Page 1 of 2

Direktor öz əsil kabinetində oturmuşdu, katibəsi Şərqiyyəyə tapşırmışdı ki, heç kəsi içəri buraxmasın, işləyirəm. Amma düz demirdi — o, direktor olandan sonra nəinki burda, heç evdə də bircə cümlə də yaza bilməmişdi. Ürəyi yazmaq istəyirdi, ancaq fikrini cəmləşdirə bilmirdi. İnstitutun problemləri, qayğıları başını elə qatmışdı ki, gecələr yerində də rahat yatmaqdan məhrum olmuşdu. Əslində narahat olmalı, yuxunu ərşə çəkən heç nə yox idi. Nurəddin təbiətən narahat və bədgüman adam olduğundan, heç bir şeydən özü üçün «problem» yaradırdı, «qayğı» yaradırdı. İnstitutda laborantlardan başqa hamının fərdi planı vardı, mövzusu vardı. O gələnə qədər hər kəs — kim necə bacarırdısa, başını aşağı salıb öz işini yazır, müdafiə eləməyən əsərini bitirməyə, monoqrafiya yazan monoqrafiyasını tamamlayıb çapa verməyə çalışırdı. Onda heç bir qorxu yox idi. Lakin indi işləyənin də, işləməyinin də başının üstündən bir qəribə qorxu qılıncı asılmışdı. Bu qılıncın haçan, harada, kimi kəsəcəyi kimsəyə bəlli deyildi. Maraqlı idi ki, işləyən də, məhsulu olan da qorxurdu, işləməyən də, məhsulu — kitabı, məqaləsi olmayan da. Kənardan baxan soruşa bilərdi ki, daha işləyən, yazıb-yaradan niyə qorxmalıdı, nədən qorxmalıdı? Yox, təkcə bununla iş bitmirdi. Nurəddinin gözünə xoş görünüb görünməmək məsələsi burada mühüm cəhət idi. Doğrudur, o, hər iclasda, elmi şurada açıq deyirdi: «İşləməyən mənim gözümün düşmənidir!». Bəli, bunu o, açıq söyləyirdi. Ancaq «xoşum gəlməyən mənim gözümün düşmənidir!» fikrini aşkar bildirmirdi — yalnız bu düşüncə ilə hərəkət edirdi. Adamlar, institut əməkdaşları isə bunu aydın görür və başa düşürdü. Hamının başı üzərində asılan o qorxu qılıncını hərəkətə gətirən Nurəddinin subyektiv mülahizələri idi. Məhz buna görə işləyən də, işləməyən də qorxu içində idarəyə gəlib gedirdi.

Nurəddin özü bu barədə düşünmürdü, bunu «yenilik», «işləmək» kimi anlayıb qələmə verirdi. Lakin kollektiv bu cür idarəetmənin fəna nəticələri barədə ciddi narahat idi. Nurəddin gələndən idarəni bu və ya başqa adla tərk edib gedənlərin sayı getdikcə çoxalırdı. Özü də o alimlər getmişdi, yaxud işdən uzaqlaşdırılmışdı ki, institutun aparıcı, nüfuzlu adamları idi, hamı onları ciddi, məhsuldar, savadlı alim kimi tanıyırdı. Bunların elə vaxtı idi ki, artıq uşaqlarını böyütmüş, ev-eşik sahibi eləmiş, elmə, yazıb-yaratmağa mane olan məişət qayğılarından tamam azad olmuşdular. Vaxtlarını yeyib-içməkdə, gəzməkdə, qonaqlıqlarda keçirən çağları da çoxdan keçib getmişdi. İndi yalnız bircə işləmək, yazıb-yaratmaq qalmışdı onlara. Yalan olmasın, hərəsinin başı bir dolu kitabxana idi. Nə soruşsaydı cavanlar, yeriylə, yatağıyla, nadir və qədim kitabların şifrinəcən, hətta bəzən səhifəsinəcən deyirdilər. Onların adicə institut kollektivinin arasında olması cavanlar üçün nümunə məktəbi idi. Ancaq Nurəddin iş başına keçən kimi, birinci onlardan başladı. «Təqaüd vaxtınız çatıb, ərizə verin, gedin!» — söylədi. Ən müdrik çağlarını yaşayanlardan professor Səlim Səlimzadə, Şamil Nəsirzadə, — bu təmiz və ziyalı adamlar bu adla institutdan uzaqlaşdırılmışdı. Professor Namiq Kamal, kiçik bir şeyin üstündə yazılı töhmət aldığı üçün, elmlər namizədi Abbas Quluzadə «Mən sözün düzünü adamın düz gözünün içinə deyənəm, bununla isə — Nurəddinlə bir yerdə oxumuşam, yaxşı tanıyıram — mənim kimilərdən əsla xoşu gəlmir!» — deyərək institutdan «könüllü surətdə» çıxıb getmişdi.

Professor Qulu Cəmilzadəni elmi şuranın üzvlüyündən çıxardıb incitmişdi, əl altdan o da getməyə yer axtarırdı. Tarix elmləri namizədi Nəsrin — iyirmi ildən çox bu kollektivdə çalışmış, özünə ailə qura bilməmiş o mehriban qadın Nurəddinin «təzyiqi» altında Memarlıq və İncəsənət İnstitutuna «qaçmışdı». Ədəbi əlaqəlar şöbəsinin müdiri, yaxşı alim və mütərcim «onunla bir yerdə işləmək mümkün deyil — üzüsulu getmək yaxşıdı. Abır mənim üçün hər şeydən qiymətlidi», — deyib təqaüdə getmişdi. Rəna adlı kiçik elmi işçini əmrlə işdən azad etmişdi. Əziz adlı elmlər namizədini — təzəcə müdafiə etmiş cavan alimi, ondan zəhləsi gedən şöbə müdirinin təklifi ilə, «sən tənbəlsən!» — deyə institutdan çıxarmışdı. Bu iki nəfər hələ də haqlarını tələb edir, müxtəlif idarələrə məktublar yazır, bərpa olunmağa çalışırdı. Xəzər isə — müdiri, onu qeyri-qanuni işdən azad etdiyinə görə məhkəməyə verəndən sonra, öz yerinə qaytarılmışdı. Ancaq onun yaxasından hələ də əl çəkmirdi. Nurəddin «Nə qədər mən burdayam, sən müdafiə eləməyəcəksən...» deyib dururdu.

Nurəddin nə qədər qəribə olsa da, bütün bunları «iş» hesab eləyirdi, haradasa, kimdənsə, bunun müqabilində tərif də gözləyirdi. Və indi kabinetində əyləşib daha nə kimi işlər görə biləcəyini götür-qoy edirdi. Hər dəfə bu barədə düşünəndə, köhnə direktor yadına düşürdü. Onun qarasınca deyinir, söylənirdi. Yenə Aslanzadəni xatırladı, qalxıb gəzindi, kondisioner qoyulmuş pəncərənin yuxarısından küçəyə — həyətə tamaşa elədi. Elə bu zaman Aslanzadənin asta addımlarla idarəyə gəldiyini görüb qeyri-iradi saatına baxdı. On birə az qalırdı. «Bu kişini intizama dəvət eləyə bilmədik də. Ürəyi istəyən vaxt gəlir, ürəyi istəyən vaxt xəstələnir. Yox, onunla ciddi danışmaq lazımdı. Həvəsdi, bəsdi»,

– deyərək keçib yerində əyləşdi, düyməni basıb Şərqiyyəni çağırdı.

– Bəli, professor, — dedi Şərqiyyə.

– O Aslanzadəni yanıma çağır.

– Baş üstə. — Çıxmaq istəyəndə nə isə xatırlayıb: — O neçə vaxtı işə gəlmir, professor — dedikdə:

– Gəlir. İndi gördüm pəncərədən — söylədi. Səsindəki əsəbiliyi Şərqiyyə duyub heç nə demədən çıxdı və qapını arxasınca örtən kimi, «Uy, allah, nə kobud adamdı ey, bu!» — deyə ürəyindən keçirtdi. Və direktorun kabinetindən Aslanzadənin şöbəsinə gedənəcən — şöbənin telefonu iki gün idi işləmirdi — Şərqiyyə on il katibəsi olduğu Aslanzadəni istər-istəməz Nurəddinlə müqayisə eləyirdi. «O ipək kimi adamdı. Elə bilirdim atamdı, böyük qardaşımdı. Hər gün səhər işə gələndə mehriban-mehriban salam verib: «Necəsən, qızım!» — deyirdi, halımı, əhvalımı soruşardı. Bu on ildə bircə dəfə də səsini qaldıran görmədim onu. Tək mənə yox, heç kəsə. Hörmətnən, izzətnən iş gördürürdü; bu isə zornan, hədə-hərbə ilə. İki il deyil gəlib, üç dəfə məni ağladıb. Ürəyim elə sınıb ki... Gedəcəyəm, qoy bir fərli yer tapım!»

Şərqiyyə Aslanzadənin şöbəsinə çatanda o, yenicə əyləşmişdi. İşçiləri ətrafına yığılmışdı, kimi kefini soruşurdu, kimi nəyəsə qol çəkdirirdi. Şərqiyyəni görən təki Aslanzadə adəti üzrə gülümsündü. Şərqiyyə onu qabaqladı:

– Xoş gəlmisiniz, professor. — dedi. — Səhhətiniz necədi? Maşallah yaxşısınız..

– Hə, babatam, qızım. Bülletenimi. gətirmişəm. Sən necəsən?

– Mənəm də. Belə... — deyə Şərqiyyə namüəyyən halda çiyinlərini çəkdi və əlavə elədi: — Sizi istəyir!

Aslanzadə yenə manalı-mənalı gülümsünüb yanındakıların üzünə baxaraq:

– Sən heç yalan danışa bilərsən, Şərqiyyə? — deyə soruşanda, qızın qara gözləri təəccübdən böyüdü:

– Mən? Yalan?..

– Hə!

– Necə məgər, professor?

– Gəlsənə, gedib ona deyəsən ki, hələ gəlməyib Aslanzadə? Gedəcəyəm, yenə əsəbiləşəcəyəm. Mənə isə olmaz!.. Şərqiyyə güldü:

– Heç indiyəcən yalan danışmamışam, professor. Ancaq sizin xatirinizə danışardım. Heyif ki, mümkün deyil. Aslanzadə yenə gülümsündü:

– Niyə ki?..

– O sizi gələndə pəncərədən görüb, professor!..

Aslanzadə qəhqəhə çəkib:

– Ay sənin!.. Zarafat eləyirəm, qızım, — söylədi. — Get de, indi gəlirəm.

Şərqiyyə dəhliz boyu, ağır, xırda addımlarla yeriyə-yeriyə düşünürdü: «Gör işin harasıdı ki, adamlar onun kabinetinə girməkdən ehtiyat eləyirlər. Bilirlər ki, nədən danışır, danışsın, axırda qanıqaralıq olacaq. Heyf bu institutdan». Doğrudan da elə oldu. Aslanzadənin bayaq zarafatla dediyi sözlər, gerçək çıxdı. Nurəddin Aslanzadəni çox soyuq qarşıladı. O, Şərqiyyə söhbətlərini eşitməsin, onun yanında sınmasın deyə, qapını içəri girəndə örtmüşdü. Nurəddin, hal-əhval tutmadan, sərt və amiranə bir səslə:

– Bura bax, Aslan, işləyirsən işlə. İşləmirsən, ərizəni yaz, çıx get, belə işləmək olmaz. Ayda dövlətdən bir ətək pul alırsan,

– dedikdə Aslanzadəni elə bil ildırım vurdu. Oturmaq istəyirdi əvvəl, içəri girəndə, ancaq bu sözləri eşidəndən sonra fikrindən daşındı. Nurəddin onu çağıranda ətraflı danışacağını nəzərdə tutmuşdu; Aslanzadə də, dəhlizdə ona: «Belə sən hara gedirsən, Nurəddin? Bu yol düz yol deyil, kişi!» — söyləyəcəyini qətiləşdirmişdi. Lakin bu ilk sözlərdən sonra hər şey gözündə mənasızlaşdı, kabinet başına fırlandı. Kişi bir anlığa az qala müvazinətini itirmək dərəcəsinə gəldi. Yuxusuz, şişmiş gözlərinin qabağında qığılcımlar oynadı, ora-bura axışdı. Bircə onu bildi ki, geri çevrildi, öz əliylə çəkib örtdüyü qapını açıb çıxdı. Arxadan Nurəddinin: — Aslan, Aslan! — deyən səsini eşitdisə də, əhəmiyyət verməyərək Şərqiyyənin də üzünə baxmamağa çalışıb dəhlizə doğru yönəldi. Şərqiyyə qorxu içində arxasınca baxdısa da, yerindən dura bilmədi: «Zəhərlədi!» — deyə fikrindən keçirtdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil

...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.

5 min
X fəsil

Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?

6 min
XI fəsil

Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.

3 min
XII fəsil

İdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.

4 min

Poems by other poets