Page 3 of 3 · 67%

Bu hadisədən sonra Qulamın cibində pulu olanda da, ürəklə çörək yeməyə dəvət eləyəndə də heç kəs onunla heç yerə getmirdi.

İkinci hadisə də pulla bağlı idi. Ancaq bir az başqa cür. Məsələ bunda idi ki, o biri fənləri ala-babat bilsə də, bu «siyasi iqtisad» fənnindən heç nə başa düşə bilmirdi. Burdan oxuyurdu, ordan yadından çıxırdı. Professor Bəhmən Bəhmənov isə çox ciddi, tələbkar adam idi, bu çətin elmi elə həvəslə, elə şirin izah eləyirdi ki, ən küt adam belə bir şey götürə bilərdi. Qulam ondan yaman qorxurdu. O iki saatı –Bəhmən müəllim sinifə girib çıxanacan Qulam ürəyini yeyirdi. İmtahan vaxtı əsə-əsə gedib bilet çəkən Qulamın suallarının birincisi «Pulun vəzifələri» imiş. Qulam oturub başını çox sındırır, «Ayə, pulun çörək ağacı olmaqdan başqa nə vəzifəsi ola bilər ki? Ver, al, vəssalam». Ancaq Qulam pulsuzluqdan o qədər yanmışdı ki, özündən pula bir tərif verdi iki daşın arasında. Professor ondan birinci suala cavab istəyəndə Qulam «Nə ola-ola, risk eləyəcəyəm» – deyə düşünüb:

− Professor, pulun kitabda yazılmış vəzifəsini söyləyim, ya özüm verdiyim tərifini deyim? – mızıldanmışdı.

Professor maraqlanmışdı:

− Sən özün pula tərif vermisən?

− Bəli, professor.

− Maraqlıdır. De görək!

Qulam, «Ay Allah, özün məni bu kişinin qılıncından sovuşdur» düşünüb qorxa-qorxa:

− İndiyə qədər məndə olmayan və indi iki versəniz yeddi ay da olmayacaq şeyə pul deyilir, professor. – demişdi.

Professorun xırda gözləri gülüş içində itmişdi, Qulamın bu «kəşfi»nə gülə-gülə bir üç yazıb daha heç nə soruşmamışdı və universitetdə oxuduğu illər ərzində təkcə o semestr təqaüd ala bilmişdi.

Sakitin dediklərindən bu da aydın olmuşdu ki, Qulam elə o vaxt hansı bir professorunsa qızı ilə tanış olmuş, az sonra evlənmişdi. Onu qurtaran kimi aspiranturaya saxlatdırmışdılar. Özü də hansı sahə üzrə - siyasi iqtisad elmi üzrə. Buna Əsəd heç cür inanmaq istəməmişdi. Özünü uzaqdan tanıdığı, haqq-salamları olmasa da, əməllərini ordan-burdan eşitdiyi Qulam və siyasi iqtisad! Əsədin inanmadığını görən Sakit: «İstəyirsən inan, istəyirsən inanma. Həmin Qulam indi iqtisad elmləri doktorudu. Görsən heç tanımazsan. Mən hərdən şəhərdə, Akademiyada, Xalq Təsərrüfatı institutunda görürəm. Düzdü, əlaqəmiz yoxdu, ancaq tanıyıram ki, bu, həmin Qulamdı…» – deyib söhbəti dəyişmişdi.

Əsəd sadəcə, «Vallah möcüzədi» – deyərək fikrə getmişdi. İndi bu layka geyib özünü çox bərbəst aparan Ərəstun həmin Qulamın oğludursa… nə bilmək olar, bəlkə heç o, Əsədin, Sakitin tanıdığı Qulamın oğlu deyil. Nə çoxdu Qulam bu şəhərdə?!

Əsəd üçün bu hələ mühüm deyildi. Əsəd indi ayrı şeyi öyrənmək istəyirdi – odur ki, öskürüb Ərəstunun diqqətini özünə cəlb elədikdən sonra dedi:

− Yaxşı, Ərəstun, indi sən daha uşaq deyilsən. Səninlə elə bilirəm açıq danışmaq olar.

Ərəstun:

− Nə barədə, müəllim? – soruşdu maraqla.

− Sahilə barədə. Mən hiss eləyirəm… Sən onu… sən onu istəyirsən, elə deyilmi?

Ərəstun dodağının altında nə isə mızıldandı, ancaq Əsəd heç nə başa düşə bilmədi.

− Yəqin fikrin ciddidir. Ancaq mən sənə bir cəhəti xatırlatmaq istəyirəm, bala. Onun anasının vəziyyətini görürsən. Sən mənim bir sualıma cavab ver. Onun − o kolyaskadakı arvadın əzabına-əziyyətinə dözəcəksənmi, onun qayğılarına tab gətirəcəksənmi?

Gözləri balkonda, qulaqları Əsəddə olan Ərəstun, adi bir şey haqqında söhbət gedirmiş kimi, çox laqeyd halda:

− Əh, onun nə ömrü qalıb. Bu gün-sabah ölüb gedəcək. – söylədi.

Əsədin başına elə bil bir qazan qaynar su tökdülər. Nitqi batdı kişinin. Və çox pərişan halda, bu ürəksiz oğlana heç nə demədən, qalxıb ağır addımlarla Ərəstundan uzaqlaşdı. «Allah eləsin Sahilə bu gədəni sevməsin. Yoxsa bədbəxt olar. Necə də vicdansızdı, qəlbsizdi bu, ilahi? Yox, yox. Mən Sahiləni sənə vermərəm, vermərəm. «Bu gün-sabah ölüb gedəcək»… Necə asanlıqla dedi o bu sözləri?» Bir insanın ölümü haqqında necə asanlıqla dedi, ilahi?»

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 min
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 min
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 min
Üçüncü hissə, beşinci fəsil

Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

8 min

Poems by other poets