Page 1 of 2

...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»

Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.

Lakin indi... gör kişi nə qədər içib ki, özündə-sözündə olmayıb, Dünyanın yanına gəlməyi bir yana, hətta paltarını soyunmağı belə unudub.

Dünya xanım qalxıb geyindi. Beşikdə yatan körpəsinə ötəri nəzər salıb Nəcməddinin yanına gəldi. O, üzüqoylu əllərini başının altına qoyub uzanmışdı. «Birdən kişi ölər a?» — deyə ürəyində dolandıran Dünya əyilib dinşədi. Yox nəfəs alırdı Nəcməddin. Narahat yatdığından arabir xorna da çəkirdi.

– Nəcmi, Nəcmi! — deyə onu səslədi, silkələdi. Ancaq kişi ayılmadı, yuxulu-yuxulu nə isə söylədi, Dünya başa düşmədi. Qalxıb oyanmaq fikri olmadığını duyan Dünya fırlanıb eyvana çıxdı.

Süfrə necə vardısa eləcə, yığışdırılmamış qalmışdı. Cin Dünyanın kəlləsinə vurdu, Əbdülün dalınca deyinməyə başladı:

– Görürsən, mən axşam demədim ki, a, bu zir-zibili yığışdır? Gör nə ağız bəhəm eləyib, mənim də sözümü saymır. Yaxşı, köpək oğlu. Sənə mən bir toy tutum ki, adın da yadından çıxsın. — Sonra ürəyində sözünə davam elədi: — «Mənə naz-qoz eləyir; elə bil, başımın ağasıdı. Bunun küsməyinə bax, inciməyinə bax! Mən deyirəm belədi, demək belədi, burda ayrı söz ola bilməz. Söz mənim sözümdü. Pah, inciyir, kişmiş oğlu. Acığıma içir də hələ bir! Üzümə də baxmaq istəmir... Sən öləsən...».

Süfrəyə əl vurmamış eyvanın o biri başına — Əbdülün hücrəsinə baxan tərəfinə keçdi. Hücrənin qapısı açıq idi, özü isə həyət-bacada yox idi. Səslədi qəzəblə:

– Əbdül, Əbdül.

Səs-səmir gəlmədi, harayına hay verən olmadı. Yenə, bu dəfə lap ucadan qışqırdı:

– Əbdül hey... — cavab yox idi. «Yəqin o da ağası kimi köpüb. O qədər içmək olardı ki, axşam içdilər?!»

Aşağı düşdü. Hücrənin yanına gəldi, qapıdan içəri boylandı. Hücrə bomboş idi. Əbdül yox idi. «Bəlkə bazara gedib... Belə tezdən bazara getməzdi axı...» həyəti dolandı, bağa sarı boylandı. Heç yerdə gözünə dəymədi Əbdül.

Yalnız bu zaman ürəyinə gələn fikir bədənini üşütdü. «Gedib! Acıq eləyib, gedib...» Vücudu süstəldi, özündə bir halsızlıq hiss elədi, ağacın altındakı oturacaqda əyləşib nəzərlərilə hücrənin açıq qalmış qapısına baxdı, baxdı... hirsini, qəzəbini unutdu Dünya xanım. Bir anlığına atılmış, kimsəsiz buraxılmış adam kimi qəlbində yaxıcıyandırıcı bir hiss duydu, bədbəxtləşdi. Hər şey gözündən düşdü, ölgünləşdi. Onunla — zahirən sakit, nökər, daxilən isə vulkan kimi qızğın, geyinib-kecinərsə, şahzadəyə layiq, sevməkdə, əzizləməkdə dünyanın nadir kişilərindən olan, sevdiyinin qabağında həqiqətən bir qul kimi əyilib ayaqlarına düşən, heç bir kitab oxumasa da əzizinə nağıl kimi şirin-şirin sözlər pıçıldamağı bacaran, kişi kimi azca kobud, aşiq kimi son dərəcə incə Əbdüllə keçirdiyi o xoş dəmlər, o unudulmaz saatlar, Nəcməddin səfərə, ova gedərkən isə sonsuzluq kimi görünən günlər, səadət dolu günlər, onun pıçıltıları, nəvazişləri, birər-birər gəlib yadına düşdü, könlünün xatirələr kitabı vərəqləndi və vərəqləndikcə bütün varlığı isindi Dünyanın. İndiki süst, atılmış halını unutdu, xəyalın, xatirələrin qanadında o vaxtların isti qucağına uçub sığındı. Və ani olaraq sevindi ki, nə yaxşı bu xatirələr varmış, nə yaxşı Əbdül varmış! Sonra son kəlmədən diksinən kimi oldu, qayıtdı adi halına və özündən dəhşətlə xəbər aldı: «Varmış? Necə yəni varmış? Bəs indi yoxdur? Olmayacaq?! — Soyuq payız mehimi üşütdü onu, ya bu suallar? — başa düşmədi, ancaq üşüdüyünü, çılpaq, ağ qollarının tüklərinin biz-biz olduğunu gördü və bir az üşüdü, əsdi.

Sonra özünü yamanca danladı. «Günah məndə oldu... Qədrini bilmədim. Tez-tez zəhərlədim, acıladım. Elə bil, şeytan mənə vəsvəsə verirdi. Hərdən gözümə ilan-qurbağa şəklində görünürdü. Şitliyim tuturdu, könlünə dəyirdim, incidirdim. Ha çalışırdım küssün məndən. İnciyirdi, ancaq küsmürdü. İnciyəndə çox qəribə olurdu. Gözləri kədərlə dolurdu. Bir xoş söz deyən kimi hər şeyi unudub təzədən xoşbəxtləşirdi, ayağım altına düşürdü, ayaqlarımdan öpürdü. Bu isə mənə sonsuz ləzzət verirdi. Hələ ağlamağı. Elə bil göz yaşları ovcunda idi, mənsizləyəndə, darıxanda, həsrət güc gələndə uzaqdan dayanıb mənə baxır, səssiz-səmirsiz yaş axıdırdı... Onda mən də dözməzdim, çağırıb bağrıma basardım, nəvaziş göstərərdim. Vüsalımdan xoşbəxt olan dəmlərdə də ağlardı. «İndi niyə ağlayırsan, ay dəli?» — deyərdim. «Bayaq həsrətdən ağlayırdım, indi də xoşbəxtliyimdən, Dünyam mənim», — deyərdi. «Adamın gözündə nə qədər yaş olar məgər?»

«— Hər adamın gözündə belə yaş olmur, Dünyam mənim?»

«— Bəs kimin?»

«— Ancaq ürəkdən sevən adamın, mehribanım!»

«— Sevməsən, demək ağlaya bilməzsən?»

«—Yox, nə vaxt sənin üçün göz yaşları tökmədimsə, demək, sevmirəm»

«— Hə?»

«— Hə!»

«— Onda, Allah sənin göz yaşlarını qurutmasın, əzizim. Xoşdur bu göz yaşları mənim üçün... Sənin göz yaşların mənim məhəbbətimi sulayır, çiçəkləndirir, yaşadır...»

«— Bəs mən niyə ağlaya bilmirəm, Əbdül?»

«— Çünki...»

«— Nə çünki?..»

«— Qorxuram acığın gələ, Dünyam mənim».

«—Demək, məndən qorxursan, eləmi?»

«— Guya bilmirsən? Mən dünyada heç kəsdən, heç nədən, hətta ölümdən də, hətta Allahdan da qorxmuram, ancaq səndən qorxuram, Dünyam mənim».

«— Niyə axı?»

«— Heç özüm də bilmirəm, niyə? Ancaq qorxuram. Mənə elə kəlir ki, sən qəzəblənəndə daha dəhşətli olarsan, hər şeyi alt-üst eləyərsən, ağına-bozuna baxmazsan, sındırarsan ürəyimi, xal salarsan ürəyimə. Mən isə istəmirəm bu təmiz, təmənnasız məhəbbətə ləkə düşsün, solsun, saralsın. Mən onu qorumaq istəyirəm, yaşatmaq istəyirəm, çünki hiss edirəm ki, ikimizi də yaşadan odur, Dünyam mənim. Taleyim səni mənə yetirənə qədər mən yaşamamışam, sürünmüşəm. Elə sən də, özün deyən kimi, dünyanın ləzzətini, nəşəsinn mənimlə görübsən, ona görə qorumalıyıq bu məhəbbəti, onun üçün əsirəm bu məhəbbətin üstündə...»

«— Nə yaxşı sözlər deyirsən, Əbdül?! Sən bu sözləri hardan öyrənmisən?»

«—Səndən, gülüm. Sənin məhəbbətindən öyrənmişəm. Belə sözlər deyə bildiyimə sonra özüm də təəccüb eləyirəm, inan».

«— Doğru deyirlərmiş ki, sevənin ürəyi dərya olurmuş... Yaxşı, mənim sualıma cavab ver, qorxma, hirslənmərəm...» — Hə... əgər hirslənməzsənsə, deyərəm. Soruşursan ki, mən niyə ağlaya bilmirəm sənin kimi? Çünki sən mənim kimi sevmirsən, Dünya. Mən səni sevən qədər, sən məni sevmirsən, ona görə gözlərindən yaş çıxmır. Sənin ürəyin istəyən vaxt mən sənin ola bilərəm, ancaq hər mənim ürəyim istəyən an sən mənim ola bilmirsən, Dünya!»

«— Bəs məndən niyə heç vaxt küsmürsən, Əbdül?»

«— Küsə bilmirəm. Nə desən, nə eləsən də, küsə bilmirəm. Ancaq hərdən ürəyimdə səndən bərk inciyirəm. İncidirsən ürəyimi, acı sözlər deyirsən ki, birini bir batman balla da yemək olmaz».

«—Amma sən yeyirsən».

«— Hə, yeyirəm. O acı sözlərini də bağrıma basıb şirin söz kimi uduram, Dünyam mənim. Tək bircə dəfə səssiz-səmirsiz sənə qəlbimdə acıqlanmışam, demişəm ki, məni — səni dünyalar qədər istəyən biçarə qulu belə incitmə, Allah sənə qəzəb eləyər, Dünya!».

«— Demək, mən səni incitsəm, Allah mənə qəzəb eləyər, hə?»

«— İnanırsan ki, buna da qıymaram. Allahın qəzəbi məni tutsun qoy. Sənə gələn qada-bala mənə gəlsin qoy! Sənə heç nə olmasın. Başından bir tük də əskik olmasın, ay mənim, əvəzsizim».

«İlahi, mən nə xoşbəxtəm!»

Bu ara çil xoruz banladı, Əbdüllü anlar harasa uçub getdi, Dünya oturacağın üstündə tək qaldı və özünün axırıncı sözünü — «İlahi, mən nə xoşbəxtəm!» elə bil kimsə, o uzaq günlərdən təkrar etdikdə Dünya kədərlə düşündü: «Xoşbəxtəm? Hanı o xoşbəxtlik? Getdi, uçurtdum əlimdən. Bir də geri qayıdarmı görəsən? Aman Allah, mən neylədim, neylədim, sakitcə oturmuşduq, bilirdim ki, o var. Elə deyirdim — deyə o, xəyalən Əbdülü nəzərində canlandırıb müraciət elədi. — Elə deyirdin küsmərəm səndən, səndən küsə bilmərəm. Bəs niyə küsdün? Sənə deməmişdim ki, mənim sözlərimə fikir vermə! Bəs nə oldu?! Yox, sən beləcə səssiz-səmirsiz gedə bilməzsən. Hayana getsən, axırı qayıdıb gəlməlisən. Qayıt gəl, daha səni incitməyəcəyəm, heç vaxt. İnsan belədi, bir şeyi itirməmiş qədrini bilmir. Elə sanır ki, həmişə əlində, evində, yanında olacaq. İtirəndən sonra heyfsilənir, Əbdül. Daha səni itirməyəcəyəm... Əgər tapsam...»

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 min
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 min
Üçüncü hissə, səkkizinci fəsil

Və hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…

12 min
Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 min

Poems by other poets