Page 2 of 4 · 25%

⎯ Ə, sənin vicdanın var? Heç boyundan-buxunundan utanırsan? Bu rayonda oğru, rüşvətxor yoxdu bəyəm? Hansını tutub gətiribsən indiyəcən, hə?

⎯ Yoldaş katib, böhtandı… ⎯ Ağayev qurumuş dodaqlarını yalayıb nəhayət güclə dilləndi, ⎯ şər atır. Doğrudur, biz akt yazmışıq, amma mən ona heylə şeylər deməmişəm.

⎯ Lap tutaq ki, deməmisən. Amma on qəpik üstündə akt yazmısan da!

⎯ Bəli, yazmışam.

⎯ Bəs sənin heç insafın-zadın yoxdu? Onun körpəsinə heç yazığın gəlmir? Mən sənə xeyli var göz qoyuram. Sənin haqqında camaat pis danışır, Ağayev. Qanun adından istifadə edib sənin kimi qarnını şişirənlər, peysərin yoğunladanlar var bizim rayonda. Bəs sənin gözlərin onları görmür? Min-min udanları görmür sənin gözlərin, amma on qəpik yeyəni görür, hə? ⎯ Sonra katib üzünü salona çevirdi ⎯ sizlərdən kim tanıyır o qadını? Kimin işçisidi o?

⎯ Mənim, yoldaş Həmidov! ⎯ deyə rayponun sədri ayağa qalxdı.

⎯ Necə adamdı o, Mustafa? Həqiqətən oğrudu, əyridi, yalançıdı?

⎯ Yox, yoldaş katib, ⎯ dedi Səlimzadə. ⎯ Gülbadam çox təmiz, namuslu, vicdanlı bir işçidi. Mən bunu tam ciddiyyətlə deyirəm. Siz təsəvvür edin ki, o, öz işlədiyi dükandan evinə bir dənə çörək aparanda onun pulunu qoyur, sonra götürür çörəyi. Elə təmizdi o! Yeddi ildi orda işləyir, bir nəfər narazı olan tapa bilməzsən ondan. Planı vaxtlı-vaxtında yerinə yetirdiyinə görə, sanitariya qaydalarına düzgün əməl etdiyinə və qüsursuz işlədiyinə görə hər il ona pul mükafatı, təşəkkür veririk biz.

⎯ Bəs bu akt məsələsindən sənin xəbərin var, bir müdir kimi?

⎯ Bəli, var, yoldaş Həmidov. Mən Gülbadamın özüylə də, o uşaqla da söhbət eləmişəm. Onun sizə söylədikləri həqiqətdi, yoldaş Həmidov. Acığına gəlməsin, mən bu barədə Ağayev yoldaşa da müraciət eləmişəm. Amma o, nə üçünsə daş atıb başını tutub ki, gərək onu basdıram getsin, deyir, xalqın malını dağıdır, gərək tutulsun.

⎯ Xalqın on qəpiyinin qeydinə qalan oğlan, bəs xalqın namusunun qeydinə niyə qalmırsan? Hə? Cavab ver, Ağayev! Bəs bu camaatın namusu sənin namusun deyil? Niyə gözlərini döyürsən?

⎯ …

Süleyman yenə salonda oturanlara baxdı:

⎯ Yoldaşlar. Biz bu gün burda tamam ayrı məsələləri müzakirə etməliydik, ancaq, madam ki, belə söhbət ortalığa düşdü, yeri gəlmişkən, sizin nəzərinizə bir şeyi çatdırmağı vacib bilirəm. Siz oturun, ⎯ deyə o, Səlimzadə və Ağayevə əyləşmək icazəsi verdi və sözünə davam etdi: ⎯ Aldığım məlumatlardan və öz müşahidələrimdən belə hiss eləyirəm ki, bəzi vəzifəli yoldaşlar öz vəzifələrinin imkanlarından sui-istifadə edərək cavan qızları, gəlinləri, qəşəng qadınları ələ gətirmək, pis yola salmaq məsələsində «ciddi» fəaliyyət göstərirlər. Bu, çox qorxulu və eyni zamanda vicdansız bir işdi, yoldaşlar! Buna qətiyyən sizin haqqınız və ixtiyarınız yoxdu. Başa düşürsünüz, yoxdur! Təsəvvür etmək heç də çətin deyil ki, hər vəzifə sahibi iki-üç qızı-qadını pis yola salsa, görün nə böyük fəlakət olar! Ondan sonra siz nə haqla namusdan, qeyrətdən danışa bilərsiz? Mən açıq şəkildə sizə deyirəm: bu barədə ciddi düşünün, yoldaşlar! Burda olanlar, bu gün burda olmayanlara da çatdırsınlar, xahiş edirəm. Təmiz əxlaq, saf mənəviyyat olmayan bir cəmiyyətdə heç bir yaxşı şey ola bilməz. Və kim əxlaq məsələsində büdrəsə, məndən aman istəməsin. Bunu yadınızda yaxşı saxlayın!

Süleyman qabağındakı kağıza baxıb sonra yenə üzünü Ağayevə tutdu:

⎯ O ki, qaldı Gülbadamın məsələsinə, o aktı burdan çıxan kimi gedib cırıb atarsan, başa düşdün?

⎯ Bəli, yoldaş katib!

⎯ Səni bu vəzifəyə camaatın canının-namusunun, malının keşiyini çəkməyə qoymuşuq. Get bir az da qeyrət dərsi oxu. Xalq namusunu çölə atmayıb.

⎯ Baş üstə, yoldaş katib!

O boyda bədənin robot kimi «bəli», «baş üstə» deməsinə yerdə pıqqıldayıb gülənlər oldu, ancaq Ağayev Süleymana diqqət kəsildiyindən bunu eşitmədi. Yerinə oturandan sonra cibindən çıxartdığı dəsmalla sir-sifətinin tərini sildi, bütün iclas boyu baxışlarını qaldırıb bircə dəfə də olsa katibin üzünə baxmağa cəsarət eləmədi.

Nəzərin ürəyi dağa dönmüşdü. Süleymanın Ağayevə belə sərt təpinməsi kişiyə ləzzət eləmişdi. Ağayevin bu hərəkəti onda nə qədər ikrah, nifrət oyatmışdısa, Süleymanın tənbehi, acı sözləri bir o qədər qəlbindən tikan çıxartmışdı. Gülbadam adlanan o qadının nəmli gözləri, ağlar səsi gözünün qabağından, qulağından çəkilib getmirdi. «Adamlarda vicdan, qorxu, insaf qalmayıb! Bu da mənim keşikçim!.. Faşist oğlu faşist! İxtiyarım olsaydı, bax elə burda, bu camaatın gözünün qabağında sənin paqonlarını açardım, partbiletini alardım! Gözünə dönüm, Süleyman! Yaxşı dedin. Belələrinin ipini çəkməsən, başının üstündə zəhmnən, hökmnən dayanmasan, çox pəstəhadan çıxarlar!»

Nəzər öz aləmindəydi, fikrində, xəyalında ucalan Süleymana razılıq eləyirdi; birdən gördü ki, katib salona göz gəzdirib kimisə axtarır. Maraqlandı. Süleyman deyirdi:

⎯ Hanı o mağazanın müdiri? Böyük ərzaq mağazasının müdirini deyirəm. Hanı o?

Rayponun sədri Səlimzadənin rəngi ağardı. «Vay dədə. Yenə görəsən nə olub, neynəyib Oruc? Axı Oruc…» Nigarançılıqla ətrafa baxındı. Oruc ⎯ mağazanın müdiri, qıraqda, orta cərgədə oturmuşdu. Onun da sifəti avazımışdı. Baxışları rastlaşdıqda Səlimzadə ona işarə elədi ki, qalxsın ayağa. Ucaboylu, qara saçlarını arxaya daramış, xoş sifətli Oruc ehtiyatla ayağa qalxdı və fikrində nə günahın sahibi ola biləcəyini götür-qoy eləyə-eləyə qətiyyətsiz bir səslə:

⎯ Mən burdayam, yoldaş Həmidov! ⎯ söylədi.

Süleyman səs gələn səmtə çevrilib:

⎯ Hə, hə. Səni axtarıram. Sənin adın nə oldu? ⎯ soruşdu.

⎯ Oruc Yusif oğlu.

Katib üzünü oturanlara tutdu:

⎯ Yoldaşlar! Baxın ona. Yaxşı baxın!..

Səlimzadə, Oruc özü də sarısını uddu. Oturanlar əmr imiş kimi çönüb Oruca nəzər saldı. Səlimzadə başını qabağındakı adamın kürəkləri arxasında gizləməyə çalışdı. Oruc baxışlar altında əzilirdi, qıçlarının əsdiyini hiss eləyirdi. Katib həlim, mehriban bir tərzdə hamının intizarına son qoydu:

⎯ Bizə belə adamlar lazımdı, yoldaşlar! Çox təəssüf ki, sizdə, bizdə elə yanlış bir təsəvvür yaranıb ki, filankəs əgər ticarətdə işləyirsə, demək oğrudu, əliəyridi. Söz yox, elələri də var. Ancaq axı Oruc kimiləri də var, yoldaşlar! Mən bura təzə gələndə elə birinci gün çıxmışdım rayon mərkəzinə. Görürəm, səliqəli geyinmiş, şlyapalı, qalstuklu bir adam, əlində süpürgə mağazanın qabağını süpürür. Baxıram, bu viddə-fasonda süpürgəçi olmaz. Bəs bu kim ola? Yaxınlaşıb deyirəm, ay yoldaş, siz kimsiz, nəçisiz? Nə desə yaxşıdı? «Mən buranın həm müdiriyəm, həm nökəri!» Çox xoşuma gəldi cavabı. Sən demə, süpürgəçi xəstələnibmiş. Sizin hansınız belə eləyər? Mən cəsarətlə deyə bilərəm: heç biriniz!.. «Mən müdirəm!.. Süpürgəçi deyiləm!» ⎯ deyərsiz. Zibil içində oturarsız, amma idarənizi, kabinetinizi süpürməzsiniz. O adam ki, özünü sənətinin, peşəsinin həm ağası, həm də nökəri hiss eləyir, onun hər işi yaxşı gedər. Mən buna əminəm. Gec də olsa, sənə, Oruc, təşəkkür eləyirəm. Sağ ol. Otur.

Oruc əyləşdi. Səlimzadə rahat nəfəs aldı. Oruca baxıb sağ əlinin baş barmağını yuxarı qaldırdı, yəni «əla!» Oruc uşaq kimi mehriban-mehriban gülümsündü.

«Yaxşıya yaxşı, pisə pis deməsən, haqsızlıq olar, mizan-tərəzi itər, oğul!» ⎯ deyə Nəzər ürəyində Süleymana müraciət elədi. Süleyman isə, çoxdan başqa, əsas məsələyə keçmişdi:

⎯ Mən sizi bura Ağayevi tənqid, Oruc Yusifoğlunu tərif eləmək üçün yığmamışam, yoldaşlar. Açığı deyim ki, sizdən, sizin işinizdən narazıyam, çox narazıyam. Siz heç qəzet oxuyursuz, televizora baxırsız? Ya baxmırsız, vaxtınız yoxdur?! Mən görürəm, baxmırsız, oxumursuz, eşitmirsiz. Belə olmasaydı, utanardız, qızarardız! Xəcalət çəkərdiz. Xəcalət çəkərdiz ki, bizim rayonun adı siyahıda aşağıdan birinci yerdə gedir. Bütün respublikada biabır olmuşuq. Bakıya gedəndə, Mərkəzi Komitədə heç kəsin üzünə şax baxa bilmirəm. Başa düşürsüz, baxa bilmirəm. Bu sizin heysiyyətinizə təsir eləmir? Pambıq torpağa tökülüb, yığan yoxdur. Baxın, heç uzağa getməyək, elə sənin kolxozunu götürək, yoldaş Abbasov. Bu nə yığımdır? ⎯ O, qabağındakı kağızı götürüb baxdı ⎯ bugünkü məlumatdı. Bu nə pambıqdı vermisən bu gün? Nədi, adamın yoxdur, texnikan yoxdur, hə?

Birinci sırada əyləşmiş dazbaş, eynəkli kişi qalxdı:

⎯ Adamım da var, texnikam da var, yoldaş Həmidov. Pambığım yoxdu.

⎯ Necə yəni pambığım yoxdu?

⎯ Sadəcə yoxdu.

⎯ Bəs plan, öhdəlik götürəndə, bu tribunadan danışanda, necə deyərlər, ağzına çullu dovşan sığışmırdı, onda döşünə döyürdün, bağ belə, bostan elə. Bəs hanı?

⎯ Deyirdim, düzdü! Axı bu torpaq da yazıqdı, Süleyman müəllim. Nə olar ki, dili yoxdu, dərdini deyə bilmir. Biz ki, insanıq, biz ki, başa düşürük, daha doğrusu, başa düşməliyik ki, o biri kolxozları bilmirəm, bizim kolxozun torpağı daha yorulub, əldən düşüb. Nədən ki, mən gözümü açandan, ağlım söz kəsəndən üzü bəri ⎯ ən azı qırx ildi, bu torpaq dinclik bilmir, sağmal inək kimi elə hey sağırıq. Biz oxumuşuq, ata-babalarımızdan eşitmişik, torpağı dincə qoyarlar, yonca əkərlər. Biz isə bunu eləmirik, əvəzində dərman-zəhər veririk. Xəstəyə çox dərman verə-verə də öldürmək olar, yoldaş Həmidov.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 min
Birinci hissə, yeddinci fəsil

Bikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

30 min
Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 min
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 min

Poems by other poets