Birinci hissə, üçüncü fəsil
Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.
Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.
İstədi sasləyib oyatsın: «dur, dur ayağa, bax, gör bu paltarım mənə necə yaraşır? Təzə tikdirmişəm. Sən gedəndən sonra...» Ancaq sözlərini uddu. «Qoy yatsın». Əl boyda kağız yazdı, stolun üstünə qoydu, zənbili əlinə alıb qapıdan ehtiyatla çıxdı.
Prospektdəki şüşə bazar nəhəng akvariuma oxşayırdı. Fərqi bu idi ki, onda ayrı-ayrı rəngli balıqlar deyil, müxtəlif geyimli, müxtəlif dilli adamlar qaynaşırdı. Alan kim, satan kim, «Ay müştəri!»— deyə boğazına güc verib malını-mətahını tərifləyən kim...
Gülmirə bazarın girəcəyində, sağ əlində tor zənbil, sol əlində bir vərəq kağız olan Gülalını görüb ayaq saxladı. Gülalı əlindəki kağıza baxdı, yenə geri — göy-göyərti piştaxtasına sarı qayıtmaq istəyəndə Gülmirə ona salam verdi. Gülalı pis iş üstündə tutulmuş adam təki kağızı arxasında gizlətməyə çalışaraq qanrılıb Gülmirənin salamını aldı.
– Bazarlıq eləyirsən deyəsən?
– Hə, arvad bazarlıq işini mənim boynuma qoyub...
Yaşı otuzdan keçsə də arıq, caydaq olduğundan çox cavan görünən Gülalı kirpikləri tökülüb seyrəlmiş gözlərini iri, qalın şüşəli eynəyinin dalında qırpa-qırpa qalmışdı. Gülalı ilə eyni şöbədə işləyən Gülmirə bu neçə müddət ərzində elə bir gün xatırlaya bilməzdi ki, onunla üzbəüz dayananda Gülalının çöp kimi nazik biləklərinə, uzun barmaqları sonradan yapışdırılmışa oxşayan yekə əllərinə baxıb təəccüblənməmiş olsun.
Dolu zənbil az qala Gülalının biləyini üzəcəkdi.
– Bəs o əlindəki kağız nədi, ay Gülalı? —deyə Gülmirə maraqla xəbər aldı.
– Bu? Hə...— özünü itirdiyindən bayaq gizləməyə çalışdığı vərəqi Gülmirənin gözləri qabağına tutdu. — Bu, siyahıdı.
Gülmirə təəccübləndi. O, Gülalının qəribə adam olduğunu bilirdi: həmişə heç kəsin eləmədiyi işlər tutmağa çalışırdı.
– Necə yəni siyahı ay Gülalı?
– Əşi, uzun dəsgahdı. Mən hər bazara gələndə bir balaca səhv eləyirdim. Yəni nə cür səhv? Arvad tapşırırdı ki, filan-filan şeyləri al, mən də deyirdim baş üstə. Gəlirdim bir də görürdüm ki, onun dediyi şeylərdən bəziləri yadımdan çıxıb, almamışam. Sklerozam da, neyləyim?! Gedirdim evə, dava-mərəkə... Deyirdim, vallah, yadımdan çıxıb. Deyirdi, yox, xəsisliyindən almayıbsan. Axırı çox götür-qoy elədik, çarə tapdıq: indi siyahı tuturuq, maddə-maddə bu siyahıya yazırıq. Nə isə, uzun dəsgahdı.
Gülmirə az qaldı ki, qəhqəhə çəkib gülsün, ancaq özünü güclə saxlayıb:
– Ay sənin oyunun olsun Gülalı!— dedi.
Gülmirə bazardan çıxandan sonra «Ceyran» qəhvəxanasının arxasındakı böyük həyətə buruldu, üçüncü blokun pillələri ilə yuxarı qalxdı. Beşinci mərtəbədə, qapının ağzında su şırıltısı eşidilirdi: kimsə astananı, pillələri yuyurdu. Gülmirə boylandı; Sədəf idi. Əynində nimdaş xalat vardı, uzun hörüklərini başının dövrəsində çalmalamışdı. Əlindəki əskini tez-tez yanındakı su ilə dolu köhnə vedrəyə basıb çıxarır, şırıltı sala-sala aşağı əyilib döşəməni təmizləyirdi. Bu girdəsifət, qırxa yaxın yaşı olan qadının gicgahlarında ağ tüklər görünürdü: təkcə badamı gözləri onun qarayanız sifətinə yaraşıq verirdi. Gözləri işıqlı idi, gözləri cavandı, elə bil, yaşına görə çox düşmüş Sədəfin öz gözləri deyildi, gənclik ehtirası ilə coşub-daşan bir qızın nurlu gözləri idi. Yarıaçıq qapının üstünə şüşə lövhə vurulmuşdu:
«Prof. Salman Qurbanzadə».
– Yorulmayasan, ay Sədəf bacı!
Sədəf belini düzəltdi:
– Sağ ol. Xoş gəlmisən.
– Özün necəsən, oğlun necədir?
– Ömrünüzə duvaçıyıq.
– Deyəsən, yır-yığış eləyirsən?
– Hə, dedim bu gün bazar günüdü, silim-süpürüm. Fürsətdi, evdə heç kim yoxdu.
– Bəs hara gediblər?
– Bağa. Salman usta tapıb, bağda bir az xım-xırd işləri var, onu gördürəcəkdi. Nadirə də dedi, hava yaxşıdı, mən də gedirəm. Ceyhun bu yandan qalxdı ki, onda məni də aparın. Bazarlıq-zad elədim, ət-mət aldım, mindilər maşına, getdilər. Bir işin-zadın vardı?
– Hə, Salman əmim mənə kitab verəsiydi.
Sədəf Gülmirəni yaxşı tanıyırdı. Salmanın ən yaxın dostunun qızı olduğunu bilirdi. Demək olar ki, bir evli kimi idilər. Gülmirə hələ ərə getməmişdən atası ilə bura tez-tez gələrdi. Salman ona həmişə «qızım» deyərdi. Öz atası da Gülmirəni adı ilə yox, «qızım» deyə çağırardı. Ancaq nə sirr idisə, Gülmirə bunun səbəbini özü də yaxşı başa düşmürdü. Salmanın «qızım» deməyi ona daha çox fərəh verirdi. Bəlkə də, bu ona görə idi di, Salman professor idi, elm aləmində tanınmış, adlı-sanlı adam idi?
Gülmirənin toyundan az sonra Salman Nadirə ilə məsləhətləşib, təzə ailə qurmuş cavanları evinə qonaq çağırmış, böyük bir məclis açmışdı. O zaman Sədəf qonağlığın bütün hazırlığını özü eləmişdi. Lap məclisin sonunda, yeyib-içib keflənmiş qonaqlardan kimsə, görünür bütün yaxşı sağlıqlardan əli çıxdığına görə (yenə də sağ olsun) səhərdən ayaq üstə gəzib yan yerə qoymayan Sədəfin (qonaq onun heç adını da bilmirdi, «bacı» deyirdi) sağlığına badə qaldırmışdı...
Gülmirə öz evlərinə girirmiş kimi, içəri keçdi, böyük çilçıraq asılmış bəzəkli qonaq otağından küncdəki otağa adladı. Bura professorun iş otağı idi.
Divar boyu düzülmüş kitab rəfləri, ayna kimi işıldayan yazı stolu, kreslo, stolun üstündə mərmərdən yonulmuş rəqqasə heykəli, hər şey ona tanışdı. Bəzən bax, bu stulda Nadirə, onda isə Salman əyləşib saatlarla elmi söhbətlər, mübahisələr eləyərdilər. Gülmirə isə kənarda dayanıb qulaq asar, müdaxilə etməyə, bir fikir söyləməyə cəsarəti çatmazdı. Mübahisə gah Salmanın iş otağında, gah da Nadirənin xudmani kabinetində davam eləyərdi. Bəzən isə onlar bu cür söz-söhbətdən bezib usandıqlarından tamam ayrı şeylərdən, məsələn havanın yaxşı olub-olmamasından, qışın bərk gələcəyindən, Ceyhunun dərslərindən danışardılar. Sədəf belə hallarda burda yoxmuş kimi, səssiz-səmirsiz dolanar, iş-gücünü görər, elə bil, danışanları eşitməzdi.
Gülmirə kitab rəfini nəzərdən keçirə-keçirə düşünür, özünün də gələcəkdə belə bir kitabxana düzəldəcəyini qət edirdi: «Bu işə gərək çoxdan başlamış olaydım, lap tələbəlik illərindən... Keçib. İndi də gec deyil».
– Aha, budur!— ucadan səslənən Gülmirə göy cildli kitabı rəfdən çəkib götürdü: — Sədəf bacı, budu o kitab. Salman əmi gələndə deyərsən, yaxşı?— deyib getməyə hazırlaşdı.
– Yaxşı, deyərəm.
Sədəf Gülmirəni qapının ağzınacan ötürdü.
– Deyəsən, əmimgilin bu qonşuları köçüb?— deyə Gülmirə sağdakı təkotaqlı mənzilə işarə ilə soruşdu.
– Hə, iki həftə olar ki, köçüblər.
– İndi kim yaşayır?
– Vallah kimliyini bilmirəm; bir qoca arvaddı, ikicə dəfə görmüşəm.
Gülmirə pillələri düşəndə təzə qonşu bayıra çıxdı. O, saçı ağarmış, gözü eynəkli bir arvaddı. Gülmirənin dalınca baxıb Sədəfdən soruşdu:
– Bu cuvanəzən kimdi, a qonşu?
– Tanışdı.
– Maşallah, tez-tez gəlib-gedir.
– Nadirəynən, Salmannan bir idarədə işləyir.
– Bu da alimdi?
– Yox, alim deyil, ancaq olacaq.
– Bəxtəvər. İndi alim olmaq yaxşı şeydi. Çox yaxşı şeydi. Görürəm də. Yaxşı dolanırlar, maşallah. Mənimkilərin basaratını Allah bağladı. Elə bil, üzü ağ olmuşların göbəyini kəsib zavoda atmışıq, hamısı gedib orda işləyir. — Arvad bir qədər susub xəbər aldı:
– Yaxşı, soruşmaq eyib olmasın, sən axşamlar burda qalmırsan?
– Axşamlar burda niyə qalıram, öz evimizə nə gəlib?
– Deyirəm axı, hər gün səhər tezdən pəncərədən baxıram, görürəm sən gəlirsən. Fikirləşirəm, yaxşı, bizim bu qonşu obaşdan hayannan gəlir? Sən demə, qulluqçusan, hə? Ayı neçəyə danışmısan?.. Sədəf əl saxladı. Əlindəki yaş əskidən su damcılayıb vedrəyə düşür, səslənirdi. Sədəf qızardığını, ürəyinin bütün qanının üzünə vurduğunu hiss elədi.
– Qulluqçu niyə oluram!— deyə çətinliklə dilləndi. — Adam öz bacısına əl tutanda...
– Nadirə sənin bacındı?
Sədəf başıyla «hə» dedi.
– Belə de...
Sədəf izah etməyə bşladı:
– Alimdi. Yazığın başını qaşımağa da vaxtı olmur. İşi-peşəsi elə kitab oxumaqdı, yazmaqdı. Mən də boş-bekar adamam...
– Belə de. Deməli ər də alimdi, arvad da!.. Yaxşı, ayda neçə min alırlar?
Sədəf narazı halda dedi:
– Mənciyəz bilmərəm, bacı, nəyimə lazımdı?
– Çox alarlar. Çox alarlar... Məvacibləri az olsaydı, maşın ala bilməzdilər.
Bu ara yaxşı ki içəridə telefon səsləndi, Sədəf tələsik evə girdi; bağdan qayıdan Nadirə ilə telefonda danışandan sonra daha qapıya çıxmadı: «3əhləm getmişin üzünü görməsəm yaxşıdı».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
İkinci fəsilPaşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.
Üçüncü fəsilHəyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»
Dördüncü fəsilQulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».
Poems by other poets
خسته و رنجور، اما تندرست
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri