Birinci hissə, yeddinci fəsil
Page 5 of 5 · 80%
⎯ Sən hikmətə bax ha. Bunu heç eşitməmişdim. ⎯ Bikə dilləndi.
⎯ Odur ki, deyirlər: insanın gözünü ancaq torpaq doydurar.
⎯ Gərək sən də mənim kimi eləyəydin, Nəzər. O saat əmrini verəydin gərək.
⎯ Mən direktor deyildim onda. Direktor olsaydım, əlbəttə, edərdim. Şakir özü idi direktor. Mən adicə müəllim idim. Bu məktəb qayğılarını, məktəb dərdlərini əvvəlcə pedsovetdə, sonra maarif şöbəsində, daha sonra avqust müşavirələrində, raykomda dedim. Amma səsimə səs verən az oldu, «yaxşı, məşğul olarıq» – dedilər. Dedilər, ancaq heç nə eləmədilər, bilirsən. Neçə dəfə Bakıya yazdım, komissiyalar gəldi.
⎯ Bəs nəticəsi-zadı olmurdu o komissiyaların?
⎯ Nəticəsi? Nəticəsi nə olacaqdı ki? Komissiya gedən kimi Şakir əvvəlcə ayağını rayona, Murad əmisinin yanına qoyurdu, sonra da «Jiquli»sinə minib Bakıya qanad açırdı, bəndi-bərəni bağlayırdı, qayıdıb gəlirdi.
⎯ Bakıda ha?
⎯ Bəli, Bakının özündəcə.
⎯ Ta bu olmadı ki?
⎯ Niyə olmur, arvad. Deyirsən Şakir… Sən elə bilirsən Bakıda, maarif nazirliyində oturanların hamısı təmizdi? Orda da var, Sədnikin qızı, orda da öz yerində oturmayanlar tək-tük olsa da var təəssüf ki. Biri bax, elə bu bizim Şakirin dost-doğmaca dayısı oğludu. O dayısı oğlunun da ondan yuxarıda oturan bir xalası oğlu var, Şakiri orda saxlayan odu, dayısı oğludu. Bir-birini saxlayırlar, qoruyurlar, irəli çəkirlər, irəli çəkməyə də gücləri çatmasa, öz yerindən qopartmağa qoymurlar. Gör zəncir hardan başlayır, ucu gəlib harda qurtarır. Şakir ona görə gülləbatmazdı, bildin?
⎯ Bildim kişi. Belə de da. Arxalı köpək qurd basar, bunu deyiblər ha!
⎯ Bəs nə? Atalarımız, babalarımız havayı, boş söz deməyiblər heç vaxt. Yüz, lap min dəfə ölçüblər, sonra bir dəfə kəsiblər; ona görə müdrikdi bizim xalq.
Bikə xanım söhbətin mövzusunu dəyişmək üçün taxta mizin üstünə qoyulmuş tor zənbili qabağına çəkib vəzərini, şüyüdü, keşnişi, qırmızı turp dəstələrini çıxartdı. Göy-göyərtini görən kimi Bikə xanımın qaşları çatıldı:
⎯ Ay kişi, bu nədi alıb gətirmisən? Belə də göy-göyərti olar? Ağac kimidi hamısı. Vay, bu turpların hamısının içi boşdu ki?
Birdən Nəzər saata baxdı, «vay!» deyib ayağa qalxdı, Bikə təəccüb içində:
⎯ Nə oldu, kişi? ⎯ soruşduqda Nəzər elə ayaq üstə arvadına zənlə diqqət yetirib:
⎯ Sən də zəng səsi eşitdin indi? ⎯ deyə suala cavab verdi. Bikə xanım gözlərini döydü:
⎯ Nə zəng, ay kişi?
⎯ Məktəbin zəngini deyirəm də. Eşitmədin ki?
⎯ Yox, ordan bura zəng səsi gəlir heç? Qırx ildi burda yaşayırsan, qırx ildi də o məktəbdə zəng çalınır. Heç indiyəcən o səsi eşidibsən?
⎯ Yox.
⎯ Bə nə deyirsən, ay pir olmuşun oğlu?
⎯ Mən həmişə məktəbdə olmuşam zəng çalınanda, burda olmamışam. Deyirəm bəlkə gəlir?
⎯ Yox ey, yox!
⎯ İndi nə isə zəng eşitdim. ⎯ O, yenə saata baxdı, ⎯ hə, indi zəng çalındı. İkinci növbənin birinci saatı başlayır indi. Vay, vay… İndi Şakir girəcək o sinfə.
⎯ Hansı sinfə?
⎯ Onuncuya. Zakirə xanıma vermişdi mənim dərslərimi, o götürmüyüb. Şakir özü götürüb. Vay, vay, ⎯ o, içəridə sancan ürəyinin üstünə əlini qoydu, elə bil onun üçün çox əziz olan bir şeyi indicə itirmişdi, yanıb-yaxılırdı, ⎯ hayıf, hayıf
Bikə xanım altdan-yuxarı Nəzərə baxıb, nigaran-nigaran xəbər aldı:
⎯ Nəyə hayıf deyirsən, kişi?
Nəzər çarəsiz adamlar kimi təzədən oturub, sinə dolusu bir ah çəkdi:
⎯ Hayıf o uşaqlara, hayıf, gül kimi uşaqlar idi.
Bikə xanım indi ərinin nə demək istədiyini, nə üçün belə ah-uf eləyib hayıfsılandığını başa düşdü və:
⎯ Heç narahat olma, kişi, əvvələn, ordan bura zəng səsi gəlmir. İkincisi də indi dərs yoxdu ⎯ məktəbi göndəriblər pambığa. Hamısı çöldədi…
⎯ Hə?..
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Dördüncü hissə, səkkizinci fəsilMəleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
Dördüncü hissə, doqquzuncu fəsilBəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.
Dördüncü hissə, onuncu fəsilAğayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.