Dördüncü hissə, beşinci fəsil
Az qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.
O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Şeyx Əhməd də ölənə qədər onun yanında idi, demək olar ki, gözünün qabağında xırıldaya-xırıldaya keçinmişdi. Həbsxana həkimi xilas eləyə bilməmişdi: «Həddən artıq çox tiryək atıb, özü də ilk axşamdan atıb» — demişdi. O, səhərçağı canını tapşırmışdı. Qabırğalarını sındırmışdılar — çox çətinliklə nəfəs alırdı. Dırnaqlarını çıxartmışdılar — əlləri elə sarıqlı idi, şişmiş idi. Elməddin onun «öz adamları» olduğunu bilirdi, ancaq bunu bildirməməli idi. İstintaq aparanlar Şeyx Əhmədi Şəfi ilə, Elməddinlə üzləşdirir, onları tanıdığını, əlbir olduğunu boynuna qoymaq istəyirdilər. O isə and içir, aman eləyirdi ki, bu adamları tanımır.
– Birinci dəfə görürəm bu kişini, — deyə o, ağrıdan qıvrıla-qıvrıla Şəfini göstərirdi, — şair olanda nə olar, tanımıram. Mən bir şair tanıyıram, o da Allahdı, bir kitab oxumuşam ömrümdə — o da Qurani-şərifdi. Bu cavan oğlanı da burda, dustaqlar arasında birinci dəfə görmüşəm, onun da şair, rəssam olduğunu sizdən eşidirəm.
– Yalan deyirsən, kaftar! —deyib yenə döyürdülər. Şəfi, Elməddin belə məqamlarda üzlərini yana çevirirdilər.
Onun ürəkparçalayan fəryadları Şəfinin qulaqlarından çəkilib getmirdi. Deyəsən, ömrü boyu da getməyəcəkdi. Sement döşəmədə addımlarını səsləndirə-səsləndirə gəzirdi ki, bəlkə şeyx Əhmədin iniltisini eşitməsin. Ancaq bu mümkün olmurdu. Şəfi bura düşəli arıqlamışdı, iri, işıqlı gözləri çuxura düşmüş, üzünü tük basmışdı. Evdə olanda hər gün üzünü qırxdığından saqqalının saçları kimi ağardığını bilməmişdi — indi başa düşürdü ki, saqqalı da ağarıbmış.
Dustaqlar onu sevirdilər. Yanlarından keçib-gedəndə, danışığa aparılanda hamı ona ehtiramla baş əyirdi, şairə danışmağa icazə verməsələr də, onlar öz sözlərini deyirdilər: «Darıxma, yaman günün ömrü az olar!» «Möhkəm dayan!» — şair bu sözlərdən qüvvət alırdı, toxtayırdı. Bundan əlavə, dustaqlardan kimə evdən nə gəlsəydi — halva, xörək, siqaret... — şairin payını ayırıb göndərərdilər. Nəzarətçilər əvvəllər aparmırdılar, onun da çarəsini, tapdılar dustaqlar. Nəzarətçiyə də bir şey verirdilər, o yumşalıb xəlvətcə pay-puşu Şəfiyə çatdırırdı. Son vaxtlar Elməddin də bu üsuldan istifadə edirdi. Nəcməddinin göndərdiyi, Əhədullanın gətirdiyi azuqədən Şəfinin payını ayırıb çatdırırdı. Şəfini sıxan ayrı şey idi. — Haqsızlıq, ədalətsizlik idi. İşindən, qəzetindən, mübarizəsindən, sevimli arvad-uşağından ayrılması idi, yazı masasından uzaq düşməsi idi. Bəli, bunlar onu çox sarsıtmışdı. Ən böyük dərd isə bu idi ki, qələm-kağızdan ayrı düşmüşdü. Bura hər şey göndərə bilirdi Elməddingil — qələm-kağızdan başqa. Heç bir nəzarətçi bunu boynuna götürmürdü. Qələm-kağızdan silahdan qorxan kimi qorxurdular. Tutsaydılar, cəzası böyük olacaqdı — amiri-həbsxana xüsüsi olaraq bütün dustaqxana mühafizlərinə tapşırmışdı. Ona görə heç kəs başını bıçağa sürtmək istəmirdi. Şəfi isə ac-susuz qalardı, ancaq qələmsiz-kağızsız yaşaya bilməzdi. Amma çarə nə idi, yaşayırdı. Şerlər yaranırdı — yazıya köçürülmürdü. Qoşurdu, sonra tez-tez, gündə bir neçə dəfə onları əzbər deyirdi öz-özünə, yadından çıxmasın deyə. Buna baxmayaraq unutduqları çox idi. Hələ indiyə qədər Şəfini ciddi sorğu-suala tutmamışdılar. İki-üç dəfə Şeyx Əhmədi, Elməddini ona göstərib onları tanıyıb-tanımadığını soruşmuşdular. Demişdi: Tanımıram... Vəssalam. «Görünür, bezdirmək, usandırmaq istəyirlər. Yaxud da öyrənirlər!—deyə Şəfi öz-özünə düşünmüşdü — Ya da mənim çox qalmağım onlar üçün daha sərfəlidir. Artıq üç aya yaxındı buradayam». Günlər cansıxıcı, yeknəsəq keçirdi. Şəfi lap hövl eləmişdi az qala. Lakin son dərəcə darıxdığı, sıxıntı keçirdiyi günlərin birində pencəyini başının altına qoyub balaca pəncərədən görünən bir parça mavi göyə tamaşa edərkən qapının ağzında səs-küy eşitdi — kimisə dəhliz boyu döyə-döyə gətirirdilər. Danışıqları aydınca qulağına çatırdı:
– Yeri, yeri. — Bu, mühafizin, günaşırı ona yemək-içmək gətirən cavan həbsxana keşikçisinin səsi idi.
– Ölürəm, vurma, sən allah.
«Yenə görəsən hansı biçarəni əzişdirirlər!» — deyə düşünən Şəfi ayağa qalxıb qulaqlarını dəmir qapıya söykədi.
– Birinci hücrəyə, birinci hücrəyə!..
– Ağa, yox, yox, ora salma məni. Səni and verirəm allaha, ora salma. Deyirlər ora siyasilər üçündür, ora girən salamat çıxmır. Salma məni o xarabaya, yalvarıram.
– Yox, sənin yerin oradı.
– Axı mən siyasi deyiləm, başına dönüm.
– Mənə dəxli yoxdur. Siyasisən, ya nə zibilsən...
– Ey vay, evim yıxıldı! —deyə zarıldayan adam ümidsiz-ümidsiz inildədi.
Şəfinin hücrəsinin dəmir qapısının iri qıfılı səsləndi. «Bura gətirir» — düşündü Şəfi və qapı açılanacan çəkilib «öz taxtında» oturdu və maraqla qapıya baxmağa başladı. Dəmir qapı aralandı və arıq, rəngi qapqara, gözləri batmış bir adamı itələyib içəri saldılar. O, ürkə-ürkə otağa, Şəfiyə baxdı. Bu zaman onun arxasında, qapının ağzında dayanmış mühafiz üzünü Şəfiyə tutub dedi:
– Qonağını qəbul elə, a şair, tək darıxırsan. — Və yeni dustağın arxasının ona tərəf olduğundan istifadə eləyib şəhadət barmağını dodaqlarının üstünə qoydu. Bu işarəni Şəfi o dəqiqə başa düşdü, yəni danışma. Şəfi minnətdarlıq dolu nəzərlərlə adını belə bilmədiyi cavan mühafizə baxdı və gözlərini yumub açmaqla: «Anladım, arxayın ol», — dedi. Cavan mühafiz qapını çırpdı, cinkilti ilə qıfılladı və uzaqlaşdı. Nallı əskər çəkmələrinin səsi eşidilməz olunca bu balaca hücrədə heç biri danışmadı. Şəfi lal-dinməz, imtahanedici nəzərlərlə təzə qonşusuna baxırdı. Onun sağ gözünün altı şişmişdi, ağzından qan axırdı — ya dişini vurub salmışdılar, ya da dodağını partlatmışdılar. Çirkli, ağ köynəyinin yaxasına qan ləkələri düşmüşdü. O qədər cansız və çəlimsiz idi ki, deyirdin bəs indicə yıxılacaq. Salamat sol gözünü dolandırıb Şəfiyə ötəri nəzər saldı və nə isə demək istədi, ancaq susdu. Bir an keçməmiş çevrilib uzunbarmaqlı əlini yumruqlayaraq dəmir qapını döyməyə başladı:
– Açın, açın, pədər süxtələr, mən burda qalmaq istəmirəm, mən siyasi deyiləm! —deyə bağırırdı. Lakin səsinə səs verən olmadığını görüb sement döşəməyə çökdü və ağladı.
Şəfinin ona yazığı gəldi. «Kör nə hala salıblar biçarəni. Dustaq olanda nə olar? O da insandı. Başqa məmləkətlərdə belə şeylər olmur. Dustaqlarla insan kimi rəftar edirlər», — deyə ürəyində dolandırdı və birdən cavan mühafizin əlini dodaqlarının üstünə qoyub «sus» işarəsi verməsini xatırlayanda qəlbindəki rəhm hissi öldü və yerini kəskin bir nifrət doldurdu. «Satqındı. Belələrini döyüb mənim kimilərinin yanına salırlar — sirr çəkmək üçün. Bəzən illərlə səninlə bir yerdə yatır, sənin dərdini, sirrini öyrənir.
Yox, keçməz, bala».
Təzə «qonaq» köynəyinin ətəyi ilə ağzının qanını sildi və sakitləşdi. Handan-hana ilk söhbət başlandı! Təzə qonaq ehtiyatla xəbər aldı:
– Siz şairsiz, ağa?
Şair bir an fikirləşib cavab verdi:
– Xeyr.
– Hə? Bəs o köpək oğlu deyəsən məni bura salanda sizə «şair» dedi axı.
– Şair idim, indi yox. Əl çəkdim şairlikdən.
– Niyə ki?
Şəfi qeyri-iradi olaraq:
– Bir məmləkətdə ki adi, savadsız polis nəfəri şairdən qüdrətli, hörmətli oldu, orda şair olmağına dəyməz! — dedi və tezcənə də belə söyləməyinə peşman oldu. Lakin geç idi, sözünü ağzından çıxarmışdı.
– Nahaq. Görünür onda siz əsl şair deyilmişsiniz, ağa. Bağışlayın, cəsarət eləyirəm, belə deyirəm. Əsl şair güllə qabağında da, dar ağacı altında da öz sənətindən dönmür, şer deyə-deyə ölür. Mən şeri çox istəyirəm, elə şer üstündə də gəlib bu xarabaya düşmüşəm.
Şəfi maraqlandı və özlüyündə ona «əl çəkdim şairlikdən» deməkdə səhv elədiyini anladı: «Gərək belə deməyəydim».
– Sən də şairsən?
– Yox, ağa, şair deyiləm mən. Ancaq mənim çox sevdiyim bir şair var, onun şerlərini müzahirə zamanı əzbərdən deyərdim, ruznaməsini satardım küçələrdə. Başıma o qədər adam yığışardı ki... Elə ona görə də həbs elədilər...
Şəfi yerindəcə qurcalandı:
– Kimdi o şair?
– Siz yaxşı tanıyarsınız onu. Məhəmməd Şəfi Rəhgüzərdi o, ağa.
Şəfi qımışdı:
– Sən onu şəxsən tanıyırsan?
– Yox. O səadət mənə nəsib olmayıb. O, bizim məmləkətin birinci şairidi, ağa. Deyirlər şairlər bir-birlərinin paxıllığını çəkən olur, ancaq sizin xətrinizə dəyməsin, həqiqətən o, böyük şairdi. O sizin kimi belə asanlıqla şairlikdən əl çəkməzdi, çünki o, əsl şairdi, ağa. «Qırın zəncirləri, parçalayın siz!» — Bunu hər oğul deməz öz həmvətənlərinə, ağa.
Təzə qonaq çox danışdı, Şəfinin şerlərindən bir neçəsini əzbər söylədi. Bu, Şəfinin yaman xoşuna gəldi. Düşündü: «İki şeydən biridi:— ya bu həqiqətən bizim fikirli adamdı, ya da çox ustalıqla hazırlayıb mənim yanıma salıblar. Hər halda inanmaq lazım deyil».
– Sənin adın nədi, bəradər? — deyə Şəfi dəqiqləşdirmək istədi. «Bəlkə bizim yerlərdəki, vilayətlərdəki adamlarımızdandır?»
– Adım Xanəlidi, ağa. Bəs sizin adınız nədi, ağa?
Şəfi öz adını dedi. Bu adı eşidəndə Xanəlinin salamat qalan sol gözü geniş açıldı və sonsuz bir sevinc içində:
– Elə şey olmaz, ağa? Siz Məhəmməd Şəfi Rəhgüzərsiniz? Aman allah! —dedi və ayağa qalxıb irəli gəldi, onun dizinin üstünə qoyduğu əlini tutub öpdü. — Mən xoşbəxtəm, ağa. Sizi gördüyümə, sizinlə tanış olduğuma görə çox xoşbəxtəm.
– Çox sağ ol, Xanəli.
– Mən sizi görməyi çoxdan, lap çoxdap arzulayırdım. Qismətə bax, gör gəlib sizinlə harda tanış oldum—dörd divar arasında. Ancaq eybi yoxdur, tezliklə burdan çıxarıq. Ədalət öz yerini tezliklə gəlib tutar. Həqq incəlir, amma üzülmür — deyirlər. Mən görürəm siz ruhdan düşmüsünüz, ağa. Nahaq yerə. Şair gərək dəmir iradəli olsun. Bəlkə qələm-kağızınız yoxdu, ona görə yazmırsınız? Hə? Mən sizin üçün yerin deşiyindən də olsa taparam, ağa. Təki siz yazın, yaradın. Sizin hər sözünüz qızıldan da qiymətlidir, ağa. Siz bizim bədbəxt millət üçün gərəksiz, çox gərəksiz.
Şəfi susur, şübhə ilə Xanəlinin salamat sol gözünün içinə baxır, bir şey oxumaq istəyirdi. Salamat göz isə parıltı ilə yanırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
VII fəsilTikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
IX fəsil...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
Poems by other poets
Can ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Ürəkİpək telli, zərif qəlbəQurğuşun tök qəlpə-qəlpə.