Birinci hissə, dördüncü fəsil
Page 1 of 2
Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaqqənşərdə, tramvay yolunun o tərəfində ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə... İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.
Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:
– Bu nə həngamədi, ay başına dönüm?— Sədəf öz-özündən xəbər aldı.
O, fikirli-fikirli qapını itələyib açdı. Gün dal pəncərədən içəri düşür, döşəmə üzərində ensiz zolaq kimi uzanırdı. Rəhim sağ tərəfdəki taxta çarpayıda şirin-şirin yatmışdı. Qalın dodaqları azca aralı idi. Əlinin birini başının altına qoymuşdu.
– Gedə elə pallı-paltarlı yatıb. Bilmirəm belə canına necə sinir?— deyə Sədəf söylənəndə Rəhim gözlərini açıb anasına baxdı, yuxulu-yuxulu gülümsündü:
– Gəlmisən?
– Bəs paltarlı niyə yatmısan, ay bala?
– Yorulmuşam, — deyə Rəhim dikəlib oturdu.— Uzanmışam, huş aparıb.
– O dəmirçixana nədi, açmısan orda? Yoxsa dəmirçilik etmək istəyirsən?
– Yox, ay ana. Müəllimlər tapşırıblar, köhnə dəmir-dümür yığıb məktəbə təhvil verəcəyik.
– Neynir axı məktəb köhnə dəmir-dümürü?
– Verirlər zavoda. Tramvay, trolleybus qayırırlar. O gün birini gətirmişdilər. Elə yaraşıqlı idi ki! Üstündə də yazmışdılar ki, məktəb şagirdlərinin yığdıqları metal qırıntılarından qayrılıb.
Rəhim boynunu uzadıb pəncərədən yığdığı dəmirlərə baxdı, sevinə-sevinə dedi:
– Görək bizim uşaqlardan kim çox yığacaq?
– Çox yığana nə verəcəklər?
– Əlbəttə, mükafat!..
Rəhim geri dönəndə ana qorxulu bir şey görürmüş kimi, içini çəkib irəli yeridi, oğlunun pencəyinin qolundan tutub diqqətlə fikir verdi:
– Pencəyinin burasına nə olub, ədə?
Rəhim günahkar adam kimi başını aşağı saldı, yumşaq səslə dedi:
– Bu? Dəmirə ilişib cırılıb, heç xəbərim olmayıb.
Sədəf Nadirəgildən qanıqara gəlmişdi. Bayaqdan oğlu ilə danışırdısa da, Nadirəgilin qonşusundan eşitdiyi «Qulluqçusan» sözü fikrindən çıxmır, onun ürəyini məngənə kimi sıxırdı. İndi də pencəyin çırılması... Bu, Rəhimin yeganə abırlı pencəyi idi. Altı ay bundan irəli babasının Gəncədən göndərdiyi pula almışdı. Elə bil, Rəhimin pencəyi cırılmamışdı, ananın ürəyi parçalanmışdı.
– Bu da sənin dəmirinin xeyri. Ehtiyatlı ola bilmirdin? İndi mən neyləyəcəyəm?— Müəllimlərin qarasıycan alıb-verməyə başladı:— Təzə çıxıb, məktəb uşağı hara, dəmir-dümür yığmaq hara? — Üzünü oğluna tutdu. — İndi onların sənə verdiyi mükafata pencək ala biləcəksən? Ay aldın ha!.. Dəftərdən-zaddan verəcəklər başınızı qatacaqlar.
Rəhim nə ağ dindi, nə qara. Oğlunun cavab vermədiyini görən ana səsini qaldırdığına, uşağı danladığına o dəqiqə peşman oldu: «İşdi düşüb olub...»
Rəhim daha uşaq deyildi, bu il doqquzuncunu bitirirdi. Böyüdükcə, ətə-qana dolduqca atasına daha çox oxşayırdı. O, qapını açıb evə girəndə Sədəf bəzən diksinirdi, elə bil, rəhmətlik Cahangir gəlirdi. Cahangir evdar, ailəcanlı adam idi. Külfətini yaxşı dolandırmaq üçün gecə-gündüz namusla, vicdanla çalışar, öhdəsinə düşən işi layiqincə yerinə yetirərdi. İdarəyə gəlib, müəyyən səbəblər üzündən ürəyincə işləyə bilməsəydi, maaş alanda elə bilərdi ki, halal zəhməthaqqına haram qatılıb. Elə bilərdi ki, kimsə deyir: «Axı, Cahangir, sən o qədər işləməmisən, o pulu niyə alırsan?..»
Cahangir sağ olsaydı bu ailənin nə dərdi vardı! Cahangir sağ olsaydı, pencəyin dəmirə ilişib cırılmasından sarı Sədəf əziz oğlunu heç belə danlayardımı?!
Cahangir dörd il bundan qabaq vəfat eləmişdi. Ölümündən azca qabaq baş vermiş, ölümündən azca sonra məlum olmuş kiçik bir əhvalat Cahangiri təkcə ədəfin deyil, bütün qohum-əqrəbanın, qonum-qonşunun, dost-tanışın nəzərində daha da ucaltmışdı: kimi buna heyrət eləmiş, kimi də mərhumun qəribə adam olduğunu deyib əlini yellətmişdi. Halbuki o, həyatında qəribə adam olmamışdı.
Cahangir balaca bir qulluq sahibi idi. Əlyazmaları fondunun geniş, işıqlı zalının küncündə çəpəki qoyulmuş stolun arxasında oturmuş arıq uzun bir kişinin illərin, əsirlərin saraltdığı, güclə oxunan qədim əlyazmalarını nəzərdən keçirdiyini çoxları görmüşdü. Fonda nə vaxt gəlsəydin, onu orada öz yerində tapardın, elə bil kişi stula yapışmışdı.
Mizin üstündə kitablardan, lüğətlərdən əlavə, həmişə zərif bir zərrəbin və bir armudu stəkan da olardı. Günorta işçilər yeməyə, istirahətə çıxanda o, qabağındakı əlyazmasını, zərrəbini bir kənara itələyər, şkafın aşağı gözündən qəzetə büküb evdən gətirdiyi kotleti, çörəyi, göy-göyərtini açıb ortalığa düzər, tələsmədən arxayın-arxayın yeyər, üstündən də qırmızı termosdakı çaydan bir stəkan içərdi. Onun fondda gördüyü iş də öz həyatı kimi zahirən adi və təmtəraqsız idi.
Əlyazmalarını oxuyar, adını, müəllifini, yazılma tarixini müəyyənləşdirər, kartoçkalara qeyd edər, kataloqlara düzərdi. O, gördüyü bu çətin işin üstünə adını da yaza bilməzdi. Bu haqq onun ürəyinə də gəlmirdi. Təkcə fondun əməkdaşları bilirdi ki, bu kataloqları Cahangir düzəldib. Uzun illərdi ki, Cahangir, bax beləcə, bu vəziyyətdə çalışırdı. Buraya gəlib müxtəlif məsələlər üzrə elmi-tədqiqat işi aparmaq istəyənlər, köhnə qəzet-jurnalları vərəqləyənlər çətinliyə düşəndə, bir sözü oxuya bilməyəndə başqalarına mane olmasınlar deyə, barmaqlarının ucunda Cahangirin yanına gələr, yavaşcadan: «Mirzə, bu sözü necə oxuyarsan?» — deyə soruşardılar. O da xoş üzlə, incimədən öz işini kənara qoyar, zərrəbini gözünə yaxınlaşdırar, çox keçməz ki, oxuyub mənasını da izah eləyərdi. Fondun işçiləri, buraya daim gəlib-gedənlər zarafatla deyərdilər ki, Cahangir bizim əlyazmaları fondunun canlı lüğəti, ensiklopediyasıdır.
Cahangirin Sədəflə evlənməsinə də elə onun «canlı lüğət» olması səbəb olmuşdu.
İndi adlı-sanlı professor olan Salman o zaman aspiranturada oxuyurdu. Əsərində istifadə etdiyi əlyazmaların tarixinin dürüst oxunuşunu və dəqiq tərcüməsini vermək lazım idi. Buna isə onun nə imkanı var idi, nə də bacarığı. Ərəb əlifbasını höccələyə-höccələyə oxusa da, fars dilini bilmirdi. Bütün gününü fondda keçirən Salman bu iş üçün ən münasib adam Cahangiri bilərək bir dəfə onu evinə «çay içməyə» dəvət elədi. Beləliklə Cahangirin Salmanın ailəsi ilə tanışlığı başladı. O, Sədəflə də burda tanış oldu, görüb bəyəndi. Salmanın baldızı, Nadirənin bacısı Sədəflə... Onda Sədəf Gəncədən bacısına dəyməyə gəlmişdi, yenə Gəncəyə qayıdacaqdı, ancaq iş elə gətirdi ki, qayıda bilmədi, Cahangirə ərə getdi.
Sədəf Nadirədən üç yaş böyük idi, dəmir yolu vağzalında yükdaşıyan Müseyibin ilki idi. Anaları vəfat eləyəndə Sədəfin səkkiz, Nadirənin beş yaşı var imiş. Müseyib ikinci dəfə evlənməmiş, Sədəf birinci sinifdən çıxıb ev-eşiyə «sahib» olmuş, balaca bacısı Nadirəni saxlayıb oxutdurmuşdu. Sədəf özü körpə ikən Nadirənin həm anası, həm də bacısı olmuşdu.
Qızlarını ərə verəndən sonra Müseyib Gəncədə tək qalmışdı. Onun bir dərdi yox idi, belə hesab edirdi ki, yetimçiliklə böyümüş qızlarının ikisi də xoşbəxtdi...
Əvvəlcə Salman müdafiə elədi, alimlik adı aldı. Üstündən xeyli keçəndən sonra da Nadirə. Ancaq Cahangir elə o küncdə, köhnə əlyazmalarının içində qurdalana-qurdalana illəri yola saldı. Onun fikri bu idi ki, alim gərək, sözün həqiqi mənasında, alim olsun. Yarımçıq alimlikdənsə o adı üstünə götürməmək daha yaxşıdır. Salman son illərdə Cahangirlə görüşəndə təkidlə deyirdi:
– Ay Cahangir gəl təşkil eləyim, sən də müdafiə elə. Hamı bu saat elmə can atır, böyük imkanlar var, yollar açıqdır, təlabat çoxdur. Daşı gəl tök ətəyindən.
Cahangir:
– Yox qardaş,— deyirdi. — Mən öz gücümü hamıdan yaxşı bilirəm. Mən öz dağarcığımı çuvalların yanına sürüyə bilmərəm...
Salman ürəyində onun belə deməyinə gülür: «Bu zəmanənin adamı deyil», — deyirdi. Nadirənin isə Cahangirin sözlərindən çox xoşu gəlirdi. «Namuslu adamdır, — deyə düşünürdü. Öz yerini, ləyaqətini yaxşı bilir. Kaş başqaları da onun kimi fikirləşəydi...»
Cahangir hər dəfə işdən gələndə gözünün ağı-qarası olan Rəhimini bağrına basıb:
– Mənim arxam, mənim ürəyim, mənim köməyim!— deyərdi. Uşaq atasının bu nəvazişindən elə sevinərdi ki!..
Bir dəfə Sədəf Nadirədən eşitdiyi fikri ərinə söyləmişdi:
– Nadirə deyir ki, gərək uşağı çox istədiyini onun özünə bildirməyəsən, xarab olar.
– Yox Sədəf, səhv fikirdi. Övlada məhəbbəti gizlətmək yaxşı deyil. O məhəbbət uşağa çox şey öyrədir: birinci növbədə sevməyi öyrədir, ürəyiaçıqlıq öyrədir. Yoxsa uşaq soyuqqanlı olar, böyüyəndə də ondan qayğıkeş, ürəyiyanan adam çıxmaz!..— deyə Cahangir bu «fəlsəfəyə» etiraz eləmişdi.
Öz əli ilə neçə il qabaq həyətdə basdırdığı söyüd yaşıl don geyinib altına kölgə salanda Cahangir xəstələndi. Üç gün yatdı, dördüncü gün durub ağır addımlarla həkimə getdi.
– Nə dedi həkim, ay Cahangir?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.
İkinci hissə, on altıncı fəsilSiminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»
İkinci hissə, on yeddinci fəsilƏtiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı
İkinci hissə, on səkkizinci fəsilHeyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:
Poems by other poets
Sənin xəndan olur gül dodaqlarınOnda ki gözümdən yaşlar saçılır,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.