Birinci hissə, on dördüncü fəsil
Page 3 of 3 · 67%
⎯ Ay kişilər, o gonbul kötükcəyə baxıb nə bic-bic xısınlaşırsız, hə? Qocalmısız, hay-hayınız gedib, vay-vayınız qalıb, amma yenə gözünüz doymur. Görünür, sizi ölənəcən nəzarət altında saxlamaq lazımdır.
Onun bu sözlərinə kişilər bərkdən güldü. Artıq xeyli aralanmış Leyla xanım səsə qanrılıb geri baxdı və təzədən yoluna davam elədi.
Nəzər gözucu Əfzələ fikir verdi. Kişinin ağ, qansız sifətinə qəribə bir kədər kölgəsi qonduğunu gördü indicə. Elə bil güldüyünə peşiman olmuşdu. O, arvadına sarı çönüb nəsə dedi, ancaq Nəzəri baxışları uzaqda tək-tənha, ağır-ağır addımlayan Leylanın dalınca sürünürdü. «Görəsən indi o nə düşünür, ay allah? Doğrudan da sözsüz mahnıya bənzəyir bunların ömür kitabı».
Mariya Aleksandrovnanın səsi onları fikirdən ayırdı, o, çox mühüm, məsul ürəyini, vicdanını sakitləşdirən, sevindirən bir iş görmüş adam kimi piyaləni, soyutmazı zənbilinə qoyub rahat nəfəs alaraq:
⎯ Bu gün də yeməyini vaxtında yedin, kişi! ⎯ söylədi. ⎯ Vaxtında yemək isə ömrü uzadır, sağlamlıqdır. Deyirlər, bütün həyatını naz-nemət içində, ciddi rejimlə yaşayan lord Çörçildən soruşurlar ki, siz ömrünüzdə heç əzab-əziyyət çəkmisinizmi, cənab? Cavab verir ki, hə, bir dəfə dəhşətli əziyyət çəkmişəm ⎯ müharibə vaxtı almanlar Londonu bombardman eləyəndə yeməyimi on dəqiqə gec yemişəm. Siz təsəvvür edirsiz, cənab yeməyini on dəqiqə gec yeyib ⎯ bu, onun üçün dəhşətli əziyyət olub. Mən yazıq isə Əfzəli rejimə öyrədənəcən anadan əmdiyim süd burnumdan gəlib.
Əfzəl Nəzərə göz vurub arvadına sataşdı:
⎯ Tay ağ eləmə, ay Mariya. Sən heç anadan süd əmibsən ki, burnundan da gəlsin? Rəhmətlik danışmırdımı ki, sən doğulanda onun südü çəkilibmiş?
Mariya gülüb, ərklə ərinin çiynini dürtmələdi:
⎯ Gör onu necə yadında saxlayıbsan? Amma yeməyinin vaxtını hər gün unudursan? Mən yadına salmasam, ac qalarsan. Lap uşaq kimisən!
Nəzər özü də yeməyinə-içməyinə fikir vermədiyini xatırlayıb:
⎯ Rejimi bizim üçün deməyiblər, Mariya Aleksandrovna, ⎯ dedi, ⎯ biz çox vaxt səhər yeməyini günorta, günorta yeməyini axşam yeyirik. Sağlamlığımıza da sən deyən fikir verən deyilik! Yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik biz! Deyirlər, inqilabdan əvvəl Bakıda Vəlibəyov adlı bir doktor varmış. Yaxşı sənətkar imiş. Yaxşı da insan imiş! Kasıb-kusuba pulsuz baxarmış, hətta dərman almağa pulu-parası olmayanlara cibindən çıxarıb pul da verərmiş! Ona görə müştərisi çox imiş. Başını qaşımağa belə kişinin macalı olmurmuş! Görür ta çatdıra bilmir, bir gün qulluqçusuna deyir ki, qapının zəngi çalınanda gözlükdən bax, gör gələn rusdu, ermənidi, cuhuddu, ya bizimkilərdəndi! Elə ki, gördün bizimkilərdəndi, növbəsiz-filansız burax içəri. Qulluqçu xəbər alır ki, doktor, bə belə niyə? Deyir, mən öz millətimi yaxşı tanıyıram, əgər bu müsəlman oğlu müsəlman tənbəllik eləməyib durub mənim qapıma gəlibsə, deməli, iş-işdən keçib, deməli artıq ölür ki, gəlib! Başqalarının yanından yel keçən kimi, zökəm olanda, azca başı ağrıyanda, ya hərarəti çıqqacan qalxan kimi, qaçır həkimin yanına; amma müsəlman öləndə gəlir ki, doktor, atam-anam sənə fəda olsun, amanın bir günüdür, ölürəm, məni xilas elə!
⎯ O Vəlibəyov çox düz deyirmiş, Nəzər qardaş! Lap psixoloq imiş o! Bax, bu kişi ⎯ yenə ərinin çiyninə vurdu ⎯ mənə qulaq assaydı, dediklərimə əməl eləsəydi, nə belə tez qocalardı, nə də bu zəhrimar xəstəliyə tutulardı. Qulaq asmadı, mən dedim, mən eşitdim.
⎯ Deyirsən, yəni onda dünyanı tutub duracaqdım?
Mariya Aleksandrovna hikkə ilə:
⎯ Hə! ⎯ dedi.
Elə bu zaman belə boylu, üz-gözündən nur yağan bir qadın və yanında da uca qamətli, sağlam, yanaqlarından dağ havası gələn bir kişi oturacağın qabağında ayaq saxladı. Kişi irəli çıxıb Əfzəlin qənşərində hörmətlə baş əyərək:
⎯ Salam, yoldaş Əliyev! ⎯ dedi. ⎯ Necəsiz?
Əfzəl altdan yuxarı baxaraq:
⎯ A, Yusif, sənsən? Salam-salam, necəsən, oğlum? ⎯ deyərək, onun uzalı əlini sıxdı və bu an böyründəki qadını da görüb: ⎯ O, Nəcibə xanım da burdadı ki? ⎯ deyə yerində çevrikdi. ⎯ Sən nə təhərsən, qızım?
⎯ Yaxşıyıq, yoldaş Əliyev. Təki, siz yaxşı olun.
⎯ Oğul-uşaq da salamatdımı?
Yusif razılıqla:
⎯ Əlinizi öpürlər, yoldaş Əliyev! ⎯ söylədi.
Mariya Aleksandrovna tanımadığı bu adamların əri ilə çox isti-isti danışdığını görüb, hörmət əlaməti olaraq yanında onlara yer göstərdi. Əfzəl başı ilə işarə elədi:
⎯ Oturun da!..
Yusif:
⎯ Sağ olun, gedirik. Sizi gördük, dedik elə bir salam verək, kefinizi soruşaq, ⎯ dedi.
⎯ Təşəkkür eləyirəm, balalarım.
Onlar xudahafizləşib aralanan kimi, Mariya Aleksandrovna tələm-tələsik soruşdu:
⎯ Kimdi bunlar? Bəs biznən niyə tanış eləmədin, kişi? Yüz dəfə demişəm, belə eləmə. Bu, mədəniyyətsizlikdi, ən azı!
⎯ Hə, yadımdan çıxdı, Mariya, bağışla.
⎯ Kimlərdisə, yaxın adama oxşayırlar! ⎯ Nəzər qeyd elədi. Əfzəl kişi buxara papağının arxasını qaldırıb boynunun ardını qaşıdı, gedənlərin dalınca baxa-baxa:
⎯ Bu Yusif deyilən oğlana bir zamanlar səkkiz il iş vermişəm! ⎯ dedi.
Mariya Aleksandrovna seyrək qaşlarını çatdı:
⎯ Səkkiz il iş vermisən? Ona görə səninlə belə mehriban danışır? Yəni günahını başa düşənlərdəndi?
Nəzər də maraqlandı:
⎯ Nə üstündə, Əfzəl kişi?
Əfzəl suallara birdən-birə cavab verməyə tələsmədi. Gözləri yol çəkdi xeyli müddət, sanki nəyisə xatırlamaq istəyirdi. Mühasiblərinin diqqətlə ona baxdıqlarını hiss eləyib, nəhayət, dilləndi:
⎯ Mən otuz beş ildən çox hakim işləmişəm, on yeddi rayonda çalışmışam. Əcaib-qəraib cinayətlər törədən adamlara iş kəsmişəm, vaxt olub ölüm hökmü də oxumuşam. Bilmişəm ki, qatildi ⎯ nə dilim topuq çalıb, nə dizlərim əsib. Təkcə bax, o gedən oğlana iş kəsəndə heyrətlənmişəm.
⎯ Neyləmişdi axı, o? ⎯ Mariya hövsələsizlik göstərdi.
⎯ Sevirmiş və məhəbbəti yolunda da ağlasığmaz, hər oğulun ürək eləyə bilmədiyi bir iş tutmuşdu. Mən onda bu Yusifdə qəribə bir mərdlik, fədakarlıqla bərabər, bir divanəlik də gördüm. Sən demə, bu Yusif bax, yanındakı həmin qızı ⎯ Nəcibəni sevirmiş. Yusif şofer idi, Nəcibə şəfqət bacısı işləyirdi. Oğlan gecə-gündüz onu izləyirmiş, yalvarıb-yaxarırmış, «Sən mənim həyatımsan, mən sənsiz yaşaya bilmirəm» ⎯ deyirmiş, ancaq Nəcibə «yox!» deyib dururmuş.
⎯ Yəqin sevmirmiş də! ⎯ Mariya ərinin sözünün arasına girdi. ⎯ Zorla da ailə qurmaq olar?
⎯ Hə, sevmirmiş qız! Amma sonra sevib, özü də möhkəm sevib!
⎯ Necə? Sevib?
⎯ Hə. İş ölüb-öldürməyə çıxandan sonra sevib! O zaman Yusifin böyük qardaşı bizim milisionerimiz idi. Günlərin birində Yusif qardaşını yuxuya verib tapançasını çırpışdırır, gəlib qızın qabağını kəsir, ağlaya-ağlaya, ürəkdən sevən bir adam sevdiyinə necə yalvararsa, eləcə yalvara-yalvara deyir: «Daşı tök ətəyindən, Nəcibə. Mənə «hə»de. Mən səni gözüm üstə saxlayaram, xoşbəxt eləyərəm. Əgər yox desən, səni də öldürəcəyəm, özümü də. Qoymayacağam sən başqasının olasan, inan, qoymayacağam. Öləcəyəm, səni heç kəsə verməyəcəyəm». Qız yenə «yox» deyir. «Öldür, mən səni sevmirəm», ⎯ söyləyir. Bu zaman artıq cünunluq dərəcəsinə gələn oğlan tapança ilə qızı da vurur, onun gözünün qabağında özünü də.
⎯ Dəhşət! ⎯ dedi Mariya.
⎯ Ancaq xoşbəxtlikdən heç biri ölməmişdi. Xəstəxanaya vaxtında çatdırmışdılar, iki aydan sonra sağaldılar. Yusifi mühakimə elədik. Onda soruşdum oğlandan:
⎯ Peşimansan əməlindən? Dedi: «Yox. Güllələnmə kəssəniz də xoşbəxt hesab eləyirəm özümü. Əgər ölməsəm, sağ qalsam, qayıdıb yenə onu alacağam».
⎯ Başına hava gəlibmiş yəqin! ⎯ Mariya Aleksandrovna kədərlə ah çəkdi.
⎯ Yox. Tam ağıllı idi. Mühakiməsini əsla itirməmişdi. Həkimlər də bunu dəsdiq eləyirdi. Qərəz, səkkiz il verdik, getdi. Məni başqa rayona dəyişdilər, ta sonrasından xəbərim olmadı. Əlli səkkizinci ildə… hə, gərək ki, əlli səkkiz idi, Yusif özü gəlib məni axtardı, tapdı. Tanımadım əvvəl, əhvalatı deyən kimi xatırladım. Kabinetimdə oturduq, xeyli söhbət elədik. Dedi: «Mən sizə dediyimi elədim, yoldaş nəçənnik! Nəcibə indi mənim ömür-gün yoldaşımdı». Sən demə, Yusif işini çəkib gəlir, görür ki, Nəcibə heç kəsə ərə getməyib. İstəyənləri qapıdan qaytarıb. Anasına deyib ki, «mən Yusifin yolunu gözləyəcəyəm. Gəlsə, onunam, gəlməsə, heç kəsin. Məni onun qədər kimsə istəməyib, istəyə də bilməz. Mənim üçün həyatından keçən adamın yolunu ömrüm boyu gözlərəm».
Sonra evləniblər. İndi xoşbəxtdirlər. Üçmü-dördmü uşaqları da var!..
Mariya Aleksandrovna nəyəsə həsəd çəkirmiş kimi köksünü ötürdü:
⎯ Qəribə məhəbbətdi! ⎯ söylədi.
Nəzər isə:
⎯ İndiki zamanda nadir hadisədi, ⎯ deyə fikrini bildirdi, siqaret çıxarıb müştüyünə keçirdi və vaxtilə, uzun-uzun illər bundan qabaq bir işıqlı sinif otağında doluxsunan, sonra, bütün müharibəni onun xəyalında canlanıb nəsə pıçıldayan bir cüt ala gözü ⎯ Bikə xanımın ala gözlərini xatırlayıb uşaq kimi bəxtəvər-bəxtəvər gülümsündü.
… Kommunist küçəsiylə üzü yuxarı qalxırdı. Müştüyü damağındaydı. Fikrində Əfzəl idi, Mariya Aleksandrovna idi, Leyla xanım idi, Yusiflə Nəcibə idi. Əfzəli, Leylanı çoxdan tanıyırdı, amma o biriləri bir az bundan qabaq görmüşdü, tanımışdı. Nədənsə ona elə gəlirdi ki, onlarla bir yerdə çox olub, oturub-durub, dərdləşib. Bu adamların hərəsinin bir maraqlı həyat romanı var və kimsə, haçansa mütləq o romanı qələmə alacaq. Qayğılı-qayğılı addımlayırdı, elə bilirdi ki, onlar da ⎯ dəniz qırağında gördüyü, söhbət elədiyi o adamlar da yanındadı, bir-birinə qoşulub dəstə ilə harasa gedirlər.
Daş binanın qabağından keçəndə, əli, çiyni çantalı uşaqları gördü, yadına məktəb düşdü, xəyalındakı ⎯ «yanındakı» adamları unutdu. Heç özü də bilmədi ki, haçan o uşaq dəstəsinə qoşulub alçaq, daş pillələri qalxaraq içəri girib. O, geniş, işıqlı, cürbəcür stendlərlə bəzənmiş dəhlizə ayaq basanda zəng çalındı. Zəngin səsi təkcə havanı titrətmədi, onun qəlbinin tellərini də titrətdi, darıxıbmış bu səs üçün, sən demə. Elə bil dünya gözlərində dəyişdi, təzələndi. Sevindiyindən bir yerdə dayanıb cəmi bir neçə saniyə cingildəyən o qəribə, şirin səsi dinlədi, dinlədi. Gözlərini açanda uşaqları görmədi ⎯ siniflərə doluşmuşdular yəqin. Nəzər dəhlizdə tək dayanmışdı, naməlum bir dünyaya düşmüş adam kimi harada olduğunu ayırd eləməyə çalışırdı ki, balacaboy, arıq qapıçı arvad altdan yuxarı ona baxıb:
⎯ Yoldaş, sizə kim lazımdı? ⎯ deyə soruşdu. Nəzər onu diqqətlə süzdü, tanıya bilmədi. Və bu, ona hər şeyi anlatdı: ürəyindən əzablı bir gizilti axıb keçdi ⎯ «Bu, bizim məktəb deyil. Yox, mənim məktəbim deyil bu!..»
Ağır, asta bir səslə:
⎯ Heç, elə-belə… ⎯ deyə Nəzər güclə dilləndi və qıçlarını sürüyə-sürüyə qapıya doğru addımladı. Gözləri yaşarmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:
Üçüncü hissə, birinci fəsilGözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.