Dördüncü hissə, yeddinci fəsil
Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.
Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Yanında pulu yox idi ki, taksiyə minsin. Evə xəbər göndərmədi ki, dalınca maşın gəlsin... «Elə-belə yaxşıdı. Qoy xəbərsiz-ətərsiz gedim — birdən. Görüm Zərrintac xanım neyləyir...» O, azad olmağına sevinsə də ürəyində ağır bir hiss vardı. Üç gün idi ki, özünə gələ bilmirdi. Şəfinin— əziz ustadının gözləri qabağında döyülməsi, o cür saf və büllur insanın şüşə kimi ayaqlar altına atılıb çilik-çilik edilməsi onu yaman yandırmışdı və qəlbində çiynipaqonlu, daşürəkli adamlara – müstəntiqə və heyvərə Dostməmmədə sonsuz, nəhayəti görünməyən bir nifrət yaranmışdı. Ona elə gəlirdi ki, bu nifrəti heç nə — hətta o murdar adamların qanı da yuyub apara bilməz... Əlində ixtiyar və imkan olsaydı, o, cəllad Dostməmmədi öz əlilə güllələyərdi, uf da deməzdi. Ancaq nə etməli? Hələ bizim bu cür imkanımız yoxdu. Kec-tez olacaq amma. Onda o Dostməmmədi tapmaq, «xəcalətindən» çıxmaq mənə borc olsun... Şəfini öldürəcəklər onlar. Onu xilas etmək lazımdı... Nəyin bahasına olur-olsun... xilas etməliyik onu!».. Elməddin nəyə baxırdısa, hara baxırdısa, o qanlı-əzablı mənzərəni görürdü, heç cür unuda bilmirdi.
O biri yandan da, həbsxanada yatdığı aylar ərzində Zərrintac xanımın onun yanına bircə dəfə də gəlməməsi, ancaq atası və Əhədulla vasitəsi ilə soraq tutması Elməddinin qəlbində ağrılı-acılı bir hiss yaratmışdı və nə qədər çalışırdısa, bu hissi özündən uzaqlaşdıra bilmirdi. Bərk incimişdi də. Ancaq sonralar fikirləşmişdi ki, bəlkə Nəcməddin kimi nüfuzlu bir şəxsin qızı gəlib həbsxanalar qapısında boynunu burmayacaqdı ki? Bu, onun nə vəziyyətinə yaraşırdı, nə gözəlliyinə. Vaxt ötdükcə, sıxıntılı, sorğulu-suallı günlər arxada qaldıqca umu-küsü, inciklik hissi azalmış, o öz taleyi ilə barışmışdı və bunun yerini təklik hissi, duyğusu tutmuşdu. Hərdən bərk darıxıb yata bilmədiyi narahat gecələrdə, təzə ailə qursa da, Nəcməddin kimi köklü-köməcli bir kişinin qohumu olmaq şərəfinə nail olsa da, əslində o ocaqda, o evdə tək olduğunu düşünmüş, özünü kimsəsiz saymışdı və yalnız belə anlarda bu izdivacın boşluğu və mənasızlığı ona gün kimi aşkar olmuşdu. İndi şəhərin küçələri ilə fikirli-fikirli, əzik-üzük paltarda addımladıqca düşünürdü ki, Zərrintac xanım dörd aya yaxın çəkmiş bu ayrılıqdan sonra, ilk görüş dəqiqələrnndə, sevinə-sevinə, bəlkə də ağlaya-ağlaya onun qabağına çıxacaq, boynuna sarılıb hıçqıra-hıçqıra — «Xoş gəlmisən, əzizim!» — deyəcək. Bu xoş xəyallar, arzular onun nisgilli qəlbini azca da olsa isindirirdi...
Ancaq, təəssüf ki, bu da Elməddinin gözlədiyi kimi olmadı.
Darvaza qapısını Elməddinin üzünü görmədiyi Siminbər açdı. Siminbər ədəblə ondan soruşdu:
– Kimi istəyirsiniz, ağa?..
Elməddin qızı o saat tanıdı; başa düşdü ki, bu, Əhədullanın qızıdı. Əhədulla yanına gələndə demişdi ki, qızı qoymuşam gəlinbacının yanında, darıxmasın!
– Sən Əhədullanın qızısan?
– Bəli, ağa.
– Mən də Elməddinəm...
Siminbər «Elməddin» adını eşndəndə kəpənək kimi qanad açıb evə qaçdı və sevinə-sevinə:
– Xanım, muştuluğumu ver, ağam Elməddin gəldi... — dedi. — Ağam Elməddin gəldi.
Elməddin artıq həyətdə idi. Zərrintac artırmaya çıxmışdı. Hər ikisi yerində donub qalmışdı; nə kişi irəli gəlirdi, nə qadın. Eləcə bir-birlərinə baxırdılar. Elməddin gülümsünürdü, sifətini bir təbəssüm işıqlandırırdı. Zərrintac xanım isə gözlərini qıyıb onun arıqlamış, uzanmış sifətinə, əzilmiş paltarına baxır, heç nə demirdi. Neçə an beləcə keçdi. Siminbər də, maraqlı bir səhnəyə tamaşa eləyirmiş kimi, gah Elməddinə, gah da Zərrintac xanıma nəzər salırdı.
Nəhayət, Zərrintac xanımın kiçik, bir az da qəzəbli səsi eşidildi:
– Daha niyə hırıldayırsan? Çox yaxşı iş görmüsən?
Elməddinin üzündəki təbəssüm öldü, bədənini soyuq bir gizilti gəzdi, dolaşdı. «Məni də burda sındırdılar!..» — fikri damarlarındakı qanı dondurdu. Zərrintacın bu kobud sözlərini eşidəndən sonra Siminbər məyus halda ordan kölgə kimi çəkilib getdi.
Elməddin bir anlığa nə edəcəyini bilmədi. Sonra, qorxaq, qətiyyətsiz addımlarla irəli gəldi, Zərrintacın qabağında dayandı. Onun gözlərinin içinə fikir verdi. Əlini irəli uzadıb:
– Xoş gördük, Zərri!— dedi... Bir anlığa əli havada asılı qalan Elməddin hansı hissin təsiri iləsə birdən qolunu qaldırıb arvadının boynunu qucaqladı, saçlarını sığalladı, dodaqlarından öpdü. Zərrintac ani olaraq etiraz eləmək, çəkilmək istədi, ancaq süstəldi və başını onun çiyninə qoyub ağladı...
– Daha niyə ağlayırsan?... Sağ-salamat gəlib çıxmışam... Sevinmək əvəzinə ağlayırsan?..
– …
...Elməddin çimmişdi, paltarlarını dəyişmişdi. Üzünü qırxıb rahatlanmışdı. Zərrintacın qırışığı bir az açılmışdı. Divanda əyləşib söhbət eləyirdilər.
– Hə, danış görək, mənsiz necə yaşayırdın, Zərrim?!
– Yaşayırdım da. Səndən qabaq necə yaşamışdımsa, sənsiz də elə...
– Darıxmırdın mənsiz?
– …
– Demək darıxmırmışsan!.. — Elməddin incik halda köks ötürdü və bu söhbəti dəyişmək üçün soruşdu: — Qibləgahın necədi, Dünya xanım necədi?..
– Yaxşıdırlar. Yaşayırlar. Kişi ancaq xəstədi. Ürəyi yaman incidir... On gündən çoxdu... evdən çıxmır.
– ƏHədulla gəlib-gedirmi?
– Hə, sağ olsun. Qızını gətirib qoyub yanımda. Bazarlığımı eləyir.
– Bəs Şəfinin ailəsindən nə xəbər var?..
– Hərdən zəng eləyir arvadı... Onu da buraxdılar?
– Yox.
– Bəs səni niyə buraxdılar?
– Ağayi Nəcməddinin sayeyi-mərhəmətindən... buraxdılar... Bir də... mənim heç bir günahım yox idi axı?.. Zərrintac nazik qaşlarını çatdı:
– Heç bir günahın yox idi?
– Hə!
– Günahsız adamı heç vaxt tutub həbsxanaya salmazlar, Elməddin.
– Eh, Zərrim, sən bilmirsən, o qədər nahaq işlər olur, o qədər günahsız adamlar o xarabada çürüyür! Sən oturubsan burda, heç nədən xəbərin yoxdu...
– Mən heç bilmək də istəmirəm. Bütün bunların sənə də heç bir dəxli yoxdur, Elməddin. Sənin o dəstə ilə, o şərəşur dəstə ilə heç bir əlaqən olmamalıdır. Axı sənin nəyin yoxdur? Sən nə əldə etmək istəyirsən ki, o, səndə yoxdur? Maşının, evin-eşiyin, vəzifən... Yoxsa padşah olmaq fikrinə düşübsən, hə? Cavab ver, niyə dinmirsən?
– …
– Dilin yoxdur cavab verməyə...
– …
Elməddin tam aydınlığı ilə anladı ki, belə məsələlər barədə Zərrintac xanımla danışmağın qətiyyən faydası yoxdur. O, başqa bir dünyanın adamıdı — o bu dərdləri başa düşməkdən çox-çox uzaqdadı. Susdu...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Bəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.
İkinci hissə, ikinci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.
İkinci hissə, üçüncü fəsilAğayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:
İkinci hissə, dördüncü fəsilGünortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?