Birinci hissə, on üçüncü fəsil
Page 4 of 5 · 60%
Həmin gecə Güllü hamamdan tez çıxdı. Gördü ki, atası kabinetdən mətbəxə, Seyranənin yanına gedib. Güllü atasının üzünə baxa bilmirdi: «Ətin tökülsün, ay Sadıq, ətimizi tökdün».
Seyranə firnisini yeməmişdi. Qıçlarını stuldan aşağı sallayıb, ləbələb dolu nimçəyə tamaşa eləyirdi. Bunu görə ana, Sadığın əlindən yığdığını da qızının üstünə töküb cin atına mindi, çımxırdı:
⎯ Ay qız, yeməmisən hələ?
Seyranə qırmızı bantlı başını yellədi:
⎯ Ne xoçu.
⎯ Poçemu, ağız?
⎯ Ya sıt.
⎯ Sənə deyirəm quşiy, ağız!
Seyranə əlindəki kiçik qaşığı yerə atdı, qıçlarını yırğalaya-yırğalaya, əsəbiliklə:
⎯ Quşiy yox, mama, kuşay! ⎯ dedi. ⎯ Neçə dəfə mojna skazat?
Nəzər müəllim əlləri cibində geniş mətbəxtdə gəzinə-gəzinə ortalığa:
⎯ Yox, mən görürəm, işiniz müşkül olacaq, sizə ⎯ ana-balaya bir dilmanc lazımdı. Yoxsa bir-birinizi çətin başa düşəcəksiniz. Gərək Sadığa deyəm sizin üçün bir dilmanc da tapsın… ⎯ dedi.
Nəzərin səsindəki kinayəni duymaya bilməzdi Güllü. Ona görə atasının üzünə günahkar-günahkar baxıb:
⎯ Sadıq eləyir də. Deyir, gərək uşaq rus məktəbinə getsin, ⎯ dedi. ⎯ Onunçun qoyub bağçaya ki, dil öyrənsin indidən.
⎯ Sadıq səhv eləyir. Rus dilini onsuz da öyrənəcək, madonna, sənin uşağın. Şəhərdə yaxşı keçirlər. Ancaq ana dilini hökmən bilməlidi. Sadıq və Sadıqkimilər işin bir tərəfini fikirləşir, o biri tərəfini yox! Yaxşı, yerindən duran azərbaycanlı uşağını rus məktəbinə qoysa, bəs Azərbaycan məktəblərində kim oxuyacaq? Mən? Sən? Belə getsə, bir azdan sonra şəhərdəki bütün Azərbaycan məktəbləri boş qalacaq, bağlayacaqlar, bala. Şəhər müəllimlərini də atacaqlar bayıra. Özü də fikir vermişəm, əksərən ziyalılardı belə eləyən. Vəhalonki, mətbuatda, radioda, televiziyada dilimizi qorumaqdan danışanda ağızlarına çullu dovşan sığışmır. Onu bil ki, öz dilini yaşatmağa qadir olmayan xalq gec-tez ölümə məhkumdu, bala! Bizim bir çox qeyrətsizlərimiz bunu hayıf, unudurlar ki, Lenin də belə deməyib! Vallah, belə deməyib, billah belə deməyib!
Nəzər bir az susub əlavə elədi: ⎯ Amma gərək sən dil öyrənəsən, qızım, başqa əlacın yoxdu. Boş-bekar oturubsan evdə, işiningücünün adı nədi, öyrən də! Gündə iki söz öyrənsən, bəsindi.
⎯ Qoyur ki, öyrənəm? Nə deyirəm, əndamı yanmamış, ələ salıb gülür, lağ eləyir. Mən də hirslənirəm.
⎯ Hirslənmə, bala, hirslənmə. Öyrən!.. Seyid Əzim rəhmətlik yaxşı deyib: «Bilməsək dil, əlacımız yoxdu».
Nəzər bunu deyib yemək otağına keçdi. Nəzər müəllim yalnız böyük, işıqlı, kondisionerli, yapon televizorlu, maqnitofonlu bu otağa daxil olanda başa düşdü ki, Güllügildə də çox qala bilməyəcək, əslində lap nahaq gəlib. Güllünü, nəvəsini nə qədər çox istəsə də, onları görməyəndə darıxsa da, kişi Sadığın evində nədənsə həmişə sıxılırdı, iştahla yeyə bilmirdi, gecələr yatanda isti, rahat yorğan-döşək gicitkən kimi canını dalayıb yandırırdı. Elə bilirdi ki, yediyi çörəyi çeynəməmiş, diri-diri udduğuna görə, boğazında qalır; elə bilirdi ki, yorğan-döşək kiminsə özgənindi, buradakı hər şeyin, hər şeyin dalınca baxan gözlər görürdü sanki Nəzər. Ona öz varlığı kimi, gün kimi aydın idi ki, bunların heç birini kürəkəni Sadıq öz alın təriylə, əlinin qabarıyla qazanmayıb; kimlərsə verib, gətirib, ya pulunu cibinə basıb Sadığın. Bunları o özü demişkən, ürəyinin gözüylə aşkar-aydın görürdü, di gəl ki, açıb-ağarda bilmirdi. Qızı, yediyi bütün loxmalardan da iri bir loxmaya dönüb nəinki nəinki boğazını tıxayırdı, hətta dilini də bağlayırdı. Və dünya görmüş, isti-soyuq dadmış Nəzər, içini göynədən bu ağrı-acını açıb-ağartmasa da, eyhamla, işarə ilə qızını başa salmaq üçün, hərdən özünü saxlaya bilməyib deyirdi:
⎯ Ağıllı ol, mənim madonnam. Həmişə sabahkı gününü də düşün. Bu dünya, ⎯ o, əlini cah-cəlallı evin içində dolandırırdı və Güllü başa düşürdü ki, atası dünya deyəndə bu gəlhagəli, bu var-dövləti nəzərdə tutur, ⎯ həmişə belə qalmayacaq. Həyatda hər gəlhagəlin bir gethagedi də olur, bunu yadında saxla, mənim madonnam!
Kişi daha sözlərini xırdalamırdı, qızının qəlbini parçalayıb dağıtmaq istəmirdi, çünki görürdü ki, o, atasının nəyə işarə elədiyini yaxşı başa düşür, başa düşməsəydi, elə qəmli-qəmli gülümsəməzdi Güllü!
Bayaq dediklərinə də peşiman idi. Nahaq o sözləri Güllüyə söylədi. Ürəyiynən bacara bilməmişdi, illərnən yığılıb dilə gətirilməmiş sözlər idi axmışdı dodaqlarından!
«Qızın qəlbini nahaq qanatdım, bica yerə dərdlərini üzünə oxudum. Mənim balam həssasdı. Onsuz da çəkdikləri özünə bəs idi. Deyir lap peyğəmbər imişsən, ay ata. Amma gör, qızım, sən peyğəmbər atının sümüyünü kimin sümüyünə caladın. Nə kəsmək olur, nə atmaq olur, nə də açıb-ağartmaq olur».
Sadıq hamamdan çıxandan sonra balkonda manqal çatmışdı. Cənubdan, dəniz tərəfdən əsən yüngül meh tüstünü qonşunun balkonuna aparırdı. Əlbəttə, tək tüstü getmirdi, şişlərə çəkilmiş ağ balıq tikələri kömür közü üstə cızhacızla yanıb xınalandıqca xoş iyi də ətrafa yayılırdı. Sadıq yaman kababbaz idi, özü yaxşı bişirdiyindən heç kəsi yaxın qoymurdu, başqalarının kababını da bəyənmirdi.
Nəzər otaqda, stol arxasında oturmuşdu. Güllü süfrə düzəldirdi. Seyranə televizorda mültfilmə tamaşa eləyirdi.
Nəzəri ağ balığın iyi vurdu. Haçandı yeməmişdi, az qala dadı da yadından çıxmışdı. Durub balkona açılan qapıya gəldi, cızıldaya-cızıldaya alovlanmış şişlərin üstünə bankadan duzlu su çiləyən Sadığa baxdı ⎯ üzü köz işığında mis rəngi çalırdı.
⎯ Sən bu balıqçılarnan qurtarmayıbsan hələ? ⎯ deyə kürəkəninin vaxtilə Balıqçılıq texnikumunda işlədiyini, onda da tez-tez evə balıq, kürü gətirildiyini xatırlayan Nəzər maraq üçün soruşdu. Sadıq şişi çevirib güldü:
⎯ Balıqçılarnan da qurtarsaq, balıqnan qurtarmamışıq, Nəzər kişi!..
⎯ Hm.
⎯ Əslində heç balıqçılarnan da qurtarmamışam. Yaxşı oğlanlardı hamısı. Unutmurlar müəllimlərini. Nədən ki, mən heç birinə pislik eləməmişəm o uşaqların. Həmişə hörmət eləmişəm. İmtahanda, zaçotda, qəbullarında…
Nəzər çiynini qapının çərçivəsinə söykəyib ah çəkdi: sanki o indi xatırladı ki, Sadıq da müəllim olub və buna heyrət elədi ki, niyə o indiyəcən Sadığı müəllim saymayıb, niyə ona elə gəlib ki, Sadıq müəllim deyil, hardasa dükanda, bazarda işləyən bir adamdı? Niyə? Amma bu, həqiqət idi, doğrudan da, Sadıq uzun illər texnikumda müəllimlik eləmişdi, elə Güllünü alanda da müəllim idi, sonra da neçə müddət, lap bu yaxınlaracan orada işləyib dərs demişdi.
«Hə, bəzən belə şeylər də olur, Nəzər müəllim!» ⎯ öz-özünə pıçıldamışdı.
⎯ Amma burda nahaq bişirirsən, Sadıq.
⎯ Nəyi? Kababı?
⎯ Hə də.
⎯ Niyə ki?
⎯ Ona görə ki, qonum-qonşuya iyi dəyir. Zahı, hamilə, xəstə qadın ola bilər, şişərlər, günahdı.
⎯ Yox, əşi, bura şəhərdi, Nəzər kişi. Sən kənd havasıynan deyirsən bunu. Şəhərdə adamlar elə şey bilmirlər. Bir də mən onların əl-ayağını tutmamışam ki, onlar da bişirsinlər, yesinlər.
⎯ Hamının belə imkanı yoxdu, Sadıq. Hamının balıqçı dost-tanışı yoxdu.
⎯ İndi neyliyək deyirsən?
Nəzər bu sualın cavabını verə bilməyib susdu. Sadıq şişin birini götürüb təndir çörəyi ilə sivirərək tikələri qaba boşalda-boşalda:
⎯ Bilirəm, deyəcəksən niyə mağazada yoxdu, niyə açıq satışda yoxdu və s., və s. Onun min bir səbəbi var, Nəzər kişi və bunu mən həll eliyəsi deyiləm, ⎯ söylədi.
Nəzər siqaret yandırdı, əsəbi bir gərginliklə tüstünü ciyərinə çəkib, yarıciddi-yarızarafat şəklində:
⎯ Həzm eləyə bilirsiz, amma həll eləyə bilmirsiz? Hə? ⎯ dedi.
⎯ Ay Nəzər kişi, dünyanın dərdi-səri bizə qalmayıb ki? Biz kimik? Balaca adamlar. Qoy böyüklər fikirləşsinlər niyə belədi? Niyə, məsələn, balıq yoxdu? Bizə nə! Bir də, Nəzər kişi, atalar deyib, başarana baş qurban! Dünya zirəklərindi, kişi! Kim necə bacarırsa, elə də yaşayır! ⎯ Sadıq axırıncı şişin də tikələrini çəkib; ⎯ Hə, keç içəri, kababımızı yeyək, kabab qanlı, iyid canlı deyiblər. Yoxsa bu dünyanın dərdlərini həll eləməyə başlasaq, kababımız soyuyar!.. ⎯ dedi.
Nəzər içəri döndü və ürəyində: «İlahi, bu cür düşünən adamı nə təhər olur gətirib nazir müavini qoyurlar? Axı, bu gədənin içi, ürəyi, əqidəsi çürükdü, boşdu. Nə təhər olub axı bu? Yəni sabah bunu nazir də qoya bilərlər? Vay dədə, vay!» ⎯ deyə pəjmürdə halda keçib stol arxasında əyləşdi. Qayınatasına Sadıq özü qulluq eləyirdi. Tikələrin ən yaxşısını, xınalısını onun qabağına qoyurdu, boşqabına narşərab tökürdü.
Seyranə hələ də televizor ekranından qopmamışdı.
⎯ Ay qız, gəl çörəyini ye!
Seyranə qalxıb atasının yanında oturaraq süfrəyə göz gəzdirdi, dəhşətli bir şey görübmüş kimi:
⎯ Opyat balıq? ⎯ deyə səsləndi. ⎯ Utrom balıq, veçerom balıq. Nadoel vse! Ya ne xoçu!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-on-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
XII fəsilİdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.