Həbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.

İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.

– Yaxın gəl! — müstəntiqin cır səsi eşidildi və Elməddin əvvəllərdə olduğu kimi indi də təəccübləndi ki, o boyda adamın səsi görəsən niyə belə cırdı, cəhrə səsi kimi ciyildəyir? — Yaxın gəl, bax burda otur, müttəhim Elməddin! —deyə o, Şəfi ilə üzbəüzdəki stulu ona göstərdi.

Elməddin ləngərli addımlarla irəli yeridi, gəlib o deyən yerdə əyləşdi. Qabaq-qənşər oturdular və bir anlığa Şəfinin gözlərinin içinə baxa bildi. Onun iri, qonur gözləri kədərli olsa da, qorxusuz idi və bir arxayınlıq, təmkin təlqin eləyirdi. Ustad baxdı və üzünü yana çevirdi. Bununla da öz sözünü səssiz-səmirsiz demiş oldu. Elməddin düşündü ki, demək heç nə dəyişilməyib, xətti-hərəkət əvvəlcədən müəyyənləşdirilən kimi qalır. Amma bu ani baxışda da Elməddin ustadın nə qədər arıqladığını, saçlarının demək olar hamısının ağardığını görə bildi. Ancaq üzünün ifadəsi dəyişməmişdi — nuranilik yenə qalırdı, o işıq gözlərində hələ də yanırdı.

– Bəs niyə görüşmürsünüz?—deyə müstəntiqin cır səsi eşidiləndə hər ikisinin fikri qırıldı. — Dostlar beləmi görüşürlər? — Şəfi başını qaldırıb müstəntiqin çeşməyinə baxdı və təmkinli səslə soruşdu:

– Siz, ağayi müstəntiq, bizim dost olduğumuzu dəfələrlə israr etmisiniz. Ancaq mən yenə deyirəm, biz dost deyilik. O ayrı məsələ ki, bəlkə bundan sonra, siz iltifat eləyib bizi tanış eləyəndən sonra dost olaq, çox güman ki, dost da olacağıq.

– Bəs siz onun karikaturasını, şerlərini elə-belə, görməzə, bilməzə çap edirdiniz?

– Bəli, ağayi müstəntiq. Mən mühərrirəm, mənim üçün fərqi yoxdur, bu şeri kim yazıb, ya rəsmi kim çəkib, xoşuma gəlirsə dərc edirəm. Əgər siz də göndərsəydiniz, xoşum gəlsəydi, çap edərdim.

– Doğrudan? Şəxsən məni tanımasanız da?

– Bəli. İnanın ki, hə, dərc edərdim.

– Siz əməlli-başlı demokrat mühərrirsiniz ki, şair!

– Mətbuatın qanunu belədir. Biz müəllifinə görə əsərə qiymət vermirik, əsərə görə müəllifini qiymətləndiririk.

– Sizin fikrinizcə, Elməddinin əsərləri — şerləri, rəsmləri çox qiymətli əsərlərdir?..

– Bəli, ağayi müstəntiq. Karikaturaları həyatidir, mənalıdır, şerləri isə səmimidir — mən buna görə çap etmişəm onları.

– Demək siz israr edirsiniz ki, şəxsən Elməddini tanımırsınız, eləmi?

– Bəli, şəxsən tanımırdım, siz bizi bu dörd divar arasında tanış eləyənə qədər tanımırdım. Bizi tanış etdiyiniz üçün sizə təşəkkür edirəm.

Elməddin də sözə qoşuldu:

– Bəli, ağayi müstəntiq. Mən də sizə təşəkkür edirəm. Mən onu qiyabən çoxdan tanıyırdım, şerlərini sevə-sevə oxuyurdum, ancaq üzünü görməmişdim. Yazılarımı göndərirdim, çap eləyirdi. Neçə dəfə də, yanına gedib minnətdarlığımı bildirmək istəmişəm, ancaq düzü utanmışam, çəkinmişəm. Müstəntiq burnunun üstünə düşmüş çeşməyini qaldırıb:

– Bəs «Nə etmək lazımdır?» məqaləsinin müəllifini necə?.. Onu da tanımırsınız? — deyə soruşdu.

– Xeyr, tanımıram. Amma ümid eləyirəm bir gün o qeyrətli oğulla da tanış olacağam.

– Adını deyin, yarım saatdan sonra sizi burdaca görüşdürüm, — deyə müstəntiq hiyləgərcəsinə qımışdı.

– Adı sizə yaxşı məlumdu. Mən imzasız çap eləməmişəm o məqaləni.

– O da əsl adı deyil, həmin ünvanda elə adam yaşamır.

– Daha o mənim işim deyil, ağayi müstəntiq.

– Siz yaxşı mühərrirsiniz, şair, öz həmkarlarınızı ələ vermək istəmirsiniz. Ancaq səhv edirsiniz. Bizə hər şey məlumdur. Biz istəyirdik ki, sizin işiniz yüngül olsun. Necə də olsa, siz bizim məmləkətin adlı-sanlı şairisiniz, sizin kimi adamlarımız çox azdı, siz yaşamalısınız, yaratmalısınız... Amma, görünür, siz öz qədir-qiymətinizi bilən adam deyilsiniz. Qoşulubsunuz beş-üç başıpozuq adama, öz həyatınızı təhlükə altına qoyursunuz.

Elməddin ustada baxdı: o, kinayə ilə gülümsünüb heç nə demədikdə Elməddin söylədi:

– Qızıl öz qiymətini bilməz, ağa, qızılın sahibi onun qiymətini bilməlidir. Axmağın əlində qızıl da dəmir kimi bir şeydir.

Müstəntiq Elməddinə əyri-əyri baxdı, nə isə demək istədi, ancaq susdu, durub gəzinməyə başladı. Əllərini arxasında daraqlayıb dedi:

– Biz indiyə qədər sizə, şair, hörmət eləmişik. Demişik ağıllı adamsınız, öz səhvinizi başa düşərsiniz, etiraf edərsiniz. Etiraf isə sizin işinizi çox yüngülləşdirərdi. Amma gördük yox, siz özünüz haqqında əsla düşünmürsünüz... Odur ki, biz indi sizinlə başqa dildə danışmalı olacağıq. — Susub əlavə elədi. — Son dəfə deyirəm, hətta xahiş edirəm, siz hər şeyi açıq-aydın deyin.

– Axı nəyi açıq-aydın deyim, ağayi müstəntit? Müstəntiq gəlib onun qabağında dayandı:

– Məsələn, deyin görüm sizin bu gizli təşkilatın adı nədir? Nə vaxt yaranıb, başçısı kimdir, üzvləri kimdir, məqsədiniz nədir? — Bunları deyin, canınızı qurtarın, şair.

Şəfi dizlərinin üstünə qoyduğu qandallı əllərindən; gözlərini çəkib müstəntiqə baxdı:

– Mən demişəm sizə, yenə deyirəm, bizim gizli bir təşkilatımız-filanımız yoxdur. Əgər buna inanmırsınızsa, təşkilat mən özüməm, başçısı da mən özüməm, üzvü də mən özüməm. Əgər məni təşkilat hesab eləyirsinizsə, durmuşam hüzurunuzda. Bundan sarı günahsız adamları məhv etməyin. Bax, bu cavanlara yazığınız gəlsin.

– Demək, boyun olmursunuz.

– Daha mən bilmirəm boyun olmaq nə deməkdir?! Siz zorla deyirsiniz ki, təşkilatınız var. Cavab verirəm ki, yoxdur, inanmırsınız. Onda məcbur olub deyirəm ki, təşkilat mənəm. Buna da inanmırsınız.

– Demək, bu sizin son sözünüzdür?

– Bəli, son sözümdür.

– Məncə, yox. Son sözünüzü hələ deməmisiniz, ancaq indi deyəcəksiniz...

Müstəntiq bu sözləri çox sakit dedi, ancaq səsində bir qətiyyət vardı. Elməddinin ürəyi əsdi. «İşkəncə verəcəklər. Aman allah, mənim yanımda... Yox, mən bunu görmək istəmirəm, istəmirəm...» — deyə düşündü və üzünü müstəntiqə tutdu:

– Əmr eləyin gəlib məni aparsınlar... Əlbəttə, əgər mənə aid sualınız yoxsa...

– Xeyr, siz burda olmalısınız... — Rəsmi şəkildə deyilən bu sözlər Elməddini üşütdü.

Müstəntiq ətraflı öyrənmişdi ki, Şəfi ilə Elməddin yaxın dostdurlar. Dərd-sərləri birdi, məqsədləri birdi. Elməddin onu çox sevir. Amma inkar edir hər ikisi. Yeganə çarə buna qalıb ki, Şəfiyə onun yanında cəza versinlər, Şəfi sussa da, Elməddin dözməyib açıb deyəcək. Əgər bu da baş tutmasa, onda Elməddinin özünü möhkəmcə sıxışdırmaq, əzab vermək lazımdı. Cavandı, təcrübəsizdi, özünü saxlaya bilməyəcək, sirrin üstünü — müəmmanı açacaq...

Müstəntiq qapıya sarı getdikdə Şəfi Elməddinə tərəf döndü, başını azca tərpətməklə salam verdi, gülümsündü, dodaqlarını astaca tərpətməklə: «qorxma, möhkəm ol!»—dedi. Elməddinin gözlərindəki kədəri görüb ani olaraq tutuldu və sonra ərkyana acıqlandı, yəni «bu nədir, özünü ələ al!»...

Müstəntiq qapını açıb çöldə dayanan mühafizə nə isə dedi və qayıdıb gəldi. Az sonra içəri ucaboy, sağlambədənli, qartalburunlu bir adam girdi. Qeyri-iradi olaraq Şəfi də, Elməddin də dönüb ona baxdı. Gələn adam da yoxlayıcı nəzərlərlə oturanları süzdü, hər ikisinin cüssəcə özündən zəif olduğunu görüb məmnun halda boğazını arıtladı. Müstəntiq ona baxıb göz vurdu və başı ilə Şəfini göstərərək dedi:

– Dostməmməd, bu ağa danışmır axı! Dostməmməd hırıldadı və bu hırıltıda bir qeyri-adilik olduğunu müttəhimlərin hər ikisi duydu.

– Neynək, indi bülbül kimi danışar, ağayi müstəntiq.. — O, qabağa gəldi, Şəfinin qənşərində dayandı, təpədən dırnağa onu süzüb yenə hırıldadı: — Bu danışmır? Dur ayağa. Dur ayağa bir görüm?

Şəfi başını qaldırıb nifrətlə onun xırda, ət basmış gözlərinin içinə baxdı, ancaq tərpənmədi. Bu zaman Dostməmməd əl atıb onun qolundan yapışdı və quş kimi qaldırdı. Üzbəsurət dayandılar.

– Dilin yoxdur?

– Dilini çıxart görüm?

– Səninlə deyiləm, dilini çıxart görüm? Dilin yoxdu danışmırsan, ya özünü tulkülüyə vurmusan?

– Hə, deyəsən, bunun doğrudan da dili yoxdur. Nəhayət, Şəfi özünü saxlaya bilmədi, dişlərini sıxıb qıcırdada-qıcırdada:

– Sən səhv eləyirsən, dilim də var, hələ tüpürcəyim də var! — dedi və düz Dostməmmədin gözlərinin içinə tüpürdü. Elməddinin rəngi ağappaq ağardı. «İndi öldürəcək, nahaq belə elədin, ustad»— deyə düşündü və indicə Şəfini vuracağını duyub gözlərini yumdu, görməsin deyə. Dostməmməd arxayın-arxayın sol əli ilə üzünün tüpürcəyini sildi, dönüb müstəntiqə baxdı. Neçə ildi burda işləyirdi, ancaq hələ belə şey görməmişdi Dostməmməd. Şəfinin bu hərəkəti onu elə qəzəbləndirdi ki, kücü birə-on artdı və o, gözlərini ondan çəkməyən bu cəsarətli dustaqdan ürəyindən tikan çıxara bilən bir intnqam almaq eşqilə sevindi də. Və onu da başa düşdü ki, indiyə qədər heç kəsə belə əzab verməyib ürəkdən. Çünki günahının nə olduğunu bilməyən adamları döyüb, heç kəs ona çırtma da vurmayıb. Belə adamlara haradasa, ürəyinin dərinliklərində yazığı da gəlib. Hiss eləyib ki, zərbələri ürəkdən vurmayıb, vura bilməyib... Amma indi... İndi bu kim idi ki, belə ağız bəhəm eləmişdi, onun gözünün içinə tüpürmüşdü? «Siz nə üçün ona əzab verirsiniz, bilmirəm, ancaq mən o tüpürcək üçün onu şil-küt eləyəcəyəm» — deyə o, ürəyində müstəntiqə müraciət elədi və sağ yumruğu ilə Şəfinin bir az əvvəl üzünə tüpürdüyü ağzına taraz bir yumruq ilişdirdi. Zərbə elə küclü oldu ki, Şəfi kökündən kəsilmiş ağac kimi yerindən qopdu və arxası üstə döşəməyə yıxıldı. Dodaqları partladı. Gözləri böyüdü Şəfinin, Dostməmməd irəli cumub qəzəblə onu yerdən qaldırdı, qarşısında dayandı:

– Hə, necədi?

Şəfi bu dəfə ağzını doldurmuş qanı Dostməmmədin üzünə tupürdükdə hiss elədi ki, qan qarışıq dişlərinin neçəsi də onun sifətinə dəyib taqqıltı ilə yerə düşdü.

Quduza dönmüş Dostməmməd bu dəfə Şəfinin qarnına yumruqla elə vurdu ki, o, yenə müvazinətini saxlaya bilməyib yerə sərildi. Dostməmməd sakitləşmirdi: üzünə, başına, qarnına döyürdü — təpiklə, yumruqla. Şəfi yerində qıvrılırdı, çırpınırdı. Nəhayət, taqətdən düşdü, hərəkətsiz qaldıqda Dostməmməd tövşüyə-tövşüyə geri çəkildi. Elməddin dözə bilmirdi, içəridə inildəyirdi. Ancaq əlləri bağlı idi deyə çarəsiz susurdu. Baxmağa da ürəyi gəlmirdi. Müstəntiqə diqqət verirdi; o, sakitcə oturub bu qanlı mənzərəni seyr eləyirdi.

Dostməmməd qanlı üzünü çevirib Elməddinə nəzər saldı:

– Bunu da?

– Yox, hələ yox.

Dostməmməd cibindən əzik bir dəsmal çıxarıb sifətini sildi və gülə-gülə döşəməyə düşmüş dişləri yığıb müstəntiqin stolunun üstünə qoydu, yenə hırıldadı:

– Qarnına gedənləri deyə bilmərəm, səkkiz dişi burdadı.

– Gör özünə gəldi?

Dostməmməd əyilib Şəfiyə nəzər saldı.

– Gətir özünə, ayılt!..

Dostməmməd cibindən ağ, yaraşıqlı bir kəlbətin çıxartdı və Şəfinin üstünə əyildi. Elməddin başa düşdü ki, dırnaqlarını qopartmaqla ayıltmaq istəyir cəllad onu! Gözünü yumdu.

Bir an sonra Şəfi inilti ilə qışqırdı. Sonra iki dəfə də inildədi. Demək üç dırnağını çıxartdı.

– Deyəsən ayıldı?

– Bəs necə? Ayıldı da sözdü...

– Durğuz oturt burda.

Şəfini qaldırıb stulda oturtdu Dostməmməd. İndi Elməddin ona diqqətlə baxa bildi. Ustadın üzündə qan qalmamışdı. Ağzı, dodaqları şişmişdi. Təkcə gözləri ağarırdı və onlarda Elməddinin indiyənəcən görmədiyi bir ağrı-əzab ifadəsi vardı. Əllərinə baxırdı...

– Hə, danışırsan, ya yox? — deyə müstəntiq heç bir şey olmamış kimi arxayın-arxayın xəbər alanda Şəfi baxışlarını qaldırdı, xeyli, səssiz-səmirsiz ona qəzəb dolu nəzərlərlə tamaşa elədi və şişib partlamış dodaqlarını güclə tərpədərək:

– Dağın... donu... dəyişər, amma... yönü dəyişməz, ağayi müstəntiq! — dedi.

Müstəntiq Dostməmmədin üzünə baxıb çiyinlərini çəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on birinci fəsil

Nadirə bərk narahatdı. Oğlundan ötrü həmişə səksəkə içində yaşayan ananın dərdini müəllim bir az da artırmışdı, qorxa-qorxa düşündüklərini Vera Pavlovna onun üzünə demişdi. Dünyada ən böyük nigarançılıq ana nigarançılığıdır. Bir yerdə qərar tutub dura bilməyən Nadirə gah bu, gah da o otağa girir, balkona çıxıb həyət-bacaya boylanır, nəzərləri ilə Ceyhunu axtarırdı.«Daha böyüyüb. Yekə kişi olub. Bəstəkar Baharlının qızı ilə gəzir... Tez deyilmi? Tezdir, tezdir. O, hələ oxumalıdır, oxumalıdır!..»

8 min
Birinci hissə, on ikinci fəsil

İki gün idi ki, Orxanın qırışığı açılmır, fikirli-düşüncəli gəzib-dolanırdı. Professorun onun yanından saymazyana keçməsi, salamını almaması Orxana yaman yer eləmişdi. Elə hey bu barədə götür-qoy edir, Salman Qurbanzadənin xəyalı onun gözünə görünür, Orxanın həmişə sakit və rahat olmuş qəlbini incidirdi. O, indi qiymətli bir şey itirmiş və onu daha tapmayacağına əmin olan adama oxşayırdı.Orxan səssiz-səmirsiz, ürəyindəcə professorla danışırdı:

8 min
Birinci hissə, on üçüncü fəsil

Hava sərin idi. Yaşıl ağacların yarpaqları xəfif-xəfif pıçıldaşırdı. Böyük şairin hündür pyedestal üzərində qoyulmuş heykəli uzun yol gəlib yorulmuş və daşın üstündə oturub fikrə getmiş bir adama oxşayırdı.Ağ papaqlı, ağ paltarlı bir dəstə uşaq heykəlin o tərəfində, kölgəlikdə oynayırdı.

7 min
Birinci hissə, on dördüncü fəsil

Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.

12 min

Poems by other poets