Page 2 of 5 · 20%

⎯ Hə, düz deyirsən, ay Sadıq. Amma çox uzun çəkdi ey, sənin bu müdafiə məsələn! Necə deyərlər, elə mən gözümü açandan sən bu əsər üzərində işləyirsən, amma ucu-bucağı görünmür.

⎯ Çətindi, çox çətindi, Nəzər bəy. Alim olmaq sənə hasan gəlməsin! Baxırsan? Kitabın içində itib-batmışam. ⎯ Sadıq əlini stolun üstündəki, şkafdardakı kitablara sarı uzatdı. ⎯ Hər yan kitabdı. Gecə yatanda da yuxuma girir zəhrimarlar! ⎯ Birdən yadına nə düşdüsə, qapıya boylandı: ⎯ Gülya! ⎯ deyə səsləndi. Güllü dəhlizdə göründükdə, soruşdu: ⎯ Hamamı yandırmısan?

⎯ Hə, ⎯ Güllü bu sualı yersiz sanıb utandı, yanaqlarına bir qızartı çökdü.

⎯ Bəs de də. ⎯ Sadıq ayağa qalxdı.

Güllü gözləyirdi ki, indi əri, atasına çimmək təklif eləyəcək. Yaxşı olardı, kişi yoldan gəlib, yuyunardı, təmizlənərdi. Həm də bu, kiçik şey olsa da, məhəbbət artırardı, çünki Güllü yaxşı bilirdi ki, atasının Sadıqdan o qədər də xoşu gəlmir. Ancaq Sadıq stolun arxasından çıxıb:

⎯ Mən çimim! ⎯ dedi və qapıya tərəf addımlayanda Güllü çəkinə-çəkinə:

⎯ Ay ata, bəlkə sən də çiməsən? ⎯ söylədi.

⎯ Yox, madonna! ⎯ dilləndi Nəzər, ⎯ mən dünən Güldanəgildə yaxşı-yaxşı çimmişəm!.. Sağ ol.

Güllü:

⎯ A, hamamları var? ⎯ deyə xəbər aldı.

⎯ Hə, əntiqə bir hamam tikib Tapdıq. İki göz istəyir tamaşa eləsin.

Sadıq aralıqda dayandı, xalaxətrin qalmasın:

⎯ Bacanaq müəllim nə təhərdi? ⎯ soruşdu.

⎯ Yaxşıdı. Bir dənə də «Volqa» alıb!

⎯ O, ⎯ deyə Sadıq səsini ucaltdı. ⎯ Sağ ol, bacanaq!

Sadıq Nəzərə çimmək təklif eləmədən, Güllünün yanından sivişib getdi, hamama girdi. İçəridə su şırıltısı eşidiləndə Güllü gəlib, atasının qabağında dayandı, ona diqqətlə baxa-baxa, sanki ərinin buraxdığı səhvi düzəltmək istəyirmiş kimi:

⎯ Sağlıqlarına qismət olsun! ⎯ dedi.

⎯ Çox sağ ol, ay mənim madonnam! Nə təhərsən, can bala?

⎯ Belə də. Yaşayırıq, ay ata! ⎯ Sonra üzünü babasının dizi üstə oturan qızına tutdu, ⎯ düş aşağı, babanı incitmə, qız! Seyranə saymamazlıqla yırğalandıqda, Güllü:

⎯ Ya tebe şto skazal? ⎯ deyə qızının üstünə çımxırdı. Qız babasının qucağından yerə düşüb yaşına uyğun olmayan bir ədayla anasına irad tutdu:

⎯ Ma, neçə dəfə mojna skazat ki, «skazal» yox, «skazala». Bolşoy arvadsan, amma pravilno qovorit eləyə bilmirsən.

⎯ Kəs səsini, şeytan, ⎯ deyə anası gülə-gülə qızına acıqlandı, üstünə cumanda qız atlana-atlana o biri otağa qaçdı: ⎯ Sən guya çox düz danışırsan.

Nəzər yayda gələndə bu barədə ətraflı danışdığından daha sözünü təzələmədən, başını narazı halda tərpədə-tərpədə ancaq:

⎯ Uşağı Əli aşından da eləyəcəksiz, Vəli aşından da. ⎯ deməklə kifayətləndi, üzünü yana çevirəndə gözü Sadığın stolu üstündəki kitablara sataşdı. Güllü:

⎯ Nəyə gülürsən, ay ata? ⎯ Qızı nigaran-nigaran xəbər aldı.

⎯ Mən deyəndə ki, sənin Sadığın bu kitabların heç birini oxumur, gözdən pərdə asmaq, özünü alimnüma göstərmək istəyir, inanmırsan. Bax, keçən dəfə gələndə, onun ad günündə, ananla burada olanda mən qırmızı «ensiklopediya»nın arasına bir dənə şax yüzlük qoydum, anana da dedim ki, gələn il gələndə bu pulu bu kitabın arasından tapmasam, adımı dəyişərəm. Bunların hamısını yalandan açıb qoyub bura. Dedi elə şey olmaz. Dedim baxarsan. İndi yaxın gəl, ⎯ deyib qalın kitabı qaldıraraq vərəqlədi.

⎯ Ay ata, sən də ağ eləmə. Yazıq gecə-gündüz oxuyur ⎯ deyə Güllü ərinin yamını vermək istəmədi.

⎯ Oxuyursa, onda o yüzlüyü hökmən görməlidi. Yoxlayaq, baxaq.

Güllü maraqla tamaşa eləyirdi. Nəzər kitabın vərəqlərini xışıltı ilə çevirib birdən sevincək:

⎯ Aha, bax, budur! ⎯ dedi. Və şax yüzlüyü götürüb qızının burnunun qabağında yellətdi.

⎯ A, a!..

⎯ Nə a! Gördün, inandın indi?

Güllü şəhadət barmağını nazik dodaqlarının üstünə qoydu, ancaq təəccübdən heç nə deyə bilmədi. Nəzər gülə-gülə:

⎯ Al, bunu sənə bağışlayıram! ⎯ dedi, ⎯ xərclərsən!

Güllü çaşqın halda pulu alıb, xalatının cibinə qoydu.

⎯ Təəccüb eləmə, mənim madonnam! ⎯ dedi Nəzər, ⎯ var belə adamlar. Nəfəsləri yalandan gedir-gəlir belələrinin. Evdə arvadını, uşağını aldadan, çöldə, idarədə başqalarını göydə aldadır, qızım.

Mən bunu ona görə demirəm ki, sənin gözündən salım Sadığı. Özün sevib gedibsən, zahirən də pis oğlan deyil. Ona görə deyirəm ki, avam olmayasan, gözün açılsın, qızım!.. Mən bilirəm, sən: «özü yıxılan ağlamaz!» ⎯ deyib, çox şeyləri udursan, nə anana, nə mənə bir söz deyirsən. Amma axı, mən Nəzər müəlliməm, adamın üzünə baxanda, içini ayna kimi görürəm. Görürəm ki, sən nələr çəkirsən, necə ürəyini yeyə-yeyə yaşayırsan. Sən Güldanədən də üç yaş balacasan, amma baxıram onun saçında bir dənə də ağ tük yoxdu, sənin başının isə az qala yarısı ağarıb. Elə bilirsən, atan rəngnən, xınaynan boyadığın, qaraltdığın saçlarında o tükləri görmür? Mən hər şeyi yaxşı görürəm, qızım və həmişə sənin dərdini çəkirəm, heç anana da demirəm çox vaxt, ona dərd vermək istəmirəm. Sən gərək mən istəyən kimi xoşbəxt olaydın. Amma… neyniyəsən, taleyin qismətindən heç yana qaçmaq mümkün deyil!

Güllü heç vaxt nə anasına, nə atasına, nə də hətta uşaqlıqdan sirləri, gizlinləri bir olan bacısına da ərindən giley-güzar eləməmişdi. Sadıq bir kişi kimi çox qəşəng idi: uca boyu, enli kürəkləri vardı. İri, qapqara gözlərindən elə bil qığılcım səpələnirdi ətrafa. Güllü o zaman ⎯ texnikum uşaqlarını pambıq yığmağa gətirəndə Sadığın o qəşəng gözlərinə vurulmuşdu. Heç özünün də xəbəri olmadan, bir də onda ayılmışdı ki, Sadığın əlindədi, geriyə yol yoxdu. Qalmalıdı, Sadığa arvad olmalıdı. Olmuşdu da. Ancaq sonra o gözlərin işığı öz parıltısını itirməyə başlamışdı; sən demə, Sadıq təkcə ona yox, hamıya, hər şeyə o cür baxırmış. Sən demə, Sadıq bu böyük və nəhəng şəhərdə çox gəzib dolanıbmış, cürbəcür qadınları, qızları dişinə vurub, sınayıbmış, əsl ev qızı axtarırmış. Və bu «ev qızı» da Güllü olmalıymış. Sadıq Güllünü istəyirdi, qiymətləndirirdi. Qəsdən oxumağa qoymamışdı. Nəzərin, qızın özünün dəfələrlə təkidinə, işarəsinə baxmayaraq, Sadıq Güllünü oxutmaq fikrindən uzaq olmuşdu. Bu barədə, çoxlarına qəribə görünsə də, Sadığın öz mülahizələri vardı və bunları o heç kəsə açıb demirdi. Onun düşüncəsində arvad indiki zamanda yaxşı evdar qadın olsa, uşağını yaxşı tərbiyə eləsə, ərinin qulluğunda layiqincə dayana bilsə, bəsidir. Guya indi idarələrdə, müəssisələrdə, təşkilatlarda işləyən qadınlar, əslində, qazandıqlarından çox uduzurlar. Uşağının tərbiyəsi ilə məşğul ola bilmir ⎯ uduzur. Uşaq baxımsızlıq üzündən tərbiyəsiz olandan, ər istədiyi diqqət, qayğı və rahatlığı görmədiyinə görə bu şeyləri böyük həvəslə, məmnuniyyətlə yaratmağa qadir olan bir başqa qadının əlinə düşəndən sonra sən o qazandığın yüz-yüz əlli manatla qaytar itirdiklərini, görüm necə qaytaracaqsan. Uşağının tərbiyəsini o pulla satın ala bilməzsən, başqa qadının ağuşuna gedən kişini o pulla geri döndərə bilməzsən.

Sadığın beynində, ürəyində bir fikir də yurd salmışdı. Və ən dəhşətlisi bu idi ki, gözəl qadını, gözəl qızı cəmiyyət içinə gərək qətiyyən buraxmayasan. Buraxdın ⎯ uduzdun. Buraxdın ⎯ ondan əlini üz, gözünü çək, daha o sənin deyil. Düşünürdü ki, guya indi əxlaq deyilən şey laxlayıb, çürüyüb. Adamlarda mərdlik, ləyaqət azalıb, müqəddəs heç nə qalmayıb!

İdarələrdə indi ac qurda bənzər «kişilər» əmələ gəlib. Onlar gözdə-qulaqdadı ⎯ bir qəşəng qadın gələn kimi, onu müxtəlif vasitələrlə ələ almaq, öz adamı eləmək istəyirlər. Xüsusilə vəzifəli olanlar! Bəzən qadın nə qədər ağıllı, təmkinli, dəyanətli olsa da, bir gün, beş gün, lap beş il müqavimət göstərsə də, bir də görürsən ki, axırı sırtığın, dələduzun, yaramazın birinə «ilişib», oturub tələnin ortasında. Ondan sonra gəl bunun altından çıx görüm, necə çıxırsan! Sadıq öz aləmində bir şeyə lap nifrət eləyirdi: «Bizdə qəribədi, vallah. Mən çox yerləri gəzmişəm, görmüşəm, amma belə hala rast gəlməmişəm. Peşimandı müəllim tələbəsi ilə, müdir öz gözəl işçisi ilə ikicə kəlmə mehriban-mehriban danışsın, o saat zurna pülüyürlər, bir şonquruq qoşurlar ki, səsi-sədası düzü-dünyanı götürür başına. O saat ləkələyirlər! Filan qız, filan gəlin filankəsin adamıdı, vəssalam!.. Daşı bu damğanı ömrünün axırınacan, görüm necə daşıyacaqsan! Odur ki, sənə əmanət ⎯ arvadın qəşəngdirsə, oturt evdə. Yeməyini ver, paltarını ver, uşağını saxlasın, bozbaşını bişirsin, vəssalam! Səhər bir köpəyoğlu da deməsin ki, mən filankəsin arvadına…» ⎯ deyə Sadıq, kənar adama məsləhət verirmiş kimi, çox vaxt özünə öyüd-nəsihət eləyirdi. Sadıq yaxşı bilirdi ki, səhv eləyir, bütün gözəl qızlar, qadınlar onun düşündüyü kimi deyil və ola da bilməz. Ancaq nə qədər çalışırdısa, bu xəstə fikri beynindən çıxara bilmirdi. «Qardaş, işini ehtiyatlı tut, qonşunu oğru bilmə!» ⎯ deyirdi axırda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil

...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.

5 min
X fəsil

Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?

6 min
XI fəsil

Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.

3 min
XII fəsil

İdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.

4 min

Poems by other poets