, elə hey özünə tamaşa edərdi. Ancaq Əbdül tez qayıtdı, əlində neçə dənə qırmızı yüzlük vardı. Heyran pulu görən kimi qeyri-iradi olaraq gülümsündü. «Bu kişi lap adamın ürəyini oxuyur! Möcüzədi, vallah».
– Alın bu pulu. Bir maşına kişini qoyun, yığışın gəlin. —deyə o, pulları irəli uzatdı, lakin Heyran əlini tərpətmədikdə o, yüzlükləri onun ovcuna basdı. — Başa düşdüz? Gedin, yığışıb gəlin. Mən özüm gedərdim, ancaq uşağı qoyub gedə bilmərəm.
Pul Heyranın əlini köz kimi yandırırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!
Birinci hissə, on doqquzuncu fəsilQapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
İkinci hissə, birinci fəsilTopu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.
İkinci hissə, ikinci fəsilGeneral Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
Poems by other poets
Məh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Niçe ki gögde güneş seyrânıdurNiçe ki gögde güneş seyrânıdurBu cihân erenlerün meydânıdur
Nə yaxşı-yaxşıƏzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.