Üçüncü hissə, on altıncı fəsil
Page 2 of 2 · 50%
«Gəldin, tapdın, Əfsanə. Amma necə? Yanında arvadı, qızı! Ürəyində sən, ancaq yanında arvadı, qızı! Yox, belə demək olmaz, Simin də ürəyimdədi. Sənin xatirən ürəyimdə idi, Əfsanə, sənin xəyalın ürəyimdə idi! İndi necə olsun, Əfsanə?» — Elməddin Siminə qulaq asa-asa öz-özünə danışırdı. Aman allah, dünya necə mürəkkəb, anlaşılmaz imiş? Sevinirdn. Sevinirdi ki, nəhayət o itkin düşmüş Əfsanəsi gəlib çıxmışdı, evindəydi, gözünün qabağındaydı. Bu günü o nə qədər arzulamışdı?! Çaşmışdı. Çaşmışdı ki, indi necə olacaqdı? O vaxt Əfsanənin kəbini ona kəsilmişdi, o vaxt da, indi də Elməddinin kəbinli, halal arvadı idi! Amma axı o, qardaşının da arvadı olmuşdu — ona qardaşın nəfəsi toxunmuşdu, o, bax, indi o yan otaqda yatan Əfsanə onun əziz Yusifinin namusu idi! Bəs necə olsun, aman allah? Bu sual o zaman da qarşısında durmuşdu — ancaq onda Elməddinin cavabı çox aydın idi və hərəkəti ilə də sözünü demişdi. Bəs indi? İllər keçmişdi aradan. Elməddinin başına işlər gəlmişdi — bir dəfə evlənmişdi, ayrılmışdı, ikinci dəfə də evlənmişdi, qızı vardı. Əfsanə də «dünyanı» gəzib gəlmişdi, ərə getməmişdi, ləyaqətini, təmiz adını qorumuşdu, onu ilk gənclik məhəbbətilə sevən Şahini ağlar qoyub Elməddinin sorağına qaçmışdı. Bunlar yaxşıdı. Amma bir şey dəyişməmişdi — o, Elməddinin qardaşının arvadı olmuşdu. Və bu, həmişə də belə olaraq qalacaqdı — bunu heç kəs heç zaman dəyişə bilməyəcəkdi.
Simin susmuşdu, Elməddin ürəyində götür-qoy eləyirdi, axırını isə bir yana çıxara bilmirdi, ona görə tez-tez ah çəkir, çətin məsələ qarşısında qalmış məktəbli kimi təntiyirdi. Və onun bu halı Siminin həssas gözlərindən yayınmırdı. Bir qadın kimi o da yaranmış vəziyyətin gərginliyini anlayır, ərinin düşdüyü böhranlı halı dərk edir, özü haqqında da düşünməli olurdu. Siminin qəlbi təmiz idi, hiylə, məkr deyilən şeylərdən xəbərsiz idi, həyatda belə dolaşıq işlərlə qarşılaşmamışdı; buna görə də onun aləmində indi ərini təntidən bu qəfil görüşü o, asanlıqla həll etmək əzmində idi. Bu işi bir də o asanlaşdırırdı ki, Simin ərini çox istəyirdi, onun üçün hər şeydən, hətta öz səadətindən də keçməyə hazır idi. Təki Elməddin xoşbəxt olsun, arzusu ürəyində qalmasın, fikri cəm olsun, oturub işləyə bilsin. Elməddinin evinə gələndən onun bütün qayğısı, ciddi-cəhdi ancaq bu olmuşdu, başqa heç nə! İndi, Əfsanə peyda olandan sonra, Elməddin necə istəsə, elə də olmalıdı. Məsələ burasında idi ki, Elməddnnin nə istədiyi, nə düşündüyü, Əfsanə barəsində nə fikirləşdiyi hələlik ona məlum deyildi — bu, onu qeyri-müəyyən vəziyyətdə qoymuşdu. Simin aydın hiss edirdi ki, həmin qeyri-müəyyənlik Elməddinin özünü də çox sıxır. Odur ki, gəlin, nəyin bahasına olursa-olsun, ərini bu dolaşıq, gərgin vəziyyətdən qurtarmaq, hər şeyi bəri başdan aydınlaşdırmaq məqsədilə söhbətə girişməyi lazım bilərək soruşdu:
– Hə, nə fikirləşirsən, Elmi? Görürəm, çox pərişansan, Elmi!
– Mən? — o, yuxudan ayılmış adam kimi hərəsan dilləndi. — heç nə! Elə-belə...
– Yox, Elmi. Sən özündə deyilsən, əzizim. Ya işində bir hadisə baş verib, ya da.
– Ya da nə?
– Ya da ki, Əfsanənin gəlişi səni çaşdırıb, Elmi!
—…
– Düz demirəm?
– İşimdə heç nə baş verməyib, bundan arxayın ola bilərsən.
– Demək, qalır ikinci məsələ... Əfsanə məsələsi...
– Əfsanənin də elə nigaran olmalı bir məsələsi yoxdu, Simin! Tapılmağına, sağ-salamat olmağına çox sevinirəm—bədbəxt qadındı. Bizdən başqa kimsənəsi yoxdu yazığın.
– Elədir, Elmi, — ani sükutdan sonra o, Elməddinə bir az yaxın oturub davam etdi, — mən istəyirəm açıq danışaq, Elmi!
– Açıq?
– Hə də.
– Yəni indiyənəcən üstüörtülü danışırdıq?
– Yox, mən o cür demirəm ey... Bilirsən nə cür deyirəm?
– Nə cür deyirsən?
– Demək istəyirəm... demək istəyirəm ki, sən mənə düzünü söyləyəsən, Elmi. Sən Əfsanəni yenə sevirsən?
Elməddin birdən-birə cavab verə bilmədi, susub qaranlıqda Siminin gözlərinin içinə baxmaq və o ləkəsiz aynalarda yazılanları, həkk olunanları oxumaq istədi, ancaq bu mümkün deyildi. Qəribədi ki, elə bu an Simin də onun gözlərinə baxmaq istəyirdi, nə isə oxumaq istəyirdi. Təəssüfləndi ki, gərək işığı əvvəldən yandıraydı, işıqda söhbət edəydilər, onda bəlkə də heç sözə ehtiyac qalmazdı. Elməddin çətin sual qarşısında idi — əsl həqiqəti desinmi? Desə Simin küsməzmi, inciməzmi? Qadındır, hər necə olsa, qadınlar qısqanc olur. Başa düşərmi onun ürəyini? Düzdür, indiyə qədər o qısqanclığını—Əfsanəyə qısqandığını büruzə verməyib. Əksinə, həmişə ondan hörmətlə danışıb, şəklini böyütdürüb, qızımıza onun adını verib! Amma axı bunlar o zaman olub ki, Əfsanə ortalıqda yox idi. İndi isə o burdadır. İndi buna necə baxacaq Simin?
Yalanmı danışsın? «Sevmirəm» desinmi? Axı belə deyil. Yox, Simin ağıllı qadındır, onu başa düşər; düzlükdən böyük təmizlik yoxdur — deyirlər.
– Hə, Simin, sevirəm, əzizim, sevirəm. Bu, sənin acığına gəlsə də, deməliyəm: sevirəm. Mən ümumiyyətlə yalan danışmağı xoşlamıram, yalan danışanlardan da zəhləm gedir. Sənə yalan danışsam özümə də nifrət eləyərəm.
– Yox, Elmi. Yalan danışma, heç vaxt yalan gətirmə dilinə, qurban olum. Sən desəydin də ki, mən onu sevmirəm, buna mən inanmazdım. Üstəlik sən də yalan danışdığına görə gözümdən düşərdin. Sənin məhəbbətin gözlərinə yazılıb, sənin məhəbbətin pərişan üzünə, kədərli ahlarına yazılıb. Dillə, sözlə o məhəbbəti gizləmək olmaz — bunu tək sən yox, heç kəs gizləyə bilməz. O ki qaldı mənə, deyirsən acığına gəlsə də.. Yox, əzizim, acığıma gəlmir mənim. O ürək — sənin ürəyin əvvəl onun olub; mən sonradan gəlmişəm o ürəyə. Gec gəlib yuxarı başda oturmuşam. Sənin səadətin, bir olan Allah bilir ki, mənim üçün hər şeydən əzizdi, Elmi. Sən necə istəsən elə də et. İstəyirsən... — O, bir az duruxdu, barmaqlarını şaqqıldatdı, sonra, asta, hüzn dolu səslə davam etdi: — İstəyirsən, mən çıxım gedim, o qalsın...
– Yox, yox, sən nə danışırsan Simin? Bu fikri başından çıxart, özü də həmişəlik çıxart, Simin.
– Onda... istəyirsən... onu da al. Qoy iki arvadın olsun, Elmi. Azdı iki arvadlı kişi? Biri də sən ol, Elmi. Mən bunu ürəklə deyirəm, inan. O olar böyük xanım, mən olaram kiçik xanım. Əl-ələ verib yaşayarıq — o yazıq da xoşbəxt olar, sən də...
Elməddin eşitdiklərinə inanmaq istəmirdi. Bu balaca, cavan qadının nə boyda ürəyi varmış, aman allah. Yox, yəqin Simin onu sınamaq üçün belə sözlər deyir — yoxsa... hansı qadın bilə-bilə, öz əlilə səadətini, xoşbəxtliyini başqasına verməyə razı olar? Hansı qadın? Elməddin hələ belə şey görməmişdi, eşitməmnşdi. Əfsanənin dayısı Həzrətgülün arvadları — Xədicə ilə Nazənin bir-birinin kölgəsini də qılınclamırdımı? Yaxud Ətiqullanın dörd arvadı qısqanclıq üzündən, heçin-puçun üstündə tez-tez küsüb atalarının evinə getmirdilərmi? Simin gör nələr deyir amma?
– Bu sözləri sidqi-dildən söyləyirsən, Simin?
– Əlbəttə, Elmi. Mənim dilimdəki ürəyimdəkidi həmişə, vallah. İnanırsan?
– Niyə, inanıram, ancaq...
– İnanmağın gəlmir, hə?
– Hə.
– Bax, mənim səndən və Əfsanəmizdən çox istədiyim adam yoxdu dünyada. İkinizin də əziz canına and içirəm, Elmi, bunlar mənim ürək sözümdü.
Elməddinin ürəyi sevinc hissilə dolduğundan az qala dili ağzında təpimişdi. Susdu, dilini çıxarıb dodaqlarını yaşladı və sonra əlini irəli uzadaraq Siminin başını özünə tərəf çəkib sinəsinə sıxdı:
– Sağ ol, Simin. Belə düşündüyünə görə gözlərimdə daha da ucaldın, əzizim. Qəlbi dəryamsan mənim, ağıllımsan mənim. Ancaq qulaq as, gör nə deyirəm.
– Eşidirəm, əzizim, — onun səsi Elməddinin sinəsi üstündən gəldi.
– Mən onu çox istəyirəm, Simin. O mənim ilk məhəbbətimdi, mən bu dünyaya, bu aləmə, şerə, lap elə sənin yanına da onun məhəbbətindən doğulub gəlmişəm. O mənim üçün əlçatmaz, ünyetməz məhəbbət ilahəsi olub. Həmişə onu axtarmışam, yuxumda da onu axtarmışam bu illər ərzində. Ancaq niyə? Nə üçün? Heç özüm də bilməmişəm. İndi də onu istəyirəm. Ancaq niyə istəyirəm — bilmirəm. Bu dünyadan köçəndə də yəqin bir gözüm onu axtaracaq. Bircə şeyi bilirəm ki, mən onu özümə arvad eləyə bilmərəm. Onda da eləmədim, indi də eləyə bilmərəm —çünki o mənim qardaşım arvadı olub. Bax, bu sədd, bu sərhəd mənim əl-qolumu bağlayıb — elə o vaxtdan bağlayıb, ömürlük bağlayıb. Mən qəlbimin istəyinə, ürəyimin hökmünə qılınc çəkmişəm, o istəyi, o nakam duyğunu qəlbimin dərinliklərində öldürmüşəm. Amma ölmür o. Mən qılıncladıqca o dirçəlir, pöhrə verir, qalxır, yaşayır, «mən də varam» — deyir və mənə əziyyət verir, düşündürür, bəzən ağladır da, Ancaq mən... təslim olmuram o hissə, olmayacağam da, Simin! Mən Əfsanəni alsaydım, elə o vaxt alardım. Onda ürəyim qəbul etməmişdi, indi də etməz. Çünki mənim ürəyim elə həmin ürəkdi, əqidəm də elə həmin əqidədi, Simin.
Elməddin arxasını divara söykəyib asta-asta danışdıqca qəlbi bugünkü qatmaqarışıq, dolaşıq hisslərdən kövrəlmiş Siminin gözlərindən ixtiyarsız axan yaş ərinin tüklü sinəsini isladırdı. Heç bu anlarda özü də bilmirdi, niyə ağlayırdı. Sevinc yaşları idimi bu yaşlar
– ərinin ona bəslədiyi böyük məhəbbətmi, sədaqətmi onu beləcə kövrəltmişdi?
Ya illər uzunu sevdiyindən ayrı düşmüş, başı, ürəyi müsibətlər çəkmiş, nəhayət, çox gec, vaxtsız-vədəsiz — evlənəndən, körpəsi dünyaya gələndən sonra yeganə tapındığı, inandığı əziz adamını tapmış və daha ona qovuşmaq imkanını tamamilə itirmiş Əfsanənin halınamı ağlayırdı? Ya da bəlkə odla su arasında qalmış, nə edəcəyini kəsdirməyən Elməddinin vəziyyətinə acıyırdı? Bilmirdi.
Hava yavaş-yavaş işıqlaşırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı: