Page 4 of 4 · 75%

– Köç gəl, atan evində yaşa, bala. Yerimiz gen-boldu. Nə var sığınmısan o qoca arvadın qoltuğuna, ayda da filan qədər mənzil kirayəsi verirsən. Burda yenə gözüm üstündə, əlim ağzında olar. Həm sən tək darıxmazsan, həm də mən...

Gülmirə daş atıb başını tutmuşdu:

– Yox, ana. Mən o evə bir də qayıtmayacağam — qız, atası evindən bir kərə çıxar, ana. Xalqımızın adəti belədi — sən özün də həmişə mənə belə deyibsən. İkincisi, özüm neçə ildi mənzil növbəsinə durmuşam, idarədə birinciyəm — bir də gördün bu gün-sabah çağırdılar, dedilər ev veririk.

– Yox ey, ay bala. Sən o evdən gedəndən bin-bərəkət də, səliqə-sahman da sənin dalınca uçub getdi elə bil. Ha əlləşdim, çalışdım, əl-ayağımızı bir yerə yığa bilmədim, elə bil gethagedimiz başladı.

– Elə demə, ana, bütün bunlar adi həyat qanunudur. Sən belə şeylərə fikir vermə. Məndən də nigaran olma, uşaq deyiləm ki...

– Ürəyimnən bacara bilmirəm, bala. Demək asandı.

Doğrudan da Xatın arvad bu qoca vaxtında özünü, həyatını, yaşayışını unudub Gülmirənin taleyini ürəyinə, dərd eləmişdi. «Qarabəxt uşağım, bəxti üzünə gülmədi, bir üzü qız-bir üzü gəlin qaldı, bunun axırı nə olacaq, ya rəbbim. Cavan gəlindi, haçanacan tək-tənha yaşayacaq?» — deyə-deyə içəridən şam kimi əriyib öləzimişdi. Vaxtilə ayaqlarını torpağa basanda yer titrəyən, ərinin zarafatla «yarım dünya» adlandırdığı arvadın tanınmalısı qalmamışdı. Onun belə sürətlə arıqlaması, dəyişilməsi Gülmirəni çox düşündürürdü. Bura gələndə daha iş görməyə qoymurdu, divanın üstündə oturdur, özü ona qulluq eləyirdi. Ana ordan-burdan, keçmiş günlərdən şirin-şirin danışır, Gülmirəni uşaqlıq illərinə qaytarır, sevindirirdi, bəzən isə kədərli söhbətlər başlanır, söz elə yerə gəlib çıxırdı ki, ana da, qız da qüssələnirdi.

Bu dəfə arvad ürəyi dolu gəlmişdi. Gəlmişdi desin ki, bəsdi daha tək-tənha oturdun, mənim də ürəyimi üzdün; səni istəyən, sənin istədiyin bir kişi yoxdumu bu boyda şəhərdə? Niyə çıxıb birinə ərə getmirsən, haçanacan oturub dizini, durub özünü görəcəksən? Ancaq Gülmirəni yorğan-döşəkdə görəndə nə üçün gəldiyi yadından çıxdı Xatın arvadın. İrəli gəlib qızının üzündən öpdü.

– Gəlmisən, ana?

– Hə, qurbanın olum, gəlmişəm. Sənə nə olub? — Heç nə, ay ana.. Dincəlirəm. — Xəstələndiyini gizlədi Gülmirə, arvadın onsuz da dərdi az deyildi.

– Yuxumu qarışdırmışdım bu gecə, nə isə gözümə bikef dəydin yuxuda. Dedim iraq candan, bəlkə xəstələnib eləyibsən... Elə səhərdən deyirəm durum gedim uşağa bir baş çəkim, iş-güc əlindən tərpənmək olur ki. İndicə gücnən çıxa bilmişəm.

– Yaxşı elədin gəldin, ana. Mən də darıxmışdım. — O, qalxıb geyindi, çiyninə jaket saldı. Xatın arvadın qolundan tutub divana sarı çəkdi, oturtdu. Özü mətbəxə keçdi, qazı yandırıb çaydanı su ilə doldurdu... Üz-gözünə su vurdu. Xatın arvad otağa göz gəzdirdi. Otaq həmişəki səliqə-sahmanda idi. Yeni heç nə yox idi. Birdən trümonun qabağında qoyulmuş şəklə arvadın nəzəri sataşdı. Kirpikləri tökülüb seyrəlmiş gözlərini qıyıb şəklə diqqətlə baxdı, baxdı. Tanış deyildi. Heç özü də bilmədi bu nə sevinc idi axdı doldu ürəyinə — elə bil baxışlarına nur gəldi. Şəkildən ona baxan yaraşıqlı, çatmaqaşlı, gülümsər sifətli oğlan sehrli bir duyğu ilə ona doğma göründü, əzizləşdi. Hə, Xatın arvadın istəyi yerinə yetir deyəsən. Gülmirə elə-belə, münasibətsiz-filansız heç kəsin şəklini gətirib gözünün qabağına qoymaz. «Demək, burda nə isə mühüm, sevinc dolu bir məsələ var» — deyə Xatın arvad ürəyindən keçirtdi. Yorğunluğu, əzginliyi o dəqiqə canından çıxdı, arvad quş kimi ayağa qalxıb trümonun qənşərinə adladı və şəklə lap yaxından tamaşa elədi. Ürəyinə yatdı. Qaşı, gözü, saçı öz yerində. Sifətindən nur damır. «Yaxşı oğlandı. Kaş ürəyi də gözəl olaydı, mənim balamı xoşbəxt eləyəydi» — Xatın arvad əllərini yuxarı qaldırıb dua elədi. Sonra vəcdə gəldiyindən sakit dayana bilməyib yorğan-döşəyi sahmana saldı, kətilin üstdəki termosu, stəkanları, qənddanı götürüb mizin üstünə qoydu. İçəri girən Gülmirə bunu görcək:

– Ay arvad, neyniyirsən? — dedi. — Gəl otur, mən özüm eləyərəm.

– Elə bir iş görmürəm, ay bala — deyib təzədən keçib divanda əyləşdi. Gülmirə hiss elədi ki, arvad nə isə bayaqkı kimi deyil, dirçəlib, fərəhli görünür. Birdən-birə nə oldu ki, beş-on dəqiqənin içində o, beləcə dəyişdi? Ha fikirləşdi, səbəbini tapa bilmədi.

– İşlərin nə təhərdi, ay canım-ciyərim? — deyə Xatın yanında oturan qızının yumşaq tellərini sığalladı.

– Yaxşıdı, ana. Heç bir şikayətim yoxdu, — dedi nazlananaraq Gülmirə. Ümumiyyətlə o, işdə, idarədə olan söz-söhbəti təkcə anasına deyil, heç kəsə danışmağı sevməzdi. Müvəffəqiyyətini də, qanqaraldan işlərini də özü öz ürəyində götür-qoy edər, yaxşını, pisi özü qiymətləndirərdi. Salmanla toqquşmasını anasına demək istəyirdi, ancaq bundan da vaz keçdi. Ona görə demək istəyirdi ki, Salmanı anası yaxşı tanıyırdı, Salmanın — Nadirənin onların ailəsinin yanında binayi-qədimdən böyük hörməti-ehtiramı vardı. Xatın arvad xüsusilə Salmanın xatirini çox istəyirdi. Çünki Gülmirənin «elə böyük idarədə» işə düzəlməsində çox böyük zəhməti olmuşdu. Ona görə demək fikrindən daşındı ki, Xatın arvad, onların arasında baş verən bu münaqişənin əsl mahiyyətini Gülmirə necə izah eləsə də başa düşə bilməyəcək və Gülmirəni «elə kişinin» üzünə ağ olmaqda günahkar sayacaq, hələ bəlkə ağır söz də deyəcəkdi.

Arvadın indi kefi kök idi və Gülmirə əsla istəmirdi ki, ona qətiyyən dəxli olmayan bir məsələdən söhbət açsın və qan qaralığa səbəb olsun.

– Təki olsun, qızım.

Gülmirə anasının qırışmış sifətində gəzən sevinci bayaqdan görürdü və kirpiksiz gözlərini qeyri-iradi olaraq trümoya sarı dolandırdığını tutan kimi bu fərəhin hardan axıb gəldiyini başa düşdü, bir anlığa özünü itirən kimi oldu, ürəyini toxtatmaq, fikirlərini cəmləşdirmək üçün qalxıb mətbəxə keçdi, çay dəmlədi, qayıdanda isə anası nə soruşsa cavabları hazır idi.

– Bir stəkan çay iç, ana. Aclığın yoxdu ki?

– Yox, qızım, yeyib gəlmişəm. Çay içərəm amma.

Xatın kətilin üstəki armudu stəkanı götürüb əlinin içində saxladı. Gözləri isə tez-tez trümoya tərəf dolanırdı. Bunu Gülmirə görürdü, ancaq özünü görməzliyə vururdu. Anasının xasiyyətinə bələd idi, düşünüb, qəlbində yüz dəfə götür-qoy eləyib axırı soruşacaqdı. Bu dəfə bir az hövsələsizlik elədi:

– O şəkil kimin şəklidi, qızım? — Başını şəkil səmtə döndərdi. Gülmirə əhəmiyyət vermirmiş kimi:

– Hansı şəkil? — deyə sakitcə soruşduqda Xatın:

– Odey, o qəşəng oğlan kimdi? — söylədi. Gülmirə əlini saçlarına çəkdi, bic-bic gülə-gülə:

– Qəşəngdi? — soruşdu.

– Hə, qəşəngdi, qızım. Kimdi o?

– Orxandı, ana. — Gülmirə «Orxan» sözünü hüznlə dilinə gətirdi.

– Nə yaxşı adı var bəxtəvərin?

«Bəxtəvərin…» Bu sözü Gülmirənin ürəyini titrətdi. «Bəxtəvərin...» İçərisi alt-üst oldu bu bir kəlmədən. Gülmirə yalnız indi başa düşdü ki, bu qeyri-adi sevda necə də izahedilməzdi; o, indi anasına necə başa salsın, necə desin ki, o, artıq yoxdu, öləndən sonra onu tapıb, qədrini bilib, əzizləmək istəyib, ancaq əli çatmayıb. Bu məhəbbəti o, başa düşməyə qadir idimi? Və ümumiyyətlə kim başa düşəcək bu sevgini? Heç kəs, heç kəs. Bəlkə hələ ona gülənlər də olacaq, qınayanlar da olacaq. Qoy olsun. Orxan onun əzizidi, Orxan onundu, o da Orxanın. Orxan dönük, dili bir, ürəyi ayrı söz deyən, yalan danışan bir çox kişilərdən təmizdi, ucadı.

– Hə, yaxşı adı var... — Kədərlə söylədi Gülmirə.

– Ürəyi də yaxşıdımı barı? — deyə Xatın qızının əhvaliruhiyyəsindən bu oğlana vurulduğunu aşkar hiss elədiyindən ətraflı maraqlanmağa başladı. — Əsas ürəkdi, qızım.

– Hə, əsas ürəkdi. — Fikri Orxanın xatirələrinə bələnən, bədəni bir az əvvəl Orxanın vücudundan od tutub yanan Gülmirə fərqinə varmadan anasının sözlərini təkrar elədi.

– Səninlə işləyir?

– Hə.

– Alimdi o da?

– Hə.

– Harda yaşayır, qızım?

– Nə dedin?

– Deyirəm harda yaşayır?

Gülmirə xeyli fikirləşəndən sonra:

– Əjdahanın heykəlinin yanında — deyə cavab verdi.

– Səni çox istəyir?..

Gülmirə başının hərəkəti ilə «hə» — deyə cavab verdi.

– Sən də onu istəyirsənmi, qızım?..

Gülmirənin başı yenə tərpəndi.

Xatın arvad əyilib qızının başını qucaqladı, üzündən öpdü, hədsiz sevinc içində — elə bil, ona xeyir-dua verirdi — söylədi:

– Xoşbəxt olun, qızım. — O, əlini Gülmirənin çiyinlərində gəzdirdi. — Daha çıxart əynindən bu qara paltarı, qızım. Bilirsən ki, mən səni çox istəyirəm, bala. Səni xoşbəxt görməmiş ölmək istəmirəm. Sənin uşaqlarını qucağımda oynatmaq, atıb-tutmaq mənim ən böyük arzumdu, can bala. Bıy, sənə nə oldu, qızım? Niyə ağlayırsan? Hə, de görüm niyə ağlayırsan?

Gülmirə heç nə deyə bilmirdi, gözlərindən yanaqları aşağı yaş axırdı. Xatın çaşıb qalmışdı. «Yəqin sevindiyindəndi»....

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı

11 min
İkinci hissə, altıncı fəsil

Cəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...

10 min
İkinci hissə, yeddinci fəsil

Direktor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.

14 min
İkinci hissə, səkkizinci fəsil

Yüngül dəniz küləyi əsirdi. Suları qırçın-qırçın sahilə çırpıb sındırırdı. Sahildən xeyli aralı iki gəmi lövbər salıb dayanmışdı. O tərəfdə, gündoğan səmtdə dənizin içinə doğru taxta qol kimi uzanan körpünün kəlləsində «Sadko» kafesinin pəncərələrinin şüşələri, qüruba enən günəşin şüaları altında şəfəqlənirdi.Dəniz qırağında adam seyrək idi. Sakit əllərini paltosunun cibinə qoyub lap sahildə, daş məhəccərin yanında dayanmışdı, ora-bura uçuşan ağ qağayılara tamaşa eləyirdi. Yorğun gözlərini dənizin maviliyi oxşayıb dincəldirdi. Bütün günü işləmişdi, başı dumanlı idi elə bil. Barmaqları qələm tutmaqdan keyimişdi, kötüyə dönmüşdü. Son vaxtlar çox ciddi işləyirdi. Düşündüyü roman gecə-gündüz ona rahatlıq vermirdi. Yazdığı adamlar yanındaydı, talelər gözünün qabağındaydı, heç nəyi quraşdırmaq, düzüb qoşmaq lazım deyil. Hadisələr elə sürətlə inkişaf edirdi ki, Sakit yazıb çatdıra bilmirdi. Qəribə idi ki, Nurəddinin hərəkətlərinin kollektivdə doğurduğu qəzəb artdıqca Sakitdə də ona qarşı anlaşılmaz bir kin əmələ gəlirdi. Nurəddin Sakitə şəxsən heç nə eləməmişdi — ancaq Sakit hiss edir və görürdü ki, o, institutu idarə etməyə layiq adam deyil; o, alimləri — bu «qələm fəhlələrini» həvəsləndirmək, qanadlandırmaq əvəzinə, qamçılayır» ruhdan salır, qol-qanadını sındırır, əsəbi və gərgin şərait yaradır və ən dəhşətlisi bu idi ki, o, bunu işləmək və tələbkarlıq sayırdı. Alim zəkası, alim beyni — məmləkətin qızılından da, neftindən də, yeraltı-yerüstü xəzinələrinin hamısından qiymətlidir və üstəlik də çox zərifdir. Ona qayğı ilə, həssaslıqla yanaşmaq lazımdır. O, ağıllı adamın əlində dürr-gövhər saça bilər. Nadanın əlinə düşsə, qəzəb və nifrət püskürə bilər. Nurəddin kimi üzdəniraq «rəhbərlərin» kobudluğu, özbaşınalığı alim beyninin düşünmə düzümünü, saf niyyətini pozub qaralda bilər, inamını öldürə bilər. Ona görə Nurəddinləri — tək-tük olsalar da — ifşa etmək, başa salmaq, bu yanlış və əyri yoldan döndərmək hamının, birinci növbədə qələm sahiblərinin borcu olmalıdır. Belə adamları ictimaiyyətə tanıtmaq vacibdir ki, gələcəkdə vəzifə başına qoyanda səhv etməsinlər və özləri isə öz əməllərinə baxıb utansınlar.

20 min

Poems by other poets